Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Prezident İlham Əliyev Lənkəranda


Azərbaycan Prezidenti İlham Əliyev cənub bölgəsinə səfər çərçivəsində

Cəlilabaddan sonra Lənkəran şəhərində olub.


Bu səfərlə bağlı AZƏRTAC-ın yaydığı məlumatların xülasəsini sizə təqdim edirik.



Ölkə başçısı Cəlilabada və Lənkərana səfəri zamanı öncə Ulu Öndər Heydər Əliyevin abidələri önünə əklil qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkərana səfəri çərçivəsində fermer Araz Yaqubovun “Yaşıl Çay” MMC-nin plantasiyasında görülən işlərlə tanış olub.



AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına plantasiya barədə ətraflı məlumat verildi. Bildirildi ki, “Yaşıl Çay” MMC-nin 150 hektara yaxın torpaq sahəsi var. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” sortundan ibarət çay plantasiyaları salınıb.

2015-ci ildə - ölkədə elan edilən “Kənd təsərrüfatı ili”ndə ilk dəfə seçmə üsulu ilə yığım aparan “Yaşıl Çay” fermer təsərrüfatının sahələrindən bu il daha bol məhsul gözlənilir.

Təsərrüfatın ümumi çay əkini sahəsi 61 hektardır.
Gələcəkdə isə çay sahələrinin ümumi sahəsi 100 hektara çatdırılacaq. Sahələrin Hollandiyadan dəvət olunan mütəxəssislər tərəfindən qurulmuş suvarma şəbəkəsi vasitəsilə çiləmə üsulundan istifadə etməklə suvarılması həyata keçirilir.



Təsərrüfatda xaricdən gətirilən ən müasir texnika və avadanlıqdan istifadə olunur. Plantasiyalara qulluq zamanı kimyəvi vasitələrdən istifadə edilmir. Mineral gübrələr əvəzinə üzvü gübrələrdən daha çox istifadə olunur. Bunun nəticəsində burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən tam təmiz olur.

Prezident İlham Əliyevə məlumat verildi ki, yığılan yaşıl çay yarpağı müəssisənin nəzdindəki istehsal sahəsində emal edilir və qablaşdırılır. Burada yüksək keyfiyyətli “Lənkəran çayı” brendi altında müxtəlif çeşiddə çaylar istehsal edilir.

Dövlətimizin başçısı “Yaşıl Çay” MMC-nin tut tingləri əkilən sahəsinə də baxdı. Bildirildi ki, hazırda ölkəmizdə baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin əkilib-becərilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.



Baramaçılığın inkişaf etdirilməsi üçün intensiv tipli yeni tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən tinglərin 40 mini bölgü əsasında Lənkəran rayonuna göndərilib. Həmin tinglərin 12 mini rayonun “Yaşıl Çay” fermer təsərrüfatına verilib. Qısa müddətdə təsərrüfatın işçiləri tut tinglərini aqrotexniki qaydada hazırlanan torpaqlara əkiblər. Bununla da təsərrüfatda yeni bir sahənin - baramaçılığın yem bazasının əsası qoyulub.
Sonra Prezident İlham Əliyev fermer təsərrüfatının işçiləri ilə görüşdü.

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində “Astara Çay” Məhdud Məsuliyyətli Cəmiyyətinin plantasiyalarına baxıb.



AZƏRTAC xəbər verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Statistikaya görə, Azərbaycanda çay istehsalının 91 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Təkcə ötən il ölkə üzrə min ton çay istehsal edilib, 12 hektar ərazidə yeni çay plantasiyaları salınıb.

Prezident İlham Əliyevə məlumat verildi ki, respublika üzrə mövcud 1016 hektar çay sahəsinin 568 hektarı Lənkəran, 345 hektarı Astara, 60 hektarı Zaqatala və 43 hektarı Masallı rayonlarının ərazisindədir. Bu ilin iyul ayınadək mövcud çay sahələrindən 444,1 ton yaşıl çay yarpağı istehsal olunub və hazırda bu proses davam etdirilir. Lənkəran rayonu ərazisində 568 hektar çay sahəsinin 289 hektarı “Astara Çay” MMC-yə məxsusdur.



“Astara Çay” MMC 2010-cu ildə təsis edilib. Quru çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı plantasiyalardan tədarük olunur. Bu plantasiyalarda əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən alınıb.

Toxumlar sınaqdan keçirilib, yerli şəraitə uyğunlaşdırılaraq əkilib. Ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən çayın becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Dörd ildir ki, çay sahələrində Almaniyanın LACON şirkəti tərəfindən ekoloji müşahidələr aparılır. Astara rayonu ərazisində, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb.



Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanır. Fabrikdə dəqiqədə 8 çay bükümü istehsal edilir. Astara çay fabriki 2016-cı ildə İSO 9001 və İSO 14001 sertifikatlarına layiq görülüb.
Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib.



AZƏRTAC xəbər verir ki, son illərdə cənub bölgəsində, o cümlədən Lənkəran rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət daha da artırılıb. Lənkəran hələ qədimdən çəltikçiliyi ilə məşhurdur.

Ətirli Lənkəran düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi”, “Həsəni”, “Akulə” və digər çəltik növündən olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib. İndi ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyi Lənkəranda da uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb.

Dövlətimizin başçısına məlumat verildi ki, Girdəni kəndindəki bu çəltik təsərrüfatının ümumi sahəsi 225 hektardır. Hazırda 35 hektar sahədə əkin aparılıb. Gələcəkdə çəltik sahəsinin 27,5 hektar genişləndirilməsi nəzərdə tutulub. Bundan başqa, müəssisənin Şiyavar kəndində də çəltik sahəsi mövcuddur.



Azərbaycan Prezidentinə çəltik əkininin aparıldığı son texnologiya barədə də məlumat verildi. Bildirildi ki, hazırda “Cənub-Aqro” MMC-nin sahələrindəki çəltik əkinində ən müasir texnoloji üsullardan və avadanlıqdan istifadə olunur. Əvvəllər əl əməyindən istifadə edilərək gündə 0,5 hektara yaxın sahədə çəltik əkilirdisə, hazırda yeni texnikalar vasitəsilə gün ərzində 2 hektar sahədə çəltik əkmək mümkündür. Texnika ilə əkilən sahələrdən yüksək məhsul əldə olunur və bu üsul təsərrüfat sahibləri üçün iqtisadi baxımdan səmərəlidir.
Qeyd edildi ki, rayonda çəltikçilik əsasən Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkaran, Mamusta, Separadi və digər kəndlərdə inkişaf etdirilir.

Bu da çəltikçiliyin gəlirli sahə olması ilə bağlıdır. Belə ki, hər hektardan 50-60 sentner məhsul götürülür və maya dəyərindən 10-15 dəfə bahasına satılır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat da böyükdür. Yerli düyüyə tələbatın artması, qiymətlərin digər kənd təsərrüfatı məhsullarına nisbətən yüksək olması, eləcə də dövlətin fermerlərə dəstəyi və ölkəyə çəltik əkini üçün müasir texnikaların gətirilməsi bu sahənin Lənkəranda yenidən dirçəlməsinə səbəb olub.

Çəltik əkini əsasən istifadəsiz qalan bələdiyyə və əhaliyə dövlət tərəfindən verilən pay torpaqlarında aparılır. Hazırda Lənkəranda 526,5 hektarda çəltik əkilib. Fermerlər tərəfindən çəltik əkini və yığımı, həmçinin becərmə və gübrə səpmək üçün xaricdə istehsal olunan yeni texnikalar gətirilib.
Sonra çəltik sahəsində ilk biçin həyata keçirildi.

Diqqətə çatdırıldı ki, Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik zavodunun inşası da mühüm əhəmiyyəti ilə seçilir. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə 1 hektar ərazidə tikilib.



Dövlətimizin başçısı “Cənub-Aqro” MMC-nin çəltik zavodunun açılışında iştirak etdi.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Məlumat verildi ki, zavodun tikintisinə 2016-cı ilin noyabrında başlanıb və bu ilin avqustunda başa çatdırılıb.
Prezident İlham Əliyev müəssisədə istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, zavodun aylıq emal gücü 300 ton və düyüqurutma gücü isə 900 tondur. Müəssisədə 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün iki dəfə artırılması və işçilərin sayının 60 nəfərə çatdırılması nəzərdə tutulub. Emal edilən düyünün daxili bazarda tələbata uyğun olaraq satışı üçün müxtəlif şirkətlərlə danışıqlar aparılıb və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixracı üçün sənədləşmə işləri davam etdirilir.

Gələcəkdə müəssisənin ərazisində hazır məhsul anbarı, satış mərkəzi və əlavə istehsal sahəsinin yaradılması planlaşdırılır.
Qeyd olundu ki, çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü dünya əhalisinin beşdə ikisini qidalandırır. Respublikamız çəltik əkinçiliyinə görə üç zonaya bölünür.

Birinci Lənkəran-Masallı, ikinci Şəki-Zaqatala, üçüncü isə Quba-Xaçmaz zonalarıdır.
Zavodda yaradılan şərait bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizin sosial-iqtisadi tərəqqisində, xüsusən də aqrar sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Azərbaycanda qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ötən dövr ərzində iqtisadiyyatın əsas sahələrindən biri kimi müəyyənləşdirilib və görülən məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Xəzər Palace” otel kompleksinin açılışında iştirak edib.




AZƏRTAC xəbər verir ki, Lənkəranda inşası yeni başa çatan “Xəzər Palace” otel kompleksi ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən əsaslı addımlardan biridir. Son illərdə bölgələrdə istifadəyə verilən müasir mehmanxana kompleksləri böyük əhəmiyyət kəsb edir. Bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır.

Bu kompleks təkcə Lənkəran üçün deyil, bütün bölgə üçün əhəmiyyətli turizm obyektidir.
Dövlətimizin başçısı “Xəzər Palace” otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.



Yeni turizm obyekti ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, otel kompleksi iki hektar sahədə inşa edilib. Otelin beşmərtəbəli binasının tikintisinə 2015-ci ilin mayında başlanılıb və bu ilin avqustunda başa çatdırılıb.

Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunub. Binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə edilib. Otuz doqquz nömrədən ibarət oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Qeyd olundu ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunublar. Otel kompleksində müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanları olan konfrans zalı, müasir restoranlar da fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.

Dövlətimizin başçısı oteldəki nömrələrdə yaradılan şəraitlə maraqlandı. Məlumat verildi ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Burada balacalar üçün müxtəlif əyləncə və idman sahələri qurulub. Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var.

Burada qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır.
“Xəzər Palace” otel kompleksində 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Otel kompleksinin ərazisində, həmçinin 8 kottec qonaqların istifadəsinə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub.



AZƏRTAC xəbər verir ki, aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu sahədə yeni sitrus bağlarının salınması xüsusi əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, hazırda Lənkəranda 680 hektarda “Hallabonq” növlü yeni sitrus bağları salınıb.

Diqqətə çatdırıldı ki, rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilən bu növ sitrus bağından ötən il 1,5 ton məhsul yığılıb. Bu il isə Sütəmurdov kəndi ərazisində əlavə 3, Siyavər kəndində isə 5 hektar sahədə yeni sitrus bağları salınıb.
Məlumat verildi ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 100 hektardır. Hazırda ərazidə Koreya Respublikasından gətirilən 45 min “Hallabonq” sitrus meyvəsinin ağacları əkilib.

Dövlətimizin başçısına yetişdiriləcək meyvələrin və onlardan hazırlanan məhsulların nümunələri təqdim olundu. Bildirildi ki, hazırda suvarma damcı üsulu ilə həyata keçirilir və çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən “Hallabonq” sitrus bağlarında yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr istehsal olunacaq və məhsuldarlıq hektarda orta hesabla 35-45 ton təşkil edəcək. Bu da yerli növlərdən 2-3 dəfə çoxdur.

Tədarük olunacaq meyvələrdən təzə halda və sənayenin qida, qənnadı, kosmetik, ətriyyat və digər sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi planlaşdırılır. Rayonda fəaliyyət göstərən “Gilan Holding”in Lənkəran konserv zavodunda daxili bazarda satış üçün meyvə şirəsi istehsal olunacaq.



Prezident İlham Əliyevə məlumat verildi ki, 100 hektar sitrus təsərrüfatından, ümumilikdə, 4 min ton məhsul götürülməsi nəzərdə tutulub. Gələcəkdə təsərrüfatın 500 hektaradək genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması istiqamətində hazırlıq işləri aparılır.

Təsərrüfatda, ümumilikdə, 200 nəfər işlə təmin olunub.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10