“Elim mənim, yurdum mənim”
müsabiqəsi ilə bağlı
Müsabiqəyə video-çarx təqdim edənlərin texniki xərcləri ödəniləcək
Məlumat verdiyimiz kimi, bu il sentyabrın 21 - də rayonumuzun tarixinin və mədəniyyətinin daha dərindən öyrənilməsi ilə bağlı Masallı Təhsil Fondu və cənub xəbər TV birlikdə müsabiqə elan etmişdi.
Sentyabrın 21-də, müsabiqə elan olunanda kimsənin nə 2-ci Qarabağ savaşından, nə elan olunacaq hərbi vəziyyətdən, nə də koronovirusla bağlı daha da sərtləşdiriləcək.qaydalardan xəbəri vardı. (Üstəlik, Masallıya tətbiq olunan daha sərt koronovirus qaydaları)
Çox xeyirxah niyyətlə elan olunmuş müsabiqən daha böyük hədəflər gözləyirdik. Gözləyirdik ki, bu müsabiqədə onlarla yeni foto-video operator, montajçı və sair istedadlar üzə çıxacaq, rayonun 100-dən artıq qəsəbə və kəndlərinin ən azı yarısı bu müsabiqəyə qoşulacaq, lakin olmadı. Saytlarda, sosial səhifələrdə paylaşmalar etdik, yazılı reklam vərəqələr yaydıq, faydası olmadı. Mahmudavar, Hişgədərə, Türkoba, Tüklə, Boradigah, Bədəlan, Qızılağa, Xırmandalı, Çaxırlı, Şərəfə, Güllütəpə, Şıxlar, Qodman və sair yerlərdəki onlarla ziyalılarla birbaşa zəngləşdik ki, bu müsabiqəyə qoşulsunlar. Lakin gözləntilər arzu olunan səviyyədə alınmadı.
Oktyabrın sonuna kimi təşkilat komitəsinə cəmi 6 video-çarx təqdim edildi. Bunlardan da 4-nü eyni komanda - Masal Prodakshin təqdim etmişdi (Ərkivan qəsəbəsi, Oncəqala, Viləş və İsi kəndləri haqqında), digər 2 video-çarx isə Masallı şəhəri (Ceyhun Hüseynov) və Qasımlı kəndi (Mehdi Fəyyazlı) barədə idi. Daha 1 video-çarx isə, Hacıtəpə kəndi (Alzaman Baxış) haqqında dekabr ayının ortalarında təqdim olundu.
Nəzərdə tutulmuşdu ki, təşkilat komitəsi rəy vermək səlahiyyətinə malik olmasın. Video çarxlara əsasnamədə qeyd etdiyimiz kimi, təşkilat komitəsinə daxil olmayan, bu sahədə peşəkar şəxslər rəy versinlər. Obyektivlik olsun deyə, təşkilat komitəsinə daxil olanlar, müsabiqəyə video çarx təqdim etməsinlər.
Təşkilat komitəsi təqdim olunan video-çarxların çox az olduğunu, (cəmi 7 ədəd) müsabiqədə mükafatların isə ən azı bundan 2 dəfə çox, 14 olduğunu və mövcud durumu nəzərə alıb, müsabiqənin vaxtını bu il dekabrın 31-nə kimi uzatmağı qərara aldı. Bu barədə cenub.az saytında və sosial şəbəkədə noyabrın 2-də məlumat yaydıq. Bəzi şəxsləri şəxsən məlumatlandırdıq. Nəzərə alaq ki, pandemiya ilə bağlı hazırda dünya miqyaslı bir çox yarışmalar, festivallar təxirə salınıb.
Bizə video-çarx təqdim edənlərin məsuliyyətini, zəhmətlərini, rayonumuzun tariximizə məhəbbətini, hətta maddi xərclərini başa düşürük.
Lakin hər güclü istər ki, daha güclü rəqabət şəraitində qalib olsun. Bəzi məşhur futbolçular boş qapıya qol vurmağı özlərinə yaraşdırmayıblar. Necə deyərlər, 4 video-çarxın eyni komanda tərəfindən təqdimi, rayonun 100-dən artıq ərazisinin heç 10 faizinin əhatə olunmaması belə mənzərə yaradır ki, kimsə özü-özünə qalib gəlir.
Çox az video çarxın təqdim olunması isə həmin video çarxı təqdim edənlərin günahı deyil. Görünür, bir çox ərazi nümayəndələri, bələdiyyə qurumları belə məqamlara hazır deyil. Xatırladaq ki, 4-5 il öncə də rayonda “Ən yaxşı müəllim” müsabiqəsi elan olunmuşdu. Lakin rayondakı məktəblərin yarıdan çoxu həmin nominasiyaya qatılmamışdı.
Bütün bunlara görə biz dekabrın 31-ni gözləməyə məcburuq olduq. Lakin yenə də yeni video-çarxlar gəlmədi.
Bu gerçəkləri nəzərə alıb müsabiqəni baş tutmamış hesab etdik. Bu məqam müsabiqənin sponsorları, təşkilatçıları ilə tam razılaşdırılıb. Lakin video-çarx təqdim edən qrupların zəhmətini, texniki xərclərini nəzərə alıb hər bir video üçün 100 manat pul ayrılmışdır.
Ayrılmış vəsaiti 2021-ci il yanvarın 5-dən sonra Masallıdakı Sənaye məhəlləsində, Təhsil Fondunun ofisindən ala bilər, yaxud ödəniş kartlarının surətini göndərib, pulu həmin kartlara köçürtdürə bilərlər.
Təşkilatçılar bir daha müsabiqəyə video-çarx təqdim edənlərə təşəkkür edir, düşünürük ki, şərhimizi anlayışla qarşılayacaqlar.
Masallı Təhsil Fondu, cənub xəbərtv