Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Papaq altında oğlanlar var imiş” misalının Kolatan nümunəsi


Və yaxud, yaxşı bələdiyyə adına daha bir iddiaçı


Hər hansı bələdiyyə sədrinin ürəkaçan abadlıq işləri görməsinin çox adi bir səbəbi var imiş – yerli sakinlər sadəcə olaraq sənə inansınlar, etibar etsinlər. Biz bunu bir sıra bələdiyyə sədrlərinin timsalında aydın gördük.

Masallıdakı Köhnə Alvadı bələdiyyəsi haqqında “Köhnə Alvadının təzə tər işləri” adlı yazımız çox güclü əks-səda doğurdu.
Hətta İcra Hakimiyyəti səviyyəsində bu bələdiyyənin təcrübəsi öyrənildi. Məlum oldu ki, yarıtmaz, xalqı bezdirən, hətta seçiciləri döyüb-söyüb, şikəst edən bələdiyyə sədrləri az olmasa da, yaxşı bələdiyyələr də var imiş.


“Kolatan bələdiyyəsi 3-4 ayda digər bələdiyyələrin 3-4 ilə görə bilmədiyi işləri görüb”

Bir neçə kəlmə Kolatan kəndi haqqında.

Bu kənd Masallı rayonunun mərkəzindən 15 kilometr aralıda yerləşir.
Ərkivan- Boradigah yolunun Qızılavarla Bədəlan kəndlərinin qovuşduğu yerdən sağa döndükdə Kolatan kəndinə istiqamətlənirsən.
Əhalisi 5255 nəfər, ərazisi 1239 hektar, adambaşına düşən payıbəlli torpaq ortalama 13 sotluqdur. Bala Kolatan, Bağıroba və Kolatan kəndlərini birləşdirir.
Kolatan rayonun olduqca gözəl təbiətli, bir-birindən dəyərli ziyalıları olan kəndlərindən sayılır.

Digər yerlərdə olduğu kimi, son illərə qədər burada da bələdiyyənin varlığı ilə yoxluğu elə də hiss olunmurdu. Mənasız yazışmalar, dedi-qodular ara vermirdi.

Ötən ilin sonlarında Kolatan bələdiyyəsinə əvvəllər bu qurumda müavin işləyən
Elçin Sadıqovu sədr seçdilər.




“Papaq altında oğlanlar var imiş” misalı Elçin bələdiyyə sədri seçiləndən sonra bir daha öz təsdiqini tapdı.

Təxminən 4-5 ay müddətində Kolatan kəndində son 10-15 ildə, bəlkə daha çox müddətə görülməyən, xəyal kimi təsəvvür olunan işlər reallaşmağa başladı.


70 min manatlıq işıqlandırma sistemi

Elçin Sadıqov: - Çoxdankı arzum idi, kəndimizin bütün yolları çıraqban, gur işıqlı olsun. Çünki eşitdiyimə görə, sovet dövründə bu kənddəki işıq dirəklərinin cəmi 3-4-də lampa olub ki, onlar da ya yana, ya yanmaya.

Əvvəlcə 2700 metr, sonra isə 5000 metr yolun işıqlandırılmasına qərar verdim.



Bələdiyyənin hesabında isə cəmi 5300 manat pul var idi.
Məcbur olub 13 min manat ailəmizin büdcəsindən bu iş üçün ayırdım. Yenə pul çatmırdı. Bakıda, Rusiyada yaşayan həmkəndlilərimizə üz tutdum. Qaytarmaq şərti ilə 12 min manat da onlardan aldım.
Qısası, 32 min manata yaxın xərc çəkib bu işıqlandırma məsələsini yoluna qoyduq.

Əsas hədəfim o oldu ki, işi həm də yüksək standartlara uyğun şəkildə edək.

Bu məqsədlə işıqlandırması çox, elektrik sərfi az olan yüksək keyfiyyətli lampalar aldıq.

Bunlar SİP kabelli, led adlanan, diodla işləyən lampalardır.
Öz qabları tökmə çuqundur, çürümür. 5 illik zəmanətlə verilir. Xarab olduqda isə biri 15 manata təmir edildikdən sonra, yenə 5 il istifadə oluna bilir. Birinin qiyməti 100 manatdır.

Beləliklə kəndin girişi ilə çıxışı arasındakı 5 kilometrlik məsafə işıqlandırma sistemi ilə tam təmin edildi.

İndi axşamlar bu yol elə çıraqban olur ki, adam özünü başqa aləmdə hiss edir.

Kolatanın Bakıda və Rusiyada yaşayan iş adamları kənd bələdiyyəsinin belə xeyirxah əməllərini, kənd üçün ürək yanğısı ilə çalışdığını görüb, kəndin əsas yoluna çıxışı olan daha 7 kilometr məsafədə yolların işıqlandırılması problemini həll ediblər.

Ümumilikdə, təkcə kəndin yollarının işıqlandırılmasına 70 min manatdan artıq pul xərclənib. Kənd yolunda 350-yə yaxın küçə işıqları quraşdırıldı.

Bəs bu işıqların haqqını kim ödəyir?

5 kilometrlik əsas yolun elektrik xərcini bələdiyyə, hər küçənin də öz xeyirxahı var və bu küçə işıqlarının da xərcini onlar ödəyir.

Bələdiyyə deyəndə çoxlarının yadına yol düşür

Yol məsələsində də kəndin imkanlı adamları, xüsusən Rusiyada yaşayan xeyirxahlar vəsaitlərini əsirgəməyib. 40 min manat toplayıb məktəb yoluna 1 kilometrlik, 80 min manat vəsait sərf edərək Bala Kolatan yoluna 1,8 kilometrlik, bundan əlavə Yuxarı Kolatan yoluna da 1 kilometrlik asfalt döşətdirdik.



Lakin, bunlar da son deyil. 6 kilometrlik ara yollara da 10 min manatlıq çınqıl tökülüb.


Qısası, indi Kolatanda nə xaraba, nə işıqsız yol görmək müşkül məsələdir.

Yol ola, ətrafında gur işıqlar yana, ancaq kənarında ağac olmaya – inanarsınız?

Bir meyxanada deyilmişkən “meydana girdin, dayanmaq nədir?”.
Kəndin xeyirxahları yolu və işıqlandırma sistemini reallaşdırdıqdan sonra, qərara gəliblər onsuz da yaşıllıq içində olan Kolatanı daha da yaşıllaşdırsınlar.



Onlar 12 min manata 500 ədəd çinar ağacı alıb, yolun hər iki kənarına əkib, həm də möhkəm çəpərləyiblər ki, mal-qara tələf etməsin.

Adam tərif yazmağa qorxur, yaxud görünən kəndə nə bələdçi

Düzü, son illər o qədər bərbadlıqlar, bələdiyyələrin fəaliyyətində o qədər iyrəncliklər görmüşük ki, indi ciddi abadlıq xəbəri eşidəndə, bələdiyyə sədrinin kəndin abadlığı üçün özünü oda, suya vurmasını görəndə təəccüblənirik.

Düşünürük ki, bəlkə də oxucu şübhələnəcək, nədən bələdiyyələri “yıxıb sürüyən” müxbir, birdən belə nümunələrə üz tutdu.

Ancaq el misalıdır – görünən kəndə nə bələdçi?

Biz saxtakar bələdiyyələrə qarşı necə sərtiksə, yaxşı işlər görənlərə də elə xeyirxah olmağı üstün tutduq. Bəlkə o pislər də baxıb utana.


Bələdiyyənin digər xeyirxah işlərinə nəzər salaq:

- İki imkansız ailə üçün ev tikiblər.

- Kənd məscidinin damını dəyişdiriblər.



- Kəndin futbol meydançasının işıqlandırılması təmin edilib.

- 1941-1945-ci il və Qarabağ müharibəsində həlak olanların xatirəsinə tikiləcək bulaq üçün hazırlıq işləri başa çatmaq üzrədir..

- Kənddə istirahət mərkəzinin yaradılması üçün ilkin addımlar atılmağa başlanılıb. Burada çoxlu oturacaqlar, əyləncə qurğuları olacaq.

- Qəbiristanlıq ərazisində elektrik xətləri tam yeniləşdirilib, bələdiyyənin xeyriyyə təşəbbüslərinə qoşularaq ərazidəki Bala Kolatan kəndində bir xeyriyyəçi kənd üçün Xeyir-Şər Evi tikdirib.


Yaxın günlərdə Kolatanın uşaq bağçası da fəaliyyətə başlayacaq



Bələdiyyə sədri Elçin Sadıqov: - Açığını desəm, bu uşaq bağçası Masallının İcra Başçısı Rafil Hüseynovun kəndə hədiyyəsidir.

Kənd məktəbinin arxasında ibtidai siniflər üçün tikilmiş, lakin yararsız hala düşmüş bir tikili var idi. Şəxsən onun təşəbbüsü ilə, daxili imkanlar hesabına bu bina uşaq bağçası kimi istifadə edilmək üçün ciddi təmir olundu.
Lakin bir müddət vəsait alına bilmədiyindən bəzi otaqlar yararsız hala düşdü. Biz həmin yararsız otaqları təmir etdirdik, həyətində gözəl yaşıllıq guşəsi yaratdıq.



Artıq Uşaq bağçasının fəaliyyəti üçün vəsait ayrılıb. Sentyabr ayından kəndimizdə 4 qruplu, 75 yerlik uşaq bağçası fəaliyyətə başlayacaq.

Biz isə bağçaya hədiyyə kimi onun həyətində “Yay idman meydançası” tikəcəyik.


Kolatanın xaricdəki “12-lər qrupu”

O da məlum oldu ki, bələdiyyə sədri Bakıda, Rusiyada yaşayan həmkəndlilərinə çox güvənir.
Onlar da bələdiyyə sədrinin xeyirxah işlərini dəyərləndirərək, Rusiyada 12 nəfərlik bir qrup yaradıb, bələdiyyə sədrindən gələn təklifləri müzakirə edir və onların reallaşmasına yardımçı olurlar.
O cümlədən Bakıda yaşayan kolatanlı iş adamları da bu sahədə köməklərini əsirgəmirlər. Nəzarətləri də var. Həmin “12-lər”in bir neçə üzvü tez-tez kəndə gəlir və şahid olurlar ki, yolladıqları vəsait tam təyinatı üzrə xərclənilib. Bələdiyyə sədri deyir ki, elə olmayıb ki, təklif verək, cavabsız qalsın.


Qarşıdakı hədəflər hansıdır?

Elçin Sadıqov: - Əgər qarşıdakı planlardan danışsaq, açıq deməliyəm ki, planlaşdırılmamış işlərimiz daha çox olur. Yaxın hədəflərimiz odur ki, kənddə futbol məktəbi və futbol komandası yaradaq.

Unutmamışıq ki, Kolatanın gözəl futbol ənənələri var və bu kəndin futbolçuları 20 ildə kəndə 17 kubok gətiriblər. O cümlədən, kənddə imkansız ailələrin uşaqları üçün pulsuz ingilis dili və kompüter kursları təşkil edəcəyik. Müxtəlif növlər üzrə idman yarışlarının təşkilinə start verməyə hazırlaşırıq.

Yaxın günlərdə bələdiyyənin Feysbuk səhifəsi, daha sonra saytı hazır olacaq. Hər işimizdə aşkarlıq təmin olunacaq. Nə qazanırıq, nə yardımlar alırıq, necə xərcləyirik, detallarına qədər xalqı məlumatlandıracağıq, daim onların rəy və təkliflərini öyrənəcək, ideya müsabiqələri keçirəcəyik.

Yeni, real iş yerləri olacaqmı?

Yollar nə qədər abadlaşsa da, işıqlandırılsa da, necə deyərlər, işıqla qarın doymur. İnsanların iş yeri, çörək yeri olmalıdır.
Kolatan kəndi Masallının ən güclü çayçılıq təsərrüfatlarından olub.

Bu kəndin 350 hektar ərazisində çay plantasiyalarında məhsul yetişdirilib. Son onilliklərdə isə müxtəlif səbəblərdən həmin sahələr məhv edilib. Hazırda 100 hektar çay sahəsi bərpa edilir. Kəndin 600 hektar torpaq sahəsindən 500 hektarı istifadəsizdir.

Bələdiyyə sədri:- Desəm ki, Kolatanda bir zavodluq böyürtkən yetişir, bir az qəribə səslənər.
Hələ feyxo, meyvə bağların demirəm. Bəzən məhsul o qədər bol olur ki, yetişmiş meyvələr ağacların dibinə tökülüb, çürüyür.
Yaxın vaxtlar mini mürəbbə və turşu sexləri açıb, bu məhsulları yüksək standartlara uyğun emal etmək və onların Rusiya bazarlarında satışını təşkil etmək üçün hər şeyi düzüb qoşmuşuq.
Bu isə çoxlu iş yeri deməkdir.

AZKİL (Azərbaycan Kənd İnvestisiya Layihəsi) təşkilatı ilə razılaşmamız olub ki, kənddə quşlar və mal-qaranın təminatı üçün yem sexi tikək.
Bütün sənədləşdirmə hazırdır.
Sentyabr ayında fəaliyyətə başlayacaq.
Bu da yerli sakinləri müxtəlif bitkilər əkməyə həvəsləndirəcək ki, həmin zavoda xammal təhvil versinlər.

Həmçinin bu da çoxlu iş yeri deməkdir.
Bizdə olan məlumata görə Belə yem zavodu Azərbaycanda ancaq İmişlidə var.

AZKİL artıq kəndə bir inkubator sexi tikib təhvil verib.

Bundan əlavə müxtəlif layihələr hazırlayır, QHT sektoru ilə əməkdaşlıq planları üzərində işləyirik.

Bir daha yazının əvvəlin qayıdaq.

34 yaşlı, ali təhsilli gömrük mütəxəssisi bu uğurlara necə nail olub? Cavab sadədir – qocanın da, cavanın da inamın qazanıb. Hamı görür ki, o, bəzi bələdiyyələr kimi fır-fırıldaqla, alıb-aldatmaq, saxtakarlıqla məşğul deyil. Ona görə kəndin bütün xeyirxahları onun arxasındadır. İnanırlar ki, 3-4 aya bu qədər iş görən, yaxın 3-4 ilə Kolatanda daha uğurlu işlərə nail olacaq.

Zahir Əmənov



Bu linklərə də bax

cenub.az//837-kohne-alvadinin-teze-ter-ishleri.html

cenub.az/siyasi/704-belediyye-bize-xox-gelir.html

cenub.az/siyasi/690-erkivanin-belediyye-sedri-melumat-vermekden-niye-qorxur.html







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10