Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

QHT-ləri boğurlar?



Yaxud, bir az da “10 dəfə imam üçün ağlayanda 1 dəfə də yezid üçün ağlayın” məsəli barədə

Vətəndaş cəmiyyətinin əsas göstəricilərindən biri sayılan QHT-ləri (İctimai Birliklər və Xeyriyyə təşkilatları) “cəmiyyətin sanitarları” adlandıranlar doğrudan da səhv etmirlər. Əsil QHT-lər ekologiya, insan hüquqları, ailə problemləri, xüsusən qadın hüquqları və digər sahələrdə olduqca faydalı və gərəkli işlər görürlər.

Son illər həmin şəbəkə bu və ya digər səbəbdən bir qədər zəifləsə də, QHT-lərin qeydiyyatına, kütləvi fəaliyyətinə bir sıra qadağalar qoyulsa da, hələ də QHT adına iddialı olanlar, bu ad altında hökumətdən, eləcə də ayrı-ayrı nazirliklərdən, fondlarda qrantlar, yardımlar alanlar var.

Bəs narahatçılıq nədədir? Müxtəlif adlar altında qrantlar, yardımlar alan QHT-lərin əksəriyyətikağız üzərində fəaliyyət göstərir. Bəziləri bir tədbirdə bir neçə QHT-nin adı ilə oynayır.

Qaranlıq bucaq haradadır?

Regionlarda qeydiyyatdan keçən QHT- Ictimai Birliklər çox azdır. Bundan faydalanan Bakıdakı bəzi “bərkgedən” QHT-lər rayonlarda öz filialların yaradır və bu ad altında necə deyərlər “təmiz pulların”, bir dəfə də “yuyurlar”. Kim onlara nə deyəcək ki, deyirlər icraya tabe deyilik, başqa təşkilatlar bizim işimizə “burun” soxa bilməz və sair. Başlayırlar qohum-əqrəbalarının adına 2-3 ştat açdırıb, yalançı otaq icarələyib, tənha qadın, azyaşlıların nikahı, əlil və kimsəsiz uşaqlara yardım və sair ad altında hər ay bir neçə min pul silməyə.


1-2 QHT və filialı çıxmaq şərti ilə heç bir aşkarlıq yoxdur.

Nə aldığı qrantların məbləği bilinir,

nə işə götürdüyü qohumlarının kimliyi,

nə əyləşdiyi məkan,

nə fəaliyyət göstərdiklər müddət,

nə gördüyü işlər.

Necə deyərlər, QHT-ni, yaxud onun filialını bir “çadra” kimi başlarına atıb, guya yetim-yesirə vətəndaş dəstəyi adı ilə hər ay 2-3 min manat silib, kef edirlər, arada hökuməti, ziyalıları da biganəlikdə günahlandırırlar.

Təsəvvür edin, bu QHT-lərin bir çoxunu heç FB səhifəsi də yoxdur. Belə səhifəsi olanlar da ora yalnız görüntü yaratmaq üçün 5-6 şəkil paylaşdırır, özlərini əzabkeş göstərmək üçün bir neçə yanıqlı status yazırlar.

Elə QHT, yaxud filial var ki, 4-5 ildir bir rayonda fəaliyyət göstərir, amma izin-tozun bilən yoxdur.


Bu sahədə İcra Hakimiyyətindəki İctimai-siyasi şöbələrin (onlar həm də İcra Başçısının müavin sayılır) də passivliyi təəssüf doğurur. Son illər əsasən qadın kadrlardan formalaşmış bu vəzifə sahibləri QHT sektoru haqqında olduqca az məlumatlıdırlar. İctimai Birliyin, icmanın, fondun bir-birindən fərqin soruşsan, çoxu cavablaya bilməz. Misal üçün, soruşun ki, sizin rayonda vətəndaş cəmiyyətinin hansı təmsilçiləri var? Cətin ki, deyə bilərlər.

İş olanda əyanı, asan olur bəyanı

Nəzərdə tutmuşuq ki, regionlarda olan QHT-lərin və onların filiallarının olmayan fəaliyyətlərini araşdıraq. Əvvəlcədən isə hamısına şans vermək istəyirik.

QHT , yaxud filial rəhbər!

Hansı layihəni reallaşdırırsan?

işçilərin kimdir?

qrantın məbləği nə qədərdir?

harada yerləşirsən?

iş qrafikin necədir?

hədəflərin hansıdır?

neçə ildir fəaliyyət göstərirsən?

fəaliyyətin barədə cəmiyyəti neçə məlumatlandırırsan (hansı qəzet və sosial şəbəkə vasitəsi ilə) və sair?

Bir həftəyə qədər gözləyəcəyik. Kim düzdürsə, fır-fırıldaq deyilsə, gəlsin meydana, fəaliyyətini aşkarlasın. Gəlməsə, necə deyərlər, sən gəlməsən özüm gəlləm. Bir neçə sayt rəhbəri ilə, eləcə də internet TV-lərin əməkdaşları vasitəsi ilə bu “3-cü sektorun” izinə düşəcəyik.

İnanırıq ki, bu sahədə ilk nümunəni MAGİYA təşkilatının rəhbər Afiq Məlikov göstərəcək. Çünki cənubda həmişə aldığı qrantların məbləğini, gördüyü işləri tam detallarını məbuatda yayan o olub.

Biz isə öz növbəmizdə həm rəhbərlik etdiyimiz cenub.az saytında, həm də Cənub xəbərləri qəzetində bu sahə ilə bağlı xüsusi səhifə açacağıq. Yaxşıların yaxşı işini,fırıldaqların isə “astar” üzünü sizə göstərməyə çalışacağıq.

Kim aşkarlıqdan qorxmursa, buyursun. Kim QHT, yaxud onun filialı adı ilə tülkü kimi günc-bucaqda gizlənirsə, bəxtindən küssün.

Biz bu sahədə icradakı İctimai-siyasi şöbələrdən də dəstək gözləyirik.

Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10