Rusiyanın Dağlıq Qarabağdakı fəaliyyəti Türkiyəni də narazı salır. Bu narazılıq ölkə rəsmilərinin açıqlamalarından hiss olunur. Məlumdur ki, noyabrın 10-da əldə olunmuş üçtərəfli razılaşmadan sonra bölgədə atəşkəsə nəzarət mexanizminin qurulması ilə bağlı iki ölkə arasında Memorandum imzalansa da, detalları razılaşdırmaq mümkün olmayıb. Noyabrın 11-12-də Ankarada keçirilən danışıqlar nəticəsiz başa çatdı. Tərəflərin hansı məsələlərdə razılaşmadıqları qaranlıq qalmışdı. Türkiyə rəsmiləri yalnız onu bildirmişdilər ki, Moskvada əlavə müzakirələrin aparılması qərara alınıb.
Dünən “Reuters” agentliyi diplomatik mənbələrə istinadən Moskva və Ankaranın anlaşa bilmədiyi problemlə bağlı xəbər yayıb. Məlumatda bildirilir ki, ziddiyyətlər Türkiyə tərəfinin vahid koordinasiya mərkəzindən asılı olmayan bir müşahidə məntəqəsi açmaq istəyi ilə əlaqədardır. “Ankara ortaq izləmə mərkəzindən asılı olmayaraq öz müstəqil müşahidə məntəqəsinin yaradılmasında israrlıdır. Rusiya isə buna ehtiyac olmadığını düşünür. Lakin bu, Türkiyə üçün əsasdır”, – deyə agentlik Türkiyədəki mənbədən sitat gətirib. Gözlənilir ki, Moskvada keçiriləcək növbəti danışıqlarda ortaq məxrəcə gəlinsin.
Ötən həftə Türkiyə prezidentinin Azərbaycana hərbi qüvvə göndərilməsi ilə bağlı təqdimatı Böyük Millət Məclisində HDP istisna olmaqla, 4 böyük partiya tərəfindən yekdilliklə dəstəklənib. Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycana göndəriləcək hərbçilərn hazırlığı tamamlanıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildikdən sonra Türkiyə hərbi kontingentinin Azərbaycanda yerləşdirilməsi nəzərdə tutulur. Türk hərbçilərinin harada mövqe tutacağına gəlincə, bu barədə açıqlanan rəsmi bilgi yoxdur. Türkiyənin bəzi media orqanları hərbçilərin bir hissəsinin Şuşa şəhərində yerləşdiriləcəyini, sülhməramlı qüvvələri izləyəcək Monitorinq Mərkəzinin isə Bərdədə fəaliyyətə başlayacağı barədə xəbərlər yayıb. Xatırladaq ki, Azərbaycanda əksər müşahidəçilər də Türkiyə hərbçilərinin işğaldan azad olunmuş bölgələrin təmas xəttinə yaxın hissəsində və Şuşada yerləşdirilməsini vacib hesab edirlər.
Bu məsələyə Rusiyanın münasibətinə gəlincə, prezident Putin ötən həftə “Rossiya-24” dövlət telekanalına müsahibəsində bildirdi ki, Türkiyə hərbçilərinin harada yerləşdirilməsi Azərbaycanın öz işidir. Bununla bağlı mübahisənin olmadığı düşünülərkən Rusiyanın türk hərbçilərinin bölgədə müstəqil şəkildə postlar qurmasına qarşı çıxması prosesin heç də rəvan getmədiyini göstərir. Xatırladaq ki, Rusiya ərazidə 23 müşahidə postu qurub.
Türkiyəni narazı salan məqamlardan biri də Qarabağ münaqişəsinin tam həllini tapmamasıdır. Bu gün xarici işlər naziri Mövlud Cavuşoğlu açıqlamasında ölkəsinin mövqeyini konkret ifadə edib:
“Azərbaycan tərəfindən qəbul edilən razılaşmanı daimi həllə aparacaq elementlər ehtiva etdiyi üçün dəstəkləyirik. Azərbaycanın haqlılığı və ərazi bütövlüyü bu razılaşmada təsdiqlənib. Azərbaycan öz ərazilərinin bir qismini hərbi əməliyyatlarla geri qaytardı, digər qismini isə anlaşma çərçivəsində geri alır. Bundan başqa, işğal altındakı Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalan qardaşlarımız evlərinə qayıda biləcək. Həm də Naxçıvan ilə Azərbaycan arasında birbaşa əlaqə qurulur”.
Çavuşoğlu açıq şəkildə bildirir ki, 10 noyabr anlaşması münaqişənin yekunu deyil, Türkiyə onu davamlı həllə aparan yol kimi qəbul edir. Yəni, birinci mərhələdə işğalda qalan əlavə 3 rayon Azərbaycana qaytarılır, köçkünlər əvvəlki yerlərinə yerləşdirilir. Daha sonra bölgədə Rusiyanın istədiyi status-kvo qala bilməz. Konkret ifadə etsək, Moskvanın Dağlıq Qarabağda separatçı ermənilərlə və İrəvanla birlikdə idarəedici qurum formalaşdırması Ankaranı məmnun etmir. Münaqişə tam həll olunmalıdır, bölgədən erməni ordusunun qalıqları çıxarılmalıdır, Rusiya bu müddətdə yalnız sülhməramlı mandatı çərçivəsində fəaliyyət göstərməlidir, daha sonra Dağlıq Qarabağın yekun statusu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapmalıdır.
Şübhəsiz ki, Türkiyənin bu mövqeyi Rusiya tərəfindən qəbul olunmayacaq və iki ölkə arasında narazılıq getdikcə dərinləşəcək. Azərbaycanın bu məsələdə aparacağı siyasət öz milli maraqlarını qorumaq və Ankaranın fəal dəstəyini təmin etmək üçün çox önəmlidir. Məlumdur ki, Azərbaycanın Rusiyanın onun suverenliyinə zidd fəaliyyətinə təkbaşına müqavimət göstərmək imkanları azdır. Bakı 44 günlük müharibədə olduğu kimi, Ankaranın ciddi siyasi dəstəyinə ehtiyac duyur. Hər iki müttəfiq ölkənin bu istiqamətdə səylərini koordinasiya edib, vahid mövqedən çıxış etməsi çox önəmlidir. Bu, Rusiyanın gələcəkdə Azərbaycana qarşı təsirlərini genişləndirmək, onun daxili və xarici siyasətinə müdaxilə etmək cəhdlərinə qarşı ən yaxşı müdafiə ola bilər. Hakimiyyətin əlini gücləndirən daha bir vacib faktor ölkədəki anti-Rusiya əhval-ruhiyyəsidir. Mövcud rəy sorğularına görə, əhalinin 90 faizindən çoxu Rusiya sülhməramlılarını, Azərbaycanda Rusiya hərbi varlığını istəmir. Cəmiyyətin bu mövqeyindən çəkinmək, onu neytrallaşdırmaq yox, müxtəlif yollarla onu dəstəkləmək, gücləndirmək və ona istinad etmək zəruridir. Ölkənin milli təhlükəsziliyini təhdid edən başlıca amilə qarşı cəmiyyətin müqavimətini ayaqda tutmaq Türkiyənin də Azərbaycana fəal dəstəyini şərtləndirə bilər.
pressklub