Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Pandemiya vəziyyəti marta kimi bizi müşayiət edəcək”


“Biz Vətən müharibəsi dövründə iki cəbhədə vuruşduq. Həkimlərimiz hər iki cəbhədə ciddi şəkildə mübarizə apardılar. Bu gün dünyada koronavirusa yoluxanların sayı 56 milyon nəfəri keçib, 39 milyondan çox insan sağalıb, 1 milyondan çox insan həyatını itirib”.
Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
TƏBİB rəsmisi qeyd edib ki, Azərbaycanda yoluxmanın gündəlik səviyyəsi 2 mini ötüb:
“Səhiyyə sistemi yüklənir. Ötən dövrdə 10-dan çox modul tipli xəstəxana açılıb, həkimlərimizin ixtisası artırılıb, xaricdən həkim briqadaları gəlib. Ancaq bu tendensiyanın davam etməməsi lazımdır. Hər bir ölkə kimi, bizim ölkəmiz də bu yükün altında əziyyətə düşür. Biz hələ də müharibədə döyüşmüş əsgərlərimizə qulluq edirik. Ona görə də, bizə cəmiyyətin dəstəyi lazımdır. Müharibədə gördük ki, xalqımız bir ola, yumruq kimi birləşə bilir”.
Y.Qarayeva bildirib ki, bir gün əvvəl 2239 nəfər koronavirusa yoluxub, 1217 nəfər sağalıb:
“Yoluxan və sağalan xəstələr arasında fərq nəticəsində gələcəkdə xəstəxanalarda yer çatışmazlığı yaşana bilər. Bu gün artıq biz 13 min test apara bilirik, əvvəllər bu rəqəm 5 min ətrafında idi. Yoluxmanın artması nəticəsində gündəlik ölənlərin sayı da 25 nəfərə çatır”.
Mövcud vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində xüsusi karantin rejiminin müddətini 28 dekabr, saat 06:00-dək uzadıb. Bəs, karantin rejimi daha da sərtləşdirilə və yenidən SMS icazə sistemi bərpa oluna bilərmi?
Səhiyyə Nazirliyinin baş İnfeksionisti Təyyar Eyvazov dedi ki, Azərbaycanda COVİD-19 virusundan orta ölüm səviyyəsi kifayət qədər aşağıdır:
“Təbii ki, bu, müsbət haldır və dövlətimizin pandemiya ilə daha effektiv mübarizə apardığını sübut edir”.
Karantin rejiminin daha da sərtləşdirilməsi ehtimalına gəldikdə isə baş infeksionist bunun vəziyyətdən asılı olacağını söylədi və qərarı Operativin Qərargahın verəcəyini vurğuladı.
Həkim-farmakoloq Müşfiq Hüseynov bildirdi ki, hər kəs bu və ya digər formada COVİD-19-a yoluxacaq. O qeyd etdi ki, bütün dünyada xəstələrin sayı sürətlə artır:
“Avropa və bizim region da sürətlə zirvəyə yaxınlaşır. Rusiyada – Moskvada qapanma haqqında fikirlər səslənir, qardaş ölkə Türkiyədə “qırmızı” bölgələrin sayı artıb, hətta İstanbul kimi meqapolisdə bəzi məhdudlaşdırmalar tətbiq olunub, Ukraynada yoluxanların gündəlik say on minlərə çatıb. Azərbaycan da zirvəyə irəliləyir. Xəstə sayı kiçik ölkə üçün çox böyükdür. 2500-ü gördük, 3000 olacağı da istisna deyil. Əgər test yoxlaması kütləvi keçirilsə, əmin olun ki, bu say 5000 də olar, 10000 də. Minlərlə insan virusu simptomsuz keçirir. Bir o qədər də insan yüngül simptomlarla evlərdə müalicə alır”.
Həkim qeyd etdi ki, yoluxmaların kütləvi artım səbəblərini artıq hər kəs bilir:
“Buna səbəb maskasız gəzmək, gigiyenik qaydalara əməl etməmək və sosial məsafənin təmin edilməməsidir. Bura havaların soyuqlaşması ilə aspirator xəstəliklərin mövsümi artışını da əlavə edin. Amma biz insanıq, ailəmiz, dostlarımız, müəyyən adətlərimiz, işimiz var. Bütün qaydalara tam əməl etmək mümkün deyil. Məsələn, metro bağlıdır, amma avtobusda heç bir sosial məsafə gözlənilmir. Bu, mümkün də deyil. Bundan başqa, qələbə nümayişi günü insanların kütləvi şəkildə meydanlara axışması, son günlərdə şəhidlərimizin dəfnində baş verən kütləvilik səbəblərdən bəziləridir. Bunlar faktdır. Amma artıq bütün qaydalara ciddi əməl edənlərin xəstələnməsi halları da var. Bu da onu göstərir ki, birincisi, tam qorunmaq üçün hər şey bitənə kimi bunkerə girmək lazımdır, yəni bu, mümkün deyil. İkincisi, qorunmaq ona görə lazımdır ki, orqanizmimiz virusu az dozada qəbul edib, yüngül simptomlarla keçirsin. Hər kəs özünü qorumalıdır. Çünki başqa şans artıq qalmayıb. Kütləvi yoluxma və virusun yayılmasının zirvəyə yaxınlaşması periodik haldır. Ola bilər ki, hökümət yenə qapanmaya gedər və SMS icazə sistemi bərpa olunar. Səhiyyə sisteminin çökməməsi üçün buna ehtiyac yarana bilər. Düşünürəm ki, iki həftəlik qapanma səhiyyənin yükünü azalda bilər. Əhali buna hazır olsa, yaxşıdır. Ehtimal çox yüksəkdir”.
M.Hüseynovun sözlərinə görə, ilk peyvəndlər ölkəyə ən yaxşı halda gələn ilin fevral-mart aylarında gətirilə bilər:
“Görünən odur ki, pandemiya vəziyyəti marta kimi bizi müşayiət edəcək. Qısa desək, hər kəs bu və ya digər formada COVİD-19-a tutulacaq. Bundan qaçış yoxdur. Amma özümüzü maksimum qoruyub, xəstəliyi simptomsuz və ya yüngül formada keçirmək öz əlimizdədir”.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10