Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarabağa qayıdış planı: Qeyri-köçkünlər də yurd sala bilər?


Dövlət qurumu bu sualı cavabsız buraxsa da, bəzi mühüm təkliflər var
 
Ötən günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədr müavini Fuad Hüseynovun məcburi köçkünlərin öz torpaqlarına könüllülük əsasında qaytarılacağı barədə açıqlaması cəmiyyətdə birmənalı qarşılanmadı. Qərarın doğru olduğunu düşünənlərlə yanaşı, könüllülük prinsipini qəbul etməyənlər də var.
 
Komitə isə bu müzakirələrə belə reaksiya verdi ki, məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir: “Dövlətimizin başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər”.
 
“Hazırda məcburi köçkünlər respublikamızın ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşıblar. O cümlədən 300 mindən artıq məcburi köçkün onlar üçün salınmış qəsəbələrdə xüsusi təyinatlı dövlət mənzil fonduna məxsus yaşayış sahələrində yerləşdirilib. Xalqımızın qəhrəman övladlarının qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikərək, təsərrüfat yaradaraq daimi məskunlaşmaq məcburi köçkün həmvətənlərimizin mənəvi borcu, vətənə və ümumxalq dəyərlərinə sadiqliyinin təcəssümü kimi dəyərləndirilməlidir”, - deyə QMKİDK-dan bildirildi.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı  - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Bu yerdə başqa bir məqama diqqət yetirmək lazımdır. Qarabağda doğulub-böyüməsə belə, oralara köçüb yurd salmaq, yaşamaq istəyən vətəndaşlar var. Belə halda, həmin insanların Qarabağda yaşamalarına imkan yaradıla bilərmi? Bu sualla müraciət etdiyimiz QMKİDK-dan cavab verildi ki, hələlik bu barədə rəsmi qərar yoxdur: “Bunu zaman göstərəcək”.
 
Mövzunu şərh edən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə, kimisə zorla haradasa yaşatmaq olmaz: “Amma bilirsiniz ki, qaçqınların evləri bərpa olunur. Evlərin bərpa edilməsindən əvvəl təbii ki, məcburi köçkünlərin orada dağıdılmış evləri və ya torpaqları qalıb. Əgər kimsə evinin bərpa olunmasını istəyəcəksə, o, iltizam verməlidir ki, həmin evdə yaşayacaq. Əgər o, həmin evdə yaşamayacaqsa, həmin ev bərpa edilməməlidir. Yəni büdcəni buna görə ziyana salmaq olmaz”.
 
Ekspert hesab edir ki, dövlət məcburi köçkünlərin Qarabağa qayıtmasını stimullaşdırmaq istəyirsə, bəzi tədbirlər görülməlidir: “Birincisi, onların Bakı şəhərindəki bütün imtiyazları ləğv olunmalıdır. Yəni, onlar üçün edilən güzəştlər - kommunal xərcləri, çörək pulları, yardımları ləğv olunmalıdır. Amma təbii ki, onların köçmək niyyəti olacaqsa, bunlar ləğv olunacaqsa, onun evi bərpa edilməlidir. Bərpa olunduqdan sonra bildiriş gələcək ki, evin hazırdır, gəl yaşa. Bakıdakı bütün imtiyazları ləğ edilir. Və bununla adam gedib orada yaşamalıdır. Yox, əgər yaşamasa, o, artıq ev üzərində hüquqlarını itirməlidir”.
Fərhad Mehdiyev: Jurnalistin döyülməsində Cavid Hüseynovun əli var
“Ərizədə qeyd oluna bilər ki, filan müddət ərzində yaşamasan, həm torpaq üzərində hüququnu itirəcəksən, həm də ev üzərində hüququnu itirəcəksən. Buna imza atmış olsa, qarşılıqlı razılaşma sayılacaq. Bunu ona görə deyirəm ki, məcburi köçkünlər özlərinə orada bağ evi tikdirməsinlər. Yəni düşünməsinlər ki, Bakıda bir ev var, biri də rayonda olsun. Şəxsən mən vergi ödəyicisi kimi istəməzdim ki, mənim vergilərimin hesabına qaçqınlara ikinci bir ev tikilsin. Mən şəxsən öz yaşadığım evləri özüm tikmişəm, özüm almışam”, - hüquqşünas bildirib.
 
Mehdiyev başqa məqama da toxunub: “Qarabağda döyüşən, Qarabağ qazilərinə və şəhid olmuşların ailələrinə dövlət torpaq da, onun üzərində ev də tikib verməlidir. Bu, çox gözəl addım olardı”.
 
Qarabağda qeydiyyatda olmayan və orda yaşamayan insanların Qarabağda yaşamaq istəyinə gəldikdə, müsahibimiz burada problem görmür: “Qarabağa köçüb yaşamaq istəyən insanlar üçün dövlətin maddi imkanları daxilində müəyyən stimullaşdırıcı tədbirlərin görülməsi mümkündür. Yəni, burada torpağın verilməsi, əgər maddi gücü çatırsa, müəyyən şərtlər daxilində evin də tikilib verilməsi mümkün ola bilər. Ən azından, torpağın verilməsi mümkün ola bilər. Yəni əslində burada qadağa yoxdur”.
 
“Orada qeydiyyatda olmamış, amma ora getmək istəyən insanlar üçün hər hansı bir qadağa olmamalıdır. Bunun üçün sosial siyasətlər ola bilər. Niyə? Çünki Bakı şəhərinin yükü həddindən artıq şişir. Bu yükü azaltmaq lazımdır. Məsələn, belə bir variant da tətbiq etmək olar ki, işğaldan azad olunmuş ərazilərdə, təhlükəsizlik tədbirləri görmək şərtilə, təhsil müəssisələri açılsın, bəzi universitetlər oraya köçürülsün. Kəlbəcər kimi yerdə turizmin inkişafını stimullaşdırmaq istəyiriksə, bunun üçün dotasiyalar ayrımaq, subsidiyalar vermək olar. Orada biznes qurmaq istəyən şəxslər üçün imtiyazlar, güzəştlər, subsidyalar vermək olar. Çox şey etmək olar. Məncə, vaxtı gələndə bütün bunlar danışılan mövzulardır”, - Mehdiyev vurğulayıb.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10