Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Biz varlı olduğumuzdan kasıbıq”


“Biz varlı olduğumuzdan kasıbıq”Masallıda tikiləcək 5 mərtəbəli Mətbuat Evi barədə “ağ” və “qara” düşüncələr


Ümumi götürəndə hər rayonda, o cümlədən yaşadığım və boya-başa çatdığım Masallı rayonunda nə tikilirsə, nə niyyətə tikilirsə, ona sevinməliyik.
Necə ki, ASAN Xidmət-in, Diyarşünaslıq muzeyinin, İncəsənət Məktəbinin və sairin tikintisinə, Regional Kollecin yaranmasına sevindik. Çünki, tikinti elə bir işdir ki, ən azı orada yüzlərlə insan işləyir, pul qazanır, tikili üçün inşaat materialları satılır, tikintidəki tör-töküntüdən ətrafdakılara pay düşür və sair.


Bu günlərdə Masallıda daha bir tikintinin də sorağı yayıldı - burada 5 mərtəbəli regional Mətbuat Evi tikiləcək.
İndi çaşmışam - bu Mətbuat Evinin tikintisinə sevinim, ya qəmlənim?


Onu da xatırladım ki, Masallıda Mətbuat Evi Mərkəzi Xəstəxanaya gedən yolun üstündə, təzə Uşaq Bağçasının qarşısında inşa ediləcək.

Tikintiniyə KİV-ə Dəstək Fondu vəsait ayıracaq, buradakı işlərə Cənub Regional Mətbuat Yayımının rəhbəri Əbülfəz Nuriyev rəhbərlik edəcək.

Öncə bu Mətbuatın Evinin açılmasının əsas hədəfi. Mənə məlum olduğuna görə, 5 mərtəbəli olacaq bu binada pulu ödənilməklə bəzi redaksiyalar üçün otaq, konfrans zalı, digər xidmət sahələri, kafe, restoran, hətta Şadlıq Zalı da olacaq.


Vəd olunanlar bölgə mətbuatının hansı qayğıları ilə üst-üstə düşür?


Bir statistikanı da xatırladım ki, Salyandan-Neftçaladan Lerikə qədər 9 rayon var və bu rayonlarda qəzetlərin həftəlik tirajı 6-7 mini keçmir.
Bu qəzetlərin heç biri özünü yaşatmaq gücündə deyil. Hər il məcburi abunə yolu ilə bu “hökumət” qəzetləri üçün on min manatlarla abunə pulu yığılır və həmin pul yığımında şəffaflıq yoxdur.
Hətta vətəndaşlar zorla abunə edildiyi qəzetləri də ala bilmirlər.


Ən sadə nümunə - müəllimlərin zorla abunəyə cəlb ediməsi. 90 günlük yay tətilində onlarla qəzeti təkcə Masallıda 3 min müəllimə kim və necə verəcək?
Nə olsun ki, 3 mindən artıq müəllimin, qoşa-qoşa ziyalı cəmiyyətlərinin, ordenli-medallı ziyalıların bu barədə danışmağa dili olan “danışan dili” yoxdur.
Bütün bunların başında isə dostumuz, arabir çörək kəsdiyimiz Əbülfəz Nuriyev və onun havadarları durur.


İndi düşünürəm, Masallıda Mətbuat Evi tikilsə bu məcburi abunə

kampaniyası və bu sahədə olan biabırçılıqlar aradan qalxacaqmı?


Yaxud məsələni bir az da sadələşdirək.

Bu 5 mərtəbəli Mətbuat Evinin mənim nəşriyyata və işçilərimə olan əmək haqqı borcuma təsiri olacaqmı?

Ehtiyacı olduğumuz avadanlıqları almağa, saytı təkmilləşdirməyə lazım olan vəsaiti qarşılamağa imkanı olacaqmı?

İndi isə qayıdaq yazıya seçdiyim başlığa:

“Biz varlı olduğumuzdan kasıbıq”

Bu fikir ötən əsrin 90-cı illərində Masallıya 2 dəfə başçılıq etmiş Teymur Yəhyayev ə məxsusdur. Teymur müəllim həmin fikri israfçılıq edən, əldə olan pulunu səmərəli xərcləməyi bacarmayanlara ünvanlamışdı.

“Mətbuat Evi” söhbətində bu fikir çox aktual səslənir. Sirr deyil ki, bir neçə mərtəbəli Mətbuat Evi elə bir neçə milyon manata da başa gələcək.

Doğrudanmı, vəsaitimiz belə çoxdur?


- Masallının ucqar Xoşçobanlı kəndi var. Bir ildir qaz xətti çəkiblər, amma 100 sayğac ala bilmirlər, deyirlər vəsait yoxdur.

- Masallının Muğan kəndlərinə milyon manatlarla dəyəri olan, 23 kəndi, minlərlə insanın rahatlığını təmin edə biləcək içməli-su xətti çəkiblər. Qoşa bilmirlər. Deyirlər, vəsait yoxdur.

- Digah kəndi ilə Köhnə Alvadı əraziləri arasında, təxminən 35 min əhalinin gedib-gəldiyi 4 kilometrlik yol, bərbadlığına görə az qala ölkədə məşhur olsa da, təmir olunmur. Deyirlər, vəsait yoxdur.


- Kanalizasiya xətti çəkərkən Ərkivanda 10 kilometrdən artıq asfalt döşənmiş yol dağıdılıb, düzəldə bilmirlər. Deyirlər vəsait yoxdur.

- Ərkivana qaz xətti çəkiblər, qurtara bilmirlər. Deyirlər, vəsait yoxdur.

- SİP kabel çəkiblər, onu kartla işlətməyə transformator ala bilmirlər. Deyirlər, vəsait yoxdur.

- Rayon mərkəzindəki Xətai parkı bərbad gündədir. Nəinki oturacaq, heç zibil qabı ala bilmirlər, bir ayaqyolu tikməyə gücləri çatmır. Deyirlər vəsait yoxdur.

- Hətta icra hakimiyyətinin nəzarətində olan saytlar bağlanır. Deyirlər, vəsait yoxdur.

- İcra başçısının ciddi səyi ilə Masallıda Regional Kollec açılıb. Burada 200 nəfərə yaxın tələbə təhsil alır. Bina olsa tələbələrin sayını 1000 nəfərə çatdırmaq, 100-dən artıq müəllim üçün iş yeri açmaq olar. Deyirlər, vəsait yoxdur. (Xatırladım ki, Şəki rayonu əhalisinin sayına görə Masallıdan xeyli geridir. Orada hər birində tələbələrin sayı 1000-dən artıq olan 4 kollec var).

- Boradigah qəsəbəsində dəyəri 1 milyondan artıq olan İdman kompleksi inşa ediblər. Lakin tamamlama işlərini başa çatdırmaq, əhalinin istifadəsinə vermək üçün vəsait yoxdur.


- Uşaq bağçalarına 2 ildir bərk və yumşaq inventar verilmir. Deyirlər, vəsait yoxdur.

- Bu gün region mətbuatı imkansızlıqdan həqiqi mənada mələyir, məhv olmaq üzrədir. (Şair demişkən, məhv olsa bu canım, mənə canan nə gərəkdir). Region mətbuatına bər-bəzəkli Mətbuat Evi yox, normal fəaliyyət üçün layiqli maddi dəstək lazımdır. Təəssüf ki, hər il 1 milyon manatlarla pulu, əksəriyyətinin real oxucusu olmayan qəzetlərə, Mətbuat Evini isə bizə verirlər.


- Yüzlərlə sayı olan müəllimlərin, səhiyyə işçilərinin Müəllimlər Evi, Həkimlər Evi olmur, o zaman reallıqdan yazan jurnalistlərinin sayı 10 nəfərdən artıq olmayan Masallı jurnalistləri üçün niyə Mətbuat Evi tikilməlidir? Deyecəksiniz regionaldır. Məsələn, Lerikdə yaşayan jurnalist Masallıdakı Mətbuat Evindən necə faydalanacaq?

Bu siyahını ən azı 5 dəfə artırmaq olar

Adamın yadına keçmişdə özünə qaloş ala bilməyib, amma 500 manatlıq makintoj alan, 1000 manatlıq telefonu olub, kontur ala bilməyən insanlar düşür.


Son əvəzi - Ondan qorxuram ki, Mətbuat Evi tikilənə Masallıda haqq sözü deyən mətbuat işçisi qalmaya.

Masallıda Mətbuat Evinin tikilməsində regionun baş qəzet satanı, Regional Mətbuat Yayım İdarəsinin rəisi Əbülfəz Nuriyevin böyük xidmətləri olub.

Biz isə özümüzə bir sualı verməkdən vaz keçə bilmədik - bir məkandakı qəzet yazanların taleyini qəzet satanlar həll edir, siz orada mətbuatın inkişafına inanırsınızmı?
(Hələ ki, Əbülfəz Nuriyevdən, vəd etsə də 5 mərtəbəli Mətbuat Evinin layihəsinin şəklini ala bilmirik, görəsən oradakı otaqlardan necə faydala biləcəyik?)

Göründüyü qədər gülməli bir addım. Jurnalist həmkarlarımın fikrini bilmək istərdim, bəlkə mən düz eləmirəm.


Zahir Əmənov

Cənub xəbərləri qəzetinin və cenub.az saytının rəhbəri





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10