Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda məhkəmə komediyası


Adil İbadov: - Ruhi xəstə olan oğlumu aldadaraq, təzyiq edərək ona bir vəd verib, amma başqa kağıza qol çəkdiriblər ki, guya onun atasının şəriki Yaşar Tahirova 70 min manat borcu var.

Lənkəran şəhər sakini, 65 yaşlı Adil İbadov redaksiyaya müraciət edərək keçmiş şəriki Yaşar Tahirovun iddiası ilə Lənkəran məhkəməsinin Qətnaməsindən, eləcə də həmin Qətnaməyə əsaslanıb Qətnamə çıxaran Şirvan Apellyasiya və Ali Məhkəmənin hakimlərinin əməllərindən şikayətlənir.

Adil İbadovun bizə təqdim etdiyi məhkəmə Qətnamələrində elə qəribə sübutlara (buna sübutsuzluq da demək olar) əsaslanıblar ki, adam təəccübünü gizlədə bilmir.

Bu yerdə adamın yadına bir Şəki lətifəsi düşür.

Deməli, Hacı dayı Bakıdan Şəkiyə getmək istəyir. Cavan uşaqlara xahiş edir ki, onun üçün Şəkiyə gedən qatara bilet alsınlar.
Cavanlar isə Hacıyla zarafat etmək üçün ona Moskva qatarına bilet alır.

Moskva qatarının daxil olan Hacı onunla bir kupedə, yuxarı çarpayıda olan cavandan soruşur ki, balası, ha indi sən də Şəkiyə gedirsən? Cavan deyir, xeyir, ağsaqqal, mən Moskvaya gedirəm.

Hacı dayı təəccüblə bildirir:
- Ha indi texnikaya bax, aşağası Şəkiyə gedir, yuxarısı Moskvaya.


... İndi təqdim edəcəyimiz detallarda məhkəmə araşdırmalarının bu lətifəyə necə də oxşadığının şahidi olacaqsınız.

Kolbasa şərikləri

Lənkəran şəhər sakinləri Adil İbadovYaşar Tahirov (Y. Tahirov hazırda Bakı qeydiyyatındadır ) 2008-ci ildən birgə kolbasa ticarətinə başlayıblar. Belə ki, Yaşar Tahirov sahibi olduğu Bakıdakı “Best Beet” sexindən kolbasa məhsulları götürüb, avtobusla Adil İbadova göndərib, A. İbadov da həmin məhsulları satış məqsədi üçün Astara, Lənkəran və Masallıda yerləşən mağazalara paylayıb.

Yaşar Tahirovun Lənkəran ŞPRŞ-yə verdiyi izahatında qeyd edilir ki,
2008-ci ildən davam edən bu ticarət zamanı Adil İbadov hər dəfə ona göndərilən kolbasanın satışından əldə edilən pulun bir hissəsini göndərib, bir hissəsini isə borclu qalıb. Y. Tahirovun izahatına görə 2008-ci ildən yığılan qalıq borclar 2015-ci ilin fevral ayına kimi 70 min manata yüksəlib.

Adil İbadov isə Yaşar Tahirovun iddialarına qarşı tam fərqli arqumentlər gətirib.
O bildirib ki, doğrudan da Yaşar Tahirovla birgə kolbasa ticarəti ilə məşğul olub. Bu ticarətdən əldə edilən qazancın əvvəl 12, sonra isə 15 faizi ona qalıb. Birgə ticarətlərindən bir qədər sonra dükan sahibləri kolbasaların xarab olmaması üçün onlardan soyuducu istəyiblər. A. İbadov da Y. Tahirovla razılaşdıqdan sonra, daha dəqiq desək, onun tapşırıqlarına əsasən 40-a yaxın soyuducu alaraq mağazalara təhvil verib.

A. İbadov: - Həmin soyuducuların toplum qiyməti 40 min manat edir. Bundan əlavə iqtisadi böhranla bağlı bəzi mağazalar onlara verdiyimiz kolbasaların pulunu ödəmək gücündə olmayaraq bizə borclu qalıblar. Yəni, iddia edilən 70 min manatın yarıdan çoxu dükanlara verdiyimiz soyuducuların puludur. Hər soyuducu neçəyə alınıb, onun da qeydiyyatı var. Həmin soyuducuları da Yaşar Tahirova qaytarmağa hazırıq. Halbuki mənimlə ticarət əlaqəsini kəsdikdən sonra özü əvvəl əməkdaşlıq etdiyimiz dükanlara kolbasa vermiş və həmin soyuduculardan istifadə etmiş və indi də edir.

Adil İbadov onu da xatırladır ki, 10 ilə yaxın müddətdə həmin soyuducuların bir çoxunun istismar müddəti bitmiş, onların qiyməti əvvəlki dəyərindən düşmüşdür. Buna baxmayaraq həmin soyuducular dükanlardadır və satıcılar danmır ki, həmin soyuducuları onlara biz vermişik.

Görək Adil İbadovun oğlu Rəfael İbadov nə deyir? (Onu da xatırladaq ki, atasının təqdim etdiyi sənədə görə Rəfael ruhi xəstədir və bu barədə müvafiq idarənin təqdim etdiyi sənəd var)

Rəfael İbadov:- Adım Rəfael olsa da, el arasında Rafiq deyirlər. Öncə atamın Yaşar Tahirovla birgə kolbasa ticarəti ilə məşğul olmasını, atamın kolbasadan gələn qazancdan soyuducular almasını və s. təsdiqləyirəm.

Adil İbadov bildirib ki, 2015-ci ildən o bizimlə əməkdaşlığı dayandırıb kolbasaları qardaşı Malik vasitəsi və digərləri ilə dükanlara paylaşdırıb. Bizdən ayrılmasına dəqiq səbəb də deməyib. Sadəcə bildirib ki, kefim belə istəyir.

Rəfael İbadov daha sonra izahatında bildirir:- Mənim borcu təsdiqləyən vərəqdə təqdim olunan sənəddə ən üst sətirdə olan və aşağıda olan imza mənə məxsus olsa da orta sətirlərin heç biri mənə məxsus deyil. Yaşar imza atdırarkən demişdi ki, məni özünə məxsus “Ovqat” şirkətində işə götürür və bu şirkətə məxsus kolbasaları paylamağı mənə həvalə edir. Həmin kağıza imza atdıqdan bir müddət sonra Yaşara zəng edib, nə vaxt “Ovqat”a məxsus kolbasaları paylayacağımı soruşanda, Yaşar daha bizimlə işləməyəcəyini bildirib.

R. İbadov bildirir ki, Yaşarla heç vaxt, heç bir alveri olmamış, Yaşarın mənim üçün kağıza 70.000 manat borc yazmasının heç bir əsası yoxdur. Həmin borcu o necə hesablayıb bu həddə çatdırıb, onu da bilmirəm. O, sadəcə atamı dolaşdırmaq üçün mənə tam bələd olmadığım kağıza məni aldadaraq imza atdırmışdır.
(Burada daha bir sual ortaya çıxır. Əgər borc atası tərəfindən yaradılıbsa, niyə ruhi xəstə olan oğlu aldadılaraq onun imzaladığı sənəd məhkəmədə əsas götürülməlidir?)
Vəssalam, şüdtəmam.

Lənkəran rayon məhkəməsinin hakimi Elçin Kazımov da bu saxta sənədi əsas götürüb, ortada tutarlı dəlil-sübut olmadan, cavabdehin təqdim etdiyi şahidləri dindirmədən Adil İbadovun 70 min manatı ödəməsi haqqında Qətnamə çıxarmışdır.

Suallar da elə buradan başlanır.

Yaşar Tahirovla Adil İbadov arasında heç bir əmək müqaviləsi olmamış, 7 il birgə işləsələr də, Yaşar Tahirov hüquqi şəxs kimi onun işçisi sayılan Adil İbadova əmək kitabçası verməmiş, onun fəaliyyətini əmirləşdirməmiş, ona verilmiş məhsulun təhvil-təslim aktları rəsmləşdirməmiş, necə deyərlər, hər şey çöldən-çölə edilmişdir. Bu isə ciddi qanun pozuntusudur. İşçini əmək kitabçası, əmək müqaviləsi olmadan işlədən hüquqi şəxs isə əmək qanunvericiliyinə görə ən azı 10 min manat cərimə olunmalıdır. Məhkəmədə bu məqamı araşdırmaq üçün dəfələrlə vəsatət qaldırılsa da, hakim onu nəzərə almamışdır.

Bu ticarətdə ciddi vergidən yayınma halları var. Yaşar Tahirovun dediyi rəqəmləri məhsula bölsək, belə məlum olur ki, o, 7 ildə hər ay Adil İbadova orta hesabla 1.000 manatlıq (həmin 1.000 manatı da 40 mağazaya bölsək, 25 manatlıq) kolbasa verib.

Amma Adil İbadov deyir ki, Yaşar bildirib, mən ona ayda 2.500 manat göndərib, qalanın borclu qalmışam.


Bu necə olur?

Yaşar mənə 1.000 manatlıq kolbasa yollayır, mən isə ona 2.500 manat yollayıram, hələ borclu da qalıram. Əslində Yaşar dediyindən qat-qat çox, ay ərzində 400-500 kiloqram, bəzən 1 tona yaxın kolbasa yollayırdı. Sadəcə vergidən yayınmaq üçün rəqəmləri kiçildir və özünü dolaşdırır.

Şahid də var. Həmin məhsulu daşıyan sürücü bunu təsdiqləsə də, onu şahid kimi məhkəmədə hakim dindirmədi. Çünki o dindirilsəydi, Yaşar Tahirovun hər ay vergidən yayınmaqla dövlətə neçə min ziyan vurduğu aşkarlanardı.

Digər sual. Ruhi xəstənin verdiyi izahat sübut kimi sayıla bilərmi?

Yuxarıda qeyd etdiyimiz kimi “Depozit qalığı haqqında” vərəqə imza atan şəxs- Rəfail - Adil İbadovun oğlu psixi xəstədir.
Və ortada Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının 23 sentyabr 2016-cı il tarixli sənədi var. Lakin məhkəmə həmin sənədə münasibət bildirməmişdir. MM-nin 28,8-ci maddəsində isə bildirilir ki, ağıl xəstəliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən şəxslər məhkəmə tərəfindən fəaliyyəti olmayan şəxs kimi sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilməlidir və s. Lakin məhkəmə bunların heç birini etməyib.

Adil İbadov:- Deyilənləri ümumiləşdirsək,
məhkəmə nə cavabdehin şahidini dindirib,
nə onun vəsatətlərin nəzərə alıb,
nə əmək qanunvericiliyinin,
nə vergi qanunvericiliyinin kobud şəkildə pozulmasına,
nə iddiaçının sübutlarının əsassızlığına diqqət yetirib.

Ədalətli araşdırma hüququnu pozaraq, normativ hüquqi aktlara istinad etmədən, ədalətsiz Qətnamə çıxararaq vətəndaşı olduqca çətin duruma salıb.
Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimləri bu ədalətsiz Qətnaməni təsdiqləyib.

...Ümumiyyətlə, bu işin məhkəmə prosesində vətəndaşın savadsızlığından, məlumatsızlığından istifadə edərək o qədər qanun pozuntusuna yol verilib ki, saymaqla qurtarası deyil.

Sadəcə bir detalı deyək k, Ali Məhkəmə bu işə bu ilin aprel ayında baxsa da, 3 aydır ki, cavabdeh tərəf məhkəmə qərarını ala bilmir. Amma məhkəmə icraçıları dirənib ki, Qətnaməni sənə vermişik.

Azərbaycan Respublikası icra haqqında qanununun tələblərinə görə icra məmuru borclunun könüllü icrası üçün icra müddəti tətbiq etməlidir.

Həmin könüllü müddət başa çatdıqdan sonra məcburi icra hərəkətlərinə keçirilməli, bu icra hərəkətlərində borclu şəxsin əmlak vəziyyəti və gəlirləri barədə araşdırma aparıb məlumat toplamalıdır. Və həmin tələbi onun əmlakına və gəlirlərinə yönəltməlidir Bunlar olmadığı halda borclu şəxsdən məhkəmə qərarını icra etməyi tələb etməlidir.
Əgər borclu şəxsin əməllərində qərəz müəyyən edilərsə, o zaman onun haqqında inzibati tənbehlərə başlamaq mümkündür. Lakin icra məmurları bunu etməyib, onun əmlakı və gəlirləri olduğu haqqında A. İbadovu məhkəmə qarşısına çıxarıb 1.000 manat cərimə ediblər.


Adil İbadov bizimlə söhbətində bildirdi ki, Y. Tahirov maddi imkanlarından istifadə edərək mənə qarşı qərəzkarlıq göstərir. Onun qanunsuz əməlləri isə 1-2 deyil.

Müştərək işlədiyi digər şəxslərə qarşıda belə qərəzli iddialar irəli sürüb. Elə internetdə sadəcə “Bakıdakı “Best Beet” kolbasa sexinin məhsulları” yazsanız onun haqqında xeyli tənqidi materiallarla rastlaşa bilərsiniz. Heç birini də təkzib edə bilməyib. Mən isə yaxın vaxtlarda onunla bağlı daha ilginc məlumatlarla mətbuatda çıxış edəcəyəm.


Sonda onu da bildirmək istəyirəm ki, məhkəmələrin, Azərbaycan Dövləti adından hökm verən şəxslərin, belə saxtakarlıqları himayə etməsi insanların qanunlarımızın müqəddəsliyinə inamın sarsıdır.

Cənub xəbərləri.
Redaksiyadan: Yazıda adlara çəkilən şəxslərin də fikirlərini işıqlandırmağa hazırıq.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10