Bu sərəncamın hansı zərurətdən irəli gəldiyini və hansı nəticələr verə biləcəyini ekspertlərlə müzakirə etdik.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üvzü Vüqar Bayramov bildirdi ki, dövlət şirkətlərinin vahid idarəetməyə verilməsi və Azərbaycan İnvestisiya Holdinqi tərəfindən idarə olunması həmin şirkətlərin idarəçiliyi baxımından səmərəli olacaq:
“Bu, şəffaflığın artırılması baxımdan çox vacib addımdır. Nəzərə almaq lazımdır ki, bu şirkətlər məşğulluqda xüsusi paya malikdir. Həmin şirkətlərdə idarəetmənin təkmilləşdirilməsi nəticə etibarilə imkan verəcək ki, şəffaflıq artsın, dövlət vəsaitlərinin qənaətlə, səmərəli idarə edilməsi imkanları genişləndirilsin. Bu qərar həm dövlət şikətlərinin idarə edilməsində yeni bir mərhələnin başlamasına imkan verəcək, həm də özəl sektorla iri dövlət müəssisələri arasındakı əməkdaşlığı gücləndirəcək. Kiçik və orta müəssisələrin də dövlət şirkətləri tərəfindən reallaşan layihələrə cəlb edilməsi mümkün olacaq”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə bunun əslində yeni bir proses olmadığını qeyd etdi:
“Dövlət müəssisələrinin fıaliyyətindəki nöqsanlar, şəffaflığın olmaması, səmərəsiz fəaliyyət, korrupsiya, idarəetmədəki qüsurlar və bu kimi məsələlər uzun müddətdir mütəxəssislər tərəfindən dilə gətirilirdi. Bu məsələ ictimaiyyətin də müzakirəsində idi. Ölkə başçısı tərəfindən keçirilən müşavirədə də SOCAR, AZAL və bu kimi digər dövlət qurumlarının fəaliyyətinin səmərəsizliyi və bu istiqamətdə ciddi addımların atılmasının zəruriliyi ilə bağlı məsələlər gündəmə gətirildi. Əslində Azərbaycan İnvestisya Holdinqinin yaradılması Nazirlər Kabineti tərəfindən hazırlanan və ölkədə pandemiyanın təsirlərinin aradan qaldırılmasına yönəlmiş 4 aprel tarixli Tədbirlər Planında da öz əksini tapmışdı. Daha sonrakı prosesdə sürətlə holdinqin formalaşması istiqamətində qərarlar qəbul edildi, Nizamnaməsi təsdiqləndi və İdarə Heyəti, Müşahidə Şurası müəyyənləşdirildi. Prezidentin imzaladığı son sərəncamla bu qurumun tabeliyinə verilən dövlət şirkətlərinin siyahısı artıq dəqiqləşib”.
R.Həsənovun sözlərinə görə, İnvestisiya Holdinqinin əsas öhdəliyi ondan ibarətdir ki, idarəetməni təkmilləşdirsin, maliyyə, təsərrüfat fəaliyyətində şəffaflığı artırsın, eyni zamanda, lazım olarsa, özəlləşdirmə ilə bağlı təkliflər hazırlayıb, hökumətə təqdim etsin. Bir sözlə, bu qurumların fəaliyyətinin səmərəliliyini artırmaqla onları iqtisadiyyata qazandırmış olsun, dövlət büdcəsinin yükü müəyyən qədər azaldılsın. Amma İnvestisya Holdinqinin fəaliyyəti ilə bağlı da müəyyən suallar var. Yenə də subyektivlik faktoru qalacaqmı? Çünki burada çox böyük qurumlardan söhbət gedir”.
Ekspert bu məsələnin həllinin çətin olacağını düşünür:
“Zaman tələb edən məsələdir. Çünki fərqli sahələrin öyrənilməsi, həmin sahələrdə olan nöqsanların tam üzə çıxarılması, obyektiv-subyektiv problemlərin müəyyən edilməsi, həlli yollarının dəqiqləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, təkliflərin hazırlanması, bütün bunlar üçün böyük maddi-texniki baza, kadr potensialı və işçi heyətinə ehtiyac var. Azərbaycanda bu sahədə ciddi təcrübə yoxdur, kadr potensialı da inkişaf etməyib”.
Risklərdən biri kimi ekspert onu qeyd etdi ki, bu proses daha bürokratik idarəetmənin, əlavə inhisarçılıq təzyiqinin formalaşmasına gətirib çıxara bilər:
“Ayrı-ayrı qurumların fəaliyyətinin kompaktlaşdırılması nəticəsində iqtisadiyyatın özəl sektorunun müəyyən qədər prosesdən kənarlaşdırılması da baş verə bilər. Yaxşı olar ki, öncə bu qurumlardakı problemlər tam olaraq müəyyənləşsin. Həm İnvestisya Holdinqinin, həm də tabeliyindəki qurumların fəaliyyətində ictimai hesabatlılıq artırılsın, kənar nəzarət mexanizmlərinin tətbiqi üçün əlverişli şərait yaradılsın və subyektiv faktorlar tam olaraq aradan qalxsın. Əgər belə olarsa, müəyyən qədər uğur gözləmək olar”.
pressklub.az