Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Köhnə Alvadının təzə-tər işləri


Sən demə, bələdiyyələrin yaxşısı da olurmuş


Jurnalistlər arasında belə bir ifadə var-yazının “suyu ”, ya “balığı” çoxdur?
Yəni, elə yazılar var ki, onu işləyəndə əlinin altında fakt, məlumat, yəni “balıq” çox az olur.
Məcbur olub, onun “suyun” çox edirsən ki, oxucu “yavanlıq” etməyə bir şey tapsın. Yazı da var ki, “balığı”, yəni, faktı o qədər olur ki, heç bilmirsən qeydləri necə sıralayasan.



Qəzetimizdə bələdiyyələrin saxtakarlığı, rüşvətxorluğu, bəd əməlləri, eləcə də iyrənc hərəkətləri barədə çoxlu yazılar çap etmişik. Sən demə, bələdiyyələrin yaxşısı da varmış. Bu günlərdə Masallının Köhnə Alvadı kəndindəki
bələdiyyənin işləri ilə tanış olanda heyrətimizi gizlədə bilmədik. Eşitdiklərimizə bəzək-düzək vurmadan öncə sizə faktları, yazıdakı “balıqları“ təqdim edirik.


Hər şeyi 4,2 min nəfər əhalisi olan bu kəndə 3 il öncə bələdiyyə sədri seçilən Vaqif Məmmədovun öz dilindən təqdim edək:



- Hər şey təmizlikdən başlayır. Biz də təmizlikdən başladıq. Əhalidən topladığımız pul hesabına, 4200 manata şəkildə gördüyünüz özüboşaldan zibil maşınını aldıq;



- Ortalama hər biri 10 manatdan , ümumi məbləği 3 min manat dəyərində 300 zibil yeşiyi aldıq. Hansı ki, həftədə 2 dəfə bu zibil qablarındakı tullantılar bələdiyyəyə məxsus maşınla zibilliyə aparılır;

- Kəndarası yollara 4 kilometrə yaxın asfalt döşətdirdik. Bu işə 100 min manatdan artıq vəsait sərf olundu. Beləliklə, Köhnə Alvadı kəndində asfalt döşənmiş kəndarası yolların ümumi uzunluğu 9 kilometrə çatdırıldı;

- Bundan əlavə məhəlləarası yolların 8,5 kilometrinə çınqıl daş döşətdirdik;

- Ən səmərəli işlərimizdən biri kəndin yaxınlığından və içindən keçən 7 kilometr uzunluğu olan Tatyançayın tam təmizlənməsinə nail olduq. Məlumat üçün xatırladım ki, hər il bu çayın daşması nəticəsində kəndin ən azı 30 evi subasmaya məruz qalır, onlarla mal-qara, toyuq-cücə məhv olur, insanların şəxsi təsərrüfatına xeyli ziyan dəyirdi;

- Doğma kəndimizdə əhalinin yüksək səviyyədə istirahəti üçün ərazinin yaxınlığındakı gölü əsl istirahət mərkəzinə çevirmişik. İndi tərəddüd etmədən deyə bilərik ki, Köhnə Alvadı kəndinin öz park-bulvarı var.



Bu kənd park- bulvarında 10 çardaq qurmuşuq.



Onların hər biri üçün stol və oturacaqlar təşkil etmişik. Yerinə metlax, tavanına taxta döşəmə vurmuşuq. Hər çardağın qurulmasına 2 min manata yaxın xərc çəkilib.



Burada uşaqların əylənməsi üçün 10-a yaxın əyləncə qurğusu təşkil etmişik.



Park-bulvarın bütün ətrafı tam işıqlandırma sistemi ilə təmin olunub. Yaxın vaxtlarda parkın daxilində daş döşənmiş səkilər çəkəcəyik ki, valideynlər uşaq arabaları ilə, gənclər velosipedlə burada rahat hərəkət edə bilsinlər;

- Park-bulvar da daxil kənd ərazisində, yolların kənarında 1300-dən artıq ağac əkilib;
- Kənddəki bulaqdan 6 nöqtəyə içməli su çəkilib;
- Məktəbin həyətində mini stadion tikmişik;
- Məktəbin 100 kv.m. koridoruna metlax döşətdirmək üçün bütün zəruri materiallar alınıb və bu iş yeni dərs ilinə kimi hazır olacaq. Müəllimlərin təklifini nəzərə alaraq məktəbdə həm qızlar, həm oğlanlar üçün standartlara tam uyğun ayaqyolu inşa etmişik;

- Bu siyahıya kənd məscidinin yüksək səviyyədə təmirini, Qarabağ şəhidləri üçün abidəni, bu vaxta qədər kənddən müharibələrdə həlak olanlar üçün xatirə lövhəsini, kəndarası yolları birləşdirən körpüləri, Şorsuludakı Psixi Xəstəxanadan tutmuş ərazidəki kasıb ailələrə yardımlaradək və digər işləri də əlavə edə bilərik.

- Qarşıda isə görüləsi işlər çoxdur. Yaxın hədəflərimizdə kənd park-bulvarının kənarındakı gölün sahəsini genişləndirmək, burada uşaqlar üçün çimərlik salmaq, əyləncə qurğularının sayını artırmaq da var.



Müəllifdən: Bir neçə kəlimə də biz əlavə edək. Köhnə Alvadı kənd bələdiyyəsinin sərəncamında 19 hektar torpağı var ki, bunlar da əvvəlki bələdiyyə sədri tərəfindən 50-90 illik müqavilə ilə müxtəlif şəxslərə icarəyə verilib. Həmin torpaqlardan hər il ən yaxşı halda 2 min manat qazanc əldə edilir.

Bəs bu qədər görülən işlər hansı vəsaitlə icra edilir?

Bunun bir cavabı var- kənddəki birlik, həmrəylik, ölkədən kənarda yaşayan alvadılıların hesabına. Təkcə kəndarası yolların asfaltlanmasına 100 min manatdan artıq xərc çəkilib. Rusiyada yaşayan elə kənd sakini var ki, təkliyinə kəndin abadlığı üçün 30 min dollar pul xərcləyib. Heç kim də sadələyindən adının açıqlanmasını istəmir.

Kənd bələdiyyəsi kiçik bir komada yerləşsə də, gördüyü böyük işlər göz önündədir. Qapısında ərizə, təklif və şikayətlər üçün qutu, içərisində kəndin xəritəsi, kənddəki icmalar haqqında məlumatlar və sair də var.

Hər gözəlin 1, Köhnə Alvadı kəndinin isə 2 “eyibi” var. Hansı ki, bu “eyiblər”in aradan qaldırılması üçün bələdiyyə sədri və yerli sakinlərin üz tutmadığı təşkilat qalmayıb.


Nədir bu “eyib”in adı?


1. Digah kəndinin qərb tərəfindən, Vərəm xəstəxanasından (Ağ Ciyər xəstəxanası) başlanan, el arasında “vərəmli” yol adlanan. Köhnə Alvadı kəndinə gedən 4 kilometrlik hədsiz bərbad vəziyyətdə olan yolun çala-çuxurlarını sayıb qurtarmaq olmur. Hansı ki bu yol Banbaşı, Böyük Xocavar, Tatyan, Güllütəpə və digər kəndlərin 35 minlik əhalisinin keçdiyi yoldur. (Bu barədə digər yazıda ətraflı bəhs edəcəyimizdən hələlik deyilənlərlə kifayətlənirik).

Köhnə Alvadının 2-ci “eyibi” burada yeni layihə ilə tikilən məktəb binasının bir hissəsinin uzun illər yarımçıq qalmasıdır.


Bələdiyyə sədri:Əsas hədəfimiz kənddə uşaq bağçası yaratmaqdır. Başa düşürük, bu sahədə vəsait tapmaq çətindir. Kəndimizdə birlik var – təki bizə bina versinlər, uşaqların ərzağın özümüz, kəndin xeyirxah adamları vasitəsi ilə də təmin edərik. Xatırladım ki, Banbaşı, Böyük Xocavar, Yeyənkənd, Xəlfələr, Tatyan, Güllütəpə, Zuvand, Yelağac və digər kəndlərin daxil olduğu bu ərazidə bir uşaq bağçası belə yoxdur.

Yaxşı kişinin layiqli oğlu

Bir var kimisə tərifləyəsən. Bir də var, insanın gördüyü işləri sadalayasan və elə gördüyü işlərinə baxıb, xalq özü desin ki, filankəs təşkilatçı, bacarıqlı, iş bilən, xalqı duyan insandır. Bax, Vaqif müəllim belələrindəndir. O təkcə öz kəndi üçün faydalı işlər görməyib, bütün kəndin birliyini, bir nöqtəyə vurmasını təmin edib, əksər bələdiyyələrin çirkaba batdığı bir vaxtda necə faydalı işlər görməyin mümkünlüyün sübut edib.

Vaqif müəllim başqa cür ola bilərdimi?

Vaqif elə bir ailədə doğulub ki, onun atası Alxas kişinin adı kənddə bir xeyirxahlıq simvolu kimi çəkilir.



Kənddə ilk körpünü onun atası tikib. Həmin körpü Alxas körpüsü adlanır. Müharibə vaxtı yüzlərlə ailəyə əl tutub, kənddə yetimlər evi yaradıb ki, kimsəsiz uşaqlar kənar yerə verilməsin. Necə deyərlər, bir kitablıq, xeyirxah əməlləri var. Qısası, əsl el ağsaqqalı olub.

Qardaşları
Ramiz, Daxıl, İnşallah haqqında da həmişə xoş sözlər eşitmişik.

Bəli, bələdiyyə sədri Vaqifin işlərini bir nümunə kimi təqdim etdik. Halvaya duz qatmaq istəməsək də, Köhnə Alvadı kənd bələdiyyəsinin işlərini ona görə qabartdıq ki, Xətai parkına 3-4 oturacaq, zibil qabı qoya bilməyən şəhər, Ərkivan qəsəbəsində ən elementar işləri görməyə iqtidarı çatmayan Ərkivan, eləcə də digər bivec bələdiyyələrə də bir nümunə olsun.

Sonda Köhnə Alvadı bələdiyyəsinin işçisi, bundan əvvəl Güllütəpə bələdiyyəsinə rəhbərlik etmiş Məmmədəli Əlnağıyev in bu xeyirxah işlərin reallaşmasında zəhmətini qeyd etməyi zəruri saydıq.

İnanırıq ki, Köhnə Alvadı bələdiyyəsindən daha maraqlı və dəyərli işlərin soraqlarını daha tez-tez eşidəcəyik.

Zahir






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10