Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyanın məqsədi nədir?


Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsi ilə nəticələnən son hadisələri və Paşinyanın açıqlamalarını təhlil edərkən ilk ağla gələn sual budur: Paşinyanın məqsədi nədir?

Bu suala ilk ağla gələn cavab isə belədir: Paşinyan erməni xalqı nəzdində siyasi reytinqini yüksəltmək və erməni xalqının milliyətçi duyğularını istismar edərək rəğbət qazanmaq üçün Azərbaycana qarşı qəsdən provokativ çıxış və hərəkətlərə yol verir. "Qarabağ Ermənistandır və nöqtə" təxribatçı şüarı bu siyasətin ilk təzahürü idi. Ancaq onun bu təhrikedici addımları Azərbaycanın siyasi rəhbərliyini cavab tədbirləri görməyə vadar etdi. İndi isə Paşinyan siyasi səhvlərinin nəticəsində yaranan regional böhranda nəyin bahasına olursa olsun öz yerini qorumağa, vəziyyətdən çıxış yolu tapmağa çalışır.

Ancaq bu cavabın həqiqətə uyğunluğunu şübhə altına alan sual isə budur: Məgər Paşinyan Azərbaycana qarşı ardıcıl provokasiyaların genişmiqyaslı müharibə ilə nəticələnəcəyini və bu müharibədə ən müasir silahlarla təchiz olunmuş Azərbaycan ordusuna məğlub olaraq Qarabağa nəzarəti itirəcəyini əvvəlcədən təxmin etmirdi? Məgər Paşinyan və komandası bu qədər ağılsızdır ki, siyasi karyerasına heç bir perspektiv vəd etməyən, əksinə siyasi intiharı və erməni xalqının milli faciəsi ilə nəticələnə biləcək səhvlərə yol versin?

Cavab: Paşinyan Azərbaycana qarşı provokasiyaların müharibə ilə nəticələnəcəyini bilirdi və bu provokasiyalarla Azərbaycanı məhz müharibəyə çəkməyi hədəfləyirdi. Hərçənd Paşinyan müharibəni regional miqyasda müharibəyə keçirib CSTO-nu münaqişəyə cəlb etmək üçün müxtəlif yollara əl atır. Hələ ki CSTO üzvləri, o cümlədən Rusiya münaqişəyə aktiv müdaxilə etməkdən çəkinir. Əslində Paşinyan CSTO-nun münaqişəyə müdaxilə etməyəcəyini də bilir və bununla erməni xalqına göstərmək istəyir ki, CSTO Ermənistanın maraqlarını qorumur.

Sual: Əgər Paşinyanın məqsədi Azərbaycanı müharibəyə çəkmək olubsa və bu müharibədə Qarabağa nəzarəti itirəcəyini başa düşürsə, bu təhlükəli siyasəti yürütmək Paşinyana nə üçün lazımdır?
 
Cavab: Paşinyan Qarabağa nəzarəti itirmək və erməni xalqına milli faciə yaşatmaq bahasına Ermənistanda Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq, Rusiyanın hərbi kontingentini tədricən Ermənistandan çıxarmaq, Rusiyaya məxsus hərbi bazaları bağlamaq, CSTO-ya üzvlükdən imtina etmək, Ermənistanda Rusiyanı nüfuzdan salmaq, Qarabağın işğalına son qoyaraq Ermənistan-Azərbaycan münaqişəsini tədricən aradan qaldırmaq və Qərbə inteqrasiyanı sürətləndirmək istəyir.

Sual: Paşinyan Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri çərçivəsində sülh yoluyla  nizamlanmasına niyə razı olmadı? Paşinyan erməni xalqına faciə yaşatmadan kompromisə gedə bilməzdi?

Cavab: Qan tökərək işğal olunan torpaqları Paşinyan sülh yoluyla Azərbaycana qaytara bilməzdi. Erməni xalqı bunu Paşinyana bağışlamazdı və qətiyyən razılıq verməzdi. Ancaq Azərbaycanla müharibə nəticəsində Qarabağa nəzarətin itirilməsi Paşinyan üçün siyasi riskləri qismən azaldır. Paşinyan erməni xalqı nəzdində elə bir təəssürat yaradır ki, o Qarabağa nəzarəti qoruyub saxlamaq üçün hər şeyi edir. Dünya liderlərinə səhər-axşam zəng edir, kömək üçün yalvarır. Erməni xalqını mübarizəyə səsləyir. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması üçün dünya liderlərinə çağırış edir. Xarici telekanallara müsahibələr verib Azərbaycana və Türkiyəyə qarşı ağır ittihamlar irəli sürür. Ancaq eyni zamanda erməni xalqına sətiraltı mesajlar verir ki, müharibədə bir uduzan, bir də udan tərəf olur. O, Ermənistanın uduzan tərəf olmaması üçün çalışır. Erməni xalqının ölüm-qalım savaşı apardığını iddia edir. Ancaq o, bu savaşda Ermənistanın məğlub olacağını çox güman ki, başa düşür.

Sual: Paşinyan Qarabağa nəzarətin itirilməsi ilə nəticələnən provokasiyaları etmədən Qarabağda status-kvonu qoruya və Rusiyanın Ermənistanda təsir imkanlarını zəiflədə bilməzdi?

Cavab: Paşinyan başa düşür ki, Qarabağın işğalının davam etdirilməsi və status-kvonun qorunub saxlanılması Ermənistanın Rusiyadan asılılığını təmin edir və Ermənistanın Qərbə inteqrasiyasına əngəl olur. Rusiyanın asılılığından xilas olmaq üçün Ermənistan Qarabağın işğalına son qoymalıdır. Münaqişənin sülh/diplomatik yolla həlli yuxarıda qeyd olunan səbəbdən real olmadığına görə, müharibə yoluyla həlli, yəni, Qarabağa nəzarətin itirilməsi ən optimal variantdır.

Sual: Rusiyanın hərbi kontingentinin Ermənistandan çıxarılması və CSTO-dan ayrılmaq Ermənistanın milli təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi üçün təhlükə təşkil etməyəcək?

Cavab: Paşinyan güman edir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan Ermənistan ərazilərini nəzarətə götürməyəcək, beynəlxalq sərhədləri keçməyəcək. Azərbaycan Qarabağın işğaldan azad olunması ilə missiyasını bitmiş hesab edəcək.

Sual: Rusiya Paşinyanin məqsədlərini bilmir? 

Cavab: Əlbəttə bilir. Paşinyan Rusiya üçün arzuolunmaz siyasi fiqurdur. Paşinyanın Ermənistanda hakimiyyətdə qalması Rusiyanın milli maraqlarına ziddir. Rusiya başa düşür ki, Paşinyan Ermənistanda Rusiyanın təsir imkanlarını zəiflətməyi siyasi hədəf olaraq müəyyən edib. Bu hədəfə doğru xeyli məsafə də qət edib. Rusiya Paşinyanın Qarabağ siyasətinin iflasa uğrayacağını və erməni xalqının qəzəbinə tuş gələcəyini güman edir. Rusiya nə aktiv müdaxilə edib Paşinyanın mövqelərinin güclənməsini, nə də seyirci qalaraq Ermənistanın total məğlubiyyətə uğrayıb Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsini istəyir. Ona görə bir tərəfdən gizli şəkildə Ermənistanı silahlandırır, digər tərəfdən diplomatik təşəbbüslər irəli sürərək tərəfləri silahlı qarşıdurmanı dayandırmağa və atəşkəsə əməl etməyə  çağırır. Türkiyə faktoru və beynəlxalq siyasi konyektura Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə aktiv hərbi müdaxilədən çəkindirir. Ancaq Rusiya Qarabağ münaqişəsinin davamlılığını təmin etmək üçün humanitar atəşkəsə nəzarət mexanizminin yaradılmasında və Rus sülhməramlılarının Qarabağa yerləşdirilməsində maraqlıdır. Bu isə münaqişə tərəflərinin razılığı olmadan qeyri-mümkündür.

Sual: Qarabağın işğaldan azad olunması Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəiflənməsi ilə nəticələnməyəcək?

Cavab: Rusiya ümid edir ki, Qarabağda Azərbaycanın hərbi uğurları Ermənistanda siyasi gərginliyi artıracaq və Paşinyanın hakimiyyəti üçün real təhlükə yaranacaq. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi naminə Azərbaycanın müəyyən hərbi uğurlarına göz yumar. Ancaq Qarabağda Azərbaycanın mütləq qələbəsi Rusiya üçün arzuolunmazdır. Bu Cənubi Qafqazda Rusiyanın təsir imkanlarının zəifləməsi deməkdir. Bununla belə, Ermənistandakı anti-Rusiya meylləri Rusiyanı Qarabağda Ermənistanın məğlubiyyətinin doğuracağı nəticələri gözləməyə məcbur edir. Bu siyasət Rusiyanın maraqlarına xidmət edir.

Müəllif: Fazil Qasımov, İstanbul Universitetinin doktorantı





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10