Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarabağa səyahət edən gürcü yazar erməniləri necə ifşa etdi?


Qarabağdan olan dostlarım tez-tez internet üzərindən öz rayonlarına, kəndlərinə baxıb köks ötürürdülər.
- Bura bax. Görürsən buranı? Qoy yaxınlaşdırım. Laçındı, bu da bizim kənd. Gözlə, evimizi də tapım.
Başqa Qarabağlı dostum:
- Qaqa, Xocavənddir, baba yurdu. Yaxşı ki, xəritədə görə bilirəm. İşğal olunanda uşaq idim e...
Biz virtual şəkildə Qarabağa səyahət edir və xəyalən ora qayıdacağımızı düşünürük. İndilərdə bu xəyal bir real kimi görünür.
- Kəndimiz işğaldan azad olundu. - deyir dostum və əlavə edir. - Bax, qoca (məni belə çağırır), gəlməsən, küsərəm. Atam dedi, evimizdə qonaqlıq verəcəm. Hamı gələcək.
Hiss edirəm, evimiz deyəndə səsi titrəyir.
Çox sevdiyim müasir gürcü yazıçısı Aka Morçuladzenin “Qarabağa səyahət” romanını xatırlayıram. Aka çox qəribə yazıçıdır, əsərləri vulqar ifadələrlə, jarqonlarla doludur.
Romanı atamın bir dostu sətri tərcümə etmişdi. Atam onu bədiiləşdirəcək, cümlələri rəngləyəcək, sonra da çap olunacaqdı. Təəssüf ki, qayğılar və qəfil gələn ölüm atama o romanın bədii oyanışını etməyə imkan vermədi.
Sətri də olsa, "Qarabağa səyahət" romanını oxumuş və bəyənmişdim. İstərdim ki, yaxınlarda bu roman dilimizə tərcümə olunsun və siz oxucular da romandan xəbərdar olasınız.
Roman tiryək tapmaq məqsədilə Azərbaycanın sərhədlərini keçən və gözlənilmədən Qarabağ müharibəsinin içinə düşən, ondan sonra əsirlik həyatı yaşayan iki gürcü gəncinin başına gələn hadisələrdən bəhs edir.
Roman əsasında gürcü rejissoru Levan Tutberidzenin çəkdiyi "Qarabağa səyahət" filmi də var. SSRİ-nin süqutundan sonra Qafqazda vətəndaş və etnik münaqişələr başlayır, milli hislər dirçəlir. Filmin qəhrəmanları - sıravi tiflisli gənc Qoqliko və Suxumili snayper Spartak - Dağlıq Qarabağa yollanarkən yol yoldaşı olurlar. Biri qumarda uduzduğu pulları geri qaytarmaq, digəri komandirin əmrini yerinə yetirmək istəsə də, onlar birgə hərəkət etməli və bir-birinə dəstək verməli olurlar. Bir-birinə oxşamayan insanların taleyi münaqişə bölgəsində kəsişir.
"Qəribədir ki, evdə, ailədə azadlığı məhdudlaşdırılan həmin gənc Qarabağda - müharibə zonasında müstəqil yaşamağa başlayır. Öz həyatının yönünü heç kəsin təsiri olmadan – özü müəyyənləşdirir. - Levan Tutberidze film haqda belə deyir: “Amma eyni zamanda Gürcüstanda olarkən atası ilə münaqişədə olan, sevdiyi qızı evə gətirməsinə atasının, dostlarının etiraz etdiyi həmin gənc birdən-birə müharibə bölgəsinə gəlib çıxır. Gah azərbaycanlılara, gah ermənilərə əsir düşür, amma bununla belə hiss edir ki, bu şəraitdə onun azadlığı daha çoxdur. Halbuki hər şey tərsinə olmalı idi".
Roman birbaşa Qarabağ münaqişəsinə həsr olunmasa da, sərt reallıqla təsvir olunur. Əsəri oxuyanda Qafqaz xalqlarının bu konfliktdən nə qədər əziyyət çəkməsi, müstəqilliliyin necə çətinliklə əldə olunmasını görürük. Münaqişə gürcü, erməni, azərbaycanlı psixologiyasını açmağa kömək edir. Gürcü yazıçısının qələmindən çıxan romanı oxuyanda bu üç Qafqaz obrazından ən pisinin gürcü olduğunu görürük. Hətta yazıçı erməniləri də mənfi planda təsvir edib. Azərbaycanlı obrazlar isə müsbətdir. Filmin rejissoru Levan Tutberidze, bunu məqsədli etmədiklərini deyir, sadəcə biz reallıqları göstərmişik deyə əlavə edir.
Qarabağlı dostum məni çağırır:
- Ayxan, bax e... Belə yerləri görmədən ölmək nə deməkdir? Bir yerdə gəzəcəyik, yaxşı? Hər yeri... Şuşanı, Füzulini, Ağdamı...
Gülümsünürəm və başımı razılıq əlaməti olaraq tərpədirəm. Bir gün biz də təsadüfən Qarabağa düşən o gürcü kimi o yerlərə səyahət edəcəyik. Ancaq münaqişə olmadan gedəcəyik. Bizim xeyimizə bitən bir savaşın sonunda Qafqazda sülh bərqərar olacaq və mən Qarabağı görməyən qarabağlı dostumla o yerlərə səyahət edəcəm. Bu arzu ya yaxındadır, ya yaxında...

kulis





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10