Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Erməni milyarderlər Qarabağ müharibəsindən böyük vəsait qazanırlar” – ŞEVÇENKO



Rusiyalı politoloq: “Rusiyadan Ermənistana silah daşınıb-daşınmadığı öyrənmək üçün Gürcüstan həmin təyyarələri endirib, yoxlaya bilər”
 
Qarabağ münaqişəsi, regional və hətta qeyri-regional güclərin iştirakı ilə yerli münaqişədən regional münaqişəyə keçmək üçün bütün şərtlərə cavab verir. Bu səbəbdən Rusiya və Türkiyə kimi bir çox ölkə üçün bu müharibədə birbaşa iştirak riski var.
 
Məşhur rusiyalı analitik və jurnalist Maksim Şevçenko Qarabağ münaqişəsi və Ermənistana humanitar uçuşlarla silah tədarükü barədə danışıb.
 
- Qarabağdakı hərbi vəziyyəti necə qiymətləndirirsiniz? Bu qarşıdurmanın daha geniş oyunçuların iştirakı ilə genişlənmək və regional miqyas almaq perspektivi nə dərəcədədir?
 
- Qarabağ münaqişəsinin “matryoşka” kuklası kimi bir çox səviyyəsi var: Birincisi, Birinci Dünya Müharibəsinin xarabalıqları üzərində yaradılan və öz aralarında torpaqları bölən milli dövlətlərin, daha sonra Sovet İttifaqının dağılmasının mirası olan 20-ci əsrin əvvəllərindəki faciəli mifləri daşıyan azərbaycanlılar və ermənilər arasındakı qarşıdurma. İnanıram ki, burada razılığa gəlmək asandır. Bunun üçün ermənilər və azərbaycanlıların dinc yanaşı yaşamaq hüquqlarını təmin edən bir sülh sazişi imzalamaq, Azərbaycanın ərazi bütövlüyünə zəmanət vermək, ərazi toxunulmazlığını tanımaq kifayətdir. Ermənilər və azərbaycanlıların sonrakı nəsli dövlət səviyyəsində olmasa da, dinc yaşayacaqlar. Çünki dövlət bürokratik çoxluğun maraqlarını daşıyır. Məsələn, Ermənistan tərəfini götürək. Dünyada Ermənistanın özündən daha çox erməninin yaşadığını görürük. Yəni bunlar informasiya, maliyyə, siyasi sahədə münaqişədə iştirak edənlər Ermənistan Respublikası vətəndaşları deyil. Rusiyada, Fransada, ABŞ-da, Avropa ölkələrində və hətta Türkiyədə yaşayırlar. Təkcə Rusiyada, Ermənistanın özündən daha çox erməni yaşayır. Burada yenə də özümüzdən soruşmalıyıq ki, Ermənistan dövləti hansı funksiyanı yerinə yetirir və kimləri təmsil edir. Ermənistanın Xarici İşlər naziri niyə Azərbaycan Xarici İşlər naziri ilə görüşür, halbuki, rəsmi olaraq Ermənistan Azərbaycanla müharibə vəziyyətində deyil? Ermənilər Azərbaycanla müharibəni “Dağlıq Qarabağın silahlı qüvvələrinin” apardıqlarını söyləyir, eyni zamanda dövlətlərarası müqavilələri özləri imzalayır.
Maksim Şevçenko:
İkinci səviyyə fərqli ölkələrin və təşkilatların regional oyunu səviyyəsidir - Rusiya, Türkiyə, İran, Avropa İttifaqı, Gürcüstan. Böyük regional transmilli şirkətlərin maraqları, qaz kəmərləri, neft kəmərləri, regional təsir. Burada bir həll yolu da tapıla bilər, çünki həm Putin, həm də Ərdoğan münaqişənin böyüməsində maraqlı deyil, çünki münaqişə həm Rusiya, həm də Türkiyə üçün çox ağır nəticələrə səbəb ola bilər. Rusiya ilə Türkiyə arasında iqtisadi, mədəni və hətta hərbi əməkdaşlıq, gördüyümüz kimi müharibədən daha məhsuldardır. Çünki danışıqlar masasında həll olunmayacaq heç bir problem, o cümlədən Qarabağ da yoxdur.
 
Üçüncü səviyyə transmilli maliyyə spekulyantlarının maraqlarıdır. Xüsusən də erməni əsilli milyarderlər var ki, Ermənistan vətəndaşı deyillər, amma bu müharibəyə investisiya yatırırlar. Əslində erməni xalqının gənc nəslini ermənilərin mənafeyi naminə qırğınlara göndərirlər. Bu insanlar özləri Monako, Nitsa, London, Kaliforniya, San Fransisko, Nyu-Yorkda yaşayırlar, Hadrutda, Xankındidə, Şuşada deyil… Ancaq eyni zamanda, hərbi ideologiyanın təşkili və ermənilərin hərəkətə gətirilməsi və hərbi ruhun səfərbər edilməsi üçün sərmayə qoyurlar. Yeri gəlmişkən, onlar bundan yaxşıca qazandılar. Müharibə onlar üçün hər şeydən əlavə böyük pullar qazanmaq üçün fürsətdir. Beləliklə, onlar milyarder və transmilli spekulyant olmalarına baxmayarq, özlərini təqib olunan yazıqlar vəziyyətində göstərmək istəyirlər. Özlərini, əslində olmadıqları uğursuz soyqırım qurbanları kimi təqdim edirlər. Bu insanları cinayətkar hesab edirəm. Müharibədə transmilli şirkətlər vasitəsi ilə pul qazananların əksəriyyəti ilk növbədə ermənilərdir. Zəngin azərbaycanlılar - Ağalarov, milliyyətcə yəhudi, lakin azərbaycanlı olan Qod Nisanov və Zarax İliyev haqqında eyni sözləri söyləmək olmaz, onlar bu müharibədən pul qazanmırlar. Erməni milyarderlər müharibəyə silah sataraq pul qazanırlar, hətta indi də Qarabağa qanunsuz silah daşıyırlar. İndi ən böyük silah satanlar ermənilərdir.
 
Dördüncü səviyyə, Qarabağ münaqişəsinə son qoyulmasını istəməyən geostrateji və geosiyasi mərkəzlərdir, çünki hərc-mərclik Cənubi Qafqazı idarə etməyə imkan verir. Cənubi Qafqaz Asiya ilə Avropa arasında bir tranzit dəhlizdir. Bu bölgədə müharibə olsa da, nəhəng maliyyə axınlarına nəzarət etmək daha asandır. Beləliklə, xalqlar hakim elitanın və qlobal oyunçuların transmilli spekulyantlarının girovu olmamalı olduqlarını başa düşməyincə, bu vəziyyətin girovu olacaqlar.
 
- Bu günlərdə Rusiyadan Ermənistana çox miqdarda humanitar yardım göndərilib. Azərbaycan tərəfi humanitar yardım adı altında silahların Ermənistana daşındığı bildirir. Moskvadakı humanitar barışığa dair razılaşmaların erməni tərəfi üçün toparlanmağa möhlət olduğunu düşünmürsünüz?
 
- Mən özüm bu humanitar yardımı görməmişəm. Azərbaycan mətbuatında oxuduğumuz mesajlar, çox ciddi ittihamlardır və Rusiya sərhəd xidmətinə və gömrük xidmətinə ünvanlanır. Əslində, silahlar mülki təyyarələrlə daşınırsa, bu, bir cinayətdir və Rusiya dövləti bu cür cinayətləri dayandırmalıdır. Rusiyanın KTMT-yə üzv bir dövlət olaraq Ermənistana hərbi aerodromlardan havaya qalxan hərbi təyyarələrlə silahla təmin etmək hüququ var. Amma, əgər mülki bir hava limanı olan Vnukovoda partlayıcı maddələr daxil olmaqla, hərbi təyinatlı yüklərin yüklənməsi faktı varsa, bu, dəhşətli bir şeydir. Bir çox rus Vnukovodan uçur, özüm də bu hava limanından tez-tez istifadə edirəm. Təsadüfən bir qəza, təxribat obyekti ola biləcək hərbi sursat yaxınlığında olsaq, bu müharibənin Rusiyadakı mülki bir müəssisəyə köçürülməsi anlamına gəlir. Rusiyanın belə bir silah tranzitini təmin etdiyini düşünmək istəmirəm. Hərbi təyyarələrə gəlincə, KTMT çərçivəsində müəyyən razılaşmalar var və bunun öhdəlikləri var. Buna görə də bu istiqamətdə əməkdaşlıq edərək Ermənistanla müqavilələri dəyişdirmək hələ mümkün deyil.
 
Rusiyanın Azərbaycanla da eyni müqavilələri var. Əslində, Azərbaycanın buna nəzarət etməsi çox asandır. Bakının Tiflislə müqavilələr bağlaması və bu humanitar yardımlar daşıyan təyyarlərdən birinin Gürcüstanda məcburi yerə endirilməsi kifayətdir. Gürcüstan bu təyyarəni göyərtədəki yükü yoxlamaq üçün hərbi hava limanlarından birinə endirə bilər və silah daşıdığından şübhələndikləri təyyarələrin ərazisi üzərindəki uçuşları qadağan edə bilər. Ermənistana Rusiyadan uçan təyyarələrin ikinci belə bir marşrutu İran ərazisindən keçir.
 
Əvvəlcə demək lazımdır ki, indi dünyada hər şey izlənilir. Hətta, internet vasitəsilə də mümkündür. Məsələn, münaqişənin başlanğıcında bir hərbi təyyarə Rostovdan İran ərazisinin üzərindən keçməklə Ermənistana uçur, ancaq KTMT ilə bağlı Moskva ilə İrəvan arasında razılaşmalar var. Ancaq Gürcüstan ərazisindən mülki təyyarələrlə silahların çatdırılması faktları varsa, Gürcüstan tərəfinə müraciət etməlisiniz. Azərbaycanın Gürcüstandan silahlarının hava məkanından münaqişə bölgəsinə keçib-getmədiyini soruşmağa tam hüququ var.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10