Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nikol Paşinyan İlham Əliyevin şərtlərini qəbul edəcəkmi - HƏSSAS MƏRHƏLƏ


Şahin Cəfərli: “Ermənistan hazırkı mərhələdə hərbi əməliyyatların dayandırılmasında hamıdan daha çox maraqlı olan tərəfdir
 
Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayılın işğaldan azad edilməsi və ordumuzun əks-hücum əməliyyatları ilə bağlı xalqa müraciətində Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məsələsinə də toxunub. Ölkə başçısı bildirib ki, Azərbaycan 30 ildir sülh danışıqlarına sadiqlik nümayiş etdirib, amma heç bir nəticə əldə edilməyib. Bunun əksinə, Ermənistan hər fürsətdə sülhdə maraqlı olmadığını nümayiş etdirib, mütəmadi olaraq təxribatlara əl atıb.
 
Azərbaycan lideri nəticəsiz sülh danışıqlarının mənasız olduğunu, ərazilər işğaldan azad edilənədək əməliyyatların davam edəcəyini qeyd edib. İlham Əliyev atəşin dayandırılması və danışıqlara dönməyin şərtlərini də açıqlayıb: “Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki, indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar, bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam”.
 
Qeyd edək ki, eyni şərtlər haqqında Prezident Türkiyənin “TRT Haber” televiziyasına müsahibəsində də danışıb.
 
Prezidentin irəli sürdüyü şərtlər ətrafında fikirlərini bölüşən politoloq Şahin Cəfərli deyib ki, ölkə başçısı şərtləri ümumi olaraq səsləndirib: “Prezident planın mahiyyətinin nədən ibarət olduğunu, detalları açıqlamayıb. Təxminən məlum idi ki, danışıqlar masasında olan həll planı nədən ibarətdir. Həmsədrlər də Ermənistana təklif edirdilər ki, mərhələli plan üzrə münaqişə həllini tapsın. Əvvəl ətraf rayonların bir çoxu, Prezidentin də dediyi kimi, 5 rayon boşaldılsın, sonra isə sülhməramlıların gəlməsi və Dağlıq Qarabağın statusunun müzakirəsi idi. Qəbul edilmiş “Madrid prinsipləri”ndə qeyd edilib ki, əvvəlcə Dağlıq Qarabağa aralıq status verilir, sonra ətraf rayonların məsələsi həll edilir, sülhməramlılar gəlir”.
Şahin Cəfərli: “ABŞ Türkiyədən öz siyasətini dəyişdirməsini gözləyir”
“Daha sonra həmin sənəddə belə bir müddəa var ki, Dağlıq Qarabağın əhalisinin öz müqəddəratını təyin etməsi, referendumun keçirilməsi mümkündür. Açığını deyim, bu müddəa qeyri-müəyyəndir. Çünki orada göstərilmir ki, referendum harda keçirilməlidir, bütünlüklə Azərbaycanda, yoxsa təkcə Dağlıq Qarabağda? Əgər söhbət sadəcə Dağlıq Qarabağda keçirilməsindən gedirdisə, bu, Azərbaycan Konstitusiyasına ziddir, tamamilə qanunsuzdur. Azərbaycan Konstitusiyasında qeyd olunub ki, ölkənin ayrıca bir hissəsində referendum keçirilə bilməz, bütün ölkə ərazisində keçirilməlidir”, - politoloq vurğulayıb.
 
“Məsələ burasındadır ki, Azərbaycan kifayət qədər gözlədi, sülh danışıqlarına əməl etdi. Hətta, Azərbaycan işğala lazım olandan daha artıq dözdü. 30 ilə yaxındır davam edən danışıqlar heç bir nəticə vermədi. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, ilk baxışdan Ermənistanın maraqlarına uyğun olan təklifləri də rəsmi Yerevan qəbul etmədi. ABŞ-ın Ermənistandakı bundan əvvəlki səfiri Yerevandan ayrılanda bir bəyanat vermişdi: “Mən təəccüblənirəm ki, Ermənistan nəinki Dağlıq Qarabağla bağlı, hətta, ətraf rayonlarla bağlı da kompromisə hazır deyil”. Yəni, belə bir reallıq var idi. Nə Ermənistan rəhbərliyi, nə də Ermənistan əhalisi təkliflərə hazır idi, bunu qəbul etmirdilər. Bunun nəticəsində də, sülh danışıqları prosesi faktiki olaraq tıxanmışdı”, - Cəfərli əlavə edib.
 
Həmsöhbətimiz, Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra ümumiyyətlə danışıqların dayandığını xatırladıb: “Onun bəyanatları, təxribatçı açıqlamaları prosesi çıxılmaza saldı. Ona görə də Azərbaycan Ordusunun hazırda həyata keçirdiyi əks-hücum əməliyyatları zərurət idi. Çünki problemin başqa həll yolu qalmamışdı. Dağlıq Qarabağ münaqişəsinin doğrudan həllini istəyən ölkələrin Azərbaycanın hərbi əməliyyatları maraqlarına uyğundur. Onların marağındadır ki, Azərbaycan hərbi təzyiq göstərsin və Ermənistan, nəhayət yola gəlsin, problem həllini tapsın”.
 
“Ermənistan hazırkı mərhələdə hərbi əməliyyatların dayandırılmasında hamıdan daha çox maraqlı olan tərəfdir. Çünki düşmən cəbhədə cətin vəziyyətdə qalıb. Düşmənə atəşin dayanması ona görə hava və su kimi lazımdır ki, bu müddətdə ən azından nəfəs dərsinlər. Amma Azərbaycan da haqlı olaraq bəyan edir ki, qeyd-şərtsiz atəşi dayandırmaq niyyətində deyil. Rəsmi Bakı heç bir predmeti olmayan, perspektiv vəd etməyən danışıqlara qayıtmağı mənasız sayır. Azərbaycan haqlı olaraq şərtlər irəli sürür ki, bunları Ermənistan qəbul edərsə, danışıqlar bərpa oluna bilər. Yoxsa, əvvəlki dövrlərdəki kimi, atəşi dayandıraq, yenə hər şey əvvəlki vəziyyətə qayıtsın, bu, Azərbaycana sərf etmir”, - Cəfərli qeyd edib.
 
Konkret olaraq, Prezidentin çıxışında irəli sürdüyü şərtlərə gəldikdə, siyasi şərhşçinin fikrincə, bunlar çox ağır şərtlərdir: “Yəni, bunu Ermənistan hökuməti qəbul edərmi, bilmirəm. Tutaq ki, Paşinyan hökuməti Əliyevin təkliflərini qəbul etdi. Bundan sonra o, hakimiyyətdə qala bilərmi? Məncə, yox. Təbii ki, Azərbaycan Prezidentinin şərtləri kifayət qədər haqlıdır. Amma bu, Ermənistan üçün kapitulyasiyadır. Ona görə də rəsmi Yerevanın bu şərtləri qəbul edəcəyinə bir qədər şübhə edirəm”.
 
Analitik hesab edir ki, əməliyyatlar davam edəcək: “Amma hansısa mərhələdə ola bilsin, həmsədr ölkələr daha ciddi şəkildə Azərbaycandan atəşi dayandırmağı tələb etsin. Ən azı siyasi müstəvidə məsələyə müdaxilə mümkündür. O da istisna deyil ki, həmsədrlər həm Azərbaycanla, həm də Türkiyə ilə danışıqlar aparsınlar. Mümkündür ki, ictimaiyyətə açıqlanmayacaq gizli razılaşmalarla atəş dayandırılsın. Düzdür, həmsədr ölkələrin liderləri ilk bəyanatlarında qeyd-şərtsiz atəşin dayandırılmasını və sülh danışıqlarının bərpasını tələb etdilər. Amma müəyyən qədər fikirlərini dəyişə bilərlər. Çünki görürlər ki, Azərbaycan şərt olmadan atəşi dayandırmaq niyyətində deyil. Rəsmi Bakı mesaj verir ki, atəşin dayandırılmasını istəyən həmsədrlər təkliflər versinlər ki, hansı şərtlərlə silahlar susmasını istəyirlər. Yenə də deyirəm, Azərbaycan şərt olmadan atəşi dayandırmayacağını artıq bəyan edib. Düşünürəm ki, bəli, həmsədrlər ölkələrin yanaşmasında dəyişiklik ola bilər”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10