Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qadın işləsə, əlinə pul gələr, qudurar”...


Məryəm Məcidova: “Biz üstünlük və ya qeyri-bərabərlik istəmirikbərabərlik və bu yolda kişilərin də dəstəyini istəyirik
 
Həyat yaşlandıqca yox, yaşayaraq öyrənilir. Özümüzü qanıb həyata atılandan, bu gün yaşadıqlarımız sabah yaşayacaqlarımız üçün təcrübə rolunu oynayır. Ömürdən keçən günlərin yelində sovrularkən həyat o qədər sürətlə axıb gedir ki, bəzən haraya, necə getməli olduğumuzu da unudur, həmin anda ancaq sağ qalmaq haqqında düşünürük.
 
Son günlərdə gündəmdən düşməyən qadın intihar hadisələri isə bizi düşünməyə vadar edir. Az qala, bütün vəziyyətlərdə ancaq sağ qalamağı düşünən və bunun üçün mübarizə aparan insan adlı varlıq, deməli, bəzən tamamilə bunun əksinə addım atır, çıxış yolunu sağ qalıb davam etməkdə yox, mübarizəni dayandırmaqda görür. Və bəlkə də, o, özündən əvvəl yazılmış, yazılmamış bütün qaydlara etiraz səsini bu cür qaldırmış olur - bir müddətlik də olsa, dayanmağa və düşünməyə vadar edərək.
 
“Müasir söhbət” rubrikamızda bu dəfə qadın intiharlarından danışacağıq. Həmsöhbətimiz “Gender Hub Azerbaijan”ın həmtəsisçisi, gənclərlə iş üzrə ekspert Məryəm Məcidovadır.
Məryəm Məcidova: “Biz çağırış edirik ki, layihələr regionlarda keçirilsin”
- Salam, Məryəm xanım, xoş gördük.
 
- Xoş gəlmisiniz.
 
Söhbətimizi istəyirəm, son günlərdə gündəmdən düşməyən, eşidən hər kəsi mütəəssir edən qadınlarımızın intiharı üzərində quraq…
 
- Əlbəttə, buyurun.
 
- Çox təəssüfləndirici məqamdır ki, intihar edən xanımlar arasında ali təhsillilər də var. Məryəm xanım, təhsilli bir qadın niyə çıxış yolunu intiharda görsün? Oxumuş, savadlı bir xanım, axı niyə polisə müraciət edib öz haqqını, hüquqlarını müdafiə edə bilmir? Necə ola bilər ki, əli bir yerə çatmasın?
 
- Əfsuslar olsun ki, təhsilli olmaq hələ dünyagörüşlü olmaq, öz haqlarını bilmək demək deyil. Təhsil sənə yaxşı peşəkar olmağı öyrədə bilər, amma yaxşı insan olmağı öyrətmədiyi kimi, hüquqlarını tələb etməyi də öyrətmir. Gələcəyin müəllimi olacağı halda təhsilə sadəcə cehizdəki diplom kimi yanaşanlar da az deyil. Belə insanlarla danışdıqda görürsən ki, “işləmə desə, işləmərəm”, “ərdir də, döyər də, söyər də” tipli cavablar verirlər. Dünyagörüşü dedikdə biz həyata baxışı nəzərdə tuturuq. Nəinki cinsi tərbiyə, bizdə heç fərdin hadisələrə yanaşması, kommunikasiya, şəbəkələşmə bacarığı və s. tədrisdə öz yerini tutmayıb. İnsan hüquqları dedikdə, bu, bizə qlobal görsənir, halbuki burada təhsil, yaşamaq, azadlıq barədə danışırıq. Burada pis nəsə yoxdur. O, səni cəmiyyətdə əzilməkdən qoruyur, öz fikrini, mövqeyini azad ifadə edə biləcəyini deyir. Əvvəla, şəxs bilmir haradan, kimdən, necə tələb etməlidir, sonrasında da toplumun basqısından ehtiyat edir. Ali savadlı çox insan var ki, övladına nə təhsil, nə də ailə quracağı şəxsin seçimində azadlıq, sərbəstlik verir. Yəni, dünyagörüşü təhsilə bağlı deyil. Burada qeyri-formal təhsilin yanaşması önəmlidir. Fərqi yoxdur təhsilli, yoxsa təhsilsiz, Azərbaycan cəmiyyətində bir çox qadın əzilir.
 
Məndən təlimlərdə tez-tez soruşurlar ki, “yəqin siz zorakılıq görməmisiniz?”. Cavab verirəm ki, bizim cəmiyyətdə demək olar, bütün qadınlar bu və ya digər formada fiziki, psixoloji zorakılığa məruz qalır. Küçədə gedərkən hansısa kişinin “qəşəng qız, sizinlə tanış olmaq olar?” deməyi, normal geyimdə, heç bir diqqət cəlb edəcək aksesuar istifadə etmədiyin halda, ictimai nəqliyyatda hansısa kişinin özünə borc bilirmiş kimi göz-qaş eləməsi, toxunmağa cəhdi zorakılıq deyilmi? Bu hallarla az qala bütün xanımlar qarşılaşır. Zorakılıq qadının yalnız kimsə tərəfindən döyülməyi və ya cinsi təcavüzə məruz qalmağı deyil. Eyni iş yerində “o, ailə dolandırır” deyərək kişiyə daha çox maaş verilməsi də zorakılıqdır. Bu zaman qadın iqtisadi baxımdan zorakılığa məruz qalır. Axı qadının da ailəsi var, o da ailə saxlayır. Sadəcə bu stereotiplər həyatımızda o qədər oturuşub ki, artıq kimsə “niyə?” sualını vermir. “Kişidir də, canı çıxsın alsın, eləsin” yanaşması sərgiləyən xanımlar da var. Hətta, bəzən valideynlər də deyirlər ki, “hə, getmisən, canı çıxsın, baxsın da”. Amma halbuki, qadın öz ayaqları üzərində dursa, belə olmaz. Dünyagörüşü, karyera məsələsi var. Çox vaxt kişilər düşünür ki, “gedib işləyər, əlinə pul gələr, qudurar”, “işləyər, gözü açılar” və sair. Bu, bir çox rayonlarımızda birmənalı olaraq belədir. Soruşmaq lazımdır, axı qadın inkişaf edirsə, bu, niyə qudurğanlıq adlandırılmalıdır? Əgər qadının öz işi varsa, haradasa rəhbər vəzifədədirsə, kişidən çox maaş alırsa, bu, onun kişidən üstün olması demək deyil. Əksər inkişaf etmiş ölkələrdə buna normal baxırlar.
 
- İntim şəkillər göndərdikdən sonra qarşı tərəfdən bununla şantaj edilən və çıxış yolunu intiharda görən xanımları “a, bir qız sevgiliyə niyə intim şəkillər göndərsin?” deyə sual edib qınayanlar da çox olur. Bu cür qınaq mental yanaşmadan, geridə qalmışlıqdandır, yoxsa nədən qaynaqlanır? Bu cür hallarda xanımları “etibar edib, güvənib” deyərək müdafiə edənlər də olur. Bu barədə sizin düşüncələriniz necədir?
 
- Bir xanım bu addımından sonra intihar edəcək qədər çıxılmaz vəziyyətdə qalırsa, deməli, o, öz kiçik aləmində, dünyasında yaşayan biri olub. Bir insana güvənmək, etibar etmək elə də asan və tez başa gələn olmamalıdır. Burada da dünyagörüşü öz sözünü deyir. Oxuduğun kitablar, tanıdığın insanlar səni formalaşdırır. Nə istədiyini, həyatda hansı yolu tutduğunu zamanla, inkişaf edərək müəyyənləşdirirsən. Hər cür mədəniyyəti, insanları tanımağa maraq göstərmək lazımdır. Stereotiplər hər yerdə var, heç bir cəmiyyət ideal deyil. Hər cəmiyyətin öz problemləri də var, üstünlükləri də. Lakin bizim cəmiyyətdə bir sıra ciddi problemlər var. İnsanlar öz başlarına gələnləri gizlətməklə biganəlik göstərirlər. Hadisələri mediaya xəbər verməli, ictimailəşdirməlidirlər. Sosial mediada ən kiçik bir fakt belə, rezonans yarada bilər. Lakin görünən budur ki, hətta anonim paylaşılmasından, işıqlandırılmasından da çəkinirlər. Düşünürlər ki, anonim də olsa, bilən olar ki, filankəsdir, biabır olar. Bu vəziyyətdə media da şərait yaratmalı, düzgün formada işıqlandırmağı bacarmalıdır ki, insanlar etibar edə bilsinlər.
Qadınlara qarşı cinsi ayrı-seçkiliyin kişilər üçün təhlükəsi
Nəinki bu cür situasiyada, eyni zamanda, həyat yoldaşı tərəfindən döyülən, söyülən qadınlar da çıxış yolunu intiharda görürlər. Lakin onlar bilməlidirlər ki, bu halda çıxış yolu boşanmaqdır. Bizim cəmiyyətdə boşanmağa pis baxırlar. Qadın düşünür ki, “boşansam, anam-atam nə deyər? mən hara gedə bilərəm? harada qalaram, nə yeyərəm?” və sair. Yəni qadın boşanacağı halda iqtisadi baxımdan da çarəsiz qalacağını düşünür, hara müraciət edə biləcəyini bilmir. Təsiredici faktorlar çoxdur: həm “camaat nə deyər?”, həm iqtisadi, həm də psixoloji. Ölkədə sığınacaqların sayı çox azdır. Sığınacaqların sayı artırılsa, stasionar formada sığınacaqlar yaradılsa və işlər planlı şəkildə aparılsa, qadınlar bu cür sualların qarşısında qorxmazlar. Amma bunlar bir ilin içində həll olunası işlər deyil, bunun üçün uzunmüddətli strategiya lazımdır.
 
- İntihar edən xanımlardan birinin polisə şikayət etdiyi halda şikayətinə baxılmadığı deyilirdi...
 
- Polis bölməsində xanımın ərizəsinə baxılmadığını araşdırmaq, kökünə gedib çıxmaq lazımdır ki, dəqiqləşdirək, həqiqətənmi ərizəsinə biganə yanaşılıb. Əgər belədirsə, polisi də qınamaq lazımdır. Bu zaman biz cəmiyyət olaraq bir insanın taleyinə biganə qalmamış olacağıq. Bununla da biz cəmiyyətdə müəyyən dəyişikliklərin yaranmasına təkan vermiş olacağıq. Sosial məsələlərdə etiraz səsini ucaltmaq digərlərinə də stimuldur ki, həmin probemlə qarşılaşdıqda daha güclü, iradəli olsun, beləcə müəyyən stereotiplər də zamanla qırılacaq. Onu da deyim ki, əli internetə çatmayan, ucqar rayonda belə, yaşayan qadın ən azından televizora baxır. KİV qadını qınamasa, onlara haqlarını tələb etməyi təlqin etsə, ucqar kənddə də döyülən, şiddətə məruz qalan qadın haqlarını tələb etməyi, etiraz formasını öyrənəcək. Birmənalı olaraq cəmiyyət bilməli və qəbullanmalıdır ki, heç bir münaqişə, səhv ölümlə, intiharla bitməli deyil. Televiziyada bu istiqamətdə maarifləndirici, psixoloji işlər aparılsa, intiharı çıxış yolu hesab edən, qərarlaşdırmış nə qədər insanı xilas edə bilərik. “İstanbul konvensiyası”nın imzalanması bizə imkan verəcək ki, ailədaxili, məişət zorakılıqları da cinayət sayılsın və cəzalandırılsın. Ancaq indiki halda polis gəlir, baxır, “əridir də, döyüb”, “atasıdır da, döyüb”, “qızını atasından (həyat yoldaşından) ha almayacam” deyərək çıxıb gedir. Sonradan bəzən qadın özü ərizəsini geri götürür. Yəni, qadınların kişilər, polislər tərəfindən manipulyasiya olunması, vecsiz yanaşmalar da çoxdur.
 
- “Feministəm” dediyində elə başa düşülür ki, sən qadınların kişilərdən daha üstün olduğunu iddia edəcəksən. Onsuz da əvvəldən bu yanaşmaya görə “feminist”lər bir çox halda qınanırdılar. Sanki “8 Marş” yürüşündən sonra feminizmə münasibət daha da neqativləşdi. İstəyirəm, bir də burada sizin dilinizdən eşidək, feministlər kimdir, nə istəyirlər?
 
- Əslində, feminizm - qadın-kişi bərabərliyini tələb edən bir hərəkatdır. Burada nə kimsə kimdənsə üstün, nə kimsə kimdənsə ağıllı, nə də qadınlar daha yaxşı liderdir və sair - belə şeylər var. Yürüşdən danışmıram, ümumiyyətlə, bəzi hallarda populyarlıq üçün feminizm adı altında çıxış edərək, ancaq qadınların üstünlüklərindən danışanlar var. Məsələn, “Almaniyada kansler Angela Merkel, Yeni Zellandiyada Baş Nazir Jasinda Ardern qadın olduqları üçün həmin ölkələr pandemiya ilə daha uğurlu mübarizə aparırlar”, “Statistikaya görə qadınlar daha ağıllıdır” kimi fikirlər feminist yanaşma deyil. Feminizm ideyaları adı altında təqdim edilən bu cür fikirləri eşidən kişilər də elə düşünür ki, feminizm qadınların özünü kişilərdən üstün saymağıdır. Doğrudur, həm ailə qayğılarını daşıyan, həm də işləyən xanımlar var. Bu məqamda qadın fiziologiyasında, psixologiyasındakı dəyişikliklər və onların gətirdiyi çətinlikəri də nəzərə alsaq, deyə bilərik ki, qadınlar həqiqətən çox güclüdürlər. Lakin bu zaman qadınların kişilərdən daha üstün olduğunu iddia etmirik. Feminizm qətiyyən kişilərin qadınlardan, ya da qadınların kişilərdən üstünlüyünü ehtiva etmir, əksinə bərabərlik tələb edir. Biz üstünlük və ya qeyri-bərabərlik istəmirik. Biz bərabərlik və bu yolda kişilərin də dəstəyini istəyirik. Çünki nə qədər ki, qadın mənəvi, psixoloji, iqtisadi çətinlik çəkəcək, biz gender bərabərliyinə çata bilməyəcəyik. Feminist kişilər də var və qeyd edim ki, onların olmağı, dəstəyi bu hərəkatda çox önəmli paya sahibdir.
Gender balansının stimullaşdırılmasında medianın rolu … - modern.az
- Məryəm xanım, gender bərabərliyindən danışmışkən, buna da bir aydınlıq gətirməyiniz yaxşı olardı. “Gender” dedikdə çox vaxt cinsi fərq nəzərdə tutulur. Əslində, necədir?
 
- Bu yanlış anlaşılmaya görə bir çox hallarda daha çox rayon yerlərində kişilər mənə deyir ki, “Məryəm xanım, siz qadın-kişi bərabərliyindən danışırsınız, amma qadın necə daş daşısın?”. İzah edirəm ki, gender bərabərliyi dedikdə biz vəzifə bərabərliyindən danışırıq, cinsi bərabərlikdən yox. Gender vəzifə bölgüsü, cins isə sənin bioloji bacarıqlarındır. Gender bərabərliyinə nail olmaqdan danışarkən burada söhbət təhsildən, öz həyatına dair sərbəst qərarlar verməkdən, eyni hüquqlara sahib olmaqdan gedir. Bunu fiziki bacarıqlara aid etmək qətiyyən düzgün deyil.
 
- Gender bərabərliyi bizdə hansı səviyyədədir?
 
- Bəzi qurumlar açıqlayır ki, “biz ölkədə gender bərabərliyinə nail olmuşuq”, amma bu, belə deyil. Əvvəla, baxmalıyıq ki, qadın təmsilçiliyi ölkədə hansı səviyyədədir? Qərarvermə prosesində qadınların faizi nə qədərdir? Bizim cəmiyyətdə məlumdur ki, rəhbər vəzifədə deyilsənsə, sən qərar verən deyilsən. Bizdə çox vaxt statistikada müxtəlif vəzifələrdə olan qadınları göstərirlər. Amma söz haqqı yoxdursa, əsas qərarvermə prosesində iştirak etmirsə, bu, göstərici ola bilməz. Nə qədər ki, qadınlar birbaşa qərarvermə prosesində olmayacaqlar, qərarvermə prosesində olarkən lobbiçilik aparmayacaqlar, biz cəmiyyətdə heç bir gender bərabərliyindən danışa bilmərik. Mənə deyirlər ki, harasa gedəndə yanında oğlan apar ki, sənin fikirlərini o desin, sən desən, qəbul olunmayacaq, qıcıq yaradacaq. Nə vaxta qədər biz öz fikirlərimizi kişilərin dili ilə deyəcəyik? Ümumiyyətlə, qadın olmayan yerdə hansı sosial məsələ qabardılacaq, qadınların problemləri səsləndiriləcək, həlli yolları axtarılacaq?
 
- Qadınları qərarverici postlara kim gətirməlidir? İrəli getmək istəyən, güclü, iradəli qadına kim, nə mane olur?
 
- Mən mübarizə aparan bir qadın olmuşam. Lakin bu məsələlərə görə nə qədər sağlamlıq problemləri yaşadım. Haqsızlıq, qadın olduğuma görə qərarvermədən izolyasiya olunmağım, hamısının səni əzməsi, üstələməyə çalışması və s. mənə qarşı zorakılığın göstəricisidir. Nə olsun ki, mən təhsilliyəm, neçə-neçə ölkədə Azərbaycanı təmsil eləmişəm?! Bu qadını üstələmək istəyənlər üçün heç nə ifadə etmir, qalibiyyətini belə, kiminsə adına çıxmağa, kölgə salmağa cəhd edir.
 
- Açıq deyək ki, istər feminizm olsun, istərsə də gender bərabərliyi anlayışı cəmiyyətimizə tamamilə başqa formada təqdim edilib. Əvvəldə də qeyd etdiyim kimi, sonuncu yürüşdən sonra da bu ifadələrə qarşı kişilərimizdən daha radikal, mənfi reaksiyalar alındığı müşahidə edilir.
 
- Cəmiyyətdə dezinformasiya daha sürətlə yayılır və bu halda bir də görürsən ki, kiminsə hekayəsi ümumilikdə hərəkatın üzərinə yazılır. Yürüşdə də cinsi məsələlərə daha çox toxunulmuşdu və hamı da elə bildi ki, feminizm yalnız cinsi həyatın azadlığından danışır. Qətiyyən bu, belə deyil. Cinsi münasibətlərdə azadlıq insanların fərdi işidir və buna qarışa bilmərik, bunun bu cür formada feminizmə aidiyyəti yoxdur. Feminizmdə söhbət bərabərlikdən gedirsə, təbii ki, bunu müəyyən dərəcədə cinsi həyata aid edirik. Əgər kişi cinsi həyatını istədiyi kimi qura bilirsə, qadının da buna haqqı çatır. Amma bu, bayraq ediləsi məsələ deyil, eyni zamanda da “feminizm ancaq cinsi azadlıq tələb edir” demək düzgün deyil. Feminizm bərabər hüquqları nəzərdə tutur ki, əvvəldə də qeyd etdiyimiz kimi buraya yaşamaq, təhsil almaq, azad fikir söyləmək, öz istədiyin insanla ailə həyatı qurmaq və s. daxildir. Ancaq Azərbaycan cəmiyyətində bu hüquqların bir qismi qızların əlindən alınır. “Sən qızsan, təhsil ala bilməzsən”, “Sən qızsan, sən nə bilirsən, kimə ərə getməlisən?” kimi fikirlər səslənir və qızların təməl haqları əllərindən alınır.
 
- Bu işlərdə medianın rolunu necə qiymətləndirirsiniz?
 
- Medianın rolu burada çox böyükdür. Feminist yanaşması budur ki, Azərbaycandakı media müəyyən həssaslığı qorumur, bir çox halda qadını günahkar çıxarır. Məsələn, “Xəyanət etdiyinə görə qadın öldürüldü”, “İkinci dəfə ailə quran qadın öldürüldü”, “Keçmiş həyat yoldaşının yanına gedən qadın öldürüldü”, “Gənc qadın daş-qalaq edilərək öldürüldü”, “Qadın ərinə cavab qaytarığına görə döyüldü” və s. Bu formada olan başlıqlar birbaşa qadını günahkar kimi göstərir. Qadının günahını axtarmağa sövq edir. Döyülən də, öldürülən də, şiddətə məruz qalan da qadındır, günahkar qismində təqdim edilən də. Buna görə gərək bu mövzuya media həssas yanaşsın, düzgün ifadələr seçməyə diqqət göstərsin. Media gender həssaslığını, bitərəfliyi qorumalıdır. Təəssüf ki, bu qorunmur və əksər vaxt elə mediada bunları yazanların çoxu da qadınlardır. Necə ola bilər ki, qadın qadına qarşı bu qədər qəddar olsun, öz həmcinsini başa düşməsin?! Bu hallar ölkədə hədsiz dərəcədə çoxdur. Biz gələcəkdə gender haqları ilə bağlı mediaya da təlimlər keçmək niyyətindəyik. Bizim ən böyük partnyormuz media olmalıdır. Təəssüf ki, hələlik bu, belə deyil. Qeyd edim ki, mediada “ərə getmək”, “ərə vermək”, “qız almaq”, “qız vermək” kimi ifadələrin işlənməsini də düzgün hesab etmirəm. “Arvad” sözünün özü də çox kobud səslənir. Bir növü bu söz, sanki özündə “sahibi” mənasını ehtiva edir, qadını zəif bənd kimi təqdim etmiş olur. Ümumiyyətlə, bu haqda danışarkən “ailə qurmaq”, “həyat yoldaşı” birləşmələrinin daha doğru və yerində işlənən ifadələr olduğunu hesab edirəm.
 
- Zaman ayırdığınız üçün təşəkkür edirəm!
 
- Xoş oldu, uğurlar diləyirəm!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10