Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çingiz Abdullayevin gözə kül üfürməyi – Mirmehdi Ağaoğlu yazır...


Bir müddət öncə dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin Facebook açıqlaması yenə aləmi bir-birinə vurdu. Onda olur belə şeylər. İldə bir dəfə nəsə deyib aləmi qatır. Özü də fikir vermisinizsə, onun dediklərində haqlı məqamlar olsa da əksər vaxtlarda «xalastoy» güllə kimi olurlar, ya da hədəfdən yayınırlar.
Məsələn, Çingiz müəllim bir yazıçı kimi haqlı olaraq kitabxanaların bağlanmasından gileylənər, amma “Ayebe”nin binasının yaxınlığındakı iki köklü kitabxananın bağlanıb birinin yerində turizmlə əlaqəli təşkilat, o birinin yerində isə aerokassa açılmasına etiraz etməz. Əlində fakt var, ad çəkib dəlil-sübutla danışa bilər, lakin dinməz. Çünki etiraz etsə, ona deyəcəklər ki, sən “Ayebe”nin binasının bir hissəsini striptizkluba (“26-lar” kafesi) çevirə bilərsən, biz kitabxananı aerokassaya çevirə bilmərik?
İkincisi, Çingiz müəllim niyə o kitabxanaları bağlayıb yerində turizm təşkilatı, aerokassa tikənlərlə üz-göz olsun ki? Nəyinə lazım? Yenə hərdən şəxsi məsələlər üçün zəng edib işini aşırır. İki uçuq-sökük kitabxanaya görə camaatla üz-göz olmağa dəyməz!
Bu dəfə də Çingiz müəllim haqlı olaraq deyir ki, niyə Rusiyada fəaliyyət göstərən kadrlarımız yoxdur? Gürcülərin (eybi yox), ermənilərin (dəhşət) var, bizim yox?
Rusiyada daş atırsan erməni jurnalistə, aktyora, rəssama, rejissora, yazıçıya dəyir. Amma onların içində azərbaycanlıları gündüz çıraqla axtarmalı olursan. Niyə bizim gənclər dil (rus) öyrənib Rusiya mədəni-intellektual mühitinə inteqrasiya etməyə çalışmırlar ki, indi biz də Rusiyada nüfuza sahib olaq?! Nə vaxta kimi bu nüfuzu yalnız mən təmin etməli olacağam (Bunu dilə gətirməsə də, əminəm ürəyindən keçirib)?
Yuxarıda vurğuladım, haqlı iradlardır. Lakin Çingiz Abdullayev həmişə olduğu kimi günahı yaradan səbəbləri deyil, günahkarı danlamaqla məşğuldur. Bu yerdə biz də mövcud problemə cavab axtarmamışdan qabaq eyni sualla xalq yazıçısına müraciət etmək istərdik.
Çingiz müəllim, rusdilli yazıçı siz, illərlə dil boğaza qoymursuz ki, əsərləriniz dünyanı gəzir. Parisdən tutmuş Peruya qədər hər yerdə satılır. Lap yaxşı. Şöhrətiniz dünyaya yayılıb. Belə çox pakizə. Bəs, o zaman burdan-bura Moskvada niyə sizi görmürük? Niyə rus mətbuatında, rus televiziyasında siz yoxsuz? Deyirsiz, Rusiyada əsərlərimiz əldən-ələ gəzir, keçmiş SSRİ-nin ən məşhur detektiv yazıçısısız. Möhtəşəm. Bəs niyə görünmürsüz? Axı bu şöhrətdən niyə bir qırıq rus mədəni mühitinə, rus televiziyasına düşmür ki, sizi də onların efirindən görək? Rusiyada tanınmaq belə asandırsa, siz niyə tanına bilmirsiniz?
Boris Akunin (Qriqori Çxartişvili) görünür, siz yox, özü də hazırda Rusiyada yaşamır, bunu əvvəlcədən deyirəm ki, əlinizdə bəhanə olmasın. O da sizin kimi detektiv yazır, o da sizin kimi rus deyil. Amma onu bütün Rusiya tanıyır, hörmətlə yanaşır, qəbul edir. Rus intellegentsiyası arasında seçilir. Amma sizi tanıyıb qəbul etdiklərini görmürük – az-çox rus mühitindən xəbərimiz var.
Elə xəbərimiz olduğu üçün mən də hər dəfə Rusiya mühitində erməni rejissor, yazıçı, jurnalist, aktyor görəndə özümə bu sualı vermişəm: Bəs bizimkilər? Biz niyə gedib ora çıxa bilmirik? Özü də hər dəfə efirdə və ya bir rus saytında özümlə həmyaşıd qələm adamını görəndə bu məyusluq ikiqat artıb.
Demişəm, əcəba niyə bizim rejissorlar, jurnalistlər, yazıçılar, aktyorlar gedib ora çıxa bilmir, amma ermənilər, gürcülər çıxır? Bizi rus mühitinə inteqrasiya olmağa qoymayan nədir? Təbii ki, bunun bir çox səbəbləri var. Mən hamısını burda sadalamaq istəməzdim. Hətta deyərdim ki, bu mövzunu öyrənmək üçün ətraflı araşdırma aparmaq, lazım gəlsə bu məsələ ilə bağlı elmi iş də yazmaq gərəkdir ki, problemin köklərini tapaq.
Axı müsəlman olmağımızdan savayı bizim gürcü və ermənilərdən nəyimiz əskikdir (fərqlidir) ki, bu neçə ildə onlar rus cəmiyyətində öz nüfuzlarını saxlaya bilib, orda tanına biliblər, amma biz yox?
Dediyim kimi, bunun bir sıra obyektiv və subyektiv səbəbləri var.
Əvvəla, ona görə ki, sovet dövründə siyasi, iqtisadi cəhətdən olduğu kimi mədəni cəhətdən də Rusiyaya – Moskvaya bağlı idik. Buna görə də ora ilə əlaqələrimiz güclü idi (İndi isə belə bir bağlılığa ehtiyac yoxdur, mütləq harasa bağlanmalıyıqsa Avropaya bağlanaq, nədən ki, ən azı mədəni məsələlərdə Rusiya Qərb dəyərlərinin imitasiyası ilə məşğuldur. Belə olan halda orijinalı qoyub nə yapışmışıq «podorijinal»dan). İstəsək də, istəməsək də bir də heç vaxt o cür əlaqələr olmayacaq, təbii ki...
Sovet vaxtı azərbaycanlılar gedib Rusiyanın mədəniyyət ocaqlarında kino, ədəbiyyat, rəssamlıq, musiqi təhsili alırdılar. Bu təhsil biliklə yanaşı dostluqlar da qazandırırdı. Sovet hökumətinin dağılması ilə bu əlaqələr də, ənənə də kəsildi, lakin pis-yaxşı şəxsi münasibətlər davam elədi. Baxmayaraq ki, kritik məqamda Andrey Bitov həmişə ermənilərin tərəfini tuturdu, hər halda Anarla aralarında dostluq əlaqəsi mövcud idi, Əkrəm Əylisli ilə Valentin Rasputinin, araları sonradan dəysə də Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun (baxmayaraq ki, «Oskar»lı rejissor da ermənilərin Qarabağa köçürülməsi haqqında film çəkməyi planlaşdırır və o filmin kimlərin maraqlarına xidmət edəcəyini mən indidən təxmin edirəm) dostluqları vardı. Azərbaycanlı sənət adamları ilə rus sənət adamları arasındakı belə qarşılıqlı dostluq əlaqələrini kifayət qədər uzatmaq mümkündür. Onların arasında sizin də adınızı çəkmək olar və əlbəttə ki, bu şəxsi əlaqələr xalqların münasibətlərində də müəyyən rol oynayırdı.

Sovet vaxtı azərbaycanlılar Qorki adına Ədəbiyyat İnstitutuna ədəbiyyat öyrənməyə, VQİK-ə kino üçün, Repin adına Rəssamlıq Akademiyasına tişə-fırça bacarıqlarını təkmilləşdirməyə göndərilirdilər. Əvvəla, soruşuram, müstəqillik illərində Çingiz Abdullayevin də katibi olduğu “Ayebe” neçə gənci Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndərib?
Yaxşı, başa düşdük, müstəqilliyin ilkin illərində vəziyyət qəliz idi, “Ayebe” özü özünü saxlaya bilmirdi, ona görə binasının bir hissəsini belə bank yeri kimi icarəyə vermişdi. Yaxşı bəs ölkəyə neft pullarının sel kimi axmağa başladığı son 10-15 ildə - siz də ondan daddınız - hər il nə qədər vəsait ayrıldı. Heç olmasa, son on ildəsə o vəsaitlərin bir hissəsi hesabına beşcə nəfəri yollamaq olardımı? Yollamayıbsız!
Həmişə Anarı tənqid etsək də, eyni sualı onun kimi az qala qırx ildir eyni kresloda oturan Fərhad Xəlilova da, Firəngiz Əlizadəyə də, Azər Paşa Nemətova da və başqa yaradıcı təşkilatların rəhbərlərinə də ünvanlamaq olar. Sadəcə, mən daha çox ədəbiyyat sahəsinə bələd olduğum üçün məhz bu sahədən danışıram. Əlbəttə, sudan quru çıxmaq üçün kimlərinsə adını çəkmək olar. Lakin biz bilirik ki, hər dəfə bu cür mədəni əlaqələrin qurulmasına şərait yarandıqda yaşlı sənət adamları, azmanlar, qocalar özlərini qabağa veriblər.
Rusiyada kitab çap etmək lazımdır? - Anar.
Rusiyada görüş keçirmək lazımdır? - Yenə Anar.
Qısacası, yaşlı nəsil nə zaman, kənara çəkilib gənclərə yol açdı ki, indi də onlardan nəsə tələb etsin?
Fikir verirsinizsə, müstəqillik illərində başqa sənət sahələrinə baxanda daha çox Rusiyalı müğənnilərlə bizim müğənnilərin əlaqələri davam elədi və yeniləri yarandı ki, bu konsertlər – qastrollar vasitəsilə iqtisadi maraqlara söykəndiyi üçün labüd idi. Bu sahədə inteqrasiyanın qabağını heç nə ala bilməzdi.
Sovet dövründə Rusiya ilə pis-yaxşı mövcud olan mədəni əlaqələrin davam etməsi üçün yaşlı sənət adamları bir azca gözütoxluq edib kənara çəkilsəydilər, onlardan sonrakı nəslin pöhrələnib inkişafına şərait yaratsaydılar, yeni gələnlər də rahatlıqla Rusiyanın mədəni mühitinə inteqrasiya edə bilərdilər.
Əlbəttə, söhbəti hara çəkdiyim aydındır. Əlüstü kimsə də hazırcavablıq edəcək ki, yenə başladılar «Anar 33 ildir “Ayebe”nin rəhbəridir» deməyə. Təbii ki, o cürdür. Biz neçə illərdir deyəndə ki, bir adam yaradıcı qurumun rəhbərliyində 33 il – bir İsa ömrü – otura bilməz, dünya dəyişər, modernləşər, amma o öz kreslosunda köhnələr, təzələnən ən uzağı altındakı kreslo olar, bizə əhəmiyyət vermirdiniz, elə don geyindirirdiniz ki, guya dava kreslo davasıdır. Halbuki biz heç nə yox, ədəbi mühitin doxsanlardan bu tərəfə adlamağını, yeni həyat şərtləri ilə ayaqlaşmağını tələb edirdik.
Lakin buyurun.
Sizin bir zamanlar əl salladığınız gəmilər limanlardan çoxdan uzaqlaşıb…
Artıq Rusiyadakı həmyaşıd sənət dostlarınızın əksəriyyəti ya dünyasını dəyişib - sizlərə ömür - ya da vəzifədən çəkilərək yolu yeni gələn yazıçılara, aktyorlara, rejissorlara veriblər ki, onların da çoxu vallah, nə sizi tanıyır, nə də Sovet nostalgiyası ilə yaşayırlar.
Bizim gənclərə isə vaxtında yol açmadınız ki, Rusiya mədəni mühitinə inteqrasiya etsinlər.
Ona görə də bu gün bizim cavan rejissorlar Rusiyada film çəkə bilmir, amma 44 yaşlı erməni, yeri gəlmişkən, Bakı doğumlu Anna Melikyan «Feya» çəkir və baş rolda məşhur aktyor Konstantin Xabenskini dəvət edir ki, sabah Xabenskinin Qarabağ məsələsində ermənilərin tərəfini tutması təəccüblü olmayacaq. Və Rusiyada mənimlə yaşıd Nino Xarstaşvilinin romanları çap olunur, erməni Marine Abqaryanın əsərləri çıxır. Belə nümunələr onlarla, bəlkə irili-xırdalı hamısını götürsək yüzlərlədir.
Gəlin, statistika aparaq, müstəqillik illərində neçə cavan yazıçımızın əsəri Rusiyada çap olunub?
Əlbəttə, istisnalar var, lakin bunların çoxu şəxsi təşəbbüs hesabına baş tutub və bu müəlliflər heç də Rusiya mühitinə inteqrasiya etmiş sayılmırlar. Mən adını çəkdiyim ermənilər isə Rusiya mühitinin bir parçasına çevriliblər.
Ona görə də bu illər ərzində bizim nə Bıkovla əlaqəmiz yaranıb, nə Prilepinlə, nə Şarqunovla, nə Astvasaturovla, nə də başqaları ilə, hansı ki, bu yazıçıların hər biri Rusiyada hazırda kifayət qədər nüfuza malik qələm adamları, ictimai, yeri gələndə siyasi fiqurdurlar. Əlaqələrimiz olmadığı üçün də sabah, biri gün Rusiya ictimai mühitində Azərbaycan-Ermənistanla bağlı məsələ müzakirə olunduqda onlar rahatlıqla erməni həmkarlarının tərəfini tutacaqlar, çünki onlarla şəxsi münasibətləri, əlaqələri var, ən azı bu münasibətlər bizə qahmar çıxmağa imkan verməyəcək.
Bu yerdə kimsə, müdriklik göstərib, deyə bilər ki, indi modern dövrdür, internet, sosial şəbəkələr var. İmkanlar dəyişib. Yaşlılar, bu illər ərzində kreslolarına yapışıb qalan və praktiki heç nə etməyən sənət adamları qabağınızı kəsib, bildik, interneti ki, əlinizdən almayıblar, dil öyrənin, özünüz əlaqə yaradın, münasibət qurun.
Tamamilə doğru iraddır. Müasir dövrdür, biz gərək çağdaş imkanlardan istifadə edib özümüz əlaqə yaradaq, fəaliyyətsizlik göstərməyək, dil öyrənək, münasibətlər qurmağa çalışaq. Burası aydındır. Öz qəbahətimizi özümüz də görürük.
Lakin iş ki, gəlib şəxsi təşəbbüslərə dirəndi, belə yerdə gərək Çingiz Abdullayev də heç kəsə irad tutmaya. Ən azı ona görə işlərin bu həddə gəlib çatmasında onun da təqsiri var.
Və bir də adama deyərlər, bu neçə ildə əlaqələrin davamı üçün, gənclərin Rusiyaya inteqrasiyası üçün heç nə etmədin, indi gəlib qarşılarına tələb qoyursan, onları xalqa bacarıqsız, fərsiz kimi göstərmək istəyirsən?!
Equb daqil, Чингиз муеллим?





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10