Nə təşkilatı, nə adı, nə idarə heyəti,
nə sədri var - amma gördüyü işlər göz oxşayır
Göyəçöl Masallının çox da böyük olmayan kəndlərindən biridir. Kənddə 846 ev, 3920 nəfər əhali var.
Burada hökumət xətti ilə də bir sıra işlər görüb. Belə ki, kənddə müasir tipli -260 yerlik məktəb, Hələlik 40 uşaq tərbiyə alsa da 120 yerlik uşaq bağçası, həkim məntəqəsi inşa edilib.
Xeyriyyəçilərin gördükləri işlər isə daha çoxdur.
Bu işləri sadalamadan öncə xatırladaq ki, təxminin 3 il öncə bu kəndin bir neçə fəal gənci bir araya gəlib. Ağsaqqallar da köməyini əsirgəməyib. Qərara gəliblər ki, hər kəs bacardığından kəndə yardımçı olsun. Nə təşkilat yaradıblar, nə ad veriblər, nə sədr seçiblər, sadəcə qolların çırmalayıb işə girişiblər.
Əvvəl 5-6 nəfər olublar, indi isə sayları yüzə yaxındır. Kənddə elə ev yoxdur ki, bir paşıpapaqlısı bu xeyriyyə işinə qoşulmasın. Sıraları isə günbəgün genişlənir. Az qala kəndin 90 faizi xeyriyyəçidir.
Bakıda 100 nəfərə yaxın, Rusiyada yaşayan hər bir göyçöllü bu işlərə könüllü kimi dəstək verir.
Hətta məktəblilər zibil yığımında köməyini əsirgəmir. Yaxın günlərdə isə gənc qızların imkansız qocaların, tənha qadınların evlərində təmizlik işləri aparacağı planlaşdırılır.
Bu da kiçik kənddə görülən böyük işlərin qısa siyahısı:
1. Uzunluğu 4 km. olan kənd yoluna xeyriyyəçilərin köməyi il asfalt döşənib.
2. Yol kənarlarına 120 işıq dirəkləri quraşdırılıb, fənərlər, sayğaclar qoyulub.
3. Kəndin stadionunu təmir etməklə yanaşı burada soyunub-geyinmə otağı inşa ediblər, ətrafına çoxlu ağaclar əkilib və burada maraqlı yarışmalar təşkil olunub. Stadion şəhidin adını daşıdığı üçün bununla bağlı ora xüsusi lövhə vurulub.
4. Hər bazar günü kənddə təmizlik günü keçirilir. Zibillərin yığılması üçün 27 ədəd zibil qabı, QAZ 53 markalı 1 ədəd zibildaşıyan maşın alınıb
6. Yol kənarında və kənd Uşaq Bağçasının həyətində 250 ağac əkilib. Ümumiyyətlə, qısa müddətdə kənddə 2 minə yaxın tut və digər meyvə ağacları əkilib. Yaxşı qulluq edildiyindən heç biri yanmayıb.
7. 12 imkansız tələbənin hər birinə hər ay 50 manat yardım edilir.
8. Kəndin 15 imkansız ailəsi daim nəzarətdədir. Pandemiya dövründə bəzən bu ailələrin hər birinə bir neçə dəfə yardım edilib.
9. Pandemiya dövründə insanlara vaxtaşırı olaraq pulsuz spirt, əlcək, maska paylanılıb, xeyli miqdarda ərzaq verilib.
10. Kənddəki şəhidlər xiyabanı, qəbiristanlıq və digər ictimai yerlər abadlaşdırılıb, ağaclar əkilib, şəhidlərin məzarı önünə lövhələr vurulub, bayraqlar asılıb.
11. Şəhidlərin adlarını daşıyan küçələrdə, şəhid adları yazılan lövhələr quraşdırılıb
12. Məktəblilərə məktəbli ləvazimatı və bədii kitablar paylanılıb.
13. Hazırda xeyriyyəçilərin köməyi ilə kənddə 60 metr dərinlikdə artezian quyu qazılır.
14. Uşaqlar üçün əyləncə mərkəzi yaradılıb.
15. "Körpələrə böyük dünya bəxş edək!" kitab festivalı
16. Pandemiya vaxtı Türkiyədə geri gələ bilməyən tələbənin testdən keçməyə yardımdan tutmuş bütün xərclərin bölünüb.
Xeyriyyəçilərin işində daha xeyli fəallar olsa da, burada heç kimi fərqləndirmirlər. Hamı həm fəhlədir, həm sədr.
Hazırda kəndə xeyriyyəçilərin qüvvəsi ilə yaradılmış Parkın təntənəli açılışına hazırlaşırlar.
Redaksiyadan: Çox təəssüf ki, bu xeyriyyəçilərin yaxşı işlərini şübhə altına almaq istəyən, necə deyərlər, qaşınmayan yerdən qan çıxartmaq, arabir bizə də “papaq” atmaq arzusunda olanlar da var. Sadəcə ayıbdır. Böyük Sabirin, “Çalxalandıqca dəniz nehrə kimi, yağı yağ, ayranı ayranlıq olur” misraları unudulmasın.
Elcan / Cenub.az