Yaxud “zibil”in içində hansı “zibillər” var?
Çoxlarının - ziyalı adına iddiaçıların, hacıların, orden və medallıların, yalançı və doğruçu QHT-lərin, partiyaların sönmüş funksionerlərinin, rəsmi və qeyr-rəsmi şəxslərin susduğu bir vaxtda sadə bir peşə adamı, Masallıdakı Xətai parkındakı çayçılardan birinin sahibi Elçin Mirzəyev redaksiyaya müraciət edərək özünün bəzi gileylərini bildirib:
Elçin Mirzəyev
Doğma Masallının sakini kimi, onu ürəkdən sevən bir şəxs kimi bəzi gileylərimi Sizinlə paylaşmaq istəyirəm.
Bəlkə də bunlar çox sadə nöqsanlardır, lakin həmin nöqsanlar onlarla insan üçün narahatlıq yaradır.
Hələlik, iki parkımızdakı zibil qabılarından danışmaq istəyirəm.
Zibil qabı-hansı ki, altı deşik, zibil dağılıb
.Öncə çalışdığım Xətai parkından başlayaq.
1 hektardan artıq sahəsi olan, rayonun ilk və ən qədim parkı yerləşən bu ərazidə cəmi-cümlətanı 2 zibil qabı var, onun da şəkildə göründüyü kimi birinin altı yoxdur. Hər gün burada 100-ə yaxın insan dincəlir, onlar bu zibilləri hara atmalıdır?
(Redaksiyadan: Bu parkın digər kəm-kəsirlərindən yazının sonunda ətraflı danışacağıq).
Sadə bir müqayisə aparaq. Salyan ərazisində “Ulduz” adlı bir çayxana var. Sahibi də savadsız bir şəxsdir. Həmin çayxanada hər 5 metrdən, 10 metrdən bir zibil qabı qoyulub, təmizlik göz oxşayır.
Bu yaxınlarda 7 nəfər İran vətəndaşı velosipedlə Masallıdan keçirdi. Stol sifariş edib, Xətai parkında əyləşdilər. Özləri ilə gətirdiyi yeməklərdən süfrə açdılar, gedən də isə stolu elə təmizlədilər ki, necə deyərlər, gül kimi.
Bəs biz öz əyləşdiyimiz yerə necə baxırıq?
Həmin qonaqların bir gileyi isə ürək ağrıtdı. Xətainin heykəli qarşısında şəkil çəkdirərkən onlar çox narahat oldular.
Onlar dedi ki, ya bu heykəli ucaltmayın, ya da bunun, heç olmasa 5 ildən bir çirkin yuyun. Təəssüf ki, şəhər mərkəzindəki digər heykəllərin də təmizliyi ürək açan deyil.
Fikirləşəndə ki, bütün bu işlərə, zibil qabı, heykəl yumaq işlərinə çox olsa, 100-200 manat pul lazımdır, adamın bu işlərə cavabdeh olanlara yazığı gəlir.
Redaksiyadan: Yuxarıda qeyd etdiyimiz kimi Xətai parkı bəlkə də ölkənin ən bərbad parklarından biridir.
Bu parkdakı miskin oturacaqlara dünyanın heç yerində rast gəlməzsən.
Gördüyünüz oturacaqları kənd yerlərində adamlar çəpərin qıraqlarına qoyurlar ki, axşamlar otursun. Amma bu park elə bərbaddır ki, həmin miskin oturacaqların da bəzisi sınıb, dağılıb.
Taxtası 5 ay öncə sınmış oturacağın "qəbir daşları"
Bu böyüklükdə parkda cəmi 2-3 arxası olan oturacaq var ki, onlar üçün də növbədir.
Yerli sakinlər məcbur olub, veteranlar üçün tikilən, təndirxanaya oxşayan çardaqdakı oturacaqları həmin yerdən daşıyıb, orada əyləşirlər.
Həmçinin biabırçı haldır ki, bu parkda ayaqyolu adına da heç nə yoxdur və burada dincələn yaşlı adamlar həmin səbəbdən dəfələrlə çətin duruma düşürlər.
Bir məqam da maraqlıdır. Bayraq meydanı adlanan ərazidə çoxlu oturacaq olsa da, onlarda oturmağa adam yoxdur. Lakin Xətai parkından hər gün yüzlərlə adam istirahət etmək istəsə də, nə oturacaq tapır, nə uşaqların istirahəti üçün bir əyləncə qurğusu.
Bir parkı 5-10 oturacaqla təmin edə bilmədiyimiz halda 5 ildir ki, çay qırağında bulvar tikirik.
Görəsən, orada da oturacaq olacaq, ya yox?
Doğrudanmı, bu qədər kasıbıq?
Masallı bələdiyyəsinin 15 üzvü var. Hərəsi bu parka bir oturacaq, bir zibil qabı qoysa, vəziyyət dərhal düzələr. Hamı bilir ki, həmin şəxslər bələdiyyə üzvü olmaq üçün hansı “cəzalar”a məruz qalıblar.
Sədrləri qarışıq hər bələdiyyə üzvünün danışmağa, təklif verməyə gücləri çatmasa da, heç olmasa, “lallıq”larının cəzasını belə şeylərlə ödəsinlər.
Son qeyd: Bəlkə də bizi xırda nöqsanlara çox yer ayırdığımız üçün qınayacaqsınız. Biz isə gözləyirik ki, bu xırda nöqsanlara əncam çəksinlər, keçək böyük nöqsanlara.
Bu parkdakı hamam məsələsi, ətrafındakı obyektlərin hansı fantastik qiymətlərə satıldığını biləndə, yəqin başa düşəcəksiniz ki, zibillər təkcə zibil qabından daşdanmır, burada “zibil”in içində də xeyli “bərkgedən zibillər” var.
Özünüzü “zibillərdən”qoruyun. Çalışacağıq ki, yaxın vaxtlarda sizi “canlı zibillərlə” daha ətraflı tanış edək.
Zahir