Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Neçə dil bilirsənsə, daxilində bir o qədər şəxsiyyət daşıyırsan”


Ekspert: “Psixoloqlar 6-7 yaşından sonra uşağa xarici dil öyrətməyi tövsiyə edirlər
 
Günümüzdə xarici dil bilmək o qədər vacibdir ki, özü dil bilməməkdən əziyyət çəkən və ya xarici dilləri bilməyin əhəmiyyətini duyan valideynlər çalışırlar ki, övladlarına kiçik yaşlarından bir neçə xarici dil öyrətsinlər. Əlbəttə, kimsə istəməz ki, uşağı gələcəkdə dil tələbinə görə müraciət etdiyi işdən imtina cavabı alsın və ya təhsil aldığı sahədə oxumaq istədiyi kitabları oxuya bilməsin. Elə buna görə də valideynlər uşaqlarına erkən yaşdan bir neçə xarici dil öyrətməyə çalışır, bundan ötrü uşaqlarını xarici dildə olan məktəblərə yazdırmağa üstünlük verirlər.
 
Mütəxəssislər də hesab edirlər ki, dil öyrənmək istəyənlər buna nə qədər erkən yaşda cəhd etsələr, bir o qədər də tez və səlis öyrənərlər. Məsələyə dair mütəxəssislərin münasibətləri öyrənilib.
 
“LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Nəzarət, Təftiş-Psixologiya şöbəsinin rəhbəri Aygül Məlikova hesab edir ki, uşaqlara 5 yaşına qədər ancaq bir dil öyrədilməlidir: “Uşaqlarda nitq inkişaf dönəmi 2-5 yaş aralığını əhatə edir. 5 yaşına qədər uşaq konkret olaraq bir dildə öyrənməlidir. Biz uşaqlara ancaq 5 yaşdan sonra başqa dil öyrətməyə başlaya bilərik. Lakin uşağın 5 yaşı olan kimi bir neçə dili birdən öyrətməyə cəhd etmək də doğru deyil. Normal olaraq uşaqlar bu yaşda bir neçə dili bir yerdə öyrənə bilməyəcəklər. Bu halda uşaqda öyrənmə prosesində müəyyən problemlərlə qarşılaşa bilərik. Lakin bir şeyi də unutmaq olmaz ki, hər uşaq individualdır və hər uşaqda zehni fəaliyyət, zəka-inkişaf səviyyəsi də tamamilə fərqli olur. Bu səbəbdən də biz uşaqlara 5 yaşına qədər yalnız bir dil öyrədirik, 5 yaşdan sonra isə ikinci, üçüncü dilləri də öyrətməyə başlaya bilərik. Bu zaman da bir dili öyrətdikdən sonra digərinə keçmək daha məqsədəuyğundur. Əgər uşaqlara erkən yaşda bir neçə dili öyrətməyə başlasaq, o zaman uşaqlarda anlama, qavrama prosesində müəyyən fəsadlar, kəkələmə problemi yarana bilər”.
Aygül Məlikova »
Psixoloq dilin uşaqlarda şəxsiyyət kimi formalaşmasındakı roluna da toxunub: “Bu, o demək deyil ki, uşaq hansı dili öyrənirsə, həmin dilin mədəniyyətinə də yiyələnir və yaxud da onlar kimi olmağa çalışır. Uşaqların xarakteristikası yetişdirilmə tərzlərinə uyğun formalaşır. Bu, valideynlərin tərbiyə, yetişdirmə formasından asılıdır. Mental dəyərlər, ailədaxili yanaşma, yönləndirmə və s. burada rol oynayır. Hər uşaq kimi ailə də individual olduğundan bir-birlərindən fərqlənirlər. Əgər bir valideyn uşağı rus tərbiyəsi altında böyüdürsə və yaxud da məsələlərə ruslar kimi yanaşırsa, əlbəttə ki, təsiri olacaq”.
 
Məlikova erkən yaşda uşaqlara bir neçə dil öyrətməyin nitqə təsirinə diqqət çəkib: “Erkən yaşda dil öyrətməyin gələcəkdə ziyanlı tərəflərini desək, maksimum dərəcədə ola bilər ki, bir neçə dil öyrədilmiş uşaq danışarkən (söhbət 7-8 yaşdan yuxarı uşaqlardan gedir), vakaltiklər (pauza) yarana bilər. Bizim bir düşüncə dilimiz var, bir də danışıq dilimiz. Normal olaraq çox dil biləndə insan başqa dildə düşündüyünə görə, danışarkən onu başqa dilə tərcümə edirsə, bu, vaxt alır. Bu zaman da nitqdə pauzalar yaranır, kəkələmə kimi qüsurlar ola bilir”.
 
Bəs, azyaşlı uşaqlara dil öyrədən müəllimdə hansı keyfiyyətlər olmalıdır? Bu barədə isə suallarımızı cavablandıran “PərvinMehtiyevDərsləri Schooling and Training Center”in rəhbəri, pedaqoq Pərvin Mehtiyevin sözlərinə görə, böyüklərlə uşaqlara öyrədilən dil proqramları fərqli olur: “Buna görə də böyüklərlə mükəmməl şəkildə işləyən müəllimlər var ki, uşaqlarla işləyə bilmirlər, eyni zamanda da əksinə. Çünki böyüklərlə uşaqları öyrətmə metodikası bir-birindən köklü şəkildə fərqlənir. İstər pedoqoji, istərsə də psixoloji baxımdan yanaşsaq, uşaqlarla işləməyin öz metodikası var. Burada məsələyə iki tərəfdən - həm müəllimin, həm də uşağın pəncərəsindən baxa bilərik. Uşağın pəncərəsindən baxanda nəzərə almalıyıq ki, burada valideynin də rolu var. Çünki erkən yaşlarda nəinki xarici dilin, elə öz dilimizdə də səslərin, hərflərin öyrədilməsi üçün uşağın zəkası buna 3 yaşdan sonra imkan verir. Əgər 3 yaşında bir uşağa hecalamanı öyrətsək, ola bilsin ki, fiziki olaraq reaksiya verməsin, amma intiutiv olaraq onun beyninə öyrətdiyimiz həkk olunur və bir müddətdən sonra ya hecalamanı mükəmməl bir şəkildə başa düşəcək, ya da sadəcə avtomatik formada təkrarlayacaq. Uşaqda birinci bu “avtomatlaşma sistemi”ni yaratmaq lazımdır ki, bu, müəllimin yox, valideynin məsuliyyətidir. Valideyn erkən yaşda uşağı sakitləşdirmək üçün telefonda cizgi filmi qoşmaqdansa, ona nağıl, hekayə oxumalı, kağız, qələm, rənglərlə təmin etməlidir. Ancaq bu halda uşağa öz beyninin məhsulunu üzə çıxara bilməsi üçün şərait yaratmış olarıq. Bu uşaqlarda həm öz dilimizi, həm də xarici dili öyrənmə qabiliyyəti daha yaxşı inkişaf etmiş olacaq”.
Mühasibatliq Kursları - İqtisadi Araşdırmalar və Tədris Mərkəzi
“Məsələyə müəllimin aspektindən yanaşdıqda isə həmin müəllimin birinci keyfiyyəti onun səbridir. Burada müəllim savadlı olmalıdır demirəm, çünki müəllim onsuz da savadlı olmalıdır. Uşaqlar üçün olan xarici dil proqramında səs, rəng, sadə sözlər, saymaq öyrədilir ki, bunlar da sadədir. Sözsüz ki, müəllim bunları biləcək, amma bunları çatdırmaq üçün müəllimdə müəyyən keyfiyyətlər lazımdır. Bu, birinci növbədə, müəllimin səbrdirsə, ikinci növbədə onun gördüyü işi və uşaqları sevməsidir. Əgər müəllim gördüyü işi və uşaqları sevmirsə, öyrətmək onda uğurlu alınmayacaq. Uşaqlar böyüklərlə müqayisədə daha hissiyatlıdırlar. Uşaqları sevmədən bu işi pul xətrinə görən müəllimi uşaqlar daha tez hiss edir və narazı qalırlar. Müəllimlik bir ruh məsələsidir. Mənəvi yanaşmağı, sevərək öyrətməyi bacarmalıdır. Yoxsa uşaq ondan istədiyi enerjini ala bilməyəcək”, - müsahibimiz bildirib.
 
Mehtiyev vurğulayıb ki, uşaqları erkən yaşdan çox yükləmək doğru yanaşma deyil və bu, gələcəkdə fəsadlara səbəb ola bilər: “Bu yaxınlarda bizə bir valideyn müraciət edərək, 4 yaşında olan övladına ingilis dili öyrətməyimizi istəyirdi. Azərbaycan dilində uşağın danışa bilib-bilmədiyini soruşdum. Məlum oldu ki, uşaq hələ ana dilində danışa bilmir. Amma valideyn israrlı idi ki, bəs necə olur, ingilislərin uşağı ingiliscə danışır. İzah etdik ki, həmin uşaqlar 24 saat ingilislərin arasında olur, əgər sizin uşaq da bütün günü ingilis dili ilə əhatə olunacaqsa, gətirin, öyrədək. Əks halda siz evdə Azərbaycan dilində danışacaqsınızsa, ona ingilis dilini dediyiniz kimi erkən yaşdan mükəmməl şəkildə öyrətməyimiz mümkün deyil. Buna görə də, hətta, xüsusi istedadlı uşaqlara belə, psixoloqlar 6-7 yaşdan sonra xarici dil öyrətməyi tövsiyə edirlər. Uşaq ən azından dil öyrənməyin nə olduğunu dərk eləməlidir”.
 
“Mən özüm 10 yaşa qədər uşaqları götürmürəm, 10 yaşdan sonra isə böyüklərin proqramını tətbiq edirəm. 10 yaşdan əvvəl uşaqları dil kursuna götürən müəllim, xüsusilə uşaqlarla işləyən müəllim olmalıdır. Onların proqramları fərqli, əyləncəli olmalıdır. Uşağın beynini bir ələk kimi düşünmək lazımdır. Obrazlı desək, ələyə tökdüyümüz unu ələmədən, ora buğda tökməməliyik. İmkan verək, uşaq ana dilini öyrənsin, nəyi daha yaxşı qavradığını müşahidə edək, meyilli olduğu istiqaməti aşkarlayaq və ondan sonra istiqamətləndirək. Bəzən valideynlər uşaqlarını bir neçə kursa yazdırırlar. Baxırsan ki, uşaq bir kursdan çıxır, o biri kursa gedir. Bu halda da həmin uşaqlar çox vaxt gələcəkdə daha uğurlu olmaq əvəzinə, yaşıdlarından geri qalırlar”, - deyə pedaqoq fikrini tamamlayıb.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10