Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BİZİM VƏTƏN PƏRVANƏSİ – QƏNİRSİZ QƏNİRƏ...


                              

                                                        “Oxunacaq ən böyük kitab insandır”
                                                    Böyük sufi şeyxi, övliya Hacı Bektaş Vəli

YOL: “Tanrım, yaxşılara tən gətir məni” diləyi ilə uzun bir yolçuluğa çıxan Qənirə xanım Paşayeva yoruldum demədən təkcə Odlar yurdumuzun deyil, həm də bütün türk xalqlarının pərvanəsinə dönüb, böyük ÜMİDLƏRİN qanadlarında dünyanı dolanır.  Eramızdan əvvəl yaşamış çin filosofu  Lao Szı “Min  kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır” - demişdi.  Amma müasirimiz Qənirə xanımın yozumuna görə Böyük Yol  ilk öncə özünə yolçuluqdan başlayır. Fikrimcə, İNSANI dünyanın o başına aparıb çıxaran Yol(lar) həm də  onun  özünə uzaqdan boylanmasıdır. Bəlkə ona görədir ki, məsafəsindən asılı olmayaraq   dünyanın hansı qütbünə getsə də Qənirə xanım  oradan  işğal altında qalan yurd yerlərimizə sarı boylanır. Axı  bizim Vətən pərvanəsinin qibləsi Qarabağdır:

Harda olsaq fərqi yoxdur
Qibləmizsən, xan Qarabağ!
Harda olsaq fərqi yoxdur,
Səninləyik, can Qarabağ!
Sən canımız, sən qanımız,
Sən ən qutsal amalımız,
Sən ən böyük sevdamızsan,
can Qarabağ!

Müqəddəs DUA  kimi səslənən bu misralar Qənirə xanımın kövrək duyğularından cilalansa da, zamanın üst qatında  Azərbaycan qadınının əqidəsini, Vətən məhəbbətini, milli ləyaqət çalarlarını obrazlı şəkildə özündə əks etdirir.  
AMAL: Ali məqsədinə, amalına  körpü salan  YOL(lar)la dünyaya Azərbaycan  havası  aparan Qənirə xanımı həmisə VƏTƏN sevgisi əsgər kimi müşayiət edir. Qürbətdə ən yüksək kürsülərdən Vətənimizin Qarabağ  dərdini, XX əsrin  ən dəhşətli bəşəri faciəsinin -  Xocalı soyqırımının  iztirablarını dilə gətirir.  O, “dünyanı”  kəşf etdikcə  onun  köhnəlməyən “yeni-yeni” Azərbaycan sevgisinə yaxından  bələd  olur.  Görüb, duyur, bilir ki,  öz işığını, nurunu  dünyadan  əsirgəməyən  Azərbaycanın başına dünya da elə  pərvanə  kimi  fırlanır. Və bu  həqiqətin işığına qərq olan  yorulmaz  könlü ona belə misraları pıçıldayır:

Yoruldum deməyi sevməyən könül,
Artıq anlayır ki, bu dünya nədir.
Hərlənir, fırlanır, dönür başıma,
Dünyanın özü də bir pərvanədir!

Burada lirik MƏN  Azərbaycanın özüdür.  Dünya Azərbaycanın başına nəyə görə  dönür məlumdur. Amma sanki  Odlar yurdunun  yeraltı sərvətlərini  santimetrinəcən görən dünya onun  yer üstündəki Qarabağ boyda ağrısını “görmür.” Şairlik iddiasıyla şeir yazmasa da  Qənirə xanım Tanrıdan gələn  işığı  şövqlə  səsə, sözə çevirir. Onun  poetik fikirlərin  yiyəsi  kimi kürsülərdən bəlağətli  nitqi  adamda xüsusi bir fərəh, iftixar hissi oyadır.  O,  harda  türk görürsə, ona qürurla, ərklə  ucadan  “Biz Yunis İmrənin nəvələriyik”  - deyir, qəlbindəki  sevgi dolu fikirləri,  duyğuları türkün döyüş  atı kimi şahə qalxır. İçindən şölələnən  türkçülük məşəli dünyanın ən soyuq güşəsində də qədim oğuz boylarından olan adamın içini qızdırır.  O, haqsızlıq və ədalətsizliklərin daha da artdığı bir dünyada özümüzü qoruya bilməyin tək yolu güclü olmaqdan, birlik və bərabərlikdən keçdiyini bəyan edir... Qənirə xanım Türk dünyası gənclərini birliyə, bərabərliyə, bir-birinə daha çox sahiblənməyə və işbirliyini artırmağa çağırır. Türkçülüyün "Böyük şərə qarşı böyük xeyir" düsturunun məntiqini izah edir. Kitabları qardaş Türkiyədə, Özbəkistanda, Azərbaycanın qədim paytaxtı Təbrizdə nəşr olunub.  Səsi  İsraildən, Amerikadan, Qərbi Avropadan, qədim türk ellərindən, oymaqlarından  gəlir. Bir də baxıb  görürsən  ki, o, əsgər qiyafəsində Tovuzdadı... İstər-istəməz bu xanım millət vəkilinin daxili  enerjisinə mat qalırsan!  Düşünürsən, onda  bu qədər enerji  hardandı?  Görəsən bu gün  ölkəmizi  onun hüdudlarından kənarda Qənirə xanım kimi  təmsil edən və  ölkə daxilində öz seçicilərinin (hətta seçicisi olmayanların) maraqlarını nəzərə alıb  onlar üçün çalışan neçə millət vəkili var? Əgər bunu o, bacarırsa,  onda başqası niyə bacarmasın?!
SEVGİ: Deyirlər, sevgi və mərhəmət duyğusu Tanrıdan, kin və ədavət isə şeytandan qaynaqlanır. Yer üzünü Bəni-Adəm üçün beşik halına gətirən uca Yaradanı  hamımız eyni cür sevirikmi?  Axı  dünyada Yaradanı, eləcə  də  yaradılanı sevməyənlər şeytan xislətli, faşist ruhu daşıyan adamcığazlar həmişə  olub. Bu gün də var!  “Dəmir xanım” ləqəbi qazanmış Qənirə  Paşayeva  belələrinə  qarşı  partizancasına mübarizə  aparan  ictimai –siyasi xadimlərdən biridir.  O, tarixi dəlillərlə Türkiyənin tanınmış Show TV kanalının “Siyasət meydanı” proqramında  erməni araşdırmaçı Harutyun Filyanı təkbətək “döyüşdə” susdurmuşdu.  Eləcə də Azərbaycan nümayəndə heyətinin üzvü kimi AŞPA-da  Zori Balayanın ermənilərin Xocalıda törətdikləri soyqırımından bəhs edən "Ruhumuzun dirçəlişi" kitabı barədə çıxışı terrorçu erməni müəllifin  kürkünə möhkəm birə salmışdı...   
  "İztirab insanı yaşlandırır"- deyirlər. Bəlkə də, İZTİRAB insanda  mübarizlik ruhunu dirçəldir,  deyilsəydi daha doğru olardı. Uşaqlıq çağlarında Janna Darkı özünə ideal seçən Qanirə xanımla söhbət edən adam  öz aləmindən ani uzaqlaşır, bir növü sufiləşir:

                                 Mən Yunusu, Mevlananı anladım, 
Mən Şəms adlı o günəşdən od aldım.
Səni bulan Aşiqlərdən yol aldım, 
Qapını aç bu quluna, ey Rəbbim!. 
                              
 İlk dəfə  mən  bu incə ruhlu xanımın  “Hər nə ararsan özündə ara...”  essesini  oxuyanda  daxilində  çağlayan  sufilik çeşməsini hiss etmişdim. Bir müsahibəsində Şəms Təbrizinin aşiqi olduğunu dilə gətirən Qənirə xanım etiraf edir ki, içimdə bir dərvişlik, sufilik var...
Qənirə xanımın yazır: "Sevgilərin ən alilərindən olan Vətən sevgisi hər bir şəxsə kiçik yaşlarından aşılanmalı, kimliyi, özünüdərki, dünyaya, olaylara, insanlığa baxışı bu sevginin fonunda təcəlla etməli, formalaşmalıdır."  Ona  görə,  ruh hər şeydən yuxarıdı, eşq ağıldan üstündür, dünyaya gərək eşqin gözüylə baxasan... Eləcə də  bütün dünya Yaradanın sevgisidirsə, demək, bundan böyük sevgi yoxdur... Bu gün daha çox  sevgidən  yazmağın vacibliyini izhar edən  Qənirə  xanım “Onun Sevgi məktubları”   kitabında özünün də qeyd etdiyi kimi,  sevginin insanı necə ucaltdığını göstərmək istəyib. “Çox istərdim ki, gənclər bu kitabı iki insanın bir-birinə olan sevgisi kimi yox, onun içərisindəki daha dərin mənaları kəşf edərək oxusunlar.” Qənirə xanım ücün  bəşəri müstəvidə sevgi öz aktuallığını qoruyub saxlayır, təravətini itirmir.
Volter deyirdi ki: Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir.  Millət vəkili Qənirə Paşayevanın “Dünyanın itirdiyi böyük insan” kitabı Türk dünyasının qüdrətli  dövlət  xadimi  Mustafa Kamal Paşaya heyranlıq  hissləri ilə  qələmə alınıb...  Qardaş Türkiyə xalqının sevgisini qazanmaq  nə taleyin  işidir, nə də qismətin... Bu sevgini, bu məhəbbəti  Qənirə xanım öz zəhməti  sayəsində, yorulmaz fəaliyyəti ilə qazanıb!
İSTƏK: Hər birimiz layiq olduq, ya  olmadıq,  çox qazanc əldə etmək, gəzmək,  yaxşı istirahət, gözəl geyinmək, bir sözlə firavan yaşamaq istəyirik… Amma əlimizdə olan aza qane olub, Allaha şükür etmirik. Və möcüzə gözləyə-gözləyə əlçatmaz xəyallara düşürük. Qənirə xanım “İnsan nə istəyir?..”  essesində belə bir insanın obrazını yaradır. Çörəyi daşdan çıxan  kasıbı  göydən gələn mələk hər arzusuna çatdırır. Hətta onu kral edir. Kral özündən də güclü Günəşə dönür, amma yerlə onun arasını bulud kəsir. Mələk onu arzuladığı kimi, bu dəfə də bulud edir, bulud yağışa çevrilir, yağışlar torpağa axır, evləri, tarlaları sel basır. İnsanlar pərişan olur. Amma suların qayalara gücü ərişmir. Bu dəfə  bulud  qaya olmaq istəyir, mələk dərhal onu arzusuna çatdırır. Bu zaman  bir adam gəlib əlindəki çəkiclə ondan parçalar qoparmağa başlayır.  Adamdan zəif olduğunu düşünən  qaya peşmanlıqla hayqırır:“İnsan olmaq istəyirəm!” Mələk onun dilədiyini yerinə yetirir. İnsan yenə də qayalardan daşları qoparmağa davam edir,  işi ağır, qazancı az  osa da həyatı sevir və xoşbəxt olur. Müəllif  oxucusuna həyatın qədrini bilməyi,  hər saniyənin, hər dəqiqənin, hər anın dəyərini bilərək yaşamağı və hər zaman Allaha şükr etməyi tövsiyə edir. “Şükr et! İstədiyini əldə edincə şükr etmək asandır. Sufi, diləyi həyata keçməyəndə də şükr edə biləndir.” (Ş.Təbrizi)

XEYİRXAHLIQ:  Millət vəkili Qənirə Paşayeva "Səni Allaha Eşq götürür"  kitabının imza günündə əldə olunan bütün gəliri  imkansız  bir ailənin ağır cərrahiyə  əməliyyatına ehtiyacı olan 11 yaşlı xəstə qızına bağışladı. Qeyd edək ki, kitabda Qənirə xanımın müxtəlif vaxtlarda yazdığı məqalələr, üzləşdiyi, yaşadığı, şahidi olduğu, duyduğu bir sıra həyat hekayələri, esselər, bəzi şeirləri və paylaşdığı fikirləri (seçmə deyimlər) toplanıb. Kitabda  müəllifin məqsədi maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır. Ön söz yazdığı və "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın rəhbərliyi ilə ərsəyə gələn “Vətən, Bayraq, Millət” şeirlər antologiyası  da Qənirə xanımın xeyirxahlığının bariz nümünəsidir. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan - Vətən andı, torpaq məhəbbəti, həyat-tale və başqa ictimai mövzularda yazılmış ən gözəl 100 şeirin toplandığı  kitab diaspor təşkilatlarına, universitetlərə, kitabxanalara və gənclər mərkəzlərinə hədiyyə edilmişdir. Mən hələ onun həyat yolundan yazmaq, imkanı az olan ailənin uşağını mənəvi övladlığa qəbul edib,  atasız-anasız uşaqları qəyyumluğa götürdüyündən söz açmaq istəmirəm. Çünki büsbütün sosial İNSAN olan  bu xanım  özü barəsində deyir:  

Yoruldum deməyi sevməyən məni,
Həyat elə yordu, yorğun yolçuyam.
Nə yaxşı içimdə heç yorulmayan,
İnsanlıq adında İNSANLIQ qalıb!..

MÖCÜZƏ: Həyatımız Tanrının möcüzələri ilə  zənginləşir. Qənirə xanımın “Möcüzələrə inanırsınızmı?” adlı bədii - publisistik, həm də sufiyana ovqatla qələmə aldığı  gerçək həyat hekayəsi əslində,  böyük romanın mövzusudur. “Dünya qəlbində sabaha ümidi bol olanlarındı… Dünya qara gələn qaranlığa şam ola bilənlərindi” deyən müəllif əlil arabasına möhtac olan  Aybəniz adlı  bir xanımın həyatına, iztirabları, nisgili və iç dünyasına işıq salır: “Taleyi ona bəxş etdiyi gözəlliyi, həyat sevgisini, inamı, inadı ayaqlarında saxlamışdı. Elə bil sonsuz göylərin əngin dərinliklərində uçmaq həvəsiylə dünyaya göz açan quşcuğaz qanadlarından vurulmuşdu; cəhd edirdi, çabalayırdı, bütün iradəsini, qüvvəsini toparlayırdı, ancaq heysiz qanadları hər dəfə onu yenidən məyus edirdi. Geniş qanadları uçmağa həsrət bir quş taleyini yaşayırdı balaca Aybəniz.”  Övladının “yeriyən ayaqları”  olmağı azru edən  ana, “buxovlu ayaqlarının xəcalətini çəkən” qızcığaz, Sınıqçı Nəriman kişi,   boğazından qıpqırmızı qan fışqıran at,  “o yazıq atın qanını  ləzzətlə yalayıb, sümüyünü gəmirən kənd itlərinin “bayram etməsi” , Aybənizin yeriyən ayaqları, gülən gözləri  olmaq istəyən Bəynəzər və sairə epizodlar qəmli bir filmin epizodları kimi göz önündə canlanır. Özü də  müəllifin düşündüyü müsiqinin müşayiətilə: “Burada, məhz bu məqamda mən bir neçə sətrin, cümlənin yerini boş qoymaq istəyirəm. Çünki o sətrin, cümlənin yerini sözlə yox, səslə – məhz İlahidən gələn səslə, tar mizrabı, kaman qələmçəsi ilə demək, söyləmək olar. Bu boş cümlənin, sətrin yeri qoy “Bayatı-Şiraz”a, “Bayatı-İsfahan”a, “Zabul-Segah”a qalsın.” Nəhayət, Aybənizin gözlərində “Yusif peyğəmbərin düşdüyü quyuya dönmüş dünya”da möcüzə baş verir. Bəynəzərlə ailə quran Aybənizin hamiləliyinin dördüncü ayında ayaqları açılır. Qısası, bu gerçək həyat hekayəsi kreativ film üçün  mükəmməl ssenari mənbəyidir.
Tanınmış türk şairi Tofiq Fikrətin sözüdür: "Qadınlar bəşəriyyətin tərbiyəsinə filosoflardan daha çox xidmət göstərmişlər."  Mən  bu fikri həm Qənirə xanıma, həm də onun qəhrəmanı - sarsılmaz iradə sahibi olan Aybəniz xanıma şamil edirəm. İlahi eşq yolçularının mükafatı  elə  İlahi sevgidir...
VAXT: O, canına-iliyinə uşaqlıq çağlarından hopmuş vaxtı idarə etməyi məharətlə bacarır. Bəlkə elə ona görə də bir kitabına “Hesab vaxtı" adı verib.  Vaxtilə  tele –jurnalist kimi qaynar nöqtələrə getdiyi  vədələrdə “Dünyanı yalnız bir əl idarə edir, o da Tanrının əlidir” deyiminə inam hissi  onu dəfələrlə ölümdən qurtarmışdı. Dünayanın qan çanağı, hər tərəfi ölüm qorxulu Əfqanstanda olmuşdu,  Bağdadda qaldığı oteli tərk edəndən  yarım saat sonra ora  bombalanmışdı, “Röyter”in jurnalisti Qənirənin gözü qabağında öldürülmüşdü. Millət vəkili kimi fəaliyyəti çoxsahəli  olan Qənirə xanım  həkim kimi işləməsə də, bu ixtisas üzrə aldığı bilik 2012-ci ildə Somalidə onun köməyinə çatmışdı.
Dörd çağırış  ardbard Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən  Qənirə xanımla  ən dar məqamda – qısa vaxt çərçivəsində kəlmə kəsmək  Allahın  hər adama lütf eləmədiyi  əsl sadəliklə tanış olmaq imkanıdı...  Belələri  həm Tanrının, həm də bəndələrin seçdiyi İNSAN taleyini yaşayırlar.  Haqsızlıq görməkdən yorulan insanlarla həmsöhbət olmaq üçün görəsən  bir millət vəkilində daha hansı insani keyfiyyətlər olmalıdır?  Qənirə xanımla söhbət edən adamın daxilində sabaha İNAM hissi baş qaldırır. Mənə elə gəlir Qənirə xanım həmsöhbət olduğu adamın həm də ruhunu görür. Kövrək  qəlblərin  musiqisini eşidir. Axı o, düz yeddi il musiqi təhsili alıb. Musiqi  ruha qida verir, vaxt isə ekranda-efirdə, divar saatının  çıqqıltısında, meşin qapılar arxasında əriyir... 
QAPI: Qənirə Paşayevanın özbək dilində “Aç qapını” adlı kitabı çap olunub. Mən  ötən il Özbəkistanda təqdimatı keçirilən o kitab haqqında yox,  bu  ilin  martından Milli Məclisdə Mədəniyyət komitəsinin sədri  missiyasını yerinə yetirən Qənirə Paşayevanın hamının üzünə açıq olan qapısından söhbət açmaq istərdim. Günlərin bir günü bu qapıya təşrif gətirən balaca rəssamla Qənirə xanımın söhbətinə qulaq müsafiri oldum. “Biləsuvarda sərgini təşkil eldəndən sonra mənə zəng elə, o sərgiyə deputat həmkarlarımı da dəvət edəcəyəm, bəyəndikləri şəkillərindən alacaqlar.” Sonra mən o balaca rəssamın daxilinə dolan işığı  gördüm. O  işığın zərrələrindən tuta-tuta  çəkdiyi rəsm əsərlərindən birini Qənirə xanıma “hədiyyə” gətirmişdi.  O balaca rəssamın içində vurnuxan ilahi  musiqi fırçasında “gül” açmışdı. 
      O  gün  illərlə meşin qapılar arxasında  VAXT itirən,  həmin qapılardan içəriyə nə özü, nə sözü keçən yaradıcı adamları göz önünə gətirdim. Sevindim ki, o  balaca rəssamın üzünə  açılan QAPI onun istedadına qol-qanad verəcək. O gündən  içimdə yorulmadan qaçan atın ayaq səslərini eşidirəm. Oğuz elinin əfşar boyundan  Böyük Yola çıxan atlı keçmişdən gələcəyə -Turan  elinə gedirdi...
 SON SÖZ YERİNƏ DUA:  İlahi, “Allah, sevən qəlblərdədir”  deyən bizim Vətən pərvanəsinin - qənirsiz  Qənirənin yorulmaz və mübariz  ruhuna güc-qüvvət ver, əzmkarlığına əzm qat,  ona “tonqala atılan Jannadan, Vətən ugrunda Kirin başını kəsən Tomrisdən, İsgəndərə ədalət dərsi keçən Nüşabədən, sevgi şəhidi Leylidən çox yaşadığına”, amma  onlardan heç biri  ola bilmədiyinə, “gəncliyini, sevdanın dadını savaşlarda itirdiyinə” görə tükənməz SƏBR əta elə!.. İlahi,  ondan və onun timsalında  bütün qeyrətli, fədakar, vətənpərvər  Azərbaycan qadınlarından anamız Tomrisə bəxş etdiyin  zəfər sevincini əsirgəmə!..  Yarəb, belə bir günü  xalqımıza  tezliklə nəsib et, Sən haqlını-haqsızı görən,  hər şeyi bilən, hər şeyə qadir güc və qüdrət sahibisən!..

Nurəddin ƏDİLOĞLU.
15.09.2020






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10