Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyənin dərin böhrana girməsi Azərbaycana da zərbədir


“Moody’s” beynəlxalq reytinq agentliyi ötən həftə sonu Türkiyənin kredit reytinqini aşağı endirib.
Türkiyənin kredit reytinqi B2 səviyyəsinə endirilib və bu, investisiya səviyyəsindən 5 dərəcə aşağı sayılır. Belə səviyyə “spekulyativ” və ya “zibil” dərəcə də adlandırılır. “Bloomberg” agentliyinin yazdığına görə, bu, Türkiyənin ən aşağı kredit reytinqidir və tədiyyə balansında böhranlı vəziyyətin yarana biləcəyindən xəbər verir. “Moody’s” Türkiyə üçün neqativ proqnozunu da saxlayıb və bildirib ki, ölkənin maliyyə göstəriciləri gözlənildiyindən daha tez pisləşə bilər.
Xatırladaq ki, “Moody’s” Türkiyənin kredit reytinqini bir il əvvəl azaltmışdı və indi bu səviyyə S&P qlobal reytinq dərəcəsindən 1, “Fitch” reytinqindən isə 5 bal aşağıdır. Türkiyənin reytinqi 2016-cı il çevriliş cəhdinə qədər üç kredit reytinqi agentliyindən ikisi tərəfindən investisiya dərəcəsindən yuxarı qiymətləndirilirdi.
“Bloomberg” yazır ki, Türkiyədə aparılan kredit stimullaşdırması siyasəti inflyasiyaya və milli valyutanın zəifləməsinə səbəb olub. Türkiyə inkişaf etməkdə olan iqtisadiyyatların arasında özünün qızıl-valyuta fondunu ən tez xərcləyən ölkədir. Dövlət bankları lirənin dəyərdən düşməsinin qarşısını almaq üçün bazara müdaxilə edirlər. Bütün bunlara baxmayaraq, hökumət özünün maliyyə siyasətini dəyişmək niyyətində deyil.
Azərbaycanın keçmiş maliyyə naziri, professor Saleh Məmmədov “Pressklub.az”a bildirdi ki, Türkiyənin iqtisadi vəziyyəti ağırdır və getdikcə pisləşir. Onun sözlərinə görə, yaranmış vəziyyətin əsas səbəbi hakim partiyanın qeyri-effektiv daxili və xarici siyasətidir:
“Bu vəziyyət məni, eləcə də bütün türkiyəsevərləri çox narahat edir. Yalnız ona görə yox ki, qardaş ölkədir. Həm də ona görə ki, qardaşımızın vəziyyətinin gərginləşməsi bilavasitə bizə də ciddi zərbə olacaq. Əvvəla, Azərbaycan Türkiyəyə böyük sərmayə yatırıb. Bu sərmayə Türkiyənin iqtisadi vəziyyəti pisləşdikcə dəyərsizləsir, qiymətdən düşür. İndiki şəraitdə on il bundan əvvəl qoyulan sərmayəni bu gün satışa çıxarsan, 3-4 milyard gətirməyəcək. İki-üç il də belə davam etsə, artıq geri donüş milyonlarla ölçüləcək”.
S.Məmmədov qeyd etdi ki, Türkiyənin kredit reytinqinin aşağı salınmasında 3 əsas faktor rol oynayır. Bunlar geopolitik risklər, tədiyyə balansının ağır durumu və dövlət borclarının ödəmə növbəliliyi kimi amillərdir:
“Hesab edirəm ki, bu amillərin hamısı ölkə prezidentinin düşünülməmiş xarici siyasəti ilə əlaqədardır. 2002-ci ildən 2012-ci ilə qədər Türkiyə sürətli inkişafa istiqamətlənmiş və ölkə xarici investisiyaların üzünə açılmışdı. Bu dövrdən sonra sanki bütün tədbirlər ölkəyə valyuta daxil olmasına qarşı yönəldi. AKP hakimiyyətə gələrkən ölkənin valyuta rezervləri 27,5 milyard dollar, xarici borcları 113,7 milyard dollar, mənfi saldo isə 86,2 milyard dollar olmuşdu. Bu gün toplam valyuta rezervləri 82 milyard dollar, xarici dövlət borcları 431 milyard dollar təşkil edir ki, bunun da mənfi saldosu 350 milyard dollardır”.
Keçmiş nazir Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinin ilk dönəmind qazanılan nailiyyətlərin əsasən xarici borcların artırılması hesabına əldə olunduğunu söyləyib:
“Xarici borcların əsas hissəsinin ödəmə vaxtı çatıb. 2020-ci ildə ölkənin 170 milyard dollar borc ödəməsi var. İxracat bu ilin 8 ayı ərzində 94 milyard dolları keçməyəcək, il ərzində isə 140 milyard milyard dollara çata bilər. Belə olan halda, dünyada 80% pulların sərəncam verəni olan Qərb dünyasına Türkiyə prezidentinin meydan oxuması, böyük məbləğdə valyuta gətirən Ayasofiya məbədi haqqında Atatürkün qərarının kobud şəkildə ləğv edilməsi, bir neçə xarici və daxili investorun əmlakının yağmalanması, sahiblərinin həbs edilməsi bütün xarici maliyyə kanallarının bağlanmasına gətirib çıxarıb. Mənə elə gəlir ki, qardaş ölkənin maliyyəçiləri ölkənin maliyyə vəziyyətinin nə qədər təhlükəli vəziyyətə gəldiyini hələ tam anlaya bilməyiblər. 140 milyard dollar ixracatla 200 milyard dollar idxalı təmin edib, əlavə illik 170 milyard da xarici borc ödəməsinin altından necə çıxacaqlar? Beynəlxalq təşkilatlar da bu qədər kredit imkanından məhrumdur. Keçən rüb Ümumi Daxili Məhsulun həcmi 31% azalıb”.
S.Məmmədovun sözlərinə görə, əslində pandemiya dövrü Türkiyənin xeyrinə işləməli idi, çünki onun əsas idxal malı olan neft və qazın qiyməti kəskin düşüb: “Tədiyyə balansının vəziyyəti xeyli yüngülləşməli idi. Amma əks tədbirlər nə qədər zəif olub ki, heç bu üstünlük də ölkənin vəziyyətinə az da olsa, müsbət təsir edə bilməyib”.
S.Məmmədov hesab edir ki, aparılan siyasət Türkiyənin düşdüyü böhranlı vəziyyətdən çıxması üçün ayaq yeri qoymayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10