Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ədalət mühakiməsizliyi…


“Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”.
Bu sözlər prezidentin 2 aprel, 2019-cu ildə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın giriş hissəsində qeyd olunub. Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına, Baş Prokurorluğa, Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə geniş tövsiyələrin əks olunduğu sənəddə yazılıb:
1. Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər…
3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər:
3.3. Hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması…
Fərmanın imzalanmasından ilyarım vaxt ötüb. Bu sahədə hansı islahatlar həyata keçirilib, fərmanın icrası təmin olunubmu?
Mediadan tez-tez hakimlərin səlahiyyətinə xitam verilməsini, onlara töhmət elan edilməsini oxuyuruq. Son bir ildə fərmandan irəli gələn tövsiyələrə uyğun olaraq, xeyli sayda məhbus vaxtından əvvəl həbsdən azad edilib. Bu il yanvar ayının 1-dən inzibati-iqtisadi məhkəmələr ləğv olunub, Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki şəhərlərində inzibati məhkəmələr və kommersiya məhkəmələri təşkil edilib. Xeyli hakim təqaüdə göndərilib, onları yeniləri əvəz edib. Şikayətlərin qeydə alınması, işlərə tez baxılması, elektron kargüzarlıq sisteminin yaradılması və başqa texniki məsələlərdə də irəliləyişlər gözə dəyir.
Bəs, ədalət mühakiməsinin təmin olunması sahəsində necə, dəyişiklik varmı?
Hazırda gündəmin əsas mövzsu olan Tofiq Yaqublu işində ortaya çıxan mənzərə bu sahədə biabırçı təcrübənin tam gücü ilə davam etdiyini göstərir. Xatırladaq ki, T.Yaqublu Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. Məhkəməyə ittihamı təsdiqləyən heç bir dəlil təqdim olunmasa da, Yaqublunun və onun müdafiəçilərinin qadırdıqları vəsatətlər rədd edilib.
Ədalətsizlik təkcə Tofiq Yaqubluya qarşı törədilməyib. İyunun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək mitinqində iştirak edən bir sıra müxalifətçilərin həbsi və onlara qarşı irəli sürülən ittihamların məhkəmələr tərəfindən dəstəklənərək həbs-qətimkan tədbirlərinin seçilməsi də eyni dərəcədə əsassız görünür. Müdafiəçilərinin bildirdiyinə görə, 14 iyul gecəsi ümumiyyətlə, evindən bayıra çıxmayan AXCP funksioneri Fuad Qəhrəmanlıya qarşı CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə yanaşı, 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsi ilə də ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. AXCP-nin 15-dən artıq üzvü bu maddələrlə ittiham olunur, bu günlərdə prokurorluğun təqdimatına əsasən onların həbs müddətləri uzadılır…
Ədalətsiz məhkəmə qərarları təkcə siyasi xarakterli həbslərlə məhdudlaşmır. Az qala hər gün sosial şəbəkələrdə, mətbuatda məhkəmə hökmlərindən və qərarlarından narazı qalan vətəndaşların şikayətləri yayılır. Siyasi sifarişlərdə tərəddüdsüz icraçı olan bəzi hakimlər qeyri-siyasi işlərdə öz maddi maraqlarını güdürlər. Vətəndaşları məhkəmə dəhlizlərində süründürən, var-yoxdan çıxaran, hətta ölümlərə, intiharlara yol açan ədalətsiz və ya şübhəli qərarlar saysız-hesabsızdır.
Azərbaycanda ədalət mühakiməsinin qüsurları Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında da təsbit olunub. Dövlət dəfələrlə cərimələnib və bu proses davam edir, amma illərdir sürən bu mənfi tendensiya dayandırılmır. Dövlət vətəndaşların vergiləri hesabına cərimləri ödəyir, qanunsuzluğa imza atan hakimləri, müstəntiqləri isə cəzalandırmır. AİHM-in presedent xarakterli qərarları Azərbaycanda heç bir presedent yaratmır.
Beləliklə, prezidentin ilyarım əvvəl imzaladığı fərmanın əsas hissəsi hələ icra olunmamış qalıb. Görəsən, hakimiyyəti cəmiyyətlə qarşıdurmaya sürükləyən, ölkədə gərginlik yaradan hüquqi nihilizm nə zamana qədər davam edəcək?

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10