Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Neft dollarları içində boğulan futbolumuz – “Paltaryuyan maşın”


Futbolçularımız tox qarına bahalı idman maşınlarında şütüyürlər və onları hansısa uğur maraqlandırmır
 
Azərbaycan nefti bəzən ölkə üçün böyük bir problemə çevrilir. Xeyr, bu gün siyasətdən, iqtisadiyyatdan və cəmiyyətdən tutmuş həyatımızın bir çox sahələrinə neftin mənfi təsirlərindən danışmaq istəmirəm. Hətta, idman sahəmiz belə, qalın bir mazut qatı ilə örtülüb.
 
İlk baxışdan burada pis bir şey yoxdur. Neftin "yaşıl" nəticələri ilə dünyanın ən kütləvi idman növünü - futbolu inkişaf etdirməliyik. Amma yox! Ölkəmizdə, məhz neft dollarları, daha doğrusu, idman patronları tərəfindən onların yanlış istifadəsi futbolun inkişafı üçün böyük bir maneəyə çevrilib.
 
Yəqin ki, söhbətin nədən getdiyini artıq başa düşdünüz. Bəli, başıbəlalı futbolumuz haqqında danışırıq. Azərbaycan Avropa Liqasının debüt matçında öz evində, kiçik Lüksemburqa 1:2 hesabı ilə məğlub oldu. Matçın 26-cı dəqiqəsində Mahir Əmreli qırmızı vərəqə alaraq, komandasını azlıqda qoydu. Buna baxmayaraq, ilk hissənin sonunda millimiz hesabı açmağı bacardı, 43-cü dəqiqədə Ramil Şeydaev qol vura bildi.
 
İkinci hissənin əvvəlində qonaqlar tarazlığı bərpa etdilər. Anton Krivotsyuk 48-ci dəqiqədə topu öz qapımıza çevirdi. 72-ci dəqiqədə qonaq oyunçu Gerson Rodrigez komandasını önə keçirdi. Millimizin yeni baş məşqçisi De Byazinin debüt matçı məğlubiyyətlə başa çatdı.
 
Məşqçi özü matç sonrası mətbuat konfransında üzündə təbəssümlə bütün zərbəni öz üzərinə götürdü: “Məğlubiyyətdə kim günahkardır? Əlbəttə ki, məşqçi həmişə günahkardır. Yəni günahkar artıq var, narahat olmayın”.
 
Xarici məşqçiləri əlcək kimi tez-tez dəyişdirmək artıq Azərbaycan millisinin ənənəsinə çevrilib. Bu situasiyada AFFA-nın da marağı var: bu qurumun rəhbərliyi xarici bir məşqçinin möcüzə nəticəsində, ən azı bir bal toplayacağına inanır və yerli mütəxəssislərə güvənmir.
Azərbaycan - Lüksemburq matçı başladı | Report.az
Bəs, niyə qələbə əldə edə bilmirik? Nədə səhv edirik? Bu gün yerli futbolun vəziyyəti müstəqlliyin ilk illərindəki ilə nəinki eyni vəziyyətdə, hətta, bəlkə ondan da pisdir. Müxtəlif futbol layihələrinə bu qədər böyük pullar sərf edilir, amma HOST qrupunun məşhur mahnısında deyildiyi kimi: “Qələbə! Qələbə! Qışqırırıq. Hesab eynidir!”.
 
“Neftin bura nə dəxli var”, - deyəcəksiniz. “Biz futbol oynaya bilmirik nə, nə edək?” – başqa biriniz bildirəcəksiniz. Amma oynamağa cəhd etdikmi? Rövnəq Abdullayevlə ölkədə futbolu inkişaf etdirmək mümkündürmü? Müxtəlif stadionlar və digər idman bazalarının tikilməsindən başlayaraq, Azərbaycan çempionu olmuş, sonra unudulan “birgünlük” klublara qədər yerli futbola milyardlar xərclənib.
 
Digər problem azərbaycanlı futbolçuların klublarında yüksək maaş almasıdır. Azərbaycan standartlarına görə verilən yüksək maaşlar həm yerli çempionatda, həm də beynəlxalq məkanlarda yerli komandaların oyunu ilə özünü doğrultmur. Yaxşı ki, futbolçuların maaşları vergi ödəyicilərinin hesabına verilmir. Əks halda futbolçulara maaş vermək üçün bəzi sosial layihələrin ləngiməsi labüd olardı. Bu pulun bir hissəsi AFFA, bir hissəsi isə klub sahibləri tərəfindən verilir, yəni yenə kluba yaxşı gəlir gətirə bilən geniş planlı bir biznes layihəsi olaraq deyil, yaxşı bir "paltaryuyan" kimi investisiya qoyan bürokratik aparat...
 
Heç kim klublardan heç bir qazanc gözləmir. Azərbaycan klubları olmalı olduğu üçün var. Ona görə yox ki, savadlı idman müdirləri klublar üçün investorlar, sponsorlar, reklamçılar axtarır, mövsüm biletlərinin satışından qazanır, xarici klublar üçün istedadlar yetişdirir və s. Sadəcə var. Oyunçular da bilir ki, nəticələrdən asılı olmayaraq hər kəsin pulu tam veriləcək, futbolçular çox yüksək maaş alacaqlar. Belə halda bu futbolçular niyə Avropa liqalarına düşmək üçün özlərini öldürməlidirlər? Onları bu məsələ qətiyyən maraqlanmır.
 
Müxtəlif futbol ölkələrinin inkişaf tarixi göstərir ki, ya futbolun inkişaf sistemi özü müəyyən bir ölkədə düzgün qurulur və oyunçular, klublar və milli komandalar yaranır, ya da yoxsulluq və aclıqdan (Afrika ölkələrində və ya Braziliyada tez-tez gördüyümüz kimi) qurtulmaq istəyi Pele, Ronaldinyu və s. kimi oyunçuların yaranması üçün bir stimula çevrilir.
 
Nə futbolun inkişafı üçün doğru bir sistemimiz var, nə də tutaq ki, “Real Madrid”də oynamaq aclığı. Ona görə ki, klublarımız – “paltaryuyan maşınlardır”, futbolçularımız isə tox qarına bahalı idman maşınlarında şütüyürlər... İtirən yalnız ölkənin imici, azarkeşlər və neftdən gələn pulların boş-boş xərclənməsinə əmin olan vətəndaşlardır...
ayna





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10