Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Teatr kimi ömür...


Uzun müddət idi ki, Azərbaycanda teatr sahəsinin durumu və aqibəti məni maraqlandırırdı. Xüsusilə bu yeni virus mühitində müvafiq sahənin nümayəndələrinin vəziyyəti, onların pandemiya və postpandemiya dövrü reallıqlarına uyğunlaşıb-uyğunlaşa bilməməsi, dünya qədər qədim bir sənətin məmləkətimizdə yox olmaması üçün dövlətimizin gördüyü tədbirlər və s. kimi məqamlar ağlımı məşğul edirdi. Bu istiqamətdə, yalan deyərəm, araşdırma-filan aparmamışam. Çünki mədəniyyət nazirinin işdən çıxarılması ilə nəticələnən əhvalat məni düşündürən suallara qismən aydınlıq gətirmişdi və mövcud durumun geniş tablosunu gözlərim önundə canlandırmışdı. Bu tablo Edvard Munkun “Fəryad” kompozisiyasını xatırladırdı. Yeni təyin olunacaq nazirin isə qollarını çırmamazdan öncə bütövlükdə mədəniyyətimizi təftiş və təhlil etməli olduğunu nəzərə alsaq, güman edə bilərik ki, xüsusi “dirçəliş planı”nın təqdimatı zaman etibarilə cari ilin sonuna çəkər. Amma teatr sahəsini canlandırmaq və dirçəltmək üçün kuluarlarda “yol xəritəsi” cızılırkən, bəzi digər qurumlar könüllülük prinsipi əsasında nazirliyə əllərindən gələn köməyi əsirgəmirlər. 
Belə ki, bu sahənin ayaqda qalması və yaşaması üçün fərqli instansiya məhkəmələri və onlara yardımçı olan polis-prokurorluq nümayəndələri öz məharətlərini göstərməkdə yarışırlar. Axundov ənənələrinə sabiq nazirdən daha çox önəm verən həmin qurumların müştərək səyi nəticəsində karantin zamanı dramatik janrda bir çox tamaşalar təşkil edilib. Belə tamaşalar, renesans dövründə olduğu kimi, sifariş əsasında ərsəyə gətirilir və onların səhnələşdirilməsi uzun müddət alır. İlk öncə lazımi oyunçu heyəti yığılır. Butaforiya qismində mülki geyimli və yaxud formalı polislərdən istifadə olunur. Müttəhimə qarşı seçilən, şahid obrazlarını canlandıran “teatr aşiqləri” belə tamaşalarda çox önəmli rol oynayırlar. Çünki şahidlərin verəcəyi ifadələr, habelə o ifadələri səsləndirərkən mimika və jestləri inandırıcılığı artırmağa xidmət edir. Bu ifadələr bəzən süjetin gərginliyini artırır, əslində dramatik üslubda olan tamaşaya gah fantastik, gah da komik çalarlar qatır. Müttəhim və onun vəkili oyunçu heyətinə aid olmadıqları üçün belə tamaşalarda onlara söz haqqı az verilir: onlar real insanlardır və real həyatın qəhrəmanlarıdır, “oyunçuluğa” yaddırlar. Onlara nə hazırlanmış və əzbərləməli olduqları mətn, nə də suflyor lazımdır. Onlar bir “lazımsız” replikaları ilə zəhmət çəkib tamaşa quran böyük dəstənin əməyini zay, planlarını alt-üst edə bilərlər!  
Mədəniyyət Nazirliyinin teatr sənətinə qayğısını əsirgədiyi zamanda sözügedən qurumlar bu sənəti ayaqda tutmağa canfəşanlıqla səy göstərirlər, amma önəmli bir məqamı nəzərlərindən qaçırırlar. O məqam ki, teatr sənətini ümumən dünyada yaşatmış  və məhvini əngəlləmişdir. Bu, tamaşaçı kütləsi və alqışıdır. Tamaşaçı alqışının olmadığı və alqışın qarğışa çevrildiyi andan etibarən hər cür “oyunçuluq” və hər bir “sənət” məhvə məhkum, real qəhrəmanlar isə həmişəyaşardır.
pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10