Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icrası niyə problemə çevrilib?


Avropa Şurasının Nazirlər Komitəsi 1-3 sentyabrda Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarının icra vəziyyətini araşdıracaq. Azərbaycandan Strasburqa (Avropa Şurası və AİHM-in inzibati binaları bu şəhərdə yerləşir) qərarların icra olunmaması ilə əlaqədar mütəmadi şikayətlər göndərilir.
AİHM 2020-ci ilin ortalarına qədər Azərbaycanla əlaqəli 244 qərar qəbul edib. Söhbət o qərarlardan gedir ki, onların qəbulu ilə dövlətin üzərində fərdi və ya ümumi tədbirlər görmək öhdəliyi qoyulub – şikayətçiyə kompensasiya ödənilməsi, pozuntuya yol verən şəxslərin müəyyən edilib cəzalandırılması, eyni halların təkrarlanmaması üçün tədbirlər görülməsi və s. Bu qərarlar təxminən 15 illik dövrü əhatə edir.
Avropa Şurasının rəsmi statistik məlumatlarında Azərbaycanın indiyə qədər həmin qərarların cəmi 37-ni icra etdiyi göstərilib. Yerdə qalan qərarlar isə icrasını gözləyir. Bu göstərici üzrə ən pis göstərici Azərbaycana aiddir.
Siyasi fəalların kompensasiyası ödənilmir
Avropa İnsan Haqları Məhkəməsinin qərarları və onların icrasıyla bağlı araşdırmalar aparan hüquqşünas Xalid Ağəliyev “Press Klub”a bildirdi ki, Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan haqqında 244 qərarı 23 qrupda birləşdirib, icrasına nəzarət edir. Həmin qruplardan 8-i üzrə nəzarət icraata qapadılıb. Yerdə qalan 15 qrupa ümumilikdə 207 qərar daxildir və həmin qruplar üzrə nəzarət proseduru davam etdirilir:
“207 qərarın icrasındakı problemlər daha çox ümumi xarakterli tədbirlərlə (bənzər pozuntuların yenidən baş verməməsi üçün hökumətin lazımi addımlar atması) bağlıdır. Ancaq xeyli işlər də var ki, kompensasiyalar ödənilməyib. Bu işlər daha çox siyasi fəalların işləridir”.
Həbsdə olan Tofiq Yaqublunun qızı Nigar Həzi deyir ki, atası və mərhum bacısı Nərgiz Yaqublunun işi üzrə  2016-2017-ci illərdə çıxarılmış qərarlar bu günə qədər icra olunmayıb, kompensasiyalar ödənilməyib.
Nərgiz Yaqublunun şikayəti üzrə qərar onun ölümündən iki il sonra – 29 iyun 2017-ci ildə açıqlanıb. Məhkəmə N.Yaqublunun Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrində nəzərdə tutulan hüquq və azadlıqlarının pozulduğunu təsdiqləyib. Bu pozuntulara görə Azərbaycan hökumətinin üzərinə mənəvi ziyana görə 6000, maddi ziyana görə isə 473 avro kompensasiya ödəmək öhdəliyi qoyulub. (Avropa İnsan Haqları Məhkəməsinin qərarları 3 ay sonra qüvvəyə minir. Bundan sonrakı növbəti üç ay ərzində dövlətlər qərarı icra etməlidir.)
Bacısının hüquqi varisi qismində N.Həzi tanınıb. O, təyin edilən kompensasiyanın ödənilməsi üçün illər öncə bank hesabı da açıb, amma bu günə qədər kompensasiya ödənilməyib. Qərarın icrası üçün edilən müraciətlər nəticəsiz qalıb.
T.Yaqublunun inzibati həbsi barədə qərar isə 2016-cı ildə çıxarılıb, hələ də icra olunmayıb.
N.Həzinin həyat yoldaşı, jurnalist Seymur Həzinin həbsi ilə əlaqədar Avropa Məhkəməsinin çıxardığı qərar da icra olunmayanlar sırasındadır.
Azərbaycan hökuməti məcburi köçkünlərlə bağlı vəd verib
Hər hansı qrupa daxil olan işlərin icrasının başa çatdırılmış sayılması üçün həmin qrupa daxil olan bütün məhkəmə işləri üzrə icraat yekunlaşmalıdır. Yəni həm ümumi, həm də fərdi tədbirlər həyata keçirilməlidir. Mümkündür ki, 10 məhkəmə işinin daxil olduğu qrupda 9 qərar tam icra edilsin, yerdə qalan 1 iş başqa qrupa keçirilsin və həmin qrup üzrə icraya nəzarət başa çatdırılmış elan olunsun.
X.Ağəliyevin sözlərinə görə, hazırda Nazirlər Komitəsində diqqət mərkəzində olan əsas qrup Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun işinin də daxil olduğu qrupdur. Həmin qrupda 14 ərizəçi ilə bağlı Avropa Məhkəməsinin verdiyi qərarların icrasına nəzarət edilir. Bu işlərin hamısında Avropa Konvensiyasının 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddəsinin pozuntusu tanınıb. Bu qrupdan cəmi iki nəfərin – İlqar Məmmədov və onun rəhbərlik etdiyi partiyanın daha bir üzvü Rəsul Cəfərovun işinə yenidən baxılıb, barələrindəki ittiham hökmü bəraətverici əsaslarla ləğv edilib, qanunsuz həbsdə olduqları müddətə görə təzminat (234 min və 57 min 400 manat) ödənilib.
“Yalnız iki nəfər barədə öhdəliklərə əməl edilməsi qrup işinə nəzarətin başa çatdırılması mənasına gəlmir. Avropa Şurası Nazirlər Komitəsi yaya qədər həmin qrupa daxil olan bütün qərarların icrasını istəmişdi. Ancaq bu məzmunda icra həyata keçirilməyib. Bundan başqa, mənzilləri məcburi köçkünlər tərəfindən zəbt edilmiş vətəndaşların işlərinin daxil edildiyi qrup işi də Nazirlər Komitəsinin nəzarətindədir. Azərbaycan hökuməti ötən il Nazirlər Komitəsinə bildirmişdi ki, başqalarının mənzillərini zəbt etmiş bütün məcburi köçkünlər bu ilin yayına kimi mənzillə təmin ediləcəklər. Bu səbəbdən Nazirlər Komitəsi sentyabrda bu məsələyə də qayıda bilər”, – deyə X.Ağəliyev söylədi.
Ekspert qeyd etdi ki, Avropa Şurasına üzv olan dövlət Avropa Məhkəməsinin qərarlarını tam icra etməlidir. Çünki dövlət təşkilata üzv olub, Avropa Konvensiyasını ratifikasiya etməklə, bu barədə öhdəlik götürür. X.Ağəliyevin sözlərinə görə, öhdəliyə əməl etməyən dövlətlərin Avropa Şurasından çıxarılması məsələsinin, İlqar Məmmədov işindəki kimi, gündəmə gəlməsi prosedur olaraq mümkündür, ancaq hazırda bunu gözləmək inandırıcı deyil:
“Nazirlər Komitəsi adətən müzakirələrdən sonra qərarlar, aralıq qətnamələr qəbul edir. Güman edirəm ki, sentyabrda gözlənən müzakirələrin sonunda da İlqar Məmmədov və Rəsul Cəfərovun işi ilə bağlı irəliləyişlər təqdir ediləcək, hökumət növbəti addımlara çağırılacaq. Nazirlər Komitəsi qərarların icrasına iki formada – standart və genişləndirilmiş qaydada nəzarət edir. İstisna deyil ki, standart qaydada icra edilən qərarların icrası genişləndirilmiş qaydada nəzarətə götürülsün”.
“Ən kasıb ölkələr də kompensasiyanı ödəyir, Azərbaycan yox”
Vəkil Əsabəli Mustafayev də “Press Klub”a bildirdi ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrası sahəsində ciddi problemlər var. Vəkilin sözlərinə görə, hökumət əksər qərarları kompensasiya ödənişi hissəsində icra etsə də, pozuntunun aradan qaldırılması, pozuntuya yol vermiş şəxslərin cəzalandırılması, eyni halların təkrarlanmaması üçün tədbirlərin görülməsi (qanunvericiliyin təkmilləşməsi, məhkəmə praktikasına dəyişikliklər) hissəsində lazımi addımlar atılmır.
Kompensasiya ödənişi məsələsində də ayrı-seçkilik müşahidə olunur.
“Hüquqlarını müdafiə etdiyim 10-a yaxın siyasi fəal var ki, onlara illərdir heç kompensasiyanı da ödəmirlər. Məsələn, Fuad Qəhrəmanlı (AXCP Rəyasət Heyətinin üzvü), İnqilab Kərimov (Əli Kərimlinin əmisi oğlu), İlham Hüseyn və başqaları. Bildiyimə görə, jurnalistlər Xədicə İsmayıl, Seymur Həzi və digərləri ilə bağlı da eyni problem var. Bu da maliyyə çatışmazlığından irəli gəlmir. Dövlətin pulu var, amma ödəmir. Bu, həm də dövlət olaraq, Azərbaycanın nüfuzuna zərbədir. Çünki qonşu ölkələrlə müqayisədə Azərbaycanda qərarların icrası sahəsində vəziyyət daha pisdir. Ən kasıb ölkələr belə, kompensasiyanı ödəyir, Azərbaycan yox”, – deyə Ə.Mustafayev qeyd etdi.
pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10