Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zahir Əmənov - “Hər ziyanda bir xeyir var” deyənlər necə də haqlı imiş, yaxud pandemiyanın 2 xeyri


Pandemiyanın iqtisadi, sosial, psixoloji və sair ziyanları haqqında, necə deyərlər, palaz-palaz yazılar dərc edilib. Bəs bu bəlanın heç xeyri olmadımı? Əlbəttə oldu.


Birincisi, İnternetdən istifadə edənlər çoxaldı


Bəli, pandemiyaya qədər bəlkə də heç kompüteri açıb-bağlamağı bilməyən məmurlar, indi ZOOM sistemi ilə iclas aparır, internet biganəsi olan müəllimlər internet üzərindən dərs keçir. Minlərlə insan özünə e-mail açır. 

Həm də, bu bəla göstərdi ki, biz ciddi bəlalarla üzləşəndə çox şeyə nail ola bilərik.

Bu davamlı olacaqmı?

Bu sualın cavabı geniş olsa da, hələlik onu deyə bilərik ki, gələcəyə at-araba ilə getmək istəyənlər, hələ də Sabirin “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyirik” deyiminin onlara aid olduğunu duymayanlar bunu davamlı etməsələr, özlərini də, ətrafındakıları da gerizəkalılığa, nadanlığa sürükləyəcəklər.

Təəssüf ki, hələ də bəzi lap qabaqcıl dediyimiz müəllimlər, məmurlar internetin elementar qaydalarından xəbərsizdir. Nəinki xəbərsizdir, hətta evində bir neçə kompüter olsa belə, sanki cin-şeytandan çəkinirmiş kimi həmin kompüterə toxunmağa qorxur.

Bəlkə bu işdə də “zor” tətbiq edilsin? İnternet bilməyən məmur,  müəllim, həkim yüksək məbləğdə cərimələnsin? Axı,  çox şey bizə xoşluqla çatmır.


Pandemiyanın 2-ci xeyri-sadələşdirilmiş hüzr məclisləri


Bunu zaman-zaman deyir, müxtəlif nümunələr gətirirdik. Lakin xeyri çox az olurdu. 7 gün gecə-gündüz ehsan verən, nə bilim cümə axşamları, qırx və sairə. Hələ vəfat edənin 3-nə kimi şəhər mərkəzlərində belə qəbiristanlıqda, qəbrin üstündə 3 gün çadır quranlar-filan.

Nə oldu? Sərt karantin qaydalarında sadələşməyə getməyə məcbur oldunuz ki? Nə ehsan, nə pul yığmaq... bir çox yerlərdə olmadı.

Hələ bəyənmədiyimiz Türkmənistanın bir çox vilayətlərində on illər öncə hüzr 3 gün olur, ehsan verilmir, xərc yığılmırıdı. Dəfn-kəfəndən tutmuş 3 günlük çay süfrəsinə qədər hüzrün xərcini hökumət çəkirdi. Naxçıvan nümunəsi də bu sahədə təqdirəlayiq sayıla bilər.

Bu gün ehsan əvəzi, hər imkanına görə 20-30, bəzən də daha çox imkansız ailəyə yardım edir, yaxud ehsan əvəzi bu yolu abadlaşdırır, kasıb ailədən olan uşağın təhsil xərcini ödəyir və yaxud digər  xeyirxahlıq edir

Bu davamlı olacaqmı? Vəfat edənə görə ehsan verib, pul yığmaq yaxşıdır, ya  ehsan verməyib, xərc yığmayıb, imkanı varsa 20-30 imkansızı sevindirmək?

Yaxud, yaşadığı ərazidə xaraba məktəb binasının yanından gözüyumulu keçib, hər məhəllədə mərasim evi tikdirmək.

Pandemiyanın başqa xeyirləri varmı? Hamısını mən deməyəcəyəm ki, 1-2-də siz deyin.

Zahir Əmənov (Cenub.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10