Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ağ rus” çətin seçim qarşısında: Heç bir yolun sonunda işıq görünmür


Şahin Cəfərli: “Lukaşenko bu seçkidən ciddi şəkildə məğlub və zəif halda ayrıldı”
 
Dünən Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə görə Aleksandr Lukaşenko 81 faizdən çox səs alıb. Digər favorit namizəd Svetlana Tixanovskaya isə cəmi 8 faiz səs toplayıb.
 
Lakin səsvermənin başa çatmasına az qalmış Minskə böyük sayda hərbi texnika yeridilib və üzərlərində tanklar daşıyan qoşquların Minskə doğru hərəkət etdiyi barədə görüntülər yayılıb.
 
Seçkilərin nəticələri açıqlandıqdan sonra isə, 26 ildir ki, Belarusu idarə edən Lukaşenkonun qələbəsinə inanmayan Belarus vətəndaşları paytaxt Minsk də daxil olmaqla, bir çox şəhərlərdə kütləvi etirazlara başlayıb, küçələrə axışıblar. Son məlumatlara görə, nümayişlər nəticəsində 32 etirazçı, 2 polis və 1 əsgər ölüb, çoxlu sayda yaralı var. Polislərin həqiqi güllələrdən, etirazçıların isə “Molotov kokteyli”ndən istifadə etdiyi bildirilir.
 
Svetlana Tixanovskaya isə seçkilərin nəticəsini tanımadığını və yaxın günlərdə müxalifətin növbəti hərəkət planının açıqlanacağını bəyan edib.
 
AYNA-nın mövzuya dair suallarını siyasi şərhçi Şahin Cəfərli cavablandırıb.
Şahin Cəfərli: “ABŞ Türkiyədən öz siyasətini dəyişdirməsini gözləyir”
- Şahin bəy, hazırkı mənzərə qarşısında Belarus seçkiləri nə ilə yadda qaldı?
 
- Əslində, mənim üçün gözlənilməz bir şey baş vermədi. Çünki seçkidən əvvəl də gözlənilirdi ki, Lukaşenko hakimiyyəti təhvil vermək fikrində deyil. Seçkidən bir neçə gün əvvəl də o, ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində demişdi ki, “Mən prezident vəzifəsindən başqa heç bir işlə məşğul ola bilmərəm”. Bu açıqlamadan sonra açıq-aydın məlum idi ki, Lukaşenko hakimiyyəti əldən verməyəcək. Sadəcə, gözlənilməz olan hadisə kimi Belarus xalqının uzun illərdən sonra ilk dəfə olaraq kütləvi şəkildə küçələrə çıxıb etiraz etməsini qeyd etmək olar. Bu da onu göstərir ki, insanlar artıq 26 ildir hakimiyyətdə olan diktatordan bezib və birmənalı şəkildə Lukaşenkonun getməsini istəyirlər.
 
- Seçkilər tam şəffaf, heç bir saxtakarlıq olmadan keçirilsəydi, Lukaşenkonun az faizlə də olsa, qalib gəlmək şansı var idi?
 
- Ortaya çıxan nəticələr onu göstərir ki, Lukaşenko maksimum 10-15 faiz səs toplayıb və evdar qadın Tixanovskaya çox böyük üstünlüklə, 26 illik Prezidentə qalib gəlib. Xüsusən, ölkə xaricindəki məntəqələrdə saxtakarlıq etmək olmayıb deyə, ən obyektiv nəticələr orada qeydə alınıb. Xarici ölkələrdə Belarus vətəndaşlarının səs verdiyi məntəqələrdə Tixanovskaya, minimum 70-80 faiz səslə qalib gəlib. Eləcə də ölkə daxilində hansı məntəqələrdə ki, səslərin sayılması obyektiv olub, orada da Tixanosvkaya böyük üstünlüklə qalib gəlib. Yəni, Belarus xalqı faktiki olaraq bu seçkidə Lukaşenkoya “yox” dedi. Bunu Lukaşenko da, Belarus xalqı da, bütün dünya da çox yaxşı bilir. Lukaşenko zorakılıqla hakimiyyətdə qala bilər, amma o, bu seçkidən ciddi şəkildə məğlub və zəif halda ayrıldı.
Светлана Тихановская покинула свою квартиру в Минске в целях ...
- Sizin də qeyd etdiyiniz kimi, Lukaşenko 26 illik hakimiyyəti dövründə ilk dəfə idi ki, elektoratın bu dərəcədə ciddi təzyiqi ilə üzləşirdi. Hətta, etirazlar nəticəsində ölənlərin olduğu bildirilir. Son məlumatlara görə, Ukrayna Belarus xalqını dəstəkləyib, Polşa isə Avropa İttifaqından Belarusla bağlı təcili iclas keçirilməsini istəyib. Bütün bunlar Qərbin Belarusa qarşı təzyiq göstərməsi ilə nəticələnə bilər?
 
- Son aylarda Qərblə Belarus arasında körpülər qurulmağa başlanmışdı və həm Amerikdan, həm də Avropadan yüksək səviyyəli rəsmi qonaqlar Belarusa gəlib-gedirdi. Hətta, bu ilin fevralında ABŞ-ın dövlət katibi Mayk Pompeo Belarusa səfər etmişdi. Onun ardınca, 12 illik fasilədən sonra Amerika Belarusa səfir təyin etmişdi. O cümlədən, Belarusun Avropa İttifaqı ilə də əlaqələri yavaş da olsa, inşkişaf edirdi. Yəni, Lukaşenko ilə Qərb arasında uzun illər formalaşmış buzlar əriməyə başlamışdı. Lakin bu seçkilər və zorakılıqlar Qərblə Belarus arasında münasibətlərin yenidən problemli hal almasına gətirib çıxaracaq. Doğrudur, Qərb arzulamazdı ki, bu cür situasiya yaransın. Çünki onlar maraqlı idi ki, Belarusla əlaqələri inkişaf etdirsinlər və Belarus Rusiyanın “caynağından” xilas olsun. Bilirsiz ki, Rusiya Belarusa birləşmək təklif edib, Lukaşenko isə bu təklifi indiyə qədər qəbul etməyib. Ona görə də onun bu mövqeyi Qərbdə ona qarşı simpatiya yaratmışdı və Belarusla əlaqələrin inkişafında müsbət rol oynamışdı. Amma son hadisələrdən sonra Qərblə Belarus arasında yenidən problemlər yaranacaq. Yeni sankisyalar olmasa belə, Qərb Lukaşenko ilə öz arasında yenidən məsafə saxlayacaq. Yəni ki, Qərb ən azından öz simasını qorumaq üçün qan tökməkdən belə, çəkinməyən diktatorla yaxınlaşmaq siyasətini dayandıracaq.
 
- Məlum olduğu kimi, Lukaşenkonun hazırda Rusiya ilə də münasibətləri soyuqdur. Buna baxmayaraq, onu ilk təbrik edənlərdən biri, məhz Rusiya Prezidenti Vladimir Putin oldu. Belə olan halda, Lukaşenko bundan sonra Rusiya ilə yenidən yaxınlaşa bilərmi? 
 
- Əslində, mövcud situasiya görə, Qərblə Lukaşenko arasında problemlərin yenidən yaranması Rusiya üçün çox əlverişlidir. Rusiya çox istəyərdi ki, Lukaşenko yenidən Qərbdə arzuolunmaz şəxs elan olunsun və onun Rusiyadan başqa gedəcəyi yol olmasın və Rusiyaya möhtac qalsın. Bu situasiya da təbii ki, Rusiyaya sərf edir. Az əvvəl də qeyd etdiyim kimi, Lukaşenko Rusiyanın birləşmə təklifini qəbul etməyib. Təbii ki, Lukaşenko bunu Belarusun müstəqilliyinə çox böyük dəyər verdiyi üçün rədd etməyib. Ola bilsin ki, Lukaşenko üçün Belarusun müstəqilliyi önəmlidir, amma eyni zamanda, öz hakimiyyət maraqları daha önəmlidir. Rusiya ilə birləşmə o deməkdir ki, birləşmiş dövlətin rəhbəri faktiki olaraq Putin olacaq. Lukaşenko isə ikinci dərəcəli vəzifəni tutacaq. Lukaşenko da ambisiyalı adam olduğu üçün ikinci dərəcəli rola razı olmur. Ona görə də birləşmə təklifini Lukaşenkonun rədd eləməsinin əsas səbəblərindən biri də onun öz şəxsi ambisiyaları və hakimiyyət maraqlarından qaynaqlanır. Hər halda, mən inanmram ki, Lukaşenko bundan sonra da biləşmə təklifinə razı olsun və mövqeyini bu cür də davam etdirəcək. Amma ola bilsin ki, bu istiqamətdə müəyyən korrektələr eləsin və Rusiyaya doğru yumşalmalar olsun.
 
- O zaman Lukaşenkonun hakimiyyətini qoruması üçün indiki məqamda ən optimal variant Rusiya ilə yenidən yaxınlaşmaq olacaq?
 
- Əgər Qərbdən yeni təzyiqlər başlansa və yeni sanksiyalar tətbiq olunsa, təbii ki, belə olan halda Lukaşenkonun Rusiya ilə yenidən yaxınlaşmasının şahidi olacağıq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10