Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran qarışıq tipli uşaq evində uşaqlara verilən dəhşətli işgəncələr - FOTO


Lənkəran Qarışıq Tipli Uşaq Evini cənubda tanımayan az olar. Bu məkana yardım edənlərin sayı-hesabı yoxdur. Bugün isə həmin Uşaq Evi barədə islam.az saytı dəhşətli faktlar açıqlayıb. Həmin yazının 1-ci hissəsini sizə təqdim edir və qarşı tərəfin də sözünə yer ayırmağa hazırıq.




I hissə

Həyata yüzlərlə uşağın arasında başlayıb. Müəllimləri özündən böyük bir oğlanı və iki qızı ona göstərib, “onlar sənin bacı-qardaşındır” deyirdilər. Amma uşaqlarla heç bir doğmalıq bağı hiss etmirdi...

İldə bir-iki dəfə uşaqlar onların üstünə qaçıb, “Anan gəlib” xəbəri verirdilər. Bu xəbər başqaları üçün gələndə müjdə, Seymurgil üçün gələndə isə sıradan xəbər idi. Dörd uşaq görüş otağına gedir, boy sırasına düzülüb, arxalarınca gələn qadının suallarına cavab verir, sonra yenə qayıdıb, kimsəsiz uşaqlara qoşulurdular... Onların ildə bir, ya da iki dəfə kimsəsi olurdu...


***

Seymur Kazımlı 16 oktyabr 1992-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evindəki sənədlərindən bilir ki, bir yaşına qədər valideyn himayəsində yaşayıb. Həyatını lent.az-a danışır...

- Səkkiz uşaqlı ailənin beşinci övladıyam...

- Amma uşaq evində dörd uşaq idiniz...

- Böyük qardaşımı uşaq evinə verməyib, özləri ilə saxlayıblar. O, 1984-cü ildə anadan olub, bizdən xeyli böyük idi. İstər evdə, istərsə də həyətdə valideynlərimə kömək edə bilib, mağazaya göndərirmişlər və s. Buna görə də uşağın birini özləri ilə saxlayıb, qalanlarını uşaq evinə veriblər...

- Hamınızı eyni vaxtda uşaq evinə veriblər?

- Xeyr, tək-tək! Dünyaya gəlmişik, bir az saxlayıblar... Sonra... Böyük qardaşımı iki yaşında, bacılarımı 3-4 yaşlarında, məni bir yaşımda atıblar... Məndən balacanı isə üç aylıq olanda...

- ...

- Mən də çətinlik çəkirəm başa düşməyə. Atam Ağalar Kazımov içki düşkünü olub, ailə vəziyyətimiz isə uşaq saxlamağa imkan verməyib... Uşaq evinə verilməyimiz birbaşa atamın göstərişi ilə olub... Yəni atam əmr edib, anam da gətirib verib uşaq evinə... İçki düşkünü olduğu üçün onun aldığı qərarları təbii qarşılayıram. Amma bağışlamadığım məqamlar var. Övlad yükünü üstündən atmaq, ona qarşı belə haqsızlıq etmək doğru deyil. Özünü görmədim, yoxsa bu sualların qarşısında dayanmalı olacaqdı... Heyf ki, görmədim. Bəzənsə düşünürəm ki, yaxşı ki, görmədim! Yaxşı ki, atıblar... Uşaq evində, doğma evimizdən, valideynlərimizdən cəmi bir neçə yüz metr aralıda nə qədər işgəncəyə məruz qalsaq da, hər halda orada uşağa bizim ailədən yaxşı baxırdılar... Əzab versələr də, atmırdılar...



- Rayon yerində ictimai qınaq çox təsirli olur. Yəni bir ağsaqqal irəli durub müdaxilə etmirmiş?

- Nənə-baba olub, amma atamın xasiyyəti ağır olduğu üçün heç kim onun qərarlarına qarışa bilməyib... Məndəki məlumata görə, atam içib gəlib evdə bizi döyürmüş, anam da qorxurmuş ki, bizə xətər yetirər. Uşaq evinə verəndə arxayınlaşırmış ki, burada uşaqlara dəyib toxunan yoxdur... Amma yenə də anama haqq vermirəm. Sən uşağınla eyni şəhərdə yaşayasan və ayda bir dəfə gəlib onu görməyəsən... Axı gözümüz o biri valideynlərdə qalırdı...

- Valideynlərinizin Lənkəranda yaşadıqlarını bilirdiniz?

- Bəli. Hətta o biri uşaqların yanına gələn valideynlərin qabağına qaçıb soruşurduq ki, bizim valideynlərimizi görmədiniz? Tanıyırsınız? Gələcəklər? Təsvir edir, cavab almaq istəyirdik ki, bir azdan gələcəklər... Həyatı çox ağır keçən biri kimi valideynlərə demək istəyirəm ki, bilin, siz övladınızı uşaq evinin qapısına atanda həm o uşağın gələcəyini, həm də onun gözündə özünüzü öldürürsünüz. Qatilə çevrilməkdənsə, o uşağı dünyaya gətirməyin... Sənədlərimə baxıram... Normal ailələr bayrama hazırlaşan vaxtı, dekabrın 27-də məni gətirib atıblar uşaq evinə... Övladın taleyini həm də valideyn yazır, heç kim balasına belə tale yazmamalıdır...

- Bunu heç olmasa uşaq evi valideynlərinizə başa salmağa çalışmayıb?

- Bilirəm ki, məni təzə ayaq açanda, hələ dilim söz tutmamış atanda direktor valideynlərimə deyib ki, heç olmasa uşağa yazığınız gəlsin. Belə məsuliyyətsizlik etməyin, sabah böyüyəndə onlara cavab verməli olacaqsınız... Təsəvvür edin ki, bu sözləri kimsəsiz körpələrə ağılasığmaz işgəncələr verən direktorumuz deyib, valideynlərim isə onun sözlərinə heç bir məhəl qoymadan, dünyaya övlad gətirib uşaq evinə atmağa davam ediblər...



- “İnternat dramı”nın ilk müsahibi Araz Əhmədovun həyat hekayəsindən bilirəm ki, Lənkəran uşaq evində qəddarlıq hökm sürüb...

- Bəli. Lənkəranda Araz Əhmədovun qardaşları Elçin və Rəşadla birlikdə böyüyürdük... Ağır rejim idi... Bir tərəfdən kimsəsizlik, bir tərəfdən baxımsızlıq, bir tərəfdən də aclıq... və bitib-tükənməyən işgəncələr... İş- Axı o uşaqların hamısı atılmamışdı. Valideyni vəfat etdikdən sonra ora düşənlər də var idi...
gəncə həddindən artıq çox idi. Həm də baxmırdılar ki, körpədir, böyükdür, ya qızdır, oğlandır... Heç kimə acımırdılar. Sanki övladından imtina edən valideynlərin acığını bu məsum körpələrdən çıxırdılar...

- Axı o uşaqların hamısı atılmamışdı. Valideyni vəfat etdikdən sonra ora düşənlər də var idi...

- Ora düşəndən sonra artıq heç bir fərqi yox idi. Onlar üçün hamımız kimsəsiz idik. Qayda belə idi ki, səhər dərs, axşam ev tapşırıqları... Həll etməyənə axşam yeməyi yox idi. Bu hədə-qorxu deyil, həyat tərzimiz idi. Ev tapşırığını etməyən uşaq həmin gecə ac yatmalıydı...

- Uşaqlara oxumağın vacibliyini öyrətmirdilər?

- Qətiyyən! Uşaqlara ancaq körpəlikdən cəzalanmağa öyrədirdilər. Çox ağır idi, sözlə deyiləsi deyil. Hərənin öz səbəbi var idi, kimi döyülməmək üçün, kimi də axşam bir boşqab xörək yemək üçün oxuyurdu. Yəni kimsəyə elmin vacibliyi izah olunmurdu. Uşaqlar məcburiyyətdən, oxumağa nifrət edə-edə oxuyurdular...




- Bu əzablardan xəbəri olan olmurdu?

- Heç kimə maraqlı deyildi. Uşaq evləri indiki kimi deyildi, indi nəzarət o qədər güclüdür ki, uşaqlarla elə rəftar etməyə çəkinirlər. Biz uşaq olanda isə... quru taxtanın üstündə yatırtmaq, boş otaqda iki gün ac saxlamaq...

- Karseriniz də var idi...

- Ora dəhşət idi...

- Karserə salınmışdınız?

- O qədər...

- Karserə salınmaq üçün səbəb nə ola bilərdi?

- Müəllimə cavab qaytarmaq. Yəni bütün uşaqların edə biləcəyi səhv. O müəllimlərin də övladları var idi və eyni səhvlərə görə öz uşaqlarına sadəcə səslərini qaldırar, gözlərini ağardardılar. Bizə isə... İndi də yolum Lənkərana düşəndə elə hala düşürəm sanki yenə də uşaq evindəyəm, bir azdan işgəncələr başlayacaq... Uşaqları avtomobilə bağlayıb, sürüyürdülər... Bir dəfə böyük qardaşım icazəsiz yemək götürdüyünə görə gözümüzün qabağında əllərini maşına bağlayıb, yerdə sürüdülər. Hələ də yadımdadır, ağ rəngdə “06”, uşaq evinin maşını idi.

- İşgəncələr həmişə uşaqların gözü qabağında verilirdi?

- Həmişə! Elə mühitdə böyüyürdük ki, ən pis sözümüz eşşək idi. “Atan eşşəkdi”, “anan eşşəkdi”... Bunlar da bizə deyilən sözlər idi. Amma bu söyüşü, onlardan eşitdiyimiz sözü istifadə edən uşaq cəzalanırdı... Bütün uşaqları sıraya düzür, həmin uşağı qabağa çıxardır, əmr verirdilər ki, bir-bir gəlib bu uşağın üzünə tüpürün. Hamı bir-bir! Direktor Nazilə müəllimə uşağın yanında dayanıb, elan edirdi: “V sinif gəlsin tüpürsün, indi VI sinif!” 500-600 uşaq bir-bir o uşağın üzünə tüpürürdü... Tüpürməkdən imtina edən uşağın da cəzası var idi...

- Nə idi?

- Həmin uşağın yanında dayanacaqdı ki, digərləri hər ikisinin üzünə tüpürsün. Qardaş qardaşın üzünə tüpürürdü... Tək bu deyildi, insanın üzünü utandıracaq işgəncələr çox idi. Belə şeylərə görə uşaq evi məzunları çox qapalıdırlar... Bəlkə inanmazsınız, amma çox əziyyətlə, ehtiyacla böyüdük, doymadan böyüdük...

- Ananız yanınıza gələndə sizə yemək gətirirdi?

- Həmişə əliboş gəlirdi. Sadəcə sağ-salamat olduğumuzu görüb, qayıdırdı...



- Hamınızla görüşürdü?

- Yox. O gələndə uşaqlar xəbər gətirirdilər ki, ananız gəlib, qaçıb gedirdik qabağına... Yəni mən, bir bacım və kiçik qardaşım. O biri bacımla qardaşım artıq böyük idilər, inad edir, “yaxşı ana olsa bizi buraya atmaz” deyərək, getmirdilər...

- Tək gəlirdi?

- Hərdən atam da yanında olurdu. Bir də böyük qardaşım Tahir...

- Tahirlə münasibətiniz necə idi?

- “Salam-sağ ol!” Başqa heç nə! Axı ümumi söhbətimiz yox idi. O ev uşağı idi, biz isə internat... Düşüncə tərzimiz fərqli idi. Həyata aclıq, işgəncə, zülmlə başlamışdıq... Ev uşağının ağlına da gəlməyən üsullarla cəzalandırılırdıq. Başımıza kisə keçirib, üstündən su səpib, tikanlı nar çubuğu ilə döyürdülər...

- Dəhşətdi...

- Hələ də gözümün qarşısındadır... 3-cü sinifdə oxuyurdum...

***

Tərbiyəçi otağa daxil olan kimi ev tapşırıqlarını həll edib bitirən uşaqlar dəftərlərini hazır qoyub, “mənə toxunma, oxumuşam” deyirmişcəsinə dayandılar. Seymur dərslərini hazırlamışdı, amma yenə də qərarlar tərbiyəçinin əhvalına bağlı idi.

İlk şilləni Seymurun yanında əyləşən oğlan aldı – tapşırıqları bitirməmişdi. Ona qəzəblənən qadın növbəti şilləni Seymurun üzünə çəkdi. Artıq bu şillənin nə demək olduğunu bilən Seymur həmən dilləndi:

- Mən axşam yeməyinə gedəcəyəm!

- Getməyəcəksən! Mən qoymayacağam!

- Qaçıb gedəcəyəm! Yeməyimi yeyəcəyəm!

Tərbiyəçi Seymurun əlindən tutub, direktorun otağına aparanda da o bundan sonra nə baş verəcəyini bilirdi - əvvəlcə tərbiyəçi döyəcəkdi, sonra direktor çubuq qırılana qədər... Çubuq sınandan sonra katibəyə əmr edilirdi:

- Uşaqlara de, çubuğum qırılıb! Nar ağacından təzə çubuq düzəldib gətirsinlər! Tikanlı olsun!

Bədənində çubuq qırılan uşağı isə qarşıda iki günlük karser həyatı gözləyirdi...

***

- Məndən iki yaş kiçik olan qardaşım Məhəmmədəli öz yemək payından gizlədib, mənə karserə gətirirdi. Karser ikinci mərtəbədə idi, uşaqlar ora pəncərənin dəmir barmaqlıqlarından tutaraq çıxırdılar... Kimin bacısı-qardaşı ora düşsə, bilirdik ki, öz yeməyindən gizlədib, ona aparacaq...

- Bəs bacı-qardaşı olmayanlar?

- Onlar qaydalara uyğun olaraq iki gün ac-susuz qalırdılar...

- O zaman siz karserə düşəndə qardaşlarınızın gələcəyini bilirdiniz...

- Yox, sadəcə gözləyirdim. Axı bizim gözümüz həmişə yolda qalırdı. Daima yanımıza gələn olacaq, başqa valideynlər kimi yemək gətirən olacaq deyə xəyallar qururduq... Tək umduğumuz qayğı idi, onu da görmürdük. Aclıq və işgəncədən başqa heç görmürdük. Mən ən çox Məhəmmədəli ilə vaxt keçirirdim. Bir dəfə ona dedim ki, acmısansa gedək bir çörək götürək yeyək. Dedi “axı döyəcəklər”. Dedim “onsuz da döyəcəklər, bir dəfə döyülməklə heç nə olmaz. Əsas odur qarnımız doyacaq”. Bu, mənim aclıq çəkən kiçik qardaşıma göstərə biləcəyim yeganə qayğı idi...

- Götürə bildiniz?

- Götürdük, amma gördülər... Döyüldük... Fərqində deyildim, onsuz da o qədər səbəbsiz döyülürdük ki, əsas odur tox idik. Biz taxtanın deşiyindən güdür, tərbiyəçilər bir az o yana keçən kimi çubuğu uzadıb, çörəyi çəkirdik. Bir çörək götürəndə yarı bölüb ikimiz də yeyirdik... Bilirəm, bu oğurluq idi... Amma qayğıya, sevgiyə və valideynə ehtiyacı olan ac uşağı düşünün. Heç bir tələbatımız ödənmədiyi üçün qızlı-oğlanlı kobudlaşırdıq... Cəza üçün böyük qızların saçlarını keçəl qırxırdılar, bu mühitdə necə böyümək olardı?

- Uşaqlara bacı-qardaşının yanında işgəncə verirdilər?

- Bacılarımı görməmişəm, amma qardaşlarıma yanımda işgəncə verilib. Həyat tərzimiz idi, öyrəşmişdik. Qəfil uşağın biri qaça-qaça gəlirdi ki, Seymur, qardaşın direktorun otağındadır. Artıq bilirdim ki, döyülməyə aparıblar. Qaçaraq gedib qapıda gözləyirdim. Ağlaya-ağlaya çıxırdı, qucaqlaşır, birlikdə ağlayırdıq... Bəzən isə döyüb, oradan da karserə göndərirdilər. O zaman artıq bilirdik ki, necə edib yemək aparacağıq... Yəni doğmalıq duyğularını anlamasaq da, bacı-qardaş bir-birinə dəstək olurdu. İndi bacı-qardaşımla münasibətimiz normaldır, doğmalıq hiss edirəm. Bu isə bir evdə yaşayanda formalaşır. Biz, ayrı-ayrı vaxtlarda internata atılan uşaqlar idik. Mən çox sonralar, özümü dərk etməyə başlayanda anlamışdım ki, Mirsəmid mənim böyük qardaşımdır. Mirvüsalə ilə Mirleyla bacılarmdır. Bununla belə bacılarım mənə çox qayğı göstərirdilər... Özləri də çarəsiz, atılmış durumda idilər, amma yenə də əllərindən gələn qədər qayğıma qalmağa çalışırdılar...

- Uşaq evində sizinlə psixoloq işləyirdi?

- Qətiyyən! Baxmayaraq ki, psixoloji dəstək ən çox bizə lazım idi, amma heç məzun olanda da bilmirdik psixologiya nədir...

- Ana-atanızdan başqa heç bir qohumu tanımırdınız? Yanınıza gələn olurdu?

- Bir dəfə beşimizi də uşaq evinin direktoru Nazilə Babayevanın otağına çağırdılar. Çox qorxduq ki, axı beşimiz bir yerdə neyləmişik? Əsə-əsə otağa daxil olduq, bizi hər gün amansızlıqla döyən Nazilə müəllimə tamam başqa insana çevrilmişdi...

***

O, gülərüzlə uşaqları salamladı:

- Mənim əziz balalarım, yaxına gəlin. Əminiz sizi görməyə gəlib, xoş gəlib, səfa gətirib!

Orta yaşlı kişi kövrəlmiş halda qorxudan bir-birinə sığınan beş körpəyə yaxınlaşdı. Nazilə müəllimə hələ də danışırdı:

- Mənim balalarım, əminiz Lənkəran şəhər məhkəməsində işləyir...

(Davamı olacaq...)


II hissədə:

Seymurgil nə baş verdiyini anlamasalar da, söhbətin onlardan getmədiyindən əmin idilər. Atalarının adı Ağalar, analarının adı da Gülzaman idi. Amma axı onlar səkkiz uşaq deyildilər. Cəmi üç qardaş, iki bacı idilər. Bir də evdəki böyük qardaşları... Yenə də səkkiz eləmirdi... Seymur bütün bunları hesablaya-hesablaya sağa-sola baxanda yanında dayanan Məhəmmədəlidən sonra iki körpə oğlan uşağının da dayandığını gördü...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10