Mətbuat “mətbu” sözündən götürülüb
Mətbuat ərəb dilində “mətbu” sözündən yaranaraq, bir neçə, o cümlədən “çap olunmuş” mənasında işlənir. Mətbuat dedikdə dövri qəzet və jurnal çapı başa düşülür.
Lənkəranda ilk qəzet rus dilində çap olunub
Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin mətbuat tarixi XX əsrin əvvəllərindən başlanır. Belə ki, bölgədə ilk qəzet 1912-ci ildə Lənkəranda rus dilində çap olunmuşdur. “Rıbnoye dole” adlanan bu qəzet həftəlik qəzet olub, dörd səhifəlik olmaqla sahəsi 38 sm idi. Qəzetin redaktoru A.Q.Talalayev və İ.Z.Yampolski olmuşdur (Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. B., 1990, səh. 324).
Lənkəranın "Lətaif" (“Lətifələr”) qəzeti
1916-1917-ci illərdə Lənkəranda “Lətaif” (“Lətifələr”) qəzeti nəşr edilmişdir. Qəzet “Məharət” qiraətxanası tərəfindən buraxılmışdır. Qəzetin naşiri Mirzə Zeynalabdin Təbrizi, redaktoru isə Mirmurtuza Mirmustafa oğlu Talışlı olmuşdur (M. Talışlı, E. Əhədov. Lənkəran: ensiklopedik məlumat. B., 2014, səh. 310).
Lənkəranda 1917-ci ildə “Hürriyyət” vərəqəsi
Lənkəranda 1917-ci ildə “Hürriyyət” vərəqəsi, 1919-cu ildə Muğan Sovet Respublikasının İcraiyyə Komitəsinin mətbu orqanı kimi rus dilində “İzvestiya” (“Xəbərlər”) qəzeti çap olunmuşdur.
1919-cu ildə Lənkəranda “Rəhbər”qəzeti
1919-cu ildə Lənkəranda “Rəhbər” adı altında daha bir qəzet nəşr edilmişdir. “Rəhbər” qəzetinin redaktoru Teymur Şahverdiyev olmuşdur.
Lənkəranda Canlı qəzet
1926-cı ildə Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə Ədəbiyyat Cəmiyyətinin nəzdində “Canlı qəzet” təşkil edilmişdir. Cəlil Məmmədquluzadənin təklifi ilə pedaqoq, folklorşünas Hüseyn Atakişiyev qəzetin redaktoru seçilmişdir. “Canlı qəzet” 1926-1931-ci illərdə nəşr olunmuşdur (Hacı Etibar Əhədov. Folklorşünas, teatrşünas, ustad müəllim. “Aşkarlıq” qəzeti, 12.03.2015).
1931-ci ildə “Qızıl Talış”
Bölgənin mətbuat tarixinin inkişaf dövrü ötən əsrin 30-cu illərinə təsadüf edir. 1930-cu illərdə bölgənin əhatə etdiyi 6 rayonun hər birində rayonun ictimai-siyasi həyatını özündə əks etdirən rayon qəzetlərinin nəşrinə başlanmışdır. İlk rayon qəzeti 1931-ci ildə “Qızıl Talış” adı altında Lənkəranda nəşr edilmişdir.
Qonşu rayonların qəzetləri – talış dilində qəzet
Sonrakı illərdə isə
Astarada “Ostoro kkolxozçi” (talış dilində “Astara kolxozçusu”, 1932),
Masallıda “Yeni həyat” (1932),
Astraxanbazarda (Cəlilabad) “Sosializm tarlaçısı” (1932),
Vərgədüzdə (Yardımlı) “Vərgədüz kolxozçusu” (1936),
Zuvandda (Lerik) “Zuvand kolxozçusu” (1937) qəzetləri nəşr olunmuşdur.
Respublikamızın digər bölgələrində olduğu kimi cənub-şərq bölgəsi də mətbuatının inkişafının ən yüksək mərhələsinə ölkəmiz müstəqillik qazandıqdan sonra qədəm qoymuşdur. Məhz ölkəmiz müstəqillik qazandıqdan sonrabölgənin rayonlarında rayon qəzetlərindən başqa ayrı-ayrı qəzet və jurnalların da çapına başlanmışdır.
Bölgənin rayonlarının mətbuat tarixinə ayrı-ayrılıqda nəzər salaq
Lənkəran
Yuxarıda qeyd etdiyimiz kimi Lənkəranda ilk qəzet 1912-ci ildə çap olunmuş və həmin qəzet “Rıbnoye dole” adlanmışdır.
Lənkəranda ilk rayon qəzeti isə 1931-ci il yanvarın 21-də “Qızıl Talış” adı altında nəşr olunmuş və qəzetin ilk redaktoru Böyükağa Mirsalayev olmuşdur.
“Qızıl Talış” qəzeti 5 dekabr 1931-ci ildə “Sıə Tolış” (talış dilində “Qızıl Talış”) adlandırılmışdır.
“Sıə Tolış” qəzeti ilə yanaşı Lənkəranda talış dilində “Şura Ozorboyconi” (“Sovet Azərbaycanı”) və Lənkəran MTS-in Siyasi Şöbəsinin orqanı kimi “Tolışi kolxozçi” (“Talış kolxozçusu”) qəzetləri də çap olunmuş və bu qəzetlər 1935-1936-cı illərdə “Sıə Tolış” qəzetinə birləşdirilmişdir.
“Sıə Tolış” əvvəllər Azərbaycan və talış dillərində çap olunmuşdur. 22 sentyabr 1938-ci ildən isə Azərbaycan dilində nəşr edilir.
“Sıə Tolış” qəzeti sonralar “Sosialist subtropikası” (23.02.1939 – 16.06.1957), “Leninçi” (16.06.1957 – 22.09.1990) adlanmışdır.
“Leninçi” qəzeti 1962-ci ildən rayonlararası qəzetə çevrilmiş, 1966-cı ildən yenidən rayon qəzeti kimi fəaliyyətə başlamışdır.
“Leninçi” qəzeti 22 sentyabr 1990-cı ildə “Lənkəran” adlanır. 1990-1993-cü illərdə “Lənkəran” qəzetində talış dilində səhifə olmuşdur. Səhifə Etibar Əhədov və Ağaddin Babayev tərəfindən hazırlanmışdır.
Lənkəranda 1990-cı ilin yanvar ayında Azərbaycan Xalq Cəbhəsinin Lənkəran Təşkilatının orqanı kimi “Elin səsi” qəzeti çap olunmuşdur. “Elin səsi” qəzetinin ilk redaktoru Əli Nasir olmuşdur.
Müstəqillik dövründə Lənkəranda qəzetlər
Azərbaycan müstəqillik qazandıqdan sonra isə Lənkəranda bir neçə qəzet və jurnal nəşrə başlamışdır. İ
lk olaraq 21 mart 1994-cü ildə “Lənkəranın səsi” qəzeti çap olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Etibar Əhədov olmuşdur. Müstəqil ictimai-siyasi qəzet olan “Lənkəranın səsi” qəzetinin cəmi 7 sayı işıq üzü görmüşdür. Qəzetin axırıncı sayı 1994-cü il noyabrın 17-də buraxılmışdır.
Lənkəranda sonralar
“Aşkarlıq” (1995; redaktoru Etibar Əhədov),
“Fakt+fakt” (2003; redaktoru Gülağa Cəfərov),
“Prizma” (2004; redaktoru Ağaddin Babayev),
“Bizim era” (2005; redaktoru Hacıməmməd Quluzadə),
“Bizim təbib” (2008; redaktoru Şəfahət Həsənov),
“Veteran yolu” (2008; redaktoru Səftər Rzayev),
“Uğur reklam” (2012; redaktoru Qiyas Kazımov) müstəqil qəzetləri,
“Şəfəq” (1991, iyun; ilk redaktoru Məmmədhüseyn Əliyev),
“Söz” (1992; ilk redaktoru Şəkər Aslan),
“Məşəl” (1999; ilk redaktoru Hacıməmməd Quluzadə), “
“Yaşıl çay” (2012; ilk redaktoru Bəxtiyar Hüseynov) ədəbi-bədii jurnalları nəşrə başlamışdır.
P.S. “Şura Ozorboyconi” və “Tolışi kolxozçi” qəzetləri ilə bağlı məlumat İqbal Əbilova məxsusdur.
ASTARA
Astarada ilk qəzet 1932-ci ildə nəşr edilmişdir. Rayonun ictimai-siyasi həyatını əks etdirən qəzetin adı talış dilində “Ostoro kolxozçi” (“Astara kolxozçusu”) olmuşdur. “Ostoro kolxozçi” qəzeti 1938-ci ilə qədər Azərbaycan və talış dillərində çap olunmuşdur. 1938-ci ildən isə Azərbaycan dilində nəşr olunur.
“Ostoro kolxozçi” qəzeti sonralar “Kolxoz tribunası”, “Sovet Astarası” adlanmışdır. Qəzet 1990-cı ildən “Astara” adlanır. 1990-1993-cü illərdə “Astara” qəzetində talış dilində səhifə olmuşdur. Səhifə Gülnar Əsədli və ...?... tərəfindən hazırlanmışdır.
Astarada 2000-ci ildə “Alov” ədəbi-bədii jurnalı nəşrə başlamışdır. Jurnalın ilk redaktoru Tarif Əsgər olmuşdur.
CƏLİLABAD
Cəlilabadda ilk qəzet 1932-ci ildə “Sosializm tarlaçısı” adı altında nəşr olunmuşdur. Rayon qəzeti olan “Sosializm tarlaçısı” sonralar “Taxılçı” adlanmış, 1990-cı ildən isə “Yeni gün” adlanır.
Cəlilabadda 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin Cəlilabad təşkilatının orqanı kimi “Hasıllı” qəzeti nəşrə başlamışdır.
“Hasıllı” 1990-1991-ci illərdə işıq üzü görmüşdür.
1991-1992-ci illərdə “Həməşərə” qəzeti çap olunmuşdur. 1991-1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsinin Cəlilabad təşkilatının orqanı kimi “Cəlilabad” qəzeti nəşr edilmişdir. Qəzetin redaktoru İslam Əsgəroğlu olmuşdur. Həmçinin Cəlilabad rayonunda cəmi bir-iki dəfə olmaqla “Cənub çiçəyi” adlı qəzet də çap olunmuşdur.
Cəlilabadda 2003-cü ilin aprel ayından “Sözün işığı” adında ədəbi-bədii jurnal və eyni zamanda ədəbi-bədii, publisistik qəzet (Baş redaktor Ədalət Salman), 2004-cü ilin may ayından isə “Münasibət” qəzeti (ilk redaktoru Adil Ağazadə) nəşr olunur.
LERİK
Lerikdə ilk qəzet 1937-ci il mayın 20-də “Zuvand kolxozçusu” adı altında nəşr edilmişdir. Qeyd edək ki, Lerik rayonu 1930-1938-ci illərdə Zuvand adlanmışdır. “Zuvand kolxozçusu” qəzeti 1937-ci il iyulun 27-dən “Kolxoz yolu” adlandırılmışdır. “Kolxoz yolu” qəzeti 1964-1965-ci illərdə Lənkəranda çıxan rayonlararası “Leninçi” (indiki “Lənkəran”) qəzetinə birləşdirilmişdir.
Lerikdə 1966-cı il martın 12-də “Bolluq uğrunda” qəzeti nəşrə başlayır. “Bolluq uğrunda” qəzeti 1991-ci ilin yanvar ayından “Lerik” adı ilə nəşr olunur. 1990-1993-cü illərdə “Lerik” qəzetində talış dilində səhifə olmuşdur.
Lerikdə 2013-cü ildən müstəqil qəzet kimi “Azad təfəkkür” qəzeti nəşr edilir. “Azad təfəkkür” qəzetinin redaktoru əməkdar jurnalist İdris Şükürlüdür.
MASALLI
Masallıda rayonlaşmaya qədər Qəzanın bir mahalı kimi Ərkivanda rus dilində bir vərəqə çap olunduğu deyilir. Rayonlaşmadan sonra isə Masallıda ilk qəzet 1932 il mayın 31-də nəşr olunmuş və qəzet “Yeni həyat” adlanmışdır. Qəzetin ilk redaktoru bakılı Məmmədağa Sultanov olmuşdur. “Yeni həyat” 1962-ci ildə nəşrini dayandıraraq 1965-ci ilin iyununa qədərLənkəranda çıxan rayonlararası “Leninçi” (indiki “Lənkəran”) qəzetinə birləşdirilmişdir.
“Yeni həyat” qəzeti sonralar “Çağırış” (1965, iyun – 1994, iyul), “Yeni qəzet” (1994, iyul – 2002, aprel) adlanmış, 2002-ci il aprelin 5-dən yenidən “Yeni həyat” adı ilə nəşr olunur.
Lənkəranın Separadi kəndindən olan şair Vaqif Hüseynov 1978 - 1985-ci illərdə “Çağırış” qəzetinin redaktoru olmuşdur. Qəzetin redaktorları sırasında İbrahim İbrahimov, Rahid Ulusel və digərlərini də saymaq olar. 1990-1993-cü illərdə “Çağırış” (“Yeni həyat” qəzetində talış dilində səhifə olmuşdur. Səhifə Musarza Mirzəyev tərəfindən hazırlanmışdır.
Masallıda 1990-cı ildə “Qala” qəzeti çap olunmuşdur. Ədəbi-bədii qəzet olan “Qala”nın redaktoru Məmməd Kazım olmuşdur.
Masallının müstəqil mətbuat tarixi Zahir Əmənovla bağlıdır
1990-cı illərdə Lənkəranda və Cəlilabadda AXCP rayon təşkilatının və Masallıdakı
ədəbi-bədii qəzet olan “Qala” istisna olmaqla bölgədə heç bir partiya mənsubiyyəti olmayan ilk müstəqil qəzet Zahir Əmənovun redaktorluğu ilə
Masallıda, 1992-ci il oktyabrn 29-da nəşr olunan 4 səhifəlik, cəmi 9 sayı çap edilən “Masallı” qəzeti olmuşdur. Sonralar qəzet Məmmədhüseyn Şükürov və Nurəddin Ədiloğlunun redaktorluğu ilə çıxmışdır
1993-cü il iyununda isə “Masallı xəbərləri” qəzetinin ilk sayı işıq üzü görmüşdür. Qəzetin təsisçisi və ilk redaktoru Zahir Əmənov olmuşdur. 1995-cü ilin sentyabrında “Masallı xəbərləri” qəzetinin əlavəsi kimi 12 səhifəlik “Ərkivan” qəzetinin də ilk sayı işıq üzü görmüşdür. Cəmi iki sayı nəşr olunan “Ərkivan” Azərbaycanda nəşr edilən ilk kənd qəzeti idi. Qeyd edək ki, Ərkivan Masallı rayonunda 2007-ci ildən qəsəbədir.
Masallıda 2002-2017-ci illərdə ardıcıl olaraq “Cənub xəbərləri” qəzeti çap olunmuşdur. Həmin qəzetin də təsisçisi və redaktoru Zahir Əmənov olmuşdur. Bölgədə müstəqil qəzetin yaradıcısı kimi tanına Zahir Əmənov son vaxtlar cenubaz saytının və “Cənub xəbərTV”-nin rəhbəri kimi jurnalist fəaliyyətini davam etdirir. 2012-ci idlə “Cənub xəbərləri” qəzeti Azərbaycan Jurnalistlər və Yeni Nəsil Jurnalitlər birliyi tərəfindən region qəzetləri içərisində “İlin qəzet” elan olunmuşdur.
Masallıda 2018-ci ildən “Talisman” qəzeti çap olunmuşdur. Qəzetin Rafiq Məmməd və Alizaman Baxışın rəhbərliyi ilə buraxılmışdır.
YARDIMLI
Yardımlıda ilk qəzet 1936-cı ildə çap olunmuş və qəzet “Vərgədüz kolxozçusu” adlanmışdır. Qəzetin ilk redaktoru Təvəkkül Abbasov olmuşdur. Qeyd edək ki, Yardımlı rayonu 1930-1938-ci illərdə Vərgədüz adlanmışdır. “Vərgədüz kolxozçusu” 1938-1990-cı illərdə “Yeni kənd” adlanmış, 1990-cı ildən isə “Zirvə” adlanır. Əməkdar jurnalist Sahib Əliyev 32 il (1966-1998) qəzetin baş redaktoru vəzifəsində çalışmışdır. Sonralar həmin qəzetin İcra Hakimiyyətinin qəzeti kimi Ələsgər Cəfərlinin redaktorluğu ilə “Zirvə” adı ilə fəaliyyətini davam etdirsə də, son məlumata görə bu ildən nəşrini dayandırıb.
Bundan əlavə Sumqayıtdakı yardımlıların dəstəyi, Elman Eldaroğlunun rəhbərliyi ilə “Yardımlının səsi” qəzeti fəaliyyətini davam etdirir.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi, Bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü