Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Dedi ki, istəyirəm, virusa yoluxum, sonra inanım”


İnfeksionist: “Dənizə giriş qadağasının, insanların evdən çölə çıxmamasının əzabını oktyabr-noyabr aylarında çəkəcəyik”
 
Əksər ölkələrdə karantin rejimi yumşaldılmağa, hətta aradan qaldırılmağa başlanılıb. Vaxtilə koronavirusun tüğyan etdiyi Çin, İran, İtaliya və digər ölkələrdə həyat axarına düşüb. Bizdə isə hələ də xüsusi və sərt karantin davam edir.
 
Elə isə nə baş verir? Mövzu üzrə sualları həkim-infeksionist Günay Məhərrəmova cavablandırıb.
 
- Doktor, dünyanın əksər ölkələrinin karantin rejimindən çıxmasına baxmayaraq, virusa yoluxma sayı da sürətlə azalır. Amma bizdə həm gündəlik yoluxma sayı 400-500 civarındadır, həm də sərt karantin rejimi hökm sürür. Bunu necə izah edirsiniz?
 
- Çünki həmin ölkələrin vətəndaşları qayda-qanuna riayət edirlər. Yəni, əhali bu xəstəliyi ciddi qəbul edib, bütün qaydalara riayət elədi. Ona görə də onlarda bu xəstəliyin təhlükəsi tez bir zamanda aradan qaldırıldı. Lakin bizdə sərt karantin rejiminin olmasına baxmayaraq, insanlar qaydaları pozurlar. Məsələn, bir müddət əvvəl “Fairmont Hotel”də çox sayda insanın bir yerə yığışıb hovuzda çimdiyini, əyləndiyini gördük. Bundan əlavə, sosial şəbəkələrdə də insanların paylaşımlarından qayda pozuntularını görürük. Hətta, bu günlərdə bir nəfərin paylaşımını oxudum və və dəhşət gəldim. Həmin şəxs qeyd edirdi ki: “Mən karantin qaydalarına riayət eləmirəm, əllərimi də yumuram. İnsanların çox olduğu yerlərdə də oluram. İstəyirəm ki, bu virusa yoluxum və ondan sonra inanım”. Yəni insanlar arasında hələ də bu xəstəliyə inanmayanlar, qəbul etməyənlər çoxdur. Lakin dənizə giriş qadağasının, insanların evdən çölə çıxmamasının əzabını oktyabr-noyabr aylarında çəkəcəyik. Çünki bizi həmin aylarda xəstəliklərdən qoruyan yayda dənizə getməyimiz, günəş şüası qəbul etməyimiz idi. Çünki D vitaminini normal dərəcədə qəbul edirdik. Bu da bizi oktyabr-noyabr aylarında xəstəliklərdən qoruyurdu. TƏBİB-in sədri Ramin Bayramlı da qeyd eləmişdi ki, oktyabr-noyabr aylarında digər virusların baş qaldırdığı dövr olur deyə, biz həmin viruslara tab gətirə bilməyəcəyik. Çünki biz evdəyik. İnsanlar da bu qaydalara vaxtında riayət eləsə, bizdə də xəstəlik effektini azaldar və dənizə də gedərik, günəş şüası da qəbul edərik. Amma insanlar riayət etmir.
- Bu inamsızlıq nəyin göstəricisidir?
 
- Savadsızlığın. Əgər, insanlar savadlı olsaydı, ətraflarında xəstələnən insanları görüb nəticə çıxarardılar. Onlar düşünürlər ki, adi qripdəki kimi zoğallı çay içməklə sağalmaq olar. Amma bunu qəbul etmirlər ki, normalda yay aylarında pnevmaniyadan xəstəxanaya düşənlərin sayı çox az olurdu. Çünki yayın öz xəstəlikləri var. Yəni çox nadir hallarda, pnevmaniyadan, yüksək qızdırmadan kimsə xəstəxanaya yerləşdirilirdi. Amma insanlar bunları ya görmür, ya da görmək istəmirlər. Sadəcə olaraq virusu siyasət kimi görürlər.
 
- Az öncə Azərbaycanla dünyada karantindən çıxan, yoluxma sayı azalan ölkələri müqayisə elədik. Maraqlıdır, həmin ölkələrin karantindən çıxması, virusun yenidən yayılmasına gətirib çıxara bilər?
 
- Ola bilər ki, həmin ölkələrdə də yoluxma sayı artsın. Amma onlarda qaydalara riayət olunur deyə, bir o qədər də təhlükə yoxdur. Məsələn, idman oyunları azarkeşsiz keçirilir, iştirakçılar, işçilər məhdud sayda olur. Davamlı olaraq temperaturları ölçülür və test edilirlər. Yəni, bacardıqları qədər insan sayını azaldırlar. Bizdə isə bu xəstəliyin artmasının səbəbini Mall-ların və restoranların açılmasında gördüm. İnsanlar kütləvi şəkildə bir yerə yığıldılar və ünsiyyətdə oldular. Düzdür, bizdə də karantin rejimini yüngülləşdirmək lazımdır. Çünki əhali artıq evdə oturmaqdan cana doyub. Yəni xəstəlik olmasa belə, psixoloji cəhətdən bu hadisə insanlara təsir edir.
 
- Qeyd etdiyiniz kimi, insanların Günəş şüası, D vitamini qəbul edə bilməməsi, dənizdən, açıq havadan uzaq düşməsi payız-qış mövsümündə respirator infeksiyaların yayılmasında böyük rol oynayacaq və insanlar tab gətirə bilməyəcklər. O zaman nə edək?
 
- Artıq D vitaminini süni şəkildə qəbul etmək lazımdır. Bundan əlavə, digər vitamin kompleksləri də qəbul etmək lazımdır. Bu xəstəliklə mübarizədə də görmüşük ki, əsas D və C vitaminlərinin rolu böyükdür. Çünki qeyd etdiyimiz kimi, insanlar təbii D vitaminindən məhrum qalıb, Günəş şüası qəbul etmirlər. İşə gedənlər də səhər gedir, işdə qapalı məkanda olur, axşam da qayıdırlar evə. Yəni normal D vitamini qəbul edə bilmirlər. Ona görə də yaxşı olardı ki, sadaladığım vitaminləri qəbul etsinlər. Lakin bizdə də karantin tədbirlərini yumaşltmağa ehtiyac var. Mall-lar və restoranlar bağlı qalsın, amma insanların dənizə getməsinə icazə verilsin, təbii ki, əvvəlcədən temperaturlarını ölçməklə, məhdud sayda insanları buraxmaqla. Məsələn, Türkiyənin Antalya, Bodrum şəhərlərində otellər açılıb, insanların istirahət imkanları rahatlaşıb. Sadəcə, orada oteldə qalanlar üçün test tələb edilir, otel sanitariya qaydalarına riayət edir, hovuzlar xlorlanır. Amma birmənalı olaraq payız-qış aylarına hazırlıq üçün hovuz yox, dəniz və qum lazımdır.
 
- Karantin rejimi uşaqlarda daha ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər?
 
- Təbii ki, bu proses uşaqlara da psixoloji cəhətdən təsir edib. Uşaqlar evdə oturur, hərəkət etmir və havaya çıxmırlar. D vitamini qəbul etmirlər. Bu isə ilk növbədə piylənməyə səbəb olur. Bundan əlavə, uşaqlar məcbur olaraq daha çox onlayn oyunlar oynayırlar ki, bu da onların bellərinə, onurğalarına və gözlərinə çox ziyandır. Digər tərəfdən, uşaqların evdə çox oturması yuxu və qida rejiminin də pozulmasına səbəb olur ki, bu da immun sisteminin zəifləməsinə gətirib çıxarır. Təbii ki, bu da gələcəkdə özünü göstərəcək.
 
- Ümumiyyətlə, vaksin olmadan virusun yoxa çıxması mümkündür?
 
- Əslində, xeyr! Belə viruslar, adətən, peyvənd nəticəsində məhv olur. Çünki bu virusun müalicəsi də yoxdur. Yalnız simptomatik müalicə olunur. Yəni simptomlar aradan götürülür. Bu virusa köklü təsir edən dərman belə, yoxdur. Necə ki, digər ağır infeksiyalarda, xəstəliklərdə peyvənd vacibdir, koronavirusda da elə. Peyvənd olarsa, hamı peyvənd olunacaq və bu xəstəliyə yoluxma baş verməyəcək.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10