Xəbər verdiyimiz kimi bütün rayonlarda ali məktəb, ali məktəb filialı, kolleclər açılandan sonra rayon rəhbərliyinin ciddi səyi ilə Masallıda da regional kollec (keçmiş “dil”lə texnikum, orta ixtisas məktəbi) açıldı. Hazırda 5 fakültədən ibarət 75 yerlik kollec “Gənclər evi” nin arxasında, yüksək səviyyədə təmir edilmiş korpusda yerləşir. Məktəbə əvvəllər Masallı təhsil şöbəsində metodist, sonra “Dəfnə” liseyində direktor işləyən Vidadi Nəzərov direktor təyin edildi. Tədris işləri üzrə direkor müavini vəzifəsinə isə Masallı İHB-nin ümumi şöbə müdirliyindən səhhətinə görə azad edilmiş Baba Həsənov təyin edilib. (Yeri gəlmişkən, onu da xatırladaq ki, B. Həsənovun tərk etdiyi ümumi şöbə müdirliyinə YAP Masallı rayon təşkilatının sədri, PİH-də böyük məsləhətçi işləyən Seyfəddin Əliyev təyin olunub.)
Beləliklə, kollec üçün gözəl bina ayrılıb, rəhbərlər təyin edilib, lakin tələbə yerlərinin çoxu boşdur. Belə ki, kollecə 75 əvəzinə hazırda 10 tələbə vəsiqə qazanıb. Səbəb də odur ki, kollecin rəsmiləşdirilməsi çox yubadıldığından bu təhsil ocağı tələbə qəbulu siyahısına daxil edilməyib.
Onu da xatırladaq ki, bu tədris ilindən Cəlilabad rayonunda da yeni kollec - Tibb kolleci yaradılıb.
Masallının küçə adı problemi
Raqif Bayramov nələri təklif edir
Raqif Bayramov Masallı şəhərində yaşayır. Əvvəllər inşaatçı kimi fəaliyyət göstərib. Masallı ziyalılarının tanıdılması üçün daim narahat olan bir insandır. Məhz onun yaxından köməyi ilə qəzetimizdə Masallı ziyalıları ilə bağlı silsilə yazılar çap edilib. “Masallının bəy övladları”, “Doktor Ələsgər”, “Masallının ilk ail təhsilliləri”, “Xalq rəssamı Tələt Şıxəliyev”, “Teymur bəy Bayraməlibəyov”, “Xalq düşməni”nin qızı” (Yazı T. Bayraməlibəyovun qızı, Məlik Yeqanovun həyat yoldaşı, görkəmli maarifçi Münəvvər xanıma həsr olunmuşdu), “Mir Sadiq bəyin nəvələri”, Nazirlər Sovetinin sədri olmuş masallılı Natiq Əliyev və və digərləri haqqında yazılar belələrindəndir.
Hər biri böyük marağa səbəb olan bu yazılarda yuxarıda adı çəkilən şəxslərin çox dəyərli işlərindən geniş söz açılıb.
Raqif Bayramovu narahat edən isə odur ki, Masallıya başucalığı və şöhrət gətirən bu şəxslərin adları Masallıda layiqincə əbədiləşdirilməyib. Məsələn, Masallının Digah kəndində boya-boşa çatan Tələt Şıxəliyevin adına Bakıda küçə olsa da, Masallıda bu şəxs unudulub. Teymur Bayraməlibəyovun adı Lənkəranın şəhər məktəblərinin birinə verilsə də, təxminən 20 il öncə onun adı Masallıdakı küçələrdən birinin adından götürülüb (İndi həmin küçə Həzərxan Səmədovun adını daşıyır).
Uzun müddət hazırkı millət vəkili Nəriman Əliyevin sadə peşə sahibi olan atasının adını daşıyan küçədən onun adı elə deputatın öz təşəbbüsü ilə götürülərək hazırda “Digah ” küçəsi adlanır.
Ən çox təəssüf doğuran səbəb isə o olub ki, atalarının adını küçələrə verdirməklə əbədiləşdirmək istəyənlər kifayət qədər imkanları olmasına baxmayaraq həmin küçələri abadlaşdırmayıblar.
Raqif Bayramov küçə adlarındakı bu parakəndəçiliklə bağlı Masallı Rayon İcra Hakimiyyəti başçısının qəbulunda da olub. İcra başçısı R. Bayramovun təkliflərini və fikirlərini çox həssaslıqla qarşılayıb və bildirib ki, müvafiq komissiya bu məsələni araşdırır. Həmçinin şəhər nümayəndəliyinin rəsmiləri Raqif Bayramovla görüşüb, bəzi dəqiqləşdirmələr aparıblar.
Ümid var ki, yaxın vaxtlarda təsadüfi şəxslərin adı Masallı küçələrindən təmizlənəcək, onları daha layiqlilər, rayona daha çox şöhrət gətirən şəxslərin adları əvəzləyəcək. Eləcə də küçələrə yeni ad verilməklə yanaşı həmin şəxslərin adlarını əks etdirən lövhələr də həmin küçələrə vurulacaq ki, kimin kim olduğu xalqa daha aydın olsun.
4 yaşlı oğlan özünü asdı, amma ölmədi
Masallıda intihara cəhd faktı qeydə alınıb.
APA xəbər verir ki, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Kalinovka kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Əlyar Şakir oğlu Fərəcov özünü yaşadığı evdə asıb. Yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanan Ə.Fərəcov dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Onun intihara cəhd etməsinin səbəbi açıqlanmır.
Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.
Yenə Lənkəran təhsili, yenə rüşvət söhbəti
Cənub mirvarisi sayılan Lənkəranın gah universitetindən, gah kolleclərindən, gah da ümumtəhsil məktəblərindən rüşvət söhbətləri bitmir
Lənkəranın təhsil ocaqlarında rüşvət məsələsi elə adiləşib ki, sanki əksəriyyət bunu norma kimi qəbul edir. Bir müddət əvvəl LDU-da rüşvətxorluq haqqında məlumatlar ölkə mətbuatından düşmədi. Hətta hər imtahanın dəqiq qiymətlərinə qədər mətbuata yol açdı. Sonda rektorun köməkçisi rüşvət alan zaman yaxalanarkən pulu yeyəndən sonra ara bir az sakitlik oldu.
Daha sonra Lənkəran Humanitar Kollecinin direktorları rüşvət və rüşvətə bənzər saxtakarlıqlara görə vəzifələrindən kənarlaşdırıldı.
Son vaxtlar isə Lənkəran Təhsil Şöbəsinin müdiri Şahanə xanımın guya bütün məktəblərdə rüşvət şəbəkəsi yaratdığı barədə adı gündəmdən düşmür.
RTŞ-də baş verən qanunsuzluqlarla bağlı Azerinews.tv-yə daxil olan məlumatlara inansaq, təhsil şöbəsinin müdiri Şahanə Əhmədova və müdir müavini Güloğlan Bağırov əlbir olaraq bəzi qanunsuz əməllər törədirlər. Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə yaş həddi 65-i keçmiş şəxslərin ixtisara salınması prosesi hazırda da davam edir. Bütün sahələri əhatə edən bu proses Lənkəranda da həyata keçirilib. Ötən ildən başlayaraq rayonda 18 orta məktəbin direktoru yaş həddinə görə işdən çıxarılıb. Ş.Əhmədova imkanı daha yüksək olanların bir neçəsini isə direktor təyin edib. Kənd orta məktəblərinə direktor getmək istəyənlər 5, Lənkəran şəhərindəki orta məktəblərdə direktor olmaq istəyənlər isə 8-10 min manatından keçməlidir. Bundan başqa, şöbə müdiri hər ay iri-xırdalığından asılı olaraq hər məktəbdən, şöbənin tabeliyindəki məktəbdənkənar müəssisələrdən və digər təhsil obyektlərindən nəsə umur. Rayon üzrə 152 belə müəssisənin olduğunu nəzərə alsaq,...
Müdir müavini G.Bağırova çatacaq “nə isə”nin ona verilməsi səhnəsi bir qədər fərqlidir. O, bunu alarkən öz hərəkətinə başqa don geyindirməyə çalışır. Ən dəhşətlisi odur ki, RTŞ-də qanunsuz işlərdən çıxan müdir müavini dəyəri 50 min manat civarında olan xarici avtomobil sürür.
Rayon təhsil şöbəsinin “HƏMKARLARI” da pul silməklə məşğuldur.
Cəlilabadın bu kəndi Balaxanı zibilliyini xatırladır
Cəlilabad rayon Maşlıq kəndi Balaxanı zibilliyini xatırladır. Ən çox ürək ağrıdan isə, kəndin girişinin bu vəziyyətə salınmasıdı. Təbii ki, bu ərazinin bu hala salınmasına kənd sakinləri də səbəbkardı.
Kəndin girişində, kəndin adının yazıldığı lövhənin belə zibil içində olması, necə deyərlər, burada yerli sakinlərin və rəhbərlərin zibilə “diqqətindən” xəbər verir.
Vasif Əlihüseyn