Pandemiyanın ilk aylarında – birinci sərt karantin rejimi dövründə yol verilən səhvlər başadüşülən idi. Biz təhlükənin miqyasını tam təsəvvür etmirdik, yeni virusla mübarizə yollarını bilmirdik, onu qarşılamağa savadımız, maddi-texniki hazırlığımız çatışmırdı. Amma indi, bütün qüvvə, maliyyə və bacarağımızı səfərbər etdiyimiz ikinci sərt karantin dövründə, əvvəl batdığımız palçığa bir də girməyimiz ayrıca söhbətin mövzusuna çevrilir.
Xalqla dövlət rəhbərlərinin birbaşa və daimi ünsiyyəti olmalıdır!
Əksər ölkələrdə bunu tez başa düşdülər. Biz, demək olar, hər gün müxtəlif dövlətlərin prezidentlərinin, baş nazirlərinin, nazirlərinin öz xalqlarına müraciətlərini, izahat və tövsiyələrini oxuyuruq. Azərbaycanda isə əsasən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədovla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) adlı bir yarımtəşkilatın rəhbəri Ramin Bayramlının verdikləri informasiyanın ümidinə qalmışıq. Onlar hər şeydən – xəstəlikdən də, metrodan da, qəbul imtahanlarından da, sudan da, ərzaqdan da, biznesdən və hətta sosial yardımdan da danışırlar, istənilən suala cavab verirlər. Ola bilsin ki, həqiqətən geniş erudisiyaya malikdirlər, amma bu insanlar millətin səlahiyyət verdiyi və sözünə güvəndiyi fiqurlar deyillər. Onları nəinki xalq seçməyib, heç prezident də təyin etməyib. Hər kəsin öz məsuliyyət dairəsi, səlahiyyəti və vəzifəsi var. TƏBİB, məsələn, Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində bir qurumdur və onun rəsmi saytında yazılana görə, “əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini, bu sahədə nəzarəti həyata keçirməkdir”. Bəs, nəqliyyat vasitələrinin hərəkətinə dair açıqlamalar və sosial müavinətlərin həcmi barədə proqnozlar vermək vəzifəsini kim ona həvalə edib?
Təcrübə göstərir ki, böhran zamanı insanların hökumətə etibarı və onun müəyyənləşdirdiyi qaydalara dəqiq əməl etməsi həlledici rol oynayır. Bu etibarı qazanmaq və qorumaq üçün çətin məqamlarda daim xalqla birbaşa ünsiyyətdə olmalı, gözünü onun gözündən çəkməməlisən. Millət nicat yolunu məhz seçdiyi, inandığı, səlahiyyət verdiyi adamlardan gözləyir. Ortada olan hər vasitəçi potensial problem deməkdir. Necə ki, TƏBİB öz sahəsində xeyli işlər görsə də, digər sahələrə müdaxiləsi (faktiki, vasitəçiliyi) ilə ciddi çətinliklər yaradır, məsələn, hazırda böyük əhəmiyyət kəsb edən maarıfçilik işinin düzgün qurulmasına maneə törədir.
Ədalət naminə söyləmək lazımdır ki, prezident hər çıxışında pandemiya və ondan qorunma üsulları barədə danışır, çağırışlar edir. Bəs, biz digər rəhbərləri, indiki məqamda ölkə üçün həyati dərəcədə əhəmiyyətli sahələrin başında duran şəxsləri niyə görmürük, eşitmirik? Mən Belçikanın baş nazirindən hər gün sitat oxuyuram, bizim baş nazirin isə bir ayda bir cümləsi də yadımda qalmayıb. Hanı səhiyyə naziri? Onu nə qədər axtarmaq olar? Xəstədirsə, sağlam adam tapılıb qoyulsun. Sağlamdırsa, TƏBİB-in və hər günü qəhrəmanlıq nümunəsi olan sıravi həkimlərimizin arxasında gizlənmək nə deməkdir? Hanı fövqəladə hallar naziri və onun nazirliyi? Bu qurumun saytında yazılıb ki, o, əhalinin mülki müdafiəsi, təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması üçün yaradılmış mərkəzi icra hakimiyyəti orqanıdır. İndiyədək müstəqil Azərbaycanın həyatında pandemiyadan böyük təbii və texnogen fövqəladə hal olubmu? On beş ildir həmin nazirlik xalqın pulu ilə bu gün üçün bəslənilib, böyüdülmürdümü? Amma FHN-nin fəaliyyəti haqqında onun rəsmi saytında iyunun 26-na olan 9 xəbərdən yalnız biri COVİD-19-a aiddir, beşi isə rayonlarda xırda yanğınlar haqqındadır. Yanğın söndürmək üçün FHN yaratmaq lazım deyildi, odun üstünə su tökməyi əvvəllər də bacarırdıq.
Niyə tibbi hazırlıq, sosial dəstək, biznes proqramları kimi, ölkədə pandemiya ilə əlaqədar ayrıca informasiya siyasəti də hazırlanmır?
Dəfələrlə təkrarlanıb ki, pandemiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyini azaldan ən mühüm faktor əhalinin həmin tədbirlərə qeyri-adekvat reaksiyasıdır. Camaat qorunmur, qoyulan qaydalara əməl etmək istəmir: polisi görəndə maskanı taxır, patrul keçəndə çıxarır; asfalt yolda qurulmuş postu torpaq cığırla keçir; sosial məsafə saxlamır və s. və i.a. Adamlar bundan narazıdır: “yenə günahı xalqda görürlər!” İncimək lazım deyil, həqiqət belədir. Şəxsən mənim söhbət etdiyim hər beş adamdan azı ikisi hələ də koronavirusu təxəyyül məhsulu, pandemiyanı siyasi oyun, təbliğat hesab edir.
Günahı kimdə görməyimizdən asılı olmayaraq, nəticə eyni (ortada qarşılıqlı inam yoxdur), səbəb birdir: ölkədə maarifçilik işini düzğün qura bilmirik.
Axı niyə? İllərdir insanları yalanlara inandıra bildiyimiz halda, indi niyə sadə həqiqəti onlara təlqin etmək olmur? Çünki biz həqiqəti sübuta yetirmək üçün də yalanları yeritməyə xidmət edən texnologiyalardan istifadə edirik.
Dünən Press Klub Masallıdan Zahir Əmənovun bir məqaləsini dərc etmişdi. Rayonda yaranmış vəziyyətə görə dərin narahatlıq hissi keçirən tanınmış jurnalist yazırdı:
“Masallı Mərkəzi Xəstəxanasında deyirlər ki, TƏBİB-dən icazəsiz bir kəlmə deyə bilmərik. TƏBİB-in Mətbuat xidmətinin telefonuna isə aramsız zənglərimiz cavabsız qalır. Daha dəqiq desək, onlara heç zəng çatmır.
Yerli əhalini maarifləndirmək üçün bir neçə nəfər koronavirusdan sağalmış xəstədən müsahibə almaq istədik, bizə belə xəstə tapa bilmirlər.
Koronavirus bəlasından 4 ay vaxt keçsə də, hələ də öyrənə bilmirik ki, 230 minlik Masallı rayonunda Operativ Qərargahın üzvləri kimdir, daim istifadədə olan “Qaynar xətt”in nömrəsi neçədir?
Sonra da deyirsiniz ki, camaat inanmır. İnandırıcı deyin ki, inansınlar. Mətbuat yox, amma partapart abunə pulu yığırlar. Bundansa, Operativ Qərargahın bir üzvü çıxsın canlı yayıma, pulsuz-parasız əhalinin suallarını cavablandırsın.
Beş gündür Masallıda sərt karantin rejimi başlayıb. Biri deyir, bu bütöv Masallıya aiddir, o biri deyir, Masallı rayonuna, başqa birisi də deyir ki, Masallı şəhərinə. İcra Hakimiyyətində bütün səlahiyyətlilərə zəng etsəm də, dəqiq cavab ala bilmirəm”.
Eyni tipli problemləri həmkarlarımız digər rayonlarda, biz Bakıda yaşayırıq. Axı informasiyanın açıqlanması rejiminə TƏBİB-in hansı aidiyyəti var? Harada yazılıb ki, o, kiməsə məlumat yayıb-yaymamağa icazə vermək səlahiyyətinə malikdir? Elə bilirsiniz, TƏBİB bu iddiasında təkdir? Xeyr, o, ölkənin dövlət orqanlarında geniş yayılmış praktikanı tətbiq edir. Hər nazirlik, hər icra hakimiyyəti tabeçiliyində olan sahədə, yaxud ərazidə özünə münasib informasiya rejimi yaradır. “Dinc şəraitdə” bunun fəsadları, bəlkə, o qədər hiss olunmur. Amma ekstremal vəziyyətdə nəticələr artan şayiələr, əhali arasında güclü çaşqınlıq, sonda inamsızlıq şəklində ortaya çıxır. Çindən tutmuş ABŞ-a qədər, bütün media təşkilatlarının dəfələrlə sınanmış tövsiyələrində göstərilir ki, gerçək əhvalatları təsvir etmək, həkimlərin və sağalmış xəstələrin təsirli hekayətlərini yaymaq cəmiyyətdə pandemiyaya düzdün münasibət formalaşdırmaq baxımından birinci dərəcəli əhəmiyyət kəsb edir (Press Klub bu barədə yazıb). Bəs, niyə Azərbaycanda həmin tövsiyələrə əməl etmək çətin olaraq qalır? Niyə tibbi hazırlıq, sosial dəstək, biznes proqramları kimi, ölkədə pandemiya ilə əlaqədar ayrıca informasiya siyasəti də işlənilib hazırlanmır? Hamı, hətta İcbari Sığorta Agentliyinin nəzdində bir qurum da bu sahədə özünü mütəxəssis, söz sahibi hesab edir, özfəaliyyətlə məşğul olur. Nəticədə ortaya ya heç nə, ya da sonuncu “polisə dəstək” sosial klipi kimi əks effekt verən, dövlət orqanlarına inama növbəti zərbə vuran məhsullar ortaya çıxır.
Beləcə, qaş düzəldən yerdə göz çıxarırıq. Koronavirusun yox, özümüzün gözünü…
(Ardı var)