Cəmiyyətimizdə elə hörmətli müəllimlər var ki, onlar sənə nə orta məktəbdə, nə də ali məktəbdə dərs deyiblər. Amma onları yaxından tanıyıb, orijinal fikirlərini dinləyəndə, insan qəlbinin mühəndisi kimi kəşf edirsən və istər-istəməz özünə həyat müəllimi bilirsən! Hətta yaş senzinə görə pedaqoji fəaliyyətlərinə məktəblərdə xitam verilsə belə, onlar könül verdikləri peşəni cəmiyyət həyatında davam etdirirlər.
Bu gün 70 yaşı tamam olan Əlizaman Baxış da belə müəllimlərdəndir. Onun bu dünyaya BAXIŞI doğulduğu Hacıtəpə kəndinin bir ovuc torpağından, onun gülünün, çiçəyinin ətrindən, ilk tanıdığı insanların zəhmətə sevgisindən formalaşıb... Gənc yaşlarından ağsaqqal düşüncəsinə malik olan belə insanların varlığı cəmiyyətin mənəvi ekologiyasını qorumağa xidmət edir.
Dözümlü kişi...
Əlizaman müəllimin sakit, ağayana görünüşü elə ilk baxışdan diqqəti cəlb edir, onun ilk kəlməsindən adamın ürəyinə ilıq bir mehribanlıq, səmimiyyət və doğmalıq hopur. Bir daha əmin olursan ki, o, bu dünyaya müəllim kimi doğulanlardandır. Əlizaman müəllim təkcə gözəl həmsöhbət deyil, həm də böyük qəlb sahibi, etibarlı dost, sirdaşdır. Onunla doğma Masallıda dəfələrlə görüşmüşük, qonşu Lənkərana - hər ikimizin ortaq dostu, detektiv əsərlər müəllifi Qafar Cəfərlinin ziyarətinə getmişik. Birlikdə Xanbulançay ətrafında təbiət qoynunda dincəlmişik. Keçmişdən, gələcəkdən, dost-tanışlardan, ədəbiyyatdan danışmışıq… Bakı isə tale yollarımızın dönə-dönə kəsişdiyi şəhərdir. Qismət olsa, ömür möhlət versə, hələ bu şəhərdə Əlizaman müəllim kimi dostlarla çox görüşəcəyik.
Əlizaman Baxış ömrünün üçüncü qərinəsinə vur-tut dörd lidir ki, qədəm qoyub. Amma bu dörd ildə ömür adlı qatarın bütün sadə sərnişinləri kimi o da rastlaşmadığı çətinliklərlə üzləşib, haqsızlıqların şahidi olub, necə deyərlər, müəllim həmkarının çoxu kimi öz halal “haqqını” ala bilməyib... Bəli, 50 ilə yaxın şagirdlərinə xoşbəxtlik yolunu göstərən bu ustad müəllimə firavan yaşamaq arzusu həmişə əlçatmaz olub!.. Amma Əlizaman müəllim dözümlü kişidir.
Səbrin hikmətinə inanan, bəxtindən şikayət etməyən bir ziyalıdır.
Yaxşı əməlin təməli...
Şöhrət ardınca qaçmağı sevmədiyindən abrına bürünüb təmkin və təvazö dünyasında bulunmağı üstün tutmuş, saf və təmiz vicdanına söykənərək başı dik, alnı açıq, üzü ağ yaşamaq yolunu seçmişdir. Əslində içində vurnuxan üsyankarlığa, qəzəb hissinə sözlə müdriklik qiyafəsi geyindirməyi bacaran güclü bir ruha sahibidir.
Aqillər deyir ki, qayğının qapı – pəncərəsi yoxdur, o, əbədi bir ehtiyacdır ki, həmişə, hər yerdə onu hiss edirsən. Bəzən mənə elə gəlir ki, zamanəsində qayğılardan qaça bilməyən Əlizaman müəllim kimi ziyalılar susmağın “qızıl” olmadığını lap gənc yaşlarından dərk edirlər, ona görə həm də şair taleyi yaşamağa məhkum olurlar! Əlizaman Baxış da müəllim kimi şagirdlərinə deyə bimədiklərini qələm adamı kimi oxucularına deməyə çalışır:
Adam var ki, doymaq olmur söhbətindən-sözündən,
Adam var ki, zəhər yağır baxışından-gözündən!
Adam var ki, baş qoyarsan ayağının altında,
Adam var ki, tez qaç, qurtar şeytansifət üzündən!
Söz yaradıcı insanın sərvətidir, şairin taleyinə zinət verən Tanrı nemətidir. Əlizaman müəllimin böyük həvəslə, ürəyinin səsi ilə yazıb - yaratdığı şeirlər də sözün qüdrətindən bəhrələnən və sözə hörmətlə yanaşan qələm sahibinin qəlb çırpıntılarıdır. İstər əyalatdə yaşa, istər paytaxtda, harda olursan ol, nədən yazırsan, kimdən yazırsan yaz, amma yazıb-yaratdığının kökündə millilik dayanmalıdır. “Vətənlə dərdimiz doğuldu qoşa” – deyən Əlizaman Baxış dünyasına yaxşı bələd olduğum üçün etiraf edim ki, onun şəxsiyyəti ilə yaradıcılığı arasında təbii bir uyarlıq var. O, həm də canına, ruhuna hopmuş vətəndaş təəssübkeşliyi ilə cəmiyyətdə baş verən neqativ hallara laqeyd qala bilmir, “mənə nə” demir:
Hamı bilir, balıq başdan iylənir!
Hazırların nazirləri piylənir –
zalım oğlu gəlib biznən əylənir!
“Bəsdir!”, “Yetər!,“Dayan daha!” deyən yox!
Danlayan yox, dansayan yox, söyən yox!
Və ya:
Cilovlanıb duyğularım,
əhvalı bərbad kimiyəm!
Bu dünyanın təndirində
kütə getmiş tat kimiyəm!
Əlizaman müəllimin poetik fikirlərinin çoxu ürəkdən tikan çıxardırsa, düşündürə bilirsə, şerdə, poeziyada nəsə bir söz deyirsə, demək, yaşadığı zamanın nəbzini tuta bilir, haqqı tərənnüm edir, tarixin güzgüsündə gördüyü əyrilikləri təhrif etmir. Əməl də insan şəxsiyyətinin güzgüsüdür, deyənlər yanılmayıblar. Hər bir yaxşı əməlin təməli ailədə qoyulur, həmçinin, vətən sevgisinin təməli də. Məhz ona görə də Əlizaman müəllimin nəinki şeirlərində, hətta publisistik yazılarında da vətənsevərlik hissləri onun şəxsi keyfiyyətləri ilə üst-üstə düşdüyündən inandırıcıdır və bu hisslərin həqiqiliyinə olan inam oxucu üçün bir həyat dərsidir.
Kitabları haqqında
Mövzu seçimi, rəngarəngliyi baxımından Əlizaman müəllimin bu günə kimi işıq üzü görən bütün kitabları maraq doğurur. Onun 2010-cu ildə nəşr olunan "Hacıtəpə - keçmişdə və indi" sənədli publisistik kitabı doğulduğu el-obaya övlad məhəbbətindən yaranıb və məzmun fundamentallığı ilə seçilir. Bu kitab kəndin gələcək nəsillərinə dəyərli ensiklopedik bilik verir. "Qayaların dağ harayı" (2018) bədii-publisistik kitabındakı "Haraylar" poeması isə müəllifin sözün obrazlı dilinə, poetik imkanlarına vaqif olduğundan xəbər verir. İctimai məzmunlu poetik düşüncələr xalq dilindən bəhrələnib, xalq ruhundan qidalananda həm rahat oxunur, həm də asanlıqla yaddaşlarda qalır. Bu da müəllifin əqidəsinin, qayəsinin oxuculara çatdırılmasını və təsirliliyini təmin edir. Qismən avtobioqrafik üslubda qələmə aldığı "Ömür kitabı"nda (2019) da insan həyatının yaşantılarından bəhs olunur. "Yaxşı ki varsan" kitabı (Bakı, Elm və Təhsil nəşriyyattı, 2019) Əlizaman müəllimin həm də şair-tərcüməçi olduğundan soraq verir. Bu kitabda onun lirik, ictimai, satirik janrda yazılmış şeirləri ilə yanaşı, tanınmış rus şairi və publisisti, Azərbaycan həqiqətlətinin carçısı Aleksandr Fomenkovdan dilimizə çevirdiyi şeirlər və hekayə oxuculara təqdim olunur. Müəllif həm klassik həm də müasir poeziyanın imkanlarından gen-bol bəhrələnib: oxucuya təqdim olunan bayatı, qoşma, gərayılı, təcnis, dodaqdəyməz yəni, hecada olan folklor və aşıq ədəbiyyatı; eləcə də şair dostları ilə deyişmələri, poetik yazışmaları, sabiranə şeirləri, M.Müşfiqsayağı düşüncələri müstəvisində Əlizaman Baxışın öz aləmi, söz aləmi görünür.
Kitabda müəllif şeirlərinin əksəriyyətində, eləcə rus dilindən tərcümə etdiyi ədəbi nümunələrdə Vətən sevgisi, vətəndaşlıq təəssübü özünü apaydın biruzə verir. Vətən insanların ilk beşiyi və son məzarıdır. Ona görə Vətəni sevməyən insan təsəvvür olunmazdır. Bu cəhətdən Vətən mövzusunda yazmaq əlinə qələm alan hər bir yazarın ümdə vəzifəsidir. Müəllifin fikrincə, Vətəni sevmək azdır, onun uğrunda döyüşmək, candan keçmək lazımdır: Yağı tapdağında qalan Vətən torpaqlarlarının azad olunması istəyini şair belə dilə gətirir:
Xəcalət təridir tökdüyüm bu tər,
De hansı gün olar bu gündən betər?
Nə qədər səbr edək, bəsdirin, yetər!
Qalxın, silahlanın, döyüş vaxtıdır!
Onun Vətən haqqında qələmə aldığı şeirlərində bir üsyan, dünya birliklərinə qarşı bir etiraz duyulur. Əlizaman müəllim kitaba daxil etdiyi belə şeirlərin səmimiliyi ilə oxucusuna Vətən sevgisi aşılayır, gənc nəslin qan yaddaşını daha da möhkəmləndirir.
Yubiliyra yubiley arzum…
Qələm dostumun son şeirlər toplusu özünün yarızarafat, yarıciddi dediyi kimi koronavirus “ucbatından” yubanır. İndi paytaxta gediş-gəliş də çətinləşib. Masallıda və Bakıda son dəfə nə vaxt görüşdüyümüzü dəqiq xatırlamıram. Sanki getdikcə görüşlərimiz virtuallaşır, aktiv insani münasibətlərimiz kodlaşdırılıb. “Lazım” gəldikdə, “proqram” arada-bir açılır və yalnız özümüz üçün müəyyən olunmuş ərazidə passif “hərəkət” edə bilirik. Görəsən doğma yerlərə, doğma insanlara nə vaxta kimi həsrət qalacaağıq?
Şair ruhu, ziyalı qəlbi sərhəd tanımayan qələm dostumu uzaqdan –uzağa bağrıma basıram və bu yubiley yazımı nikbin sonluqla bitirmək istəyirəm .
Demək istəyirəm ki, əgər qərinə zaman vahidi olub əsrin üçdə birinə, yəni 33 ilə bərabərdirsə, onda mənə Əlizaman müəllimə ömrünün üçüncü qərinəsini elə indi bu şəkildə göründüyüm kimi, gümrah, üzündən əskik olmayan səmimi təbəssümlərlə ömür - gün yoldaşı Xanım müəllimə ilə birlikdə başa vurmağı diləyirəm!
70 yaşlı şair dostumun hələlik sonuncu - nəşri yubanan sayca beşinci kitabından bir neçə şeirini “Cənub az”ın daimi izləyicilərinə təqdim edirik.
Nurəddin Ədiloğlu. Yazıçı, publisist.Əlizaman Baxış.
VƏTƏNDİR
Bu torpaq əbədi doğma diyardır,
Bu Vətən əzəli, ulu Vətəndir!
Qanla yazılmışdır hər salnaməsi,
Burda azadlığın yolu Vətəndir!
Vətəndir qayası, daşı, torpağı,
Meşəsi, ağacı, yaşıl yarpağı!
Payızın xəzəli, qışın sazağı,
Baharın al-əlvan gülü Vətəndir!
Burda Qız qalası, Gəlin qayası
Qızların üzünün abır-həyası –
Gəncə yaylığıyla kəlağayısı –
İpəyi Vətəndir, tülü Vətəndir!!
Üstünə şeh qonan təzə-tər çiçək,
Gecələr uçuşan işıldaböcək,
Güllərin üstündə gəzən sevincək
Şanı arısının balı Vətəndir!
Göyçə göl, Şah dağım, Xəzər dənizim,
Dərbəndim, Şirvanım, qoca Təbrizim,
Dəli Kür, Arpaçay, sultan Arazın
Sağı da Vətəndir, solu Vətəndir!
Albertim, Fəridim, qoç Mübarizim,
Salatın, Gültəkin, Aslan Çingizim,
Yolunda şəhiddir neçə ər bizim –
Qəhrəman igidlər dolu Vətəndir!
05.02.20.
ŞUŞA DƏRDİMİ
Haykırdım, səsimi eşidənim yox,
Danışdım qayaya, daşa dərdimi!
Canımın yanğısın soyutmaq üçün
Saxladım payıza, qışa dərdimi!
Doğuşdan qarğındım, sinəsi dağlı,
Bir qara qul kimi qolları bağlı!
Keçdi ömür-günüm qaralı-ağlı,
Bələdim quruya-yaşa dərdimi!
Ay balta saplayan, kürəyimizdən,
Tiyəsi özgədən, ay sapı bizdən!
Ay namərd, az qan iç ürəyimizdən,
Nə olar, bircə gün yaşa dərdimi.
Qarabağın yolu Göyçədən keçdi,
Min igid, min beli incədən keçdi!
Şuşanın işğalı xonçadan keçdi –
mən necə unudum Şuşa dərdimi?
18.05.20.
TUTMUR
Vurduğun töhmətlər belimi əyir,
Danlağın-dansağın şələmi tutmur!
Od vurub yandırdın xanimanımı,
Əslinin atəşi Kərəmi tutmur???
Sən olmusan həqiqətim, gerçəyim
Nəyim var ki, səndən başqa, çiçəyim!
Sənsiz laldır mənim dilim-dilçəyim,
Nə dillənə bilir, nə dəmi tutmur!
İrəvanda xal qalmadı, səndəmi?
Bir canım var, alacaqsan sən də mi?
Əzabını mən çəkirəm, sən dəmi –
könlün hər yetənlə həmdəmi tutmur!
08.04.20.
AĞLAYA-AĞLAYA
Fərağından ozan olub
dilim ağlaya-ağlaya!
Cəhənnəmdir günüm, ayım,
ilim ağlaya-ağlaya!!
Yada düşər xatirələr,
Göz yaşlarım gül bitirər!
Ayaq gedər, əl gətirər -
gülüm, ağlaya-ağlaya!
Daş ataram, baş tutaram,
Ölümü də xoş tutaram!
Ov ovlaram, quş tutaram -
əlim ağlaya-ağlaya!
Ruhun göyün qatındamı -
eşqin köhlən atındamı?
Ayağının altındamı
ölüm ağlaya-ağlaya??
Hicran odu yaxır məni,
Öldürəcək axır məni!
“Əlizaman!”- çağır məni –
gəlim ağlaya-ağlaya!
15.05.20.
ADAMLAR VƏ KİTABLAR
Bilin ki, bu dünyada
hər şey haqq və hesabdır!
İnsanların hamısı
oxunmamış kitabdır!
Birinin cildi qalın,
yaraşıqlı üzü var!
İçindəkilər yalan,
qarqarışıq sözü var!
Biri dünya üzünə
gəldiyinə peşiman!
Birini naşı qovur
belnən-kürəknən, daşnan!
Biri dağdan danışır,
biri bağdan danışır!
Guya vətənsevərdir,
Qarabağdan danışır!
Adam var incə ruhlu,
hər kəlməsi bal dadır!
Amma taleyi kəmdir,
başı qeylü-qaldadır!
Adam var kitab kimi
oxunmamış atılır!
Kimisinə yarınır,
kimisinə satılır!
Eyni tale yaşayır
adamlar, həm kitablar!
Yarımamış adamdır
taleyi kəm kitablar!
30.01.20.