Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir gürcü, bir azərbaycanlı, bir erməni və koronavirus…


Bakıda bir aylıq canlanmadan sonra həyat donub. Pəncərələrdən adam, maşın səsi gəlmir, ancaq quşların cəh-cəhi eşidilir. 

Karantin rejiminin nisbi yumşaldılması barədə qərar qəbul olunandan sonra nə baş verdi ki, ayın axırında az qala ev dustaqlığı tətbiq etməyə ehtiyac yarandı? İnsanların hərəkət sərbəstliyi artırılan andan infeksiyanın sürətlə yayılması, bəzi mütəxəssislərin dediyi kimi, təbii və qaçılmaz idimi? Yoxsa, hökumətin konkret səhvləri işi bu yerə çatdırdı? Bəlkə, bizim bir toplum olaraq hansısa keyfiyyətlərimiz vəziyyətin belə qəlizləşməsinə səbəb oldu? Və əgər sonuncu ehtimal doğrudursa, iki gün evdən çıxmamaqla hadisələrin daha təhlükəli inkişafının qarşısını ala biləcəyikmi?

Dünyanın müxtəlif bölgələrində pandemiya ilə bağlı şərait kəskin surətdə fərqlənir. Burada çox faktorun rolu var: coğrafi məkan, zaman, xəstəliklə mübarizə strategiyası, əhali və s. və i.a. Ona görə uzağa getməyimiz düzgün olmaz, amma Cənubi Qafqaz çərçivəsində müqayisə aparmaq yerinə düşər. 

Əvvəldə hər üç Qafqaz ölkəsində “start vəziyyəti” təxminən eyni idi: virus Gürcüstana, Azərbaycana və Ermənistana eyni günlərdə (26 fevral – 1 mart), eyni “qapıdan” (İrandan) girmişdi. Hökumətlərin seçdikləri mübarizə strategiyası da eyni, həyata keçirdikləri tədbirlər oxşar idi: hər yerdə sərhədlər bağlandı, eyni tibbi müdafiə üsulları tətbiq olundu, müxtəlif adlarla ciddi karantin rejimi yeridildi, özünütəcrid, insanların hərəkətinə nəzarət qaydaları, onların pozulmasına görə cəza mexanizmləri müəyyənləşdirildi. 

Nəhayət, təxminən eyni vaxtlarda hər üç ölkədə karantin rejiminin yumşaldılmasına başlandı. Gürcüstan bu istiqamətdə ilk ehtiyatlı addımını daha əvvəl – aprelin 27-də atsa da, məhz Azərbaycan və Ermənistanla bir gündə – mayın 3-də açılımı sürətləndirəcəyini elan etdi. 

Hesab nöqtəmizi həmin gündən götürək. 

Mayın 4-nə qədər Gürcüstanda cəmi 589 yoluxma halı qeydə alınmışdı, onlardan 359 nəfəri hələ xəstəxanalarda idi, 9 nəfər vəfat etmişdi. Azərbaycanda yoluxanların sayı 1932 nəfər təşkil edirdi, amma onların da 1441 nəfəri artıq sağaldılıb evə göndərilmişdi və bu, regionda ən uğurlu nəticə sayılırdı – 74,6%. Xəstəxanalarda 446 nəfər qalırdı, 25 nəfər vəfat etmişdi. Yəni, əhali nisbətinə görə Azərbaycanın vəziyyəti Gürcüstandan da yaxşı görünürdü. Bölgənin ən kiçik ölkəsi Ermənistanda isə gərginlik qalırdı, amma böyük narahatlıq doğurmurdu: bu tarixədək qeydə alınmış 2386 xəstədən 35 nəfəri ölmüşdü, karantində 1316 nəfər qalırdı. 

Bir aylıq yumşalma rejimindən sonra hansı vəziyyətlə üzləşdiyimizi aşağıdakı cədvəldən əyani şəkildə görə bilərsiniz: 

 

Rəqəmlər göstərir ki, Gürcüstanda fövqəladə rejim şərtləri zəiflədilməyə başlanan gündən virusa yoluxmalar baxımından vəziyyət nəinki pisləşməyib, əksinə, hazırda karantində olanların sayı 359-dan 132 nəfərə enib – xəstəxanalar boşalır. Eyni vaxtda Azərbaycanda yoluxanlar sayca 4 dəfə, hələ də xəstəliklə çarpışanlar 6 dəfə çoxalıb – xəstəxanalar dolur. Ermənistanda vəziyyət ümumiyyətlə, qorxunc hal alıb. Əhalinin hər 100 min nəfərinə düşən yoluxmalara görə bu ölkə artıq dünyada liderdir.

Ermənistanda vəziyyətdən çıxış yolları barədə özləri düşünərlər. Bəs, bu rəqəmlər bizə nə söyləyir?

Onlar ilk növbədə deyir ki, karantindən daha ehtiyatlı çıxış planı hazırlamaq lazımdır. Gürcüstan aprelin 27-də elan etdiyi altıqatlı “açılım planı”nı mərhələ-mərhələ həyata keçirir. Amma burada ən vacib faktor dövlətin tədbirlər planının dəqiqliyi də deyil, əhalinin özünün davranış xüsusiyyətləri, düşüncə səviyyəsidir. Bizim insanlar virusa yoluxmayınca onun mövcudluğuna inanmırlar. Hələ də COVİD-19-u təxəyyül məhsulu, “siyasi virus” hesab edirlər. Amma kimlərinsə pandemiyadan siyasi məqsədlər üçün istifadə etməsi cəhdi bizi özümüzün, ailəmizin, millətin sağlamlığı üçün məsuliyyətdən azad etmir. Məhdudiyyət götürülən kimi, adamlar uşaqları yanlarına salıb küçələrə, parklara elə həsrətlə tökülüşürlər ki, sanki ömürlərində sonuncu dəfə gəzməyə çıxırlar. Sosial məsafə saxlamaq zərurəti yaddan çıxır, maska taxanların da əksəriyyəti onu çənələrində gəzdirir. İnsanların həftəsonu iki gün evdən çıxmalarına qadağa qoyulacağı elan edildikdən sonra mayın 5-də mağazalarda zənbil-zənbil çörək daşıyanların saldığı basa-basda, Allah bilir, neçə adam yoluxdu. İnanın ki, belələrinin evdə də adi gigiyena tələblərinə əməl etdiyi şübhə doğurur.

Mənim dediklərim dərhal polis nəzarətini gücləndirmək anlamına gəlməsin. Cənubu Qafqaz ölkələrində pandemiya ilə əlaqədar xüsusi rejim qaydaları yeridildikdən sonra Gürcüstanda gündəlik 50-100, nadir hallarda 200-dək, Ermənistanda 500-1000, Azərbaycanda 4000-5000 adam karantin şərtlərini pozmağa görə cərimələnirdi. Nəticəsinin nə olduğunu yadınıza salmaq üçün bir daha yuxarıdakı cədvələ diqqət yetirməyiniz kifayətdir. Əsas gücü maarifçiliyə, insanlara məsuliyyətini anlatmağa yönəltmək lazım olduğu halda, mayın 4-dən bəri bizim dövlət qurumlarımız da, informasiya kanallarımızın əksəriyyəti də bu vacibatı unutdu. Rəsmi orqanların onsuz da “azdanışan” mətbuat xidmətləri susdu. Əvvəllər heç olmasa bir, ya iki dəfə televiziyada görünmüş səhiyyə naziri isə müavinləri ilə birgə yenə yoxa çıxdı. Vətəndaş cəmiyyəti strukturlarının rolundan danışmıram, onların özlərinin heç koronovirussuz havası çatmır…

Rəsmi məlumata görə, iyunun 6-da Azərbaycanda koronavirusa yoluxanların sayı üzrə növbəti rekord nəticə qeydə alınıb: 379 nəfər. Bəlkə də, uzun illərdə ilk dəfədir ki, ölkə həyatında ən mühüm prosesin hansı istiqamətdə inkişaf edəcəyi ilk növbədə xalqın özündən asılıdır. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10