Hər bir xalqın oxuyanları da var, oxumayanları da. Oxuculuq səviyyəsi dedikdə onların nisbəti nəzərdə tutulur. Söhbət dərs oxumaqdan yox, məcburi olmayan mütaliədən gedir.
Bir sıra ölkələrdə oxuculuq səviyyəsini müəyyənləşdirmək üçün sosioloji araşdırmalar aparılır. Bunun üçün respondentlərin ay ərzində oxuduqları kitabların sayı, həftə ərzində orta hesabla oxuya ayrılan vaxt, oxunan kitabların kateqoriyaları və s. müəyyənləşdirilir. Son illər aparılan araşdırmalarda bu göstəricilər üzrə siyahıya, əsasən, cənub-şərqi Asiya ölkələri başçılıq edir.
Belə sorğular yalnız ölkələr arasında birinciliyi əks etdirmir, həm də liderliyin və autsayderliyin səbəblərini üzə çıxarır. Sanballı araşdırmalarda ölkələrin müvafiq sahə üzrə siyasəti, qanunvericiliyi, habelə respondentlərin təhsil səviyyəsi, ailə ortamı və s. əks olunur. Bütün bu məlumatlar geniş təhlil üçün yaxşı material verir. Məsələn, məlum olur ki, mütaliə mental xüsusiyyət deyil və ailənin maddi vəziyyəti ilə bağlı olmur. Oxuculuq səviyyəsi, bir tərəfdən dövlət siyasəti və təhsil konsepsiyası, digər tərəfdən ailə ortamı ilə sıx əlaqəlidir.
Azərbaycanda buna bənzər sorğular keçirilmir. Məqaləyə belə başlıq seçməyim şəxsi müşahidələrimə, kitab satışı üzrə bəzi statistik məlumatlara, oxu bacarığı üzrə Azərbaycanın da qatıldığı beynəlxalq qiymətləndirmələrin (PİRLS, PİSA) nəticələrinə əsaslanır. “Azərbaycanda uşaqlar oxuyurlarmı?” sualına konkret tədqiqatlara söykənib dəqiq cavab verə bilməsək də, “Uşaqlar oxumağı bacarırlarmı?” sualını kifayət qədər əminliklə cavablandırmaq mümkündür. Çünki son 12-13 ildə keçirilən PİRLS və PİSA beynəlxalq qiymətləndirmələrində ölkəmiz də bir neçə dəfə iştirak edib. Nəticələr, yumşaq desək, xoşagəlməzdir. Hər halda, onlar ölkənin gələcək intellektual potensialı haqqında nikbin danışmağa əsas vermir.
Mao demişkən: “Üzməyi öyrənmək üçün üzmək lazımdır”. Uşaqlar oxumağı bacarmırlarsa, deməli, oxumurlar.
Təhsil və mütaliə: tanıtım, yoxsa emosiya
1992-ci ildən 2007-ci ilə kimi ali məktəblərə qəbul imtahanı verən bütün qrupların abituriyentləri Azərbaycan dili (oxu: dilçiliyi) ilə yanaşı, ədəbiyyat üzrə də biliklərini nümayiş etdirməli idilər. “Filan şairin birinci şeiri hansı jurnalda çap olunub?”, “Filan əsərdə filan cümlə hansı obrazın dilindən deyilir?” O dövrdə imtahan verənlər bu tip sualları yaxşı xatırlayırlar. Uzun illər sürən belə yanaşma əsasında bütöv bir nəsil formalaşıb. Aydın məsələdir ki, həmin nəslin ədəbiyyata münasibətini “sevgi” adlandırmaq olmaz.
Bu gün də ədəbiyyatın tədrisində akademizmlə yanaşı, bir snobizm hökm sürür: “Bu əsərləri oxumalısınız, çünki onları klassiklərimiz yazıb”. Əsərlər uşaqların yaş qrupu və maraq dairəsinə uyğun seçilmir. Əlacsız qalmış uşaq öyrənir (oxumur!), müəllimə lazım olan cavabları verir, ancaq onda oxuya həvəs yaranmır. Çünki bədii əsər oxumaq onun üçün zövq deyil, baş sındırmaqdır.
Azərbaycan dili fənn kurikulumunda da oxu üzrə məzmun standartları mətnlərlə effektli iş qurmağa imkan vermir. 5-ci sinifdən 11-ci sinfə kimi üç tələb qoyulur: 1) mətni ifadəli oxumaq; 2) mətnin strukturunu təhlil etmək; 3) mətndəki əsas fikri müəyyənləşdirmək. Sanki aktyor və ədəbiyyatşünas yetişdiririk. Müasir təhsil sistemində əsas götürülən faktoloji qavrama, şərhetmə, nəticəçıxarma, vizual qavrama və ən başlıcası, emosional qavrama bizim məzmun standartlarında öz əksini tapmır.
Mütaliənin stimulverici amillərini araşdıran psixoloqlar deyirlər: “Emosiya oxunun kvintessensiyasıdır (5-ci elementi, mahiyyətidir)”. Uşaq əsəri oxuyarkən sevinməlidir, heyrətlənməlidir, kədərlənməlidir, təəssüflənməlidir, hətta qorxmalıdır. Yaş qrupu nə qədər aşağıdırsa, emosional qavramaya bir o qədər çox diqqət yetirilməlidir. Rasional oxu tələbləri – tanıtım, analiz və s. insan yaşa dolduqca ağlın və təfəkkürün inkişafı ilə artır. Lakin o yaşa çatana qədər oxuya həvəs yaranmalıdır.
Mütaliə və ailə ortamı
Söhbət məcburi olmayan mütaliədən gedirsə, bu vərdişin yaranmasında ailənin rolu məktəb təhsilindən az deyil. Evdə kitabxana varmı? Uşaq valideynin əlində kitab görürmü? Ailədə bu və ya digər əsər haqqında söhbət gedirmi (yoxsa hər axşam qohum-tanışların, müğənnilərin hərəkətləri, geyimi müzakirə olunur)? Oxu səviyyəsinin ölçülməsi üzrə beynəlxalq sorğular göstərir ki, mütaliəyə həvəsin və oxu bacarığının formalaşmasında ailə ortamının rolu əvəzedilməzdir.
Bu gün Azərbaycanda məktəbyaşlı uşaqların valideynləri 20-30 il əvvəl məktəbə gedən şagirdlərdir. 90-cı illərin əvvəllərində Azərbaycanda latın əlifbasına keçid elan edildi. Bütün dərsliklər həmin əlifba ilə nəşr olundu. Yalnız dərsliklər! Ancaq qəzet-jurnalların, kitabların kiril əlifbası ilə çapı 2001-ci ilədək davam etdi və yalnız 2004-cü ildə ölkə prezidentinin sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə kütləvi nəşrinə başlandı. Lakin bu nəşrlər uşaqlar üçün deyildi. Uşaq kitabları 2000-ci illərin ortalarında az-az peyda olmağa başladı. Elə indi də onların çeşidi böyük deyil.
Beləliklə, 15 il ərzində müəllimlər və valideynlər uşaqlara qiraət üçün kitab təklif edə bilmədilər. Tək-tük ailələrdə uşağa kiril əlifbası öyrədilir və sovet dövründən qalma kitablar oxudulurdu. Bir çox ailələrdə isə şəxsi kitabxanalar istifadə olunmadığından zibilliyə atılirdı. Yəqin ki, bu kitabxanaların sahibləri Rey Bredberinin fikrini əsas götürürdülər: “Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır”.
Bir sözlə, bütöv bir nəsil mütaliə imkanından məhrum oldu. Əgər bu gün həmin nəslin mütaliə edən nümayəndələri varsa, buna yalnız heyrətlənmək olar.
Öz təcrübəsinə görə təhsilin mahiyyətini test imtahanlarında görən valideynlər müasir təhsildəki trendləri tuta bilmirlər. Onlar uşaqlarını imtahan vermək üçün oxudurlar. Oxu bacarığı, intellekt, mənəvi kamillik onlar üçün ölçülə bilməyən yayğın anlayışlardır. Buna görə də uşaqlarının şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu qiymətləndirilmir.
Belə bir yanlış təsəvvür var ki, uşaq hərfləri öyrənib oxumağa başladıqdan sonra mütaliə edə bilər. Lakin psixoloqlar 1 yaşından etibarən uşaqları kitablara alışdırmağı məsləhət görürlər. Bu alışqanlığın yaranmasında əsas yük valideynin üzərinə düşür. “Vizual oxu” deyilən anlayış var: uşaq hərfləri tanıyana qədər şəkilləri “oxuyur”. Bu proses valideynin şərhləri ilə müşayiət olunsa, daha yaxşıl nəticə verir. Əgər uşaq şəkilli kitabı əlinə alıb “Mənə bu nağılı oxu” deyirsə, deməli, mütaliə yolunda ilk və mühüm addım atılıb.
Təəssüf ki, Azərbaycanda 1-5 yaş qrupları üçün şəkilli karton kitablar, səsli kitablar, 3D panoram kitablar, demək olar ki, nəşr olunmur. Bu isə yalnız istehlakçının deyil, həm də kitab biznesinin problemidir. Yəni, yarı söhbətin mövzusudur ki, ona da növbəti məqaləni həsr edəcəyik.
Və nəhayət, niyə oxumalıyıq?
2016-cı ildə İtaliyanın Paduya Universitetinin iqtisadçıları 5820 avropalı arasında sorğu keçirmişdi. Tədqiqatın əsas məqsədi kişilərin həyatdakı uğurunda təhsilin rolunu müəyyənləşdirmək idi. Statistik analiz zamanı araşdırmaçılar maraqlı bir faktla qarşılaşdılar. İcbari təhsildən sonra neçə il təhsil almaları respondentlərin illik qazanclarına bir o qədər təsir göstərməyib. Lakin orta məktəb illərində mütaliə edən kişilərin gəlirləri mütaliə etməyənlərdən iki dəfə çox olub.
Deyəsən, Bill Qeyts deyib: “Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər”. Bəlkə, bir problem də bundadır ki, Azərbaycanda bu aforizm çox zaman “işləmir”.