Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bizdə qəhrəman qıtlığı varmı?


Hamı günahkar axtarır, çoxu günahını görmək istəmir, heç bir dəyəri olmayan insanlar başqalarını “sən sıfırsan”, “Sən heç nəsən” və buna bənzər ifadələrlə aşağılaya-aşağılaya bir də gördük çoxu “heç nə” olub.

Bəlkə də bu yazını yazmazdım - yeni il ərəfəsində FB-də paylaşdığım bir status olmasaydı. Həmin statusda bir sual qoymuşdum - 2016-cı ildə kimi Masallının Qəhrəmanı, yaxud Antiqəhrəmanı hesab edirsiniz?

Facebook-da 3 minə yaxın, onlardan da 1000-ə yaxını elə Masallıdan olsa da, rəy verənlər 15-16 nəfərdən artıq olmadı.

Cavabların da əksəriyyəti, necə deyərlər, 9-luğa dəymirdi. Rabil Abdinov İcra başçısının müavini N. Muxtarlını 2016-cı ilin həm qəhrəmanı, həm də antiqəhrəmanı hesab edir. Bir neçə nəfər isə R. Abdinovun bu rəyi qəti şəkildə etirazını bildirirdi

Azad Cabbarov Ərkivan qəsəbəsi miqyasında doktor Kamalı həyat yoldaşının hüzrünü 3 gün etməsini və xərc yığmamasını dini adətlərin çox mühafizəkar olduğu bu ərazi üçün qəhrəmanlıq, qəsəbənin din xadimlərinin adlarının hallandığı biabırçı olayı isə antiqəhrəmanlıq sayıb.

Vəssalam. 220 minlik rayon üçün nə Qəhrəman tapa bildik, nə Antiqəhrəman.

Görəsən, səbəb nədir? Qəhrəman vardır, deyə bilmirlər, ya yerli-dibli qəhrəmanımız yoxdur?

Tüklədən Əlipaşa müəllim hesab edir ki, rayonun normal, müstəqil və obyektiv informasiya məkanı, eləcə də normal seçki yoxdur ki, insanlar dəyərli övladlarını layiqincə tanısın, dəyər verə bilsin.

Qısası, biz kimə qəhrəman deyirik? Necə deyərlər, qəhrəmanlığın riyazi düsturu varmı? Mütləq müharibə olmalıdır ki, Ziya Bünyadovlar, Həzi Aslanovlar, Mübariz İbrahimovlar, Səfərəli Məmmədovlar... yetişsin.

Təəssüf ki, elə bu düşüncələrlə də bəzən küyə gedirik. Mübariz İbrahimovun igidliyi bəlli olanda, az qala 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu unutduq. Aprel döyüşlərində coşub-çağlayan insanlar 1-2 aydan sonra tam özgə insan oldular.

Təbii ki, bu, bir rayonun problemi deyil.

Ümumiyyətlə, qəhrəmanlıq tariximiz haradan başlanır? Azərbaycanın qəhrəmanlıq tarixinin ilk onluğunda yəqin ki, əksəriyyət Babəkin, Cavanşirin, Koroğlunun, Xətainin, Qaçaq Nəbinin, Qatır Məmmədin... adlarını çəkir. O da sirr deyil ki, qəhrəman sandığımız bu insanları ömür yoluna kölgə salan, az qala onları antiqəhrəmana çevirən arqumentlər də az deyil.

Bəs bu günün qəhrəmanı kim və yaxud kimlər ola bilər?

Öncə müəllimlərimizə nəzər salaq. 5-6 il öncə Masallıda keçirilən bir müsabiqə yadınızdadırmı? Masallıda ilin ən yaxşı müəllimini seçmək istəyirdilər. 100-ə yaxın məktəbdən cəmi 40 nəfərə yaxın müəllim bu müsabiqəyə qatılmışdı. Bəzi məktəblər 2 müəllimlə təmsil olunsa da, 60-a yaxın məktəb ən yaxşı müəllim bu müsabiqəyə 1 nəfər belə layiqli namizəd təqdim edə bilməmişdi? Təsəvvür edirsinizmi, 99 məktəbin 60-da önə çıxartrmağa bir güvənli müəllim yoxdur. Ancaq hər məktəbdə direktor olmaq, fəxri ad almaq arzusu ilə alışıb-yanan onlarla müəllim var.

Qəhrəman-antiqəhrəman sorğumuzda kimləri görməməyə təəssüfləndik?

...Millət vəkilləri, bərk gedən sahibkarlar, rayon rəhbərləri, qoşa-qoşa ziyalılar cəmiyyətlərinin sədrləri, ağsaqqallar, veteranlar və digər şuralara başçılıq edənlər, Əməkdar, Şərəf nişanlı, Tərəqqi medallı insanlar... Belələri doğrudan da bu qədər şərəfə, titullara layiqdirsə, hətta seçki ilə seçilirsə, “Mənəm şah” deyə öyünürlərsə, niyə belələri xalqın qürur yerinə çevrilə bilmirlər?


(Vaxtilə antiqəhrəman kimi “əmioğluların” adı dildən düşmürdüsə, onları da “qara yellər” aparmaqdadır. Yəni, qəhrəman bir tərəfə, heç əməlli-başlı antiqəhrəmanımız belə yoxdur.

Qəhrəman və antiqəhrəman axtarışında biz hələ də klassik “Nə etməli” və “Nədən başlamalı” sualına cavab tapa bilmirik.

Hamı günahkar axtarır, çoxu günahını görmək istəmir, heç bir dəyəri olmayan insanlar başqalarını – “sən sıfırsan”, “Sən heç nəsən” və buna bənzər ifadələRlə aşağılaya-aşağılaya bir də gördük çoxu “heç nə” olub.

Bu yaxınlarda cenub.az saytına “Ərkivanlı amerikalılar” adlı yazı qoymuşduq. Amerikada yaşayan dəyərli alimimiz Qorxmaz Mikayılov bizimlə müsahibədə xatırlatdl ki, Amerikada heç kimi inandıra bilməzsən ki, ticarətçi, restoran müdiri. “zapravşik” müəllimdən, həkimdən, alimdən, jurnalistdən yaxşı yaşayır. Bəs bizdə?

Təkcə bir rayonda yüzlərlə ziyalısından yaxşı yaşayan narkobaron, bütün rayona meydan oxuyan heroin satan, mənəviyyatsız, priton saxlayan məmur varsa, əxlaqından savadına qədər ürəkbulandıran “səviyyəsi” olan bəzi şərəfsizlər əsl ziyalıdan yüksəkdə yer tutubsa, təhsil şöbəsi, idarə müdirliyi, müavinlik, məktəb direktorluğu, ərazi nümayəndəsi... və digər tale yüklü vəzifələri ən təsadüfi adamlara tapşırılırsa, gənc nəsil kimdən nümunə götürməlidir.

Bu gün vəzifədə olan gənclərə nəzər salın-əksəriyyəti çirkli yollarla pul qazanan, illərlə məmur postuna qamarlayan şəxslərin övladıdır.

Belələrindənmi qəhrəmanlıq gözləyirik?

Yəqin ona görədir ki, biz elə sözdə qəhrəman oluruq. Onlarla cəsarətsizə Qəhrəman, Cəsarət, İgid... adı qoyuruqsa, xeyirxahlıqdan danışıb xeyirxahlıq etmiriksə, mərdlikdən, kişilikdən danışıb nakişilik ediriksə, “mamarozalar” bizə namus, qeyrət dərsi keçirsə, bəzilərinin keçmişdəki şərəfsizliyini, “stuniyorluğunu” unudub belələrini məclisin başında otuzudurb, verdiyi ehsanları iştahla yeyiriksə, şair Bəxtiyar demişkən, hara gedir sabahımız?

O ailələr ki, övladına Məzlum, Aciz adı qoyursa, onlardan hansı qəhrəmanlıq gözləyirik? Qəhrəmanlıq işartısı gələn oğulları bələkdə boğuruqsa, kimdən qəhrəmanlıq gözləyirik?

Qəhrəmanlar olmayan toplumun adını isə siz qoyun.

Kim bir addım irəli atırsa ortaya qərəzli, ləkəli keçmişinə aid o qədər murdarlıq tapırlar ki.

Ağsaqqal, ziyalı cəmiyyətinin sədrliyi üçün onlarla adam yaxa yırtsa da, haqq sözü deyən, şəxsi maraqlarının əsirinə çevrilməyən ağsaqqal, ziyalı tapmaq çox çətin olur. Mollası, axundu belə, ordenlisi, medallısı belə, millət vəkilləri elə...

Hamıdan qəhrəmanlıq gözləmək olmasa da, bu o demək deyil ki hamı aciz olmalıdır.

Doğrudanmı, yüz illərlə əsarətdə qaldığımızdan içimizdəki QULU öldürə bilməyəcək, önə çıxanlara da dəstək ola bilməyəcəyik.

İlahə Ələkbərli





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10