Birinci il hər hektara 8-10 min, sonrakı 6 ilə isə hər ilə 2-2,5 min manat faizsiz kredit vermək istəyirlər.
Sovet dövründə Masallı ölkənin 3 çayçılıq rayonlarından biri idi. Masallıda 3 min 500 hektar ərazidə çay plantasiyaları olub. Eyni zamanda rayonda 5 çay fabriki fəaliyyət göstərib. Həmin vaxtlar çay plantasiyalarından 11 min ton yaşıl, 3 min ton quru çay yarpağı yığılırmış. Müstəqillik dövründə bütün çay kolları məhv edilərək cəmin 4 hektar sahədə çay kolların qorumaq olub. Çay kollarının qırılması ilə bağlı fikirlər fərqlidir. Bir qrup fikirləşir ki, əhaliyə payı bəlli torpaqlar paylananda qismətinə çay kolları ilə birgə torpaq sahəsi düşənlər bilmirdi nə etsin. Çay yarpağına sahib duran yox idi, yaxud da elə cüzi məbləğə götürürdülər ki, borcu xərcini ödəmirdi. Boş sahədə torpaq sahəsi olanlar isə ən azından dərhal taxıl əkir, xeyli qazanc götürürdülər. Buna görə əksər insanlar onlara pay torpağın üzərində verilmiş çay kolların məhv etdilər. Bu əslində 150 milyon manata yaxın dəyəri olan əmlakı məhv etmək demək idi.
Digər bir qrup isə belə hesab edir ki, çay kollarının məhv edilməsi ciddi səhv idi. Çünki məhv edilmiş çay sahələri turş olduğu üçün orada taxıl yetişdirmək əlverişsiz idi.
Hazırda çay kollarının bərpa edilməsi üçün ciddi tədbirlər üzərində işlənilir. Məlum olduğu kimi “Azərsun” şirkəti Kolatan ərazisində dağlıq sahədə 2 ildən artıqdır ki, çay kolları yetişdirir. 500 hektar sahəni əhatə edən çay plantasiyaları bir neçə ildən sonra bəhrə verəcək və həmin sahələrdə çalışanların sayı 1500-dən artıq olacaq.
Hazırda isə Masallıda 1000 hektar sahədə yeni çay plantasiyaları salınması üzərində iş aparılır. Bununla bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib və ilkin razılaşma əldə olunub. Həmin razılaşmaya əsasən hər hektar çay əkini üçün vətəndaşa faizsiz kredit şəklində 1-ci il üçün 8-10 min, sonrakı 6 il üçün hər il 2-2,5 min manat vəsait verilməsi nəzərdə tutulub. Təkliflər sırasında o da var ki, çay əkini ilə bağlı vətəndaşa çay şitili pulsuz verilsin.
Təklifin maraqlı cəhəti odur ki, kredit almış vətəndaş bu vəsaiti çay məhsulu bəhrə verdikdən sonra 5 il müddətinə faizsiz olaraq qaytaracaq.
Bu layihə çərçivəsində ilk mərhələdə rayonda müasir tələblərə uyğun, məhsulun həm emalı, həm qablaşdırılmasını təmin edə biləcək çay fabriki də tikiləcək.
Bununla bağlı rayonun çayçılıqla məşğul olmuş bütün kəndlərin sakinləri ilə görüşlər keçirilmişdir.
Zahir