Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hər qurumun tarixini bilmək lazımdırmı?


Məsələn, Masallı polisinin tarixindən nələri bilirik? Bir az da “Kim yadda necə qalır?” sualı ətrafında gəzişmələr.

Tarixdən çox giley-güzar etsək də, bəzən onun ən elementar məqamlarından xəbərsiz oluruq. Məlum olduğu kimi, qədim zamanlarda çox az hökumət qurumu olub- ordu başqanı, xəzinədar, qazı, darğa və sair. Hazırda isə hər rayonda onlarla dövlət qurumu var. Bəs bunlar necə yarandı, necə inkişaf etdi? Təəssüf ki, çoxlarımız, elə mən özüm də bu sualların cavabında bəzən aciz qalırıq
Bu günlərdə Masallı şəhər 1 saylı tam məktəbində Masallı Polis Şöbəsinin rəisi, polkovnik Habil Əmiraslanovla görüş keçirilən zamanı şagirdlərdən biri maraqlı sual verdi: - Masallı polisinin tarixi haqqında haradan normal məlumat ala bilərik? Necə deyərlər, məclis dəydi bir-birinə. Bəlli oldu ki, polis rəisindən tutmuş vəkilə qədər heç kim bu sualın cavabına hazır deyilmiş. Nəinki hazır deyilmiş, heç buna maraqlı da deyilmiş ki, əvvəllər bu postda kimlər işləyib və hansı əməlləri ilə yadda qalıb.
Naəlac qalıb, bu sahədə az da olsa araşdırma aparmağa başladıq.
Bəlli oldu ki, Masallı Sovet hakimiyyəti dövründə, 1930-cu ildən rayon kimi fəaliyyətə başlayanda burada 7 nəfərdən ibarət süvari (atlı) milis dəstəsi olub. Onların at tövləsi indiki Maliyyə şöbəsinin və Cümə Məscidinin arxasındakı ərazidə yerləşirmiş. Sonralar həmin vaxt milisdə işləyənlər həmin ərazidə evlər tikdilər. İldə bir dəfə, mayın 1-də rayonun İsgəndərli ərazisindəki meydanda həmin milis atlarının cıdırı-yarışması təşkil olunurmuş. Bu milis şöbəsinin sərəncamında bir yük maşını da olmuşdur.
Həmin vaxt milis adlanan təşkilatın binası isə hazırda Uşaq Aləmi mağazasının arxasında, köhnə hamamın yanında, indi bərbad vəziyyətdə olan ərazidəki “kulak” evində yerləşirmiş.
Bəs Masallı milisində kimlər işləyib? Rayonun yaşlı adamları- İbrahim kişi, Həsən Abdullayev, Cəmil Nemətov, Şirvan Əbilov və başqalarından aldığımız məlumata görə Masallı milisində ilk çalışanlar Fəyyaz Sultanov (Sabiq bank müdiri Rasim Sultanovun ata babası), onun qardaşı-İsrafil Sultanov (yerli sakinlərin Rus Əli (Sultanov) deyilən şəxsin atası), Tərlan Həşimov (rəssam Tapdıq Həşimovun atası), əslən Qodmandan olan Miriş və Mənəf kişi olmuşdur. (Bəziləri isə iddia edir ki, bu şəxslər milis yox, “KQB” işçisi olub.)
Onu da xatırladaq ki, Masallı milisinin ilk yaranışı illərində qodmanlılar çox fəal olmuşlar. Belə fəallardan biri də Rəzi Həşimov idi. Sonralar həmin Rəzi kişinin oğlu Qəyyum Həşimov əvvəl Masallıda, sonra Tərtərdə, Ağdamda əməliyyatçı, Dəvəçi (indi Şabran), Astara, Puşkin (indi Biləsuvar), Yardımlı, Ucar rayonlarında 27 il milis rəisi işləyib. Digər qodmanlı Azad Talışoğlu Bakı Şəhər Milis idarəsinin rəisi, Daxili İşlər Nazirliyinin kadrlar şöbəsinin rəisi, başqa bir qodmanlı Şəmsəddin Əliyev Binəqədi Rayon Polis şöbəsinin rəisi işləyiblər.
Masallı milisində ilk çalışanlar sırasında Manaf. Miriş, Rüstəm, Qulamhüseyn, dadvalı Elbəyi, xıllı Əkbər Nüsrətov , dağlı Xalıq və başqaları da olmuşdur.
40-cı illərdə Masallı milisində çalışanların sırasında Hətəm və İdris qardaşlarının da adı vardır. Hətəm rəis, İdris isə sıravi işçi olub. İdrisin olduqca sərt və çətin adam olduğu bildirilir.
Masallı milisinin keçmiş işçiləri sırasında Masallı Mədəniyyət Şöbəsinin indiki müdiri Lətifə Mövsümovanın atası Əjdər Mövsümov da olub. Onu tanıyanlar şöbədə müavin işləyən Əjdər kişinin çox insaflı, rəhmli, həm də zarafatcıl adam olduğunu, dəfələrlə yerlilərini sovet rejiminin qəfil repressiyalarından qoruduğunu bildirirlər.
Çox təəssüf ki, o vaxtki milis işçiləri sırasında olduqca qəddar, rəhmsiz insanlar da olub ki, biz bu barədə sonrakı yazılarımızda ətraflı məlumat verəcəyik.
Bəs Masallı milisinə və polisinə kimlər rəhbərlik edib. Əldə etdiyimiz məlumatlar aşağıdakılardır.
Milis rəisləri sırasında Niyaz Yusifov, salyanlı Zəfər Nuriyev-(1954-56), gədəbəyli Nuriyev, Qasımov (Alışan Sultanovun qayınatası), lənkəranlı Babaş Dadaşov, bərdəli Kərəm Quliyev, Mətləb Kərimov (1968-1974 Saatlıdan), Zaur Zamanov, İnşallah Əsədov və başqalarının adları hələ də unudulmayıb.

Müstəqillik dövründə isə Tahir Kazımov, Elbrus İsmayılov, Vaqif Kərimov ( 2 dəfə), Ağaisa Şahkərəmov. Nizami Sadıqov, Adil Həsənov, Qambay Muradov, Dövlət Səfərov, Əkbər Yusifov, Nəriman İmranov Masallı polisinin rəhbərləri sırasında olub. Hazırda bu posta əslən Şəmkirdən olan, son vaxtlara qədər Şamaxı rayon polis şöbəsində rəis işləmiş Habil Əmiraslanov rəhbərlik edir.
Rəislər içərisində Mətləb Kərimov çox xeyir-şər adamı kimi tanınıb. Ev tikənlərə, kasıba-kimsəsizə çox yardım edərmiş. Əvvəlki rəis Hətəmlə də yaxın dost olub.
Masallı milisində üzün müddət çalışanlardan biri də Şirvan Əbilov olub . O, 10 il şöbədə müavin işləyib. Özünün bildirdiyinə görə ona qədər Masallı polisində Masallıdan ancaq Mirzə adlı biri olub, onun dövründə isə milisdə çalışan masallıların sayı xeyli artıb.
Masallıda bölgə üzrə “banditotel”in müdiri olan Abdullayev adlı biri haqqında da maraqlı xatirələr var.
Keçmiş milis rəislərindən “partizan Babaş” adlanan, Babaş Dadaşov maraqlı jestləri ilə yadda daha çox qalıb. Onunla bağlı yadda qalan hadisələrdən biri odur ki, bir nəfər ona 50 manat pul gətirir ki, filankəsə bir sillə vurmuşam, al, bu onun haqqıdır. Rəis deyir ki, əlim aşağıdır, get ona bir sillə də vur, bu pulu 100 manat elə.
Zaur Zamanovdan yadda qalan odur ki, özündən çox razı adam olub, ən xırda xuliqanlıq hadisəsini də zərərsizləşdirmək üçün dərhal deyərmiş. “3 tsyaç, 5 tsyac”, alın, buraxın.
Tahir Kazımovun Masallı fəaliyyəti “Qismət belə imiş” romanı və buradakı bir eşq macərası ilə bitib.
Vaqif Kərimov icra başçısı Teymur Yəhyayevin 1-ci və 2-ci gəlişində Masallıda rəis olub, 2-ci gəlişində şərlənərək həbs edilib.
Nizami Sadıqovun isə ən yadda qalan işi İsti-Su ərazisindəki Şır-Şır bulağnı Qarabağ Şəhidlərinin xatirəsinə əsaslı şəkildə təmir etdirməsidir
Dövlət Səfərov çox rəhmli, yeyib içən (bəziləri and içir ki, hər gün 30 manatlıq bir çaxır vurarmış) rəis kimi yadda qalıb.
Müstəqillik dövründə tanıdığım polis rəisləri sırasında Qambay Muradov dəyərli mənəvi keyfiyyətləri, güclü mütaliəsi, yüksək intellektual səfiyyəsi, insanları dərindən duyması, ziyalılara böyük dəyər verməsi və digər gözəl insani cəhətləri ilə yadda qalıb. Bəziləri zarafatla onu 50 il bundan sonranın rəisi adlandırırdı
. Yəni indiki zaman üçün deyildi. Məlum tayfa tərəfindən şərlənib vəzifəsindən uzaqlaşdırıldı.
Masallıda 2 il rəis olmuş Əkbər Yusifov olduqca quruluğu, neqatif adamlarla yaxın dostluğu, korrupsiyaya hədsiz meyilliyi ilə yadda qalıb. (Qəzetimizdə getmiş “Polisdən intihara gedən yol”, “Mənim polisim oğru imiş” yazıları onun fəaliyyəti barədə aydın təsəvvür yaradır. Bu yazılardan 1-nin lingini yazıya əlavə edirəm.
Masallı polisinin tarixində ən qəribə məqamlardan biri də bu şöbədəki Posport Masa bölməsində erməi Qriqoriyanın 25 il çalışmasıdır
Masallıdakı rəis postunu bir neçə ay öncə tərk edərək Nərimanov rayon polis idarəsinə rəis təyin edilən Nəriman İmranov isə Masallı polisi sırasında tarix yazanlardandır. Təbii ki, ölkə üzrə polis rəisləri üçün xarakterik olan bir sıra məcburi mənfi gedişlər etmək onun da fəaliyyətində var idi. Lakin onun olduqca fərqli, maraqlı, özünəməxsus dəyərli keyfiyyətləri daha çox idi. O Masallının bütün çətin adamlarının dostu idi. Qapısı da, telefonu da daim hamının üzünə açıq idi. Ziyalıları dəyərləndirməyi bacarır, bəzən balaca uşaqlarla da bir stola arxasında əyləşir, insanlara etibar etməyi üstün tutur, bir az söyüş söyməyi olsa da, zorla danışmağı çox da sevmirdi. Bəzən isə məhkəmə hakimlərinə, prokurora daha haqsız əməllərinə görə çox sərtlik göstərirdi.
Bəs indiki polis rəisi haqqında nə demək olar? Yəqin ki, işlədiyi qısa müddətli fəaliyyətinə baxıb rəy söyləmək tam ədalətli olmazdı. Şöbə işçilərinin 10-a yaxın əsas fiqurlarını-müavinləri, şöbə müdirlərini, bölmə və “QAİ” rəisini dəyişsə də, rayonda hüquq mühafizə sahəsində nəyinsə yaxşılığa doğru dəyşdiyini demək çətindir. Habil müəllimin məktəblilərlə görüşü təəssüf ki, nəinki müəllimlər, heç uşaqlarda belə xoş təəssürat yaratmadı. İndi rayonda qəribə söhbətlər dolaşır- dollar satanların haqqı 2 dəfə artıb, bununla kifayətlənməyib, hərdənbir dollar satanların bəzisini içəri atıb, qulğına 800-1000 oxuyurlar, bəzi narkoticarətçilərlə qardaşlaşıb, sonra uşaqlara narkomaniyaya mübarizə dərsi keçirlər. Əlbəttə bunlar ara söhbətləridir. İnanırıq ki, yalan olar. Yəqin ki, Habil müəllim Masallının əsl klimatını duyub, səmimiyyətə, mehriban münasibətlərə daha çox meydan verəşək, nəinki zora. Uşaq da bilir ki, polis adam tuta bilər, dəyənəkliyə bilər. Amma belə misalı bilənlər də var ki, süngü ilə çox şey etmək olsa da, amma onun üstündə oturmaq olmur.
Masallın polisinin tarixindən o da bəllidir ki, qodmanlı Qəyyum Həşimov və Şəmsədddin Əliyevdən başqa bədəlanlı Fazil Şükürov Bakı rayonlardan birində, Tərlan Nuriyev (Ərkivan) Beyləqanda, Ağcabədidə, Məmməd Mikayılov (Bədəlan) Nəsimidə və Xətaidə, Zəfər Abiyev Sİyəzən, Şəmkir və Biləsuvarda, Əlvan İsmayılov (Qızılavar) Lerikdə polis rəisi işləyib. Bir tərəfi ərkivanlı, bir tərəfi masallılı olan Təhmasib İbrahimov isə əvvəl Ağcabədi və Suraxanı rayonlarında , hazırda isə Salyan rayonunun polis rəisidir.
Bundan əlavə masallılı şəxslər Sumqayıt, Gəncə və Lerik rayonlarında Dövlət yol polisinə rəhbərlik edirlər.
Sonda bir daha xatırladım ki, polis rəisliyi hər rayonda olduqca mühüm və yadda qalan vəzifəlidir. İnsanlar hər şeyi müşahidə edir – ziyalılara diqqət yetirən, xeyriyyəçilik edən, əsil insanlıq nümünəsi göstərib xalqın sevimlisinə çevrilən rəisləri də, tində dollar satana xox gəlib, şəhərlərarası məşhur dollar alverçisinin verdiyi ehsana bütün komandası ilə gedib, saatlarla oturub, pulundan başqa heç nəyi olmayanı da.olmayan bəzi biznesmenlərlə cici-bacı olanları da. Bəli, heç nə unudulmur, heç nə yadda çıxmır. Arzumuz - bəd əməllərlə yadda qalmayın ki, övladlarınız sizinlə bağlı xatirələri eşidəndə xəcalət çəkməsin.
(Çalışacağıq ki, yaxın vaxtlarda rayonun prokurorluq, məhkəmə,, təhsil, mədəniyyət və digər sahələrinin də tarixini sizə təqdim edək. Bu barədə məlumatlı olanları və bu yazıda yol verdiyimiz yanlışlıqları bildirənləri də dinləmək çox xoş olardı)


Zahir

Buna da bax. cenub.az. Polisdən intihara gedən yol. http://cenub.az/2016/11/24/polisden-intihara-geden-yol.html





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10