Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirusdan qurtuluş asan olmayacaq – Yaya da bel bağlamayın


Mütəxəssislər dövlət başçısının çağırışını şərh edirlər: “Peyvəndin bu il tapılması mümkün deyil”
 
“Həkimlər, mütəxəssislər yaxşı bilirlər və geniş ictimaiyyət də bilməlidir ki, koronavirusa qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd hazırlanacaq. İndi bütün dünya bu peyvəndi gözləyir. Peyvəndin icad edilməsi üzərində bir çox ölkələrdə alimlər işləyirlər. Peyvənd hazırlanandan sonra artıq deyə bilərik ki, bəli, biz özümüzü bu virusdan qoruya bilərik. O vaxta qədər virus var və bunu hər kəs bilsin”.
 
Cenub.az ayna.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışından sonra tibb işçiləri ilə görüşü zamanı çıxışında deyib. “Ona görə mən hesab edirəm ki, bütün kompleks tədbirlər, vətəndaşların məsuliyyəti və nizam-intizamı nəticəsində biz bundan sonra da bu vəziyyəti nəzarət altında saxlaya biləcəyik”.
 
Maraqlıdır, peyvəndin tapılması nə vaxta proqnozlaşdırılır? Bununla bağlı müxtəlif tarixlər söylənilir, bəs, konkret qərara nə vaxt gəlinəcək? Digər tərəfdən, peyvənd hələ tapılmayıbsa, dünyada və ölkəmizdə gündəlik sağalmalar nəyin hesabınadır?

İnfeksionist-həkim Sakit Hümbətov AYNA-ya deyib ki, koronovirusun profilaktikasında əsas profilaktik tədbir peyvəndin tapılmasıdır: “Digər profiktik tədbirlər də var ki, bunlar da infeksiyanın yayılmasının qarşısını alır. Hansı ki, bu profilaktik tədbirlərin uyğun olanı tədbiq olunur, lakin virusun yenidən artmayacağına, yayılmayacağına zəmanət vermir. Koronovirusun əsas profilaktik tədbiri peyvəndlənmədir. Misal olaraq deyim ki, epidemik parotit, qızılca, məxmərək infeksiyaları üçün MMR vaksini tədbiq olunur”.
 
“COVID-19 peyvəndinin tapılmasını, ən tez 2021-ci ilin ortalarına ehtimal etmək olar. Təbii ki, bu, sadəcə ehtimaldır. Çünki əvvəlki infeksiyalara da dünya alimləri peyvənd axtaranda ən tezi 1.5 ilə tapıblar. Buna isə peyvəndin tapılması, könüllülər üzərində sınağı, ÜST-dən dünyaya tədbiq etmək üçün lizenziya alınması daxildir. Lakin peyvənd müalicə vasitəsi deyil, profilaktika üsuludur. Sağalma orqanizmin verdiyi spesifik immun cavabı sayəsində mümkün olur. Bu spesifik immun cavabı isə ortalama 9 günə əmələ gəlir və ona kimi qeyri-spesifik immun cavabı olur”, - mütəxəssis bildirib.
 
Hümbətovun sözlərinə görə, tibbi heyətin işi virusun orqanizmdə yaratdığı dəyişikliyi düzəltmək, yüksək hərarəti normallaşdırmaq, ağciyərdə baş verən ödəmləşməyə dair tədbir görmək, virusun bağlandığı zülal reseptorlarına təsir etmək, ağciyərdə oksigen mübadiləsini düzəltməkdir: “Həm də ki, bu virusa oxşar virusların müalicəsində tədbiq etdiyimiz virus əleyhinə dərmanları koronovirusun müalicəsində də tədbiq edirik və nəticələrdən razıyıq”.
 
Müsahibimiz yay aylarında virusun öləcəyi ilə bağlı ehtimalları da dəyərləndirib: “Bu, doğrudur. Lakin praktiki olaraq bu, virusun yox olması demək deyil, azalması deməkdir. Çünki virus canlı orqanizmdə yaşayır, orqanizmdə isə temperatur yay, qış fərq etmir - 36-37 dərəcə olur. Yəni virus orqanizmdə yaşamağa davam edir. Yayla, qışın fərqi isə ondan ibarətdir ki, istilərlə əlaqədar olaraq virus xarici mühitdə çox yaşamır. İnsanlar da təbiətdə olmağa üstünlük verirlər. Ona görə də orqanizmin xəstəliyə yoluxması yayda qışdakı kimi olmur. Çünki Günəş şüası orqanizmdə D vitamini sintezini artırır ki, bu da steroid deməkdir. Steroid isə mübadilə, güc qaynağıdır. Bir sözlə, Günəş şüası orqanizm üçün enerji qaynağıdır. Yay aylarında vitaminli qidaların qəbulu da başlayacaq və Günəş şüası bizdən fərqli olaraq virusa mənfi təsir edəcək”.
 
“İnsanlara yekun tövsiyəm budur ki, qorxmasınlar, sadəcə ehtiyatlı olsunlar. Qarşıda duran ən əsas zaman karantin ləğv olunan günlərdir. Çünki uzun müddət karantində qalan insanlar karantin bitən kimi bütün yaxınlarını ziyarət edəcəklər. Bu isə, xüsusən də yaşlı şəxslər üçün təhlükə deməkdir. İndidən əhali maariflənməli və həmin günlərdə daha da ehtiyatlı olmalıdırlar”, - həkim əlavə edib.

Digər infeksionist Mərdan Əliyev də AYNA-ya açıqlamasında yuxarıdakı suallara aydınlıq gətirib. Bildirib ki, infeksion prosesdə epidemiyadan qorunmaq üçün ən yaxşı vasitə peyvənd, vaksindir: “Amma viral infeksiyalara qarşı vaksinin hazırlanması elə də asan məsələ deyil. Çünki proses çox vaxt və araşdırmalar tələb edir. Bunun üçün də kifayət qədər maddi vəsait lazımdır. Vaksinin gec hazırlanmasının səbəbi bir neçə dəfə təkrar araşdırmaların aparılmasına görədir. Çünki vaksin virusun antigenlərindən hazırlanır, bu antigenlər isə çoxdur. Əsas sual da hansı antigenlərindən hazırlanması ilə bağlıdır. Buna görə hər dəfə bir antigen ayrılır, vaksin hazırlanır, sonra heyvanlar və insanlar üzərində sınaqdan keçirilir. Bu mərhələlərin hərəsinə də kifayət qədər vaxt tələb olunur”.
 
“Sağalmalar təbii immunitetin hesabına baş verir, verilən dərmanlar isə xəstələrdə ağırlaşmaların qarşısını almaq və sağalmanı sürətləndirməyə kömək edir. Yay aylarında Günəş şüalarının və otaqların pəncərələrinin açıq qalması, tez-tez havalandırmanın rolu virusun məhv olmasında böyük əhəmiyyət daşıyır. İsti havalarda epidemiya sönməyə doğru gedəcək, amma digər faktorların da rolu var. Burada əsas rolu izolyasiya tədbirləri oynayacaq”, - deyə mütəxəssis qeyd edib.
 
M.Əliyev onu da vurğulayıb ki, peyvənd ən yaxşı halda gələn xəstəlik mövsümünə qədər, yəni dekabr-mart ayları arasında hazırlana bilər: “Belə olan halda növbəti epidemiyanın qarşısı alınacaq, əks halda gələn mövsüm ikinci alovlanma istisna olunmur. İkinci alovlanma isə indikindən güclü olmayacaq, çünki virusla artıq bir dəfə tanış olan toplumda kütlə immuniteti onu artıq tanıyır. Təbii ki, əgər dünyada indiki kimi karantin qaydaları sərtləşsə, ikinci dalğadan daha tez çıxmaq olacaq”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10