Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Vağzalı” çalınanda ruhum ağrıyır


Qismətini gözləyə-gözləyə qarıyan qızların taleyini düşünən varmı?

“45 yaşım təzəcə tamam olub. Bu vaxta qədər ata evində qaldığıma görə çox əzab çəkirəm. Toylara ayağım gedir, ürəyim yox. 10-15 il öncə balaca uşaq kimi oynatdığım qızlar indi gəlin köçür, ana olur. Belə anlarda həm sevinir, həm də ağrıyırdım-bəs bu anları mən haçan yaşayacağam? Qucağımda bir dəfə də olsun öz körpəmin nəfəsini hiss edəcəyəmmi? Nə vaxtsa mənim üçün də “Vağzalı” çalınacaqmı? Halbuki mən yaşda qızlar ailə həyatı quranda belə toy etməyə, gəlinlik paltarı geyinməyə utanırlar. Hətta bəzən ehtiras öldürücü dərmanlar da atır, iynə də vurdururdum ki, səhv addımlar atmayım. Amma indi bunlar mənim üçün adiləşib, necə deyərlər, taleyimlə barışmışam”.

Şərti adı Məlahət olan bu 45 yaşlı qız danışdıqca elə pərişan, nisgilli bir görkəm alırdı ki, adam nə edəcəyini aydınlaşdıra bilmirdi.

... Əgər cəmiyyətin “görünməyən yaraları”nı sıralasaq qismətin gözləyə-gözləyə qocalan qızların “yaraları” ön sırada olar.

Belə qadınların statistikası yoxdur. Yəni heç bir yerdə məlumat yoxdur ki, filan kənddə nə qədər qadın ailə həyatı qurmayıb, onlardan neçəsi 50 yaşdan, neçəsi 40 yaşdan yuxarıdır. Bəzən bir ailədə 3-4 belə qismətin gözləyən, el arasında kobud şəkildə də olsa “qarımış qızlar” adlandırılan qadınlar var.

Sənə bir yad əli dəyməyib, gülüm,
Özün öz şaxında belə solmusan.
Məmməd İsmayıl

... Neçə vaxt idi ki, Dilarənin nisgili Simuzər xalanın ürəyində sağalmaz dərdə çevrilmişdi. Səbəb böyük qızını hələ də ailə həyatı qura bilməməsi idi. Sonralar Simuzər xalanın daha 3 qızı və bir oğlu dünyaya gəldi, boya-başa çatdı, ailə qurdu, lakin, ilk övladının, Dilarənin taleyi, ailə qura bilməməsi bir yanar dərd kimi daim onu göynədirdi.

... Dilarənin taleyini yaşayan, toy arzusu ürəyində qalanlar bir deyil, beş deyil. İrili xırdalığından asılı olaraq bir çox kəndlərdə, xüsusən ucqar kəndlərdə yaşı 30-u, 50-ni haqlamış, lakin ailə həyatı qurmamış onlarla qadın var...

Namiq Mirzəyev (Masallı, həkim) –Bu problem tək Azərbaycanda deyil, inkişaf etmiş ölkələrə də xas problemdir. Amma orada həmin qızların çoxunun konkret işi, evi, digər əmlakı, əyləncəsi, başlıcası, iqtisadi müstəqilliyi var. Belələri təkcə ona görə ər axtarmırlar ki, bir tikə çörək tapmaq qayğısından azad olsunlar. Onların bir çoxu ailə həyatına mənəvi bir dayaq kimi baxırlar. Bizdə isə, xüsusən kənd yerlərində əksər qızların normal təhsil almaq imkanı məhduddur. İş yeri də demək olar ki, yoxdur. Əyləncə yeri ancaq toylardır. Odur ki, əksər qızın bircə çıxış yolu qalır –oturub ər gözləmək. O da müəyyən yaşa qədər.

Təqaüdçü Fərasət Mikayılov deyir ki, sovet vaxtı qızları rayonda keçirilən bayramlarda bəyənib seçərdilər. Ya da kolxozlarda, fabrik və zavodlarda böyük kollektivlər olardı, bir yerdə işləyib, bir – birini sevib ailə həyatı qurardılar. İndi əyalətdə ümid toylara qalıb. Kolxoz yox, fabrik yox, parad yox...

Görünməz qadağalar

Güllü Babayeva (Lənkəran, tələbə): Şəhərdəkilər internetdən, nə bilim “Çat”dan, tanışlıq elanlarından istifadə edirlər. Kənd yerlərində isə bu, problemdir. “Cənub xəbərləri” qəzeti vaxtilə “Tanışlıq bürosu” açmışdı. Yaşı ötmüş qızların çoxu bu rubrikanı həsrətlə izləyir, amma yerli şərait, mentalitet imkan vermirdi ki, onlar hətta şərti ad altında da olsa, özlərini həmin rubrikada təqdim etsinlər. Belə qızlar daha çox gizlində cadugərlərin, ara düzəldənlərin yanına üz tuturlar. Guya, cadugər bəxtini açacaq. Hətta bu sahədə xüsusi işbazlar da fəaliyyət göstərir.

Bahar Şirinova (Masallı): - Günahın bir tərəfi elə həmin qızların özündə və onların valideynlərindədir. Mən də bu yaşadək ərdə olmamışam. Hər şeyi taleyimin ümidinə buraxmışam. Kimsə 30 yaşdan yuxarı qızların kataloqunu yaratsa, oraya qızların şəkillərini, mənəvi keyfiyyətlərini, hətta əmlakı barədə məlumatları daxil etsə və bu kataloqu xüsusi bürolar internet vasitəsi ilə yaysa, yəqin ki, bizim əksəriyyətimiz kimi valideynlərimiz də buna razılaşmaz. “Qonşu buna necə baxar?” kompleksi bizi məhv edib. İndi qızlar bir yana, hətta yetkinlik yaşına çatmış oğlanların bir çoxu özlərinə arzu etdikləri qızı tapa bilmirlər. Necə deyərlər, bir yanda qızlar ürəyi istəyən oğlanın qismətinə çıxacağını gözləyir, digər tərəfdə oğlan ürəyi istəyən qızın axtarışındadır. Amma bəzi məhəlli mentalitetlərin yaratdığı qadağalar, bəzən də tanışlıq üçün normal imkanların olmaması bu boşluğu doldurmağa imkan vermir.

Həsən Abdullayev (Masallıdakı “Ailə” xeyriyyə cəmiyyətinin sədri): - Onlarla əxlaqlı, gözəl qız var ki, ailə həyatı qura bilmir. Belələrinin yolunu bəzən bizim mentalitetimiz kəsir. Tutaq ki, bir qızın qardaşı, yaxud atası narkomandır, nə bilim bacısı əxlaqsız olub, o qızla evlənmək qəbahət sayılır. O da illərlə ata evində oturmalı olur.

Bahar İsakova (Biləsuvar, müəllimə):- Vaxt var idi imkanlı oğlanla ailə qurmaq istəyənlər çox idi. İndi isə imkanlı qızlarla evlənmək istəyənlər daha çoxdur. Elə onların havadarları da bu qızın yaxşı evinin, topdağıtmaz dirriyinin olduğunu deyib, təbliğat aparırlar.

Xəqani Babayev (psixoloq-müəllim): -Öncə kəndlərdə qızlar üçün iş yeri olmalıdır. Onlar toylarda təkcə bəzək-düzəklərinə görə yox, həm də kollektivlərdə işgüzarlığına, mədəniyyətinə və digər mənəvi keyfiyyətlərinə görə özlərini tanıtmaq imkanı əldə etməlidirlər. Bir neçə il əvvəl Lənkəranda qızlar üçün internet klub yaratmaq istəyirdilər, baş tutmadı. Hər rayonda bir neçə “Qızlar klubu” yaradılsa, qadın problemləri ilə məşğul olan təşkilatlar şablon seminarlar keçirmək əvəzinə, daha orijinal tədbirlər təşkil etsələr, bu, qızların daha çox marağına səbəb olar, qızlar burada ailə sirlərindən tutmuş müxtəlif peşələrədək çox şey öyrənər, özlərini təsdiq etmək imkanı qazanarlar.

Sevil Xəlilova (Astara, tələbə):- Media da “Qocalan qızlar” problemini gündəmə gətirməli, bu sahədə işgüzar müzakirələr aparmalıdır. Şəxsən mən elələrini tanıyıram ki, vaxtında ailə həyatı qura bilmədiyi üçün xəstəliyə tutulub, intihar edib. Bizdə elə kənd, elə məhəllə yoxdur ki, orada “qocalan qızlar” olmasın.

Dində belə yaşlı qızlara Rəşidələr deyilir.

İslamın bu məsələyə münasibəti necədir? Masallının Ərkivan qəsəbəsinin Axundu Hacı Həmid bildirir ki, peyğəmbərimizin və müctəhidlərin risalələrində bilərəkdən ailə qurmamaq həm qız, həm oğlan üçün günah sayılır. “İslamda ailə nizamı” kitabında qeyd olunur ki, əgər qız, yaxud oğlan evlənmək imkanı ola-ola evlənmirsə, ömürlük subay qalırsa, eləcə də valideynləri müxtəlif yollarla onların evlənmələrinə mane olursa, bu günah sayılır. Hər hansı səbəbdən ailə həyatı qura bilməyən qızlara dini kitablarda Rəşidələr deyilir.

Əlac hardadır?

Necə deyərlər, “Ərlik yaşı” ötsə də, ailə qura bilməmiş qızların mənəvi, maddi çətinliklərinin, onların sağlamlığı ilə əlaqədar problemlərin həllinə dövlət, cəmiyyət hansı yardımı göstərə bilər? Bu qızların “bəxtinin açılması” üçün hökumət strukturları, QHT-lər hər halda cadugərlərdən və falabaxanlardan daha çox iş görə bilərlər. Əlbəttə, problemin dərin iqtisadi, sosial kökləri də var. Amma bəzi hallarda sadəcə bir az artıq qayğı göstərməyin, köhnəlmiş adət ənənələri biz az cəsarətlə aşmağın həlledici rolu ola bilər.

Yəqin ki, hökumət orqanlarına nisbətən daha mobil struktur olan QHT-lər bu işdə qabağa düşə bilərlər. Bəllidir ki, söhbət bəzi yaşlı adamların dediyi kimi kolxoz, fabrik - zavodları bərpa etməkdən, parad keçirməkdən yox, psixoloq Xəqani Babayevin təklif etdiyi “Qızlar klub” larını yaratmaqdan, “Cənub xəbərləri” qəzeti kimi “Tanışlıq büroları” açmaqdan, kataloqlar tərtib edib, onları internetə çıxarmaqdan və s. gedir

.... Bu problemin həllini asanlaşdırmaq üçün başqa düsturlar varmı? Kim, yaxud hansı təşkilat nədən başlamalıdır? Biz oxucuları bu mövzuda müzakirəyə dəvət edirik.

Zahir Əmənov,





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10