Yaxud alimliyi və şairliyi bir-birini tamamlayan qadın
Rəsmiyyə Sabir Masallı Rayonunun Ərkivan kəndində (İndi qəsəbədir) anadan olub. Burada orta təhsil alıb. Kənd qızlarının əksəriyyətinin müəllim və həkim peşəsini seçdiyi cənub bölgəsində o, fərqli peşəyə üz tutub – iqtisadçı peşəsinə. Rəsmiyyə xanım bu peşənin, necə deyərlər, “1-ci mərtəbəsi” ilə kifayətlənməyərək, dissertasiya müdafə edərək iqtisad üzrə fəlsəfə doktoru adını qazanıb.
Rəsmiyyə xanım həm də gözəl şairdir. O, nəinki ölkə miqyasında, hətta türk dünyasında tanınan şairlərimizdəndir.
Rəsmiyyə xanımın həyat yolu o qədər rəngarəng, o qədər zəhmətkeş olub ki, sadəcə onun tərcümeyi-halına xeyli yer ayırmaq lazım gəlır. Bu tərcümeyi haldan bəzi detalları diqqətinizə çatdırmaq istəyirik:
...İnşaat Mühəndisləri Universitetini bitirib. İqtisad üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. DGTYB-nin (Dünya Gənc Türk Yazarlar Birliyi) yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio kaset və disk işıq üzü görüb. 2003-cü ilin «Fəxri Gənc»i adını qazanıb.
2003-cü ildə çap olunmuş «Həbs olunmuş sükut» adlı şeirlər kitabının müəllifidir. Ədəbi mühitdəki uğuruna görə ilk şeirlər kitabı 2004-cü ildə Dünya Gənc Türk Yazarlar Brliyinin, eləcə də Yeni Yazarlar və Sənətçilər Qurumunun diplomlarına layiq görülüb.
2006-cı ildə «Rəngsiz göz yaşları» və «Kölgəsiz dar ağacları» (İraqda), 2009-cu ildə "Unutdun məni”, 2011-ci ildə "Sahilsiz adam” (Türkiyədə) adlı şeir kitabları nəşr olunub.
2006-cı ildə KİBATEK və VEKTOR Beynəlxalq Elm Mərkəzinin "İlin Ədəbiyyat Mükafatı”nı alıb. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə (Türkiyədə keçirilən II Beynəlxalq FÜZULİ Şeir Yarışmasında və Türk Dünyası Şeir Festivalında, Krımda keçirilən Türkcə VI Beynəlxalq Şeir Festivalında, III Beynəlxalq Tokat Yeşilırmak Şeir Festivalında, Dünya Türk Gəncləri Birliyinin Rumıniyada keçirilən XI və Türkiyədə keçirilən XII Qurultaylarında və s.) təmsil edib.
Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunaraq Türkiyə, İraq, İran, İsveç, Almaniya, Bolqarıstan, Özbəkistan və başqa xarici ölkələrdə çap olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının "Coomert Bekenbaev” adına "Altın diplom”una və medalına layiq görülüb. Ailəlidir. Bir qızı var.
Göründüyu kimi, Rəsmiyyə xanım gənc olmasına baxmayaraq, olduqca zəngin həyat yolu keçib.
Həm alim, həm şair, həm fəal ictimaiyyətçi kimi Rəsmiyyə xanımla söhbətləşmək nə qədər maraqlı olsa da, onunla söhbət o qədər şaxələnir ki, adam az qala haradan başlayıb, haradan qurtaracağını bilmir.
- Rəsmiyyə xanım, iqtisadçı alim və şair Rəsmiyyənin hansısa nöqtədə birləşdiyi anlar olurmu?
- Bilirsiniz, məni yazar kimi tanıyanlar alimliyimi biləndə çox təəccüblənirlər. Mənsə burada təəccüblü heç nə görmürəm. Dünyanın ən böyük və ən gözəl yazarları heç zaman ədəbiyyatçılar olmayıblar, başqa sahənin mütəxəssisləri olublar. Mən şair-iqtisadçı Rəsmiyyə Sabirəm. Ayrılıqda heç biri deyiləm. Baxmayaraq ki, iqtisadi sahədə şairliyimi, poeziyada isə iqtisadçılığımı ondan uzaq tuturam. İstər poeziya, istərsə də iqtisadiyyat mənim həyat tərzimdir. Heç birindən ayrı yaşaya bilmərəm.
- Siz 10 il öncə yaşadığınız ərazidən Milli Məclisə deputatlığa namizəd göstərilmişdiniz və xeyli də tərəfdarınız var idi. Vəlvələdən, zəlzələdən, qalib ola bilmədiniz? Bu il yenə parlament seçkiləridir. Namizədliyinizi irəli sürmək fikriniz varmı?
- Xeyr, 10 il öncəki təcrübə bu il namizədliyimi irəli sürməməyim üçün əsasdır.
- Nədən iqtisadiyyat üzrə ixtisaslaşmaq istədiniz. Bu sahədə bir alim kimi ən güclü uğurunuz hansı olub?
- Mən uşaqlıqda hüquqşünas olmaq istəyirdim. Yəni aşağı siniflərdə oxuyanda. İstəyirdim ki, həyatım boyunca gücsüzləri, günahsızları müdafiə edim (etiraf edim ki, hüquqşünas olmasam da, yenə də gücsüzləri, zəifləri müdafiə edirəm. Bu mənim xarakterimdən irəli gəlir. Tərəzi bürcündə doğulduğumdan ədalət mənim üçün başlıca meyardır). Yuxarı siniflərdə arzum dəyişdi. İqtisadçı olmaq istədim. Ailəmizdə iki bacım müəllim olduğu üçün mən bir qədər fərqli peşə seçmək istəyirdim. Ancaq iqtisadiyyatı seçsəm də, yenə də müəllim oldum. Bildiyiniz kimi, ali məktəblərdə dərs deyirəm və tələbələrlə işləməkdən zövq alıram. O ki, qaldı uğurlara. Təvazökarlıqdan uzaq da olsa, bir alim kimi çoxlu nailiyyətlərim var. 2007-ci ildə ELM sahəsindəki nailiyyətlərimə görə “İlin gənc alimi”seçilmişəm. Əsərlərim Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Türkiyə, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Ukrayna, Belarus və s. ölkələrdə çap olunub. Rəhbərliyim altında bir sıra dissertasiya işləri yazılıb. 100 elmi əsərin, o cümlədən 1 fərdi monoqrafiyanın, 4 kollektiv monoqrafiyanın, 1 dərs vəsaitinin müəllifiyəm. Elm sahəsində ən böyük uğurlarımdan biri məqalələrimin ABŞ-da beynəlxalq indeksli (Tomson Reuters) jurnallarda çap olunmasıdır. Qeyd edim ki, ölkəmizdə iqtisadiyyat sahəsində beynəlxalq indeksli (Tomson Reuters) jurnallarda məqalələri çap olunan alimlərin sayı çox deyil. Çoxlu sayda aprobasiyalarım var. AR İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu mənim elmi işimin nəticələrinin tətbiqi ilə bağlı arayışlar veriblər. Rusiya Federasiyasında yerləşən Beynəlxalq Sosial İnkişaf Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığım olub.
- Bəs şeir yazmağa nə vaxtdan başladınız?
- Şeir yazmağa məktəb illərində başlamışam. İkinci sinifdə oxuyurdum. Anam bərk xəstələnmişdi. Onu itirmək qorxusu məni o qədər həyacanlandırmışdı ki, bu hisslərim şeirə dönmüşdü. İlk şeirimin yazılma tarixçəsi belədir. Sonra rəfiqələrimə, güllərə, çiçəklərə, quşlara, təbiətə, Vətənə aid şeirlər yazdım. Təbii ki, o şeirlər uşaq təxəyyülünün məhsulları idi.
- Şeirlərinizdən sizin üçün doğması, ögeyi, yaxud da sizə baş ağrısı gətirəni varmı?
- Mən hər bir şeiri bir övlada bənzədirəm. Övladın doğması, ögeyi olmadığı kimi, şeirin də doğması, ögeyi olmur. Lakin başımı ağrıdan şeirlərim çox olub. Bir nümunə deyim. Əksər oxucularımın çox sevdiyi bir şeirim var: “Bağışlama bizi, Vətən!” adlanır. Çoxdan yazmışam onu. Bu şeir Sizə də tanışdır. Respublikanın əməkdar artisti, Türk Dünyasının sevimli müğənnisi, mənim rəfiqəm Azərin xanım bu şeiri çox sevdiyindən, gözəl bəstəkar Eldar Mansurovun “Vokaliz”inin müşaiyəti ilə onu özü səsləndirmişdi. Şəxsi vəsaiti ilə Azərbaycanımızın həqiqətlərini anladan bir klip də çəkdirmişdi bu şeirə. Təəssüflər olsun ki, xaricdə, bir sıra ölkələrdə Xocalı faciəsi günü bu klip dəfələrlə yayımlandığı halda, bəzi yerli kanallarımız onu bir dəfə göstərdikdən sonra yayımlamadılar. Hətta yerli kanalların birində canlı yayım zamanı aparıcı Azərin xanıma belə bir sual verdi: “Azərin xanım, Siz bu şeirlə kimi qıcıqlandırmaq istəyirsiniz”? Bu sualı verən aparıcıya nə deyəsən?.. Bilirsiniz, bizdə belə bir ənənə var: şeirlərdə nədənsə “Vətən, sənə qurban olum, başına dönüm” və s. ibarələrdən istifadə olunur. Psevdovətənpərvərlik şeirlərimizə o qədər sirayət edib ki, həqiqi vətənpərvərliyin necə təcəssüm olunduğuna qəribsəmişik. Məncə, itirilən hər qarış torpağımız üçün hamımız günahkarıq. Mən məsələyə bu prizmadan yanaşmışdım. Nə isə.
[2. Hissə]
- Sizinlə birinci söhbətimiz “Bağışlama bizi Vətən” şeirinizlə bağlı yaşanan duyğularla bitdi. Deyirəm, söz ki, “Bağışlama bizi Vətən” şeirinizdən düşdü, elə düşünürəm ki, onun bəzi bəndlərini oxucularla da paylaşmaq pis olmazdı.
- Münasib bilirsinizsə, mənim üçün də xoş olar.
RƏSMİYYƏ SABİR
BAĞIŞLAMA BİZİ, VƏTƏN
Unutduq tarixi, ötən zamanı,
Unutduq torpağa tökülən qanı,
Unutduq fərqini yaxşı-yamanın,
Bağışlama bizi, Vətən!
Görsək də köksünə batan qılıncı,
Başımız altına qoyduq balıncı,
Doğrandın, bölündün sən xıncım-xıncım,
Bağışlama bizi, Vətən!
İşimiz-peşəmiz oldu ahü-zar,
Fəryad səsimizdən fələk də bezar,
Ölməmiş səninçün qazıdıq məzar,
Bağışlama bizi, Vətən!
Aldatdı divləri çoxbilmiş cırtdan,
Ayıra bilmədik quzunu qurddan,
Hamı candan keçdi, biz isə yurddan,
Bağışlama bizi, Vətən!
Səni əsir ikən qoymuşuq darda,
Cəngavər ruhumuz hardadır, harda?
Qoynuna gəlmədik, of, bu bahar da,
Bağışlama bizi, Vətən!
Həsrətdən yanıbdır o qara bağrın,
Ağlamaqdan kordu neçə bulağın,
Axır yarasından qan Qarabağın,
Bağışlama bizi, Vətən!
Qəfəsə salıblar quş qəlbimizi,
Didir peşimanlıq, «kaş» qəlbimizi,
Məzar daşı eylə daş qəlbimizi,
Bağışlama bizi, Vətən!
Hələ ki, vicdanlar qoyulub dincə,
Köksünü ötürür məğrur Əlincə,
Sənin ayağına biz gəlməyincə,
Bağışlama bizi, Vətən!
Bağışlama bizi, Vətən!
(Qeyd: Bu şeirlə tanınmış müğənni Azərinin ifasında aşağıdakı linkdə tanış ola bilərsiniz)
https://www.youtube.com/watch?
- Rəsmiyyə xanım, yazar və siyasət. Bu məfhumlar hansı nöqtədə birləşir?
- Yox, yazar zamanın və siyasətin fövqündə dayanmalıdır. Yazar ruhən azad olmalıdır. O, hansısa partiyalara, hansısa qruplara deyil, bütünlükdə Vətənə, Millətə xidmət etməlidir öz yaradıcılığıyla.
- Şeirlərinizə mahnı bəslənməsi tarixi nə vaxtdan başladı?
- 1999-cu ildən. İlk dəfə gözəl bəstəkarımız Cavanşir Quliyev “Gərək deyilsən” isimli şeirimə mahnı bəstələdi. Akademik Milli Dram Teatrının çox sevdiyim aktrisası Sənubər İsgəndərli Yeni il şənliyində onu ifa etdi. O zaman duyduğum sevinci sözlə ifadə etmək çətindir. Sonralar mahnıların sayı çoxaldıqca bu hiss adiləşdi.
- Cəmiyyəti narahat edən problemlər barədə kifayət qədər şeirləriniz var. Bu günki cəmiyyətimizdə region qadınlarının həyatı ilə bağlı nələr sizi daha çox narahat edir? Bu narahatlıqlar hansı şeirlərinizdə özünü göstərir?
- Məni təkcə region qadınlarının problemləri narahat etmir, məni bütün dünya qadınlarının, uşaqlarının, ümumiyyətlə, bütün bəşəriyyətin problemləri narahat edir. Bu mövzularda mənim çoxlu sayda şeirlərim var. Bu şeirlərin bəziləri “Cənub xəbərləri” qəzetində də çap olunub. Mən “Qəzzada səsləri ölməyən analara”, “Xocalıda şəhid olan körpələrin gözlərinə”, “ayağı yorulub səngərdə qalan şəhid”ə də şeir yazmışam. Mən yazaram. Düşünürəm ki, yazar öz zamanının aynası olmalıdır.
- Sizcə region qadınlarının fəallığını yüksəltmək üçün öncə hansı addımları atmaq lazımdır?
- İlk növbədə maarifləndirmədən başlamaq lazımdır. Sonra hər şey özü-özlüyündən gələcək. Fikrim yalnış anlaşılmasın. Bizim regionlarımızda savadlı, ziyalı qadınlarımız çoxdur, lakin mən qadınlarımızın, o cümlədən insanlarımızın təkcə diplom almasını nəzərdə tutmuram. Mən 2005-ci ildə doğma rayonumdan Milli Məclisə seçkilər zamanı deputatlığa namizəd olmuşdum. O zaman bir daha əmin oldum ki, insanlarımızın ciddi şəkildə maariflənməyə ehtiyacı var. Bir nümunə göstərim, müxtəlif telekanallarda sosial verilişlər efirə gedir. Bu verilişlərə baxanda bəzən insan dəhşətə gəlir. XXI əsrdə - “bilik iqtisadiyyatı” əsrində yaşadığını unudursan.
- Hazırda qadınlara diqqətdən danışanda öncə statistikanı qabardırlar – filan qədər qadın bələdiyyəyə seçilib, filan qədər rəhbər işdədir, filan qədər biznesmendir və sair. Bəzən isə etimad göstərilən qadınların əksəriyyətinin fəaliyyəti olduqca formal olur. Bu məqama münasibətiniz necədir?
- Nədənsə biz formallığı sevirik. Əsas olan o deyil ki, hansısa sahədə qadınların sayı çox olsun, mənim üçün önəmli olan keyfiyyətdir, kəmiyyət deyil. Ola bilər ki, hər hansısa bir bələdiyyədə qadınların sayı üstünlük təşkil etsin. Əgər keyfiyyətli iş yoxdursa, o zaman o yerdə qadın və ya kişinin sayının çox olması heç fərq etməz. Bəzən bir qadının gördüyü iş, onlarla kişinin, bəzən də bir kişinin görüdüyü iş onlarla qadının gördüyü işdən keyfiyyəli ola bilər. Əsas odur, yerimizdə olaq. Çünki “Qiyamət oluruq biz, səhv düşəndə yerimiz”.
- Elə şeirləriniz var ki, hələ qələmə almaq istəmirsiniz, yaxud çapına maraqsızsınız?
- Yox, yazmaq istəmədiyim şeir olmayıb. Mən SÖZə müqəddəs baxmışam. Allahın mənə verdiyini mən də kağıza vermişəm. Ancaq çap etdirmədiyim şeirlərim var. Zaman-zaman onları oxucularımla bölüşəcəyəm.
- Siz həm də anasınız. Bu analıq qayğıları alimliyinizə, şairliyinizə mane olmur ki?
- Bəli, yetərincə qayğı tələb edən 3 yaşında bir qızım var. Həyatımın mənası, sevinci, bu dünyada məni ən çox xoşbəxt edən Qızım. Təbii ki, analıq qayğıları işimə, yaradıcılığıma müəyyən qədər mane olur. Lakin mən bu vəziyyətdən nəinki narazı deyiləm, əksinə çox xoşbəxtəm. Qızım mənim üçün hər şeydən üstündür.
- Şairlik və iqtisadçılıq - ikisindən birini qurban verəsi olsanız- onlardan hansını seçərdiniz?
- Çətin seçimdir. Arzu edərdim ki, Allah məni belə bir seçim qarşısında qoymasın. Lakin bir şeyi də qeyd edim ki, şairlik mənim arzumdan asılı deyil, o mənə Allahın lütfüdür. İqtisadçı olmaq isə mənim öz istəyim olub. Hər ikisi artıq mənim həyat tərzimə çevrilib. Ancaq bir şeyi deyə bilərəm ki, ən çətin anlarımda SÖZ köməyimə yetib, poeziya dadıma çatıb. Ən ağır itkilərim zamanı SÖZə üz tutmuşam. Məni yaşadan SÖZdür desəm, bəlkə də yanılmaram.
- Sonda ənənəvi sual - qarşıdakı hədəfləriniz?
- Bu il yeni şeirlər kitabımı çap etdirmək istəyirəm. Ən son kitabım 2011-ci ildə Ankarada çap olunub. Üstündən bir neçə il keçir. Əslində kitabım çoxdan hazırdır. Sadəcə nəşriyyat işləri üçün vaxt tapa bilmirəm. Yaxşı tədqiqatçı, yaxşı elmi katib, yaxşı müəllim, ən əsası da yaxşı ana olmaq. Hamısı bir arada çox çətindir. Bir də bu il üzərində çoxdan işlədiyim yeni monoqrafiyamı və doktorluq dissertasiyamı tamamlamağı düşünürəm inşallah.
Zahir Əmənov