Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı tanınmış tarixçi – onu “qədim tariximizin ağır artileriyası” adlandıranlar da var


Məhz professor Əsədulla Cəfərovun Lerikdəki Buzeyir mağarasında araşdırmaları nəticəsində dəqiqləşdi ki,  Talış bölgəsində insanların məskunlaşma tarixi 10-15 min il əvvələ yox, 100-120 min il əvvələ aiddir. 







Hər şey  Əsədulla Cəfərovun “Qarabağ: ulu vətənimiz”  kitabından başladı


     Bu il martın əvvəllərində  həmmüəllifi olduğum (digər müəllif Zahir Əmənov) “Bu qala, bizim qala” (Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin qalaları) kitabın elektron variantını çap olunmaq üçün Bakı şəhərindəki “CBS” nəşriyyatına apardım. Nəşriyyatda yardımçım əslən Masallı rayonunun Ərkivan qəsəbəsindən olan nəşriyyatın əməkdaşı Cəsarət Qasımov idi. Xobbim mütaliə olduğundan mənim üçün ən qiymətli sərvətlərdən biri kitabdır. Harada oluramsa ilk olaraq gözlərim kitab axtarır. Nəşriyyatın 3-cü mərtəbəsində Cəsarət müəllimin oturduğu yerdə olan  rəfdəki kitabları nəzərdən keçirərkən yaşıl üzlü, qalın bir kitab diqqətimi daha çox cəlb etdi. Bu, tanınmış arxeoloq, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun müəllifi olduğu “Qarabağ: Ulu Vətənimiz” kitabı idi. Kitabı əlimə götürüb mündəricatını böyük diqqət və maraqla nəzərdən keçirəndən sonra  düşünürdüm ki, kaş bu kitab mənim olaydı. Cəsarət Qasımov sanki ürəyimdən keçənləri duyurmuş kimi “Əsədulla müəllimin kitabıdır? Verdim sizə, götürün!” deməklə məni çox sevindirmiş oldu. 

     Tarix müəllimi olaraq pedaqoji fəaliyyətlə yanaşı yaşadığım bölgənin, o cümlədən Lənkəran rayonunun tarixi, abidələri, toponimləri və etnoqrafiyasının tədqiqi ilə də həvəskar şəkildə məşğul oluram. Bölgənin tarix və mədəniyyət abidələri sırasında arxeoloji abidələr də xüsusilə mühüm yer tutur. Bu qəbildən olan abidələr (nekropollar, kurqanlar, qədim yaşayış yerləri və s.) haqqında kitab və məqalələr yazarkən şübhəsiz ki, arxeologiya ilə bağlı yazılmış kitablara, məqalələrə ədəbiyyat kimi istinad etməli oluram. Məhz bunun nəticəsi olaraq məndə tarixə köməkçi fənlərdən toponimika və etnoqrafiya ilə yanaşı arxeologiya elminə və “qədim elmin” mütəxəssisləri olan arxeoloqlara da böyük simpatiya yaranmışdır. 


Əsədulla müəllimin ömür yolun qısa bir nəzər   


 Əsədulla Qüdrət oğlu Cəfərov Azərbaycan arxeologiyasının görkəmli nümayəndələrindən biridir. O, 1949-cu il martın 14-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu (1973) olan Əsədulla Cəfərov 1979-cu ildə “Azərbaycan mustye mədəniyyəti” mövzusunda namizədlik (fəlsəfə doktoru), 1992-ci ildə isə “Azərbaycanın orta paleoliti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onu da qeyd edək ki, Qarabağla bağla araşdırmalarına görə bəzi erməni xislətli alimlər onun doktorluq müdafiəsinə 10 il imkan verməyiblər. Əsədulla müəllim həm də cəsarəti, qətiyyəti, zəhmətkeşliyi ilə seçilən alimlərimizdəndir.


                     


Fransada arxeoloji 

qazıntı işləri aparmış yeganə alimimiz

Ə. Cəfərov 1994-cü ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiridir.  Professor Əsədulla Cəfərov respublikamızın müxtəlif bölgələrində, həmçinin Fransada, İspaniyada arxeoloji qazıntı işləri aparmış, dünya əhəmiyyətli arxeoloji abidələrdən sayılan Azıx və Tağlar düşərgələrində tədqiqat işlərində iştirak etmişdir.  Ə.Cəfərov 1977-1978-ci illərdə Sovet-Fransa çöl elmi seminarında Qafqazın Kudaro 1, Kudaro 3, Soni, Axıştır, Barakayev və digər paleolit düşərgələrində aparılan arxeoloji tədqiqat işlərində iştirak etmişdir.


 Ə.Cəfərov 2001-ci il iyulun 3-4-də Fransanın Totavel şəhərində keçirilən elmi konfransda "İNTAS -2000" proqramının Azərbaycan üzrə əlaqələndiricisi təyin  olunmuş, professora elmi adı verilmiş və beynəlxalq qrant almışdır.


Beynəlxalq İNTAS proqramına uyğun olaraq 2001 və 2003-cü illərdə üç ay ərzində professor Anri dö Lümleyin dəvəti əsasında Əsədulla Cəfərov Fransanın Paris, Nits, Kənson və Totavel şəhərlərində Avropa alimləri ilə birlikdə elmi tədqiqat işləri aparmış, Kondel-Araqo düşərgəsində aparılan arxeoloji qazıntılarda iştirak etmiş,  Qarabağın dünya şöhrətli Azıx, Tağlar, Naxçıvanın Qazma və Azərbaycanın digər arxeoloji düşərgələri haqqında elmi məruzələrlə çıxış etmişdir.


Onun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Naxçıvanda Qazma, Kəlbəcərdə Orta Şurtan, Lerikdə Büzeyir, Zuvandçay və Yardımlıda Alar paleolit düşərgələrini kəşf etmişdir.


     

    “Qarabağ: Ulu Vətənimiz” adlanan kitab 

Əsədulla müəllimin sayca 8-ci kitabıdır

 

  Kitab 2019-cu ilin martında Bakıda “CBS” nəşriyyatında 200 tirajla çap olunmuşdur. 416 səhifəlik (+96 səhifəlik şəkillər) kitabın rəyçiləri tarix elmləri doktoru, professor Abbas Seyidov və Qafar Cəbiyevdir. “Qarabağ: Ulu Vətənimiz” kitabı dörd bölmədən ibarətdir. 


Birinci bölmə “Qarabağ: Ulu Vətənimiz”,

 

İkinci bölmə “Ə.Q.Cəfərovun dövrü mətbuata verdiyi müsahibələr” (P.S. Son 35 ildə verdiyi müsahibələr). 


Üçüncü bölmə “Ə.Q.Cəfərovun dövrü mətbuatda çap olunmuş məqalələri”, 


Dördüncü bölmə “Ə.Q.Cəfərov haqqında dövrü mətbuatda yazılmış məqalələr və kitabları haqqında rəylər” adlanır.


    Kitabın “Qarabağ: Ulu Vətənimiz” adlanması heç də təsadüfi deyildir. Əsədulla müəllim 20 il (1968-1988) Qarabada arxeoloji ekspedisiyalarda iştirak etmiş, Qarabağı qarış-qarış gəzmiş, Qarabağ aid 150-ə qədər məqalə və 8 kitab yazmışdır. 


   “Qarabağ: Ulu Vətənimiz” kitabını “Evdə Qal” kompaniyası zamanı böyük maraqla oxudum. Kitabı oxumaqla dünya, Azərbaycan tarixi, Qarabağ ərazisi, Azərbaycan arxeologiyası və digər məsələlər haqqında əlavə və geniş məlumatlar əldə etdim.


 Yuxarıda qeyd etdiyimiz kimi Əsədulla Cəfərov bölgəmizdə -Lerik, Lənkəran, Astara, Masallı və Yardımlıda da arxeoloji tədqiqat işləri aparmış, Büzeyir, Zuvandçay (Lerik rayonu) və Alar (Yardımlı rayonu) düşərgələrini-mağaralarını aşkarlayıb, tədqiq etmişdir. Əgər 1985-ci ilədək Talış bölgəsində insanların məskunlaşması tarixi 10-15 min il əvvələ aid edilirdisə, Əsədulla müəllim 1985-ci ildə Büzeyir mağarasını aşkarlayıb, orada əldə edilmiş arxeoloji nümunələri tədqiq etdikdən sonra məlum olmuşdur ki, bu bölgədə insanların məskunlaşma tarixi 100-120 min il əvvələ gedib çıxmış olur. 


Əsədulla müəllimin məndə olan “Quruçay dərəsində” (B., 1990) kitabı kimi “Qarabağ: Ulu Vətənimiz” kitabı da maraqlı və dəyərli olduğundan şəxsi kitabxanamın “qızıl fond”una daxildir.


Gec də olsa, hörmətli professorumuzu yeni kitabının çap olunması münasibətilə təbrik edir, ona can sağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, 71 yaşında da gənclik enerjisini, coşqunluğunu qoruyan hörmətli professorumuz Əsədulla Cəfərov bundan sonra da bizi yeni axtarışlarının bəhrəsi olan dəyərli kitablarla sevindirəcək.


                                                  İldırım ŞÜKÜRZADƏ

   Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi   



P.S.    Əsədulla Cəfərovun apardığı son arxeoloji tədqiqatlar Azərbaycan ərazisində ən qədim insanların 1,5 milyon il əvvəl deyil, 2-2,5 milyon il bundan əvvəl yaşadıqlarını sübut edir.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10