Lənkəran zonası 8, 28 faizlə (131 nəfər) yoluxanlara görə yenə öndədirmi?
Kritik hallarda bəzi məlumatların gizl saxlanması, yayılmaması normaldır. Biz də bir KİV nümayəndəsi kimi bu tələblərdən doğan qadağalara əməl edir. Bununla bağlı nə eşitdiklərimizi (onu deyən çox ciddi adamlar olsa belə), hətta gördüklərimizi qələmə almırıq. Bu barədə yaydığımız xəbərlər isə Nazlər Kabineti yanında Operativ Qərargahın məlumatı əsasında tərtib olunur.
Ötən həftə yayılan məlumatlarda hər rayon üzrə yoluxanların sayı konkret rəqəmlə göstərildi. Təbii ki, bu məlumatların yayılmasından ciddi fəsadlar da baş vermədi. Dünən isə, bir həftəlik fasilədən sonra, Qərargah növbəti məlumat yaydı –bu dəfə faizlə. (24 aprelə olan məlumat) Ərazilər isə bəzisi rayon (Məsələn Lənkəranda), bəzisi zona (Məsələn Aran zonası) və sair. Nəzərə alaq ki, texniki qüsur olub, elə Lənkəran da zonadır. Bəs Lənkəran rayonunda (zonasında) yoluxan 8, 28 faiz neçə nəfərdir? (Bu bölgədə 1 milyona yaxın əhalinin yaşadığını nəzərə alsaq, əslində rəqəm elə də yüksək deyil) Bu sualı aydınlaşdırmadan öncə, həmin məlumatın mətninə olduğu kimi nəzər salaq:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə1592nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfəri müalicə olunaraq sağalıb,
21 nəfər vəfat edib,
558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır,
23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, koronavirusa yoluxan şəxslərin
52,1 faizindən çoxu Bakı üzrə qeydə alınıb.
"Yoluxma hallarında xarici vətəndaşların sayı 13,16%,
Aran zonasında 6,88%,
Lənkəranda 8,28%,
Abşeronda 5,54%,
Gəncə- Qazax zonasında 7,62%,
Quba-Xaçmazda 2,4%, Yuxarı Qarabağda 1,07%,
Şəki- Zaqatalada 1,27%,
Dağlıq Şirvanda 1,4%,
Naxçıvanda 0,27% təşkil edib."
Bayramlının sözlərinə görə, virusa yoluxanların 5 faizi 0-9 yaş arası uşaqlardır.
Virusa yoluxanların 6 faizi 10-19, 14 faizi 20-29, 18 faizi 30-39, 16 faizi 40-49, 22 faizi 50-59, 13 faizi 60-69, 4 faizi 70-79, 2 faizi isə 80 yaşdan yuxarı olan şəxslərdir.
“40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər,
80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib.”
Öz növbəsində, Viktor Qasımov deyib ki, koronavirusun qeydə alındığı 25 faiz ərazidə risk ocaqları ləğv edilib. Hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur.
Qasımovun sözlərinə görə, Azərbaycanda hazırda ev şəraitində karantində olan 3.000-ə yaxın insan var.
İndi isə bir az öncə verdiyimiz sualı cavablandırmağa çalışaq. Deməli, ölkədə 1592 nəfər bu virusa yoluxub. Onlardan 52, 16 faizi Bakıda qeydə alınıb, 13, 1 isə ölkədə yaşayan əcnəbi vətəndaşı. Cəmləyəndə edir 65, 17 faiz. 100 faizdən bunu çıxanda isə yerdə qalır 34, 03.
Regionların payına düşən 34,03 faizin isə təxminən 4-də 1-i, 8, 28 faizi Lənkəran rayonunun (6 rayonun) payına düşür. Bu 8,28 faizi də rəqəmə çevirəndə 131 nəfər edir.
Dünən, Masallı rayon İcra Hakimiyyətinin Operativ Qərargahının bir neçə həfətə öncə yayılan məlumatında deyilir ki, Masallıda yoluxanlar cəmi 1 nəfərdir (Yəni qısa müddətdə belə yüksək artım oldu?). Yardımlı və Lerikdə yoluxanlardan isə hələ ki məlumat yoxdur. Yekun nəticəyə gəlsək, (Masallıda yoluxanların olduqca az, 2 dağlıq rayonda 0 səviyyəsində yoluxan olduğu) 3 rayonda – Lənkəran, Cəlilabad və Astara rayonlarında 130 yoluxan var – orta hesabla hər rayona 40-dan artıq yoluxan düşür.
Düzmü araşdırdım, ya hardasa səhvə yol verdim?
Bir neçə sual isə hələ də mənim üçün qaranlıqdır – Masallıda yoluxan doğrudan da belə azdırsa, ötən həftə biri Muğan kəndi, digəri Talış kəndi olmaqla 2 kəndə axışan “koronavirus həkimləri” nə məsələ idi? İkincisi, bu məlumatlar məxfidirsə, bu alayarmçıq, qarma-qatışıq statistika kimə lazımdır? Hələ soruşmuram ki, yoluxma olmayan 12 rayon hansıdır? Qısası, ya insanlara dəqiq məlumat verilsin, ya heç verilməsin.
Bəlkə, bəziləri hələ də “Çox danışıram ki, heç nə deməyim” prinsipi ilə işləyir?
Zahir Əmənov. Cenub.az