Cenub.az xəbər verir ki ⁵ tərcüməçi, yazar Seyfəddin Hüseynlinin xalq şairləri Məmməd Arazın, Musa Yqubun və Ramiz Rövşənin məşhur şeirlərinə parodiya kimi yazdığı "Karantindəki vətəndaşın pandemiyadan giley-güzarı" silsiləsini təqdmir edir.
“Dünya düzəlmir ki düzəlmir, baba!”
Məmməd Araz
Ərzaq da tükənir, pul da tükənir,
Ciblərdən sonuncu manat da qaçır.
Oğul-uşaq qapır əldən tikəni,
Saç-saqqal basandan arvad da qaçır,
Virus azalmır ki azalmır, qaqa!
Acından karıxmış Çinin uşağı
Yedi yarasanı neçə ay qabaq.
ABŞ-ın petrolu sudan aşağı,
Rus rublu biryolluq kəlləmayallaq...
Virus azalmır ki azalmır, qaqa!
Deyirdik, Uhanda, Çində boğular,
Qəfil ayağını İrana qoydu!
Taclandı, adını “karona” qoydu,
Dağıtdı dünyanı, virana qoydu,
Belə ki yayılıb, çətin yox olar,
Virus azalmır ki azalmır, qaqa!
Ölkə var - ölülər qəbirsiz qalıb,
Ölkə var – xarabdı, təmirsiz qalıb,
Taxılsız, taxtasız, dəmirsiz qalıb...
Bizdəsə vəziyyət okeydi, şükür,
Kim deyir, təknəmiz xəmirsiz qalıb?!
Di gəl ki manqallar nisgilli baxır:
Nə vaxtdı, şiş dəymir, kömürsüz qalıb...
Virus azalmır ki azalmır, qaqa!
Karantin uzanır, sonu görünmür,
Qərargah SOS verir: "Daha bir həftə..."
Göydə də Allahın Günü görünmür,
Mir-mitil salmışıq dörd bir tərəfdə,
Virus azalmır ki azalmır, qaqa!
Hələ bu virusun qeylü qalı çox,
Fırladıb oxudar eyni valı çox.
Çox verdim özümə bu sualı, çox:
Yurdun sarımsağı, portağalı çox,
Bəs niyə bu virus azalmır, qaqa?!
Yaşı əlliyə gedən tədbirli vətəndaşın nadinc gəncliyə nəsihətləri
1-ci nəsihət
“...Bələyindən kəfən biçən dünyadı”
Ramiz Rövşən
Mənim qaqam, bu virusla oynama,
Adı təzə, özü qoca virusdu.
Aralı gəz, dost dostundan yoluxar,
Bilən yoxdu hələ, necə virusdu.
Kim nə anlar bu “taclı”nın işindən,
Çoxlarını keçiribdi dişindən.
Elə sıxar, sancı qopar döşündən,
Nə olsun ki, bapbalaca virusdu.
Siqareti sümürmüsən əzəldən,
Ciyərlərin seçilmir ki xəzəldən.
Sarımsaqdan dezenfektan düzəldən,
Büstqalterdən maska biçən virusdu.
Bazarlığı bol hesabla, bəs elə,
Çöl-bayırla ilişkini kəs hələ.
Tacı parlar, xortumları səs elər,
Neştərinin ucu haça virusdu*.
(*Axırıncı bəndin üçüncü misrası Məmməd Arazın məşhur şeirinə, son misrası isə “Koroğlu” dastanındakı “Giziroğlu Mustafa bəy” gəraylısına “steril” göndərmələrdir)
2-ci nəsihət
“...Öyrətmə, özünə öyrətmə məni”
Musa Yaqub
Taleyin qisməti rast salsa sizi,
Yolunuz hardasa qovuşacaqsa,
Qəfil, bilinmədən nişanı-izi,
Kimdənsə üstünə bulaşacaqsa,
Beş gündə təndə can qalmayacaqsa,
O əllər səninki olmayacaqsa,
O qollar səninki olmayacaqsa,
Sən Allah, özünə öyrətmə onu,
Sonra da yüzünə yönəltmə onu.
Sən bir az baharlı budaq kimisən,
Bir az da sadəlövh, uşaq kimisən.
Anbara siçovul doluşan kimi,
Yorğana bit-birə daraşan kimi,
Bax bu da adama tez daraşandı,
Bronxda, ciyərdə tez alışandı,
Amma ki sönməyi çox çətin olur,
Ölümdən dönməyin çox çətin olur,
Öyrətmə özünə, öyrətmə onu.
Sən heç gözləmirsən o bəd görüşü,
Yaman qəribədi “KOVİD”in işi:
Heç vaxt qənşərində dayanmadığın,
Hətta varlığına inanmadığın
Gəlib birdən-birə müsəllət olur,
Nəfəsi çatışmır - adam boğulur.
Bənizin saralıb solacaq isə,
Şirin canın hayıf olacaq isə,
Öyrətmə, özünə öyrətmə onu.
Yox ona taqətin, yox ona tabın...
Çıxıb icazəsiz gəzmək "hesab"ın,
Sonra o “hesab”a dözmək əzabın,
Üstəlik, millətin qınaqları var,
Qripin sağalmaz yanıqları var,
Çox sarsaq virusdu - ayaqları var,
Bir də gördün, gəlib tapacaq səni,
Yaxıb-yandıracaq o alçaq səni...
Gəl onu özünə öyrətmə, bala,
Əlinə, üzünə öyrətmə, bala,
Burnuna, ağzına öyrətmə, bala,
Öyrətmə özünə, öyrətmə onu!
Pandemiya xəstəxanasından buraxılan vətəndaşın “KOVİD-19”a vidası
“...Yerin qalıb ürəyimdə”
Musa Yaqub
İlk baharı aparılmış,
Dartım-dartım
Budağından qoparılmış
bir pöhrənin sızıltılı yeri kimi
Yerin qalıb ciyərimdə.
Sancdığın o neştərlərdən
Zəhrin qalıb ciyərimdə.
Yanıb-yanıb cızdağ olan,
Qarası ağappağ olan
Əhəngdaşı özəyində
Alovlara tab eyləmiş
Fındıq boyda bir xal kimi
Yerin qalıb ciyərimdə.
O cəhənnəm əzabından
Sehrin qalıb ciyərimdə.
Öz içində dərd itirən,
Qabıq-qabıq üz gətirən
Bir çinarın gövdəsində
Dərin çapıq yeri kimi
Yerin qalıb ciyərimdə.
Ağrıların, əzabların,
Qəhrin qalıb ciyərimdə.
Daha bir də tutmayacaq,
Karantinə atmayacaq
O polisdən, o həkimdən,
O dəhşətli, bəd “hökm”dən -
Pandemiya bəlasından,
Pis günlərin cəfasından
Bircə naxış, bircə lələk
Yerin qalıb ciyərimdə,
Açılmaz bir düyün kimi
Sirrin qalıb ciyərimdə.