Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vərəsəliyə gedən yol


Ölkəmiz müstəqillik əldə edənə qədər, daha konkret desək, sovet dövründə vərəsəlik heç də çoxlarının diqqətində deyildi. Mülk, varislik, miras məsələləri necə deyərlər, dədə-baba qaydası ilə həll olunurdu. Belə ki, “Bu filankəsin dədə yurdudur”, “Ev, mülk sonuncu uşağa, evin sonbeşiyinə çatmalıdır”, “Qız kəsiydir, ata mülkü onun olmalıdır”, “Babam son nəfəsində dedi ki, evimi, malımı, dövlətimi nəvəmə verərsiniz” və sair sözlər, ifadələr varislik üçün az qala əsas götürülürdü.
Ölkəmiz müstəqilliyə qədəm qoyana, hüquq dövlət quruculuğuna başlayana kimi heç çoxlarının mülkiyyətində olan torpaq və əmlak lazımi sənədlərdə hüququ təsdiqini tapmamışdı. Məsələn, vətəndaşın tikdiyi evin altındakı torpaq ona uzun müddətə istifadəyə verilirdi, o həmin torpağın sahibi deyildi. Sabah evi söküləndə həmin torpağı sata bilməzdi, yəni dövlətə qaytarmalı idi. Evlərin texniki pasportu yox idi və sair. Yəni, vətəndaş, öncə torpağı, evi və digər mülkiyyəti öz adına sənədləşdirə bilmirdi ki, sonra da onu kiməsə bağışlaya, vəziyyət edə və ya sata bilsin.

Masallıdakı Hüquq Məsləhətxanasının müdiri, vəlillər kollegiyasının üzvü Qəhrəman Əliyev belə hesab edir ki, vərəsəlikK məsələsində əsas problemlər ən çox məlumatsızlıqdan başlanır. Sovet dövrünün məşhur bir deyim var idi - Hamı bir nəfər üçün, bir nəfər hamı üçün. Həmin dövrdə bir çox mülkiyyət həm hamının, həm də heç kimin idi.1 Bəzən milyonlarla manat dəyəri olan əmlakı 60 manat əmək haqqı ilə bir axsaq gözətçiyə tapşırırdılar. Lenin deyirdi, elə hökumət qurmuşam ki, onu aşpaz da idarə edə bilər. Eləcə də ailədə mülkiyyət əsasən dədə-baba qaydasında müəyyənləşirdi.
Məhz bu sahədə məlumatsızlıq, alıb-aldatmalar ucbatından ən yaxın qohumlar -- ər-arvad, bacı-qardaş, ana-oğul... bir-birini məhkəməyə çəkir, bəzən iş vurub döyməyə, bıçaqlanmaya, hətta ölümə səbəb olur. Bu gün vərəsəliklə bağlı mübahisələr mülki işlər içərisində önəmli yerlərdən birini tutur. Ailədə boşanmalar, düşmənçilik yaranır, dava-dalaş illərlə bitmir. Belə hallarda gəlin ev tələb edir və məlum olur ki, aylarla yaşadıqları evin mülkiyyətçisi onun həyat yoldaşı yox, əmisi, dayısı imiş. İndi həmin gəlin nə etməlidir? O gəlin gələndə qalacağı evin sənədlərini yoxlatdırmalı idimi?
Bu gün nikah müqaviləsi belə mübahisələrin obyektiv və ədalətlə həll olunmasında əhəmiyyətli rol oynasa da, əksəriyyət belə müqavilələrin bağlanmasına həvəs göstərmir. Mülki Məcəllənin 13 fəsli, 200-ə yaxın maddəsi bu mövzuda mübahisə doğuran məqamların əksəriyyətinə incəliyinə qədər aydınlıq gətirir. Əyalətdə insanların çoxu vərəsəlik haqqında Azərbaycan qanunvericiliyindən məlumatsızdır. Buna görə istənilən işbaz bu sahədə asanlıqla daşdan keçən sənədlər hazırlayıb, onlarla insanı çətin duruma salır.

... Bağırovlar ailəsi çox mehriban dolanırdı. Bu ocaqdan 3 qız, 3 övlad pərvazlansa da, hamısı ev-eşik sahibi olsa da aralarındakı birliyi, mehribançılığı qoruyub saxlamışdılar. Ocağın ağsaqqalı və ağbirçəyi vəfat edəndən sonra isə bu mehriban ailə az qala bir-birinə düşmən kəsildi. Bəyan edildi ki, evin ağbirçəyi ölümündən əvvəl onlara mənsub 2 otaqlı mənzili qız nəvəsinə vəsiyyət edib. Ailənin digər üzvləri isə buna qəti etiraz etdilər. Əks tərəf deyirdi ki, ailənin mənzilə ehtiyacı olan üzvləri var. Həm də həmin ailədə şikəst övlad yaşayır. Mülkün vəsiyyət olunduğu nəvənin isə tək yaşayan valideynləri ilə birgə 3 otaqlı mənzili var. Beləliklə aylarla uzanan, qarşılıqlı ittihamlarla müşayiət olunan ailədaxili davalar və məhkəmə iclasları başladı. Qarşı tərəf vəfat etmiş nənənin evi nəvəsinə vəsiyyət etdiyinə inanmır, imzaların saxta olduğunu iddia edir. Əks tərəf ölümqabağı ağbirçək nənəyə nəvənin qulluq etdiyini iddia edir, lakin bunu sonda şahidlərlə təsdiqləyə bilmir. Sonda ev yarıya bölündü, hər iki tərəf maddi cəhətdən bir az irəli düşsə də, mənəvi cəhətdən bu ailə elə zərbə aldı ki, ortaya düşən düşmənçiliyin yaxın illərdə aradan qaldırılacağı, əvvəlki mehribançılığın bərpa ediləcəyi sual altındadır.
Bu gün mülki işlər sırasında vərəsəlik məsələsi önəmli yer tutur. Əsasən torpaq, mənzil və digər əmlak məsələlərində olduqca ciddi problemlər yaşanır.
Mülki Məcəllədə vərəsəliklə bağlı bütün maddələrin hamısını hamının bilməsi məcburi olmasa da, elementar məsələlərdən insanların xəbərdar olması, ən azından onların özünə fayda gətirə bilərdi.
İlqar Qasımov (Lənkərandakı “Hüquqi Yardım” İctimai Birliyinin sədri): - Bu qəbil məsələlər vətəndaşlara hələ məktəb yaşlarından izah edilməlidir. Belə ki, məktəblərdə keçirilən İnsan və cəmiyyət dərslərində müəllimlər bu mövzunu yuxarı sinif şagirdlərinə daha ətraflı izah etməlidir. Yerli KİV-lər, QHT-lər də bu mövzunu daim diqqətdə saxlamalı, bu barədə broşur, bülletenlər çap etməli, Dəyirmi Masalar təşkil etməlidir. Bu gün əksəriyyət vərəsəliklə bağlı ən adi sualları cavablandıra bilmir. Məsələn, “Ləyaqətsiz vərəsəlik nədir?” “Kimlər vərəsə ola bilməz?, “Kar, kor, lal, ruhi xəstə olan adamlar digər şəxsləri hansı formada vərəsə edə bilər?”, “Şahidlər vərəsəlik sənədinin məzmunu ilə tanış olmalıdırmı?” “Vərəsəlik yalnız notariat kontorunda təsdiq olunmalıdırmı?”, “Xəstəxanada, həbsdə, səfərdə olan adamlar öz əmlaklarını hansı formada digərlərinə vəsiyyət edə bilər?”. Göründüyü kimi maraq doğuran suallar olduqca çoxdur.

Ekspert Elxan Babazadə deyir ki, vərəsəliklə bağlı problemlərlə ən çox qadınlar üzləşir. Ailə həyatı quran kimi sanki sevincək olub ata yurdundakı paylarından kor-koranə imtina edir. Lakin sonrakı illərdə ər evində problem yaşananda-istər boşanma, istər həyat yoldaşının həlak olması və digər problemlər yaşananda qadınlar üçün çıxılmaz vəziyyət yaranır. Belələrinin ata yurduna qayıtması üçün qanuni əsaslar olmur, çünki həmin qadınlar əksər hallarda ata mülkündəki paylarından könüllü şəkildə imtina edirlər. Bu mövzuda onlarla misal deyə bilərik. Vərəsəliklə bağlı bu vaxtadək onlarla insan min cür əzablar çəkib və çəkməkdədir. Necə deyərlər, gözü çıxan qardaşından ibrət götürmək üçün, heç olmasa digərləri bütün mümkün variantlardan istifadə edib vərəsəliklə bağlı ən elementar məlumatlara yiyələnməlidir. Bu sahədə qəzetçilər də vətəndaşlara imkan daxilində yardımçı olmalıdır.
Masallıda vərəsəlik oyunları.
Baş Prokurorluğun məlumatı və bu məlumatın pərdəarxası

Təxmin bir ay öncə Respublika Baş Prokurorluğunun mətbuat xidməti maraqlı bir məlumat yaymışdı. Məlumatda deyilirdi ki, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxta məhkəmə qətnamələri əsasında təyinatların aparılması barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı məlum olub ki, Fondun Masallı rayon şöbəsinin Pensiya təyinatı və Maliyyə uçotu sektorunun bir qrup əməkdaşı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasına dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məlumatın izinə düşdükdən sonra daha maraqlı və heyrətamiz məqamlarla rastlaşdıq. Sən demə, Masallı məhkəməsinin bəzi əməkdaşları qəribə əməliyyat planı qurublar. Onlar bəzi işbazlarla əlaqəyə girərək dünyasını dəyişmiş insanların adından saxta sənədlər tərtib edərək, əvvəlki tarixə, yəni həmin şəxsin ölümündən qabaqkı tarixə övladlığa götürmə və pensiya müddətini süni şəkildə artırmaq haqqında sənədlər hazırlayıb və həmin sənədlər əsasında məhkəmənin qəbul etdiyi Qətnaməni əsas götürərək bir çox şəxslərə havadan vərəsəlik hüquq verilib. Nəticədə dövlətin pulunu sadə yolla mənimsəməyə başlayıblar. Həm də belə əməliyyatlar bir deyil, beş deyil, 85 şəxslə bağlı edilib.
Günahkar kimdir?
Qətnaməyə imza atmış məhkəmə hakimləri bildirir ki, biz sadəcə olaraq öz əməkdaşımıza inanmışıq, o isə inamımızdan sui-istifadə edərək saxtalaşdırılmış sənədlərə bizə imza atdırıb.
Bu saxtakarlıq üçün silsilə saxta əməllər edilib. Güman edilir ki, ərazi nümayəndələri saxta arayış verib, notarius bu sənədlərin həqiqiliyinə göz yumub.
Digər məlumat isə ondan ibarətdir ki, hakimlərin köməkçiləri heç ilkin sənədlər olmadan, maraqlı tərəflər məhkəməyə dəvət edilmədən, saxta sənədlər hazırlayıb, ona möhür vurub, işi düz-qoş ediblər.
DSMF-nin Masallı Rayon təşkilatının rəhbərliyi isə bəyan edir ki, bu təşkilatda yeniyəm, göstərilən olaylar isə məndən əvvəl olub və birbaşa Fonda aid deyil. Əvvəlki əməkdaşlar isə günahı məhkəmənin üzərinə atır. Bildirirlər ki, biz məhkəmənin Qətnaməsinə inanmalıyıq. Vətəndaş Qətnamə təqdim edir, biz də ona uyğun pensiya təyin edirik.
Beləliklə,, elə insanlar var ki, saxta sənədlərlə 10 ildən artıqdır müavinət alıb. Təxminə hesablamalar görə yeyintinin 50-100 min arası olduğu ehtimalını yaradır.
Qəribə suallar isə bitmək bilmir.
Doğrudanmı, hakimlər belə geniş miqyaslı saxtakarlıqdan xəbər tutmayıb? DSMF rayon təşkilatının mütəxəssiləri belə kütləvi saxtakarlığa nədən diqqət yetirməyiblər.
Hər şey bir vətəndaşın valideynin adına saxta sənəd düzəldildiyinə görə verdiyi şikayətdən sonra başlayıb.
Son nəticə isə Baş Prokurorluğun araşdırmalarından sonra bəlli olacaq.
Sərraf Əmənov
Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının elan etdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir.






Önceki Sonraki
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10