Məsələn, 2008-ci ilin yanvar ayından prezidentin sərəncamı ilə nağdsız hesablaşmalar qadağan edilsə də (yəni bütün əmək haqları bankomat vasitəsilə verilməlidir), Masallıda əksər hallarda buna məhəl qoyulmur. Masallı səhiyyə şöbəsində ötən ilin son 3 ayında, qəzet pulu yığılan aylarda bankomata pul köçürülməsini dayandırıb, işçilərin əmək haqlarından götürdüklərini götürüb, qalan pulu həkimlərə veriblər. Ötən yay Masallı Təhsil Şöbəsi də məzuniyyət pulları verilən zaman bankomat məsələsini bir tərəfə atıb, müəllimlərin məzuniyyət pulunu nağd şəkildə verməyə başladı. Sanki prezident sərəncamı bunlar üçün bir plastilindir, istəsələr belə əyirlər, istəsələr elə.
Gələk, əsas məsələyə. Masallının icra başçısı Qəzənfər Ağayevin ən yadda qalan pis işlərindən biri fəaliyyətə başlayan kimi şəhər mərkəzində yüzlərlə ağacı məhv etməsi oldu. Gözləmək olardı ki, ölkə başçısının ötən il məlum sərəncamından sonra ağaclara qarşı bu qəddarlığa son qoyular. Ən azından nəzərə alarlar ki, ölkə başçısı bu ili Ekologiya ili elan edib. Təəssüf ki, belə olmadı. Martın 5-də günortadan sonra Masallı şəhərinin mərkəzində iki irigövdəli ağac kəsilməyə başladı. Foto-aparatla hadisə yerinə getdik. Bizi görən kimi ağackəsənlər gah ora-bura zəng vurmağa, sonra da qaçmağa başladılar. Polis şöbəsinə, rəis müavini Əlisəfa müəllimə zəng vurub, onu məlumatlandırdıq. Daha sonra İcra başçısının Şəhər Üzrə Nümayəndəsi Laçın müəllimə zəng vurduq. Dedi ki, o ağaclar qocalıb, kəsib uşaq bağçalarına verəcəyik ki, odun kimi istifadə etsinlər. Həm də maraqlı idi ki, artıq qış qurtaran ərəfədə məktəblərin qızdırılması nədən indi onun yadına düşüb. Bir də bu qanuni idisə, həmin ağaclar niyə çəkiclənməməş idi?
Bir qədər sonra isə hər şeyə aydınlıq gəldi. Dostlarımız və ofisimizin qonşuları Yaşar Mahmudov və Hacı Nazim maşınımızın qarşısını kəsib bildirdi ki, o ağacların kəsilməsi bizlikdir, onu işıqlandırma, sənə hörmət də edərik, orada dükan tikəcəyik. Bildirdim ki, elə onun qarşısında aldığınız yerdəki dükanı tikməyə başlamısınız, amma heç tikib qurtarmamısınız, bu haradan çıxdı? Dedilər ki, daha böyüyünü tikmək istəyirik. Bildirdik ki, biz belə haqsızlığa göz yuma bilmərik Bunda sonra Hacı Nazim xüsusi əda ilə bildirdi ki, onda yaz ki, Hacı Nazim kəsdirir.
Səhəri gün ofisə gələndə məlum oldu ki, hər iki ağac gecə ilə kəsilib və daşınıb.
İndi qəribə suallar doğur, bunlar düz adam idi, ağacı niyə gecə ilə kəsdilər? Niyə foto-aparatı görən kimi qaçdılar?
İkincisi, ağackəsdirənlər barədə. İstər Yaşar Mahmudov, istər Hacı Nazim 1 ildən artıq idi ki, Çingiz Həşimovla birgə icra başçısının haqsız əməllərinə qarşı mübarizə aparır, Prezident Administrasiyasına yürüş edir, Bakıda mətbuat konfransı keçirir, aclıq aksiyası təşkil edir və sairə. Onların əsas iddialarından biri də o idi ki, Masallının ən qədim hamamının ətrafında qanunsuz binalar tikilir, şəhər mərkəzindəki ağaclar qanunsuz olaraq kəsilir və sairə.
İndi nə oldu, nə dəyişdi? Dünən bunları aclıq etməyə qoymayanlar, hansı xidmətlərinə görə bu insanlara şəhərin ən gözəgəlimli yerində əlavə dükan yeri verirlər? Dünənə qədər əlində daşdan keçən sənədlər olsa da. dükanını tikməyə icazə ala bilməyənlər, indi nədən tarixi abidənin tinində dükan tikməyə icazə ala bilir? Həmin tikilinin inşa ediləndən sonra isə Masallı şəhərinin yeganə abidəsi-hamam görünməz olacaq. Çox güman ki, bir qədər sonra da həmin abidə-hamamı vətəni xaini çıxarıb, sonra kəsəcəklər. Görəsən həmişə özünü haqq-ədalət carçısı sayan ağsaqqallardan kimsə dillənəcəkmi? Bizim isə bu sahədə demədiklərimiz dediklərimizdən daha çoxdur. Qaldı ki, bizə xox gələnlərə, doğrudan da onlardan çox qorxuruq. Çünki son illər taleyimiz, mədəniyyətimiz mənəviyyatı uca tutanların yox, mənəviyyatsızlığı, xüsusən dəllallığı həyat amalına çevirənlərin əlindədir
Bu olay İcra Başçısının şəhər üzrə nümayəndəsi Laçın Sadıqzadənin nə dərəcə də güclü yalançı olduğunu sübut etdi.
Bu yazını çap etməzdən öncə bir dostuma da oxudum. Yazı ilə tanış olandan sonra dedi ki, nədən bu insanlar 1 il birgə mübariz apardıqları insanların Həşimovların heç məhkəmə iclaslarına da getmirlər. Yazıya nöqtə qoyanda isə xəyalımda Nəsimin misraları canlanırdı:
- Zahidin bir barmağın kəssən,
dönüm həqdən qaçar.
Gər bu miskin aşiqi
sərpa soyarlar, ağrımaz.!