1964-cü ildə Nikita Xruşovun devrilməsi ilə nəticələnən uğurlu saray çevrilişindən sonra “Kreml üçlüyü” adlandırılan Leonid İliç Brejnev, Nikolay Podqornı, Aleksey Kosıgin qarşılıqlı razılaşma ilə SSRİ-nin ən yüksək vəzifələrini tutublar. Çoxları üçlüyün ittifaqını sarsılmaz dostluq kimi qəbul edib. Daha dəqiq ifadə etsək, üçlük cəmiyyətə özlərini məhz belə təqdim edib. Əslində isə münasibətlər heç də göründüyü kimi olmayıb. Brejnev, Podqornı, Kosıginin arasında gizli müharibə gedib, üçlük Kreml oyunlarının baş qəhrəmanları olublar.
Təbii ki, bu oyunların ssenarisində ana xətt mütləq hakimlik iddiası olub. Brejnev Mərkəzi Komitənin baş katibi kimi özünü birinci sayıb, Podqornı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olaraq, dövlət başçısı, birinci şəxs olduğunu dilə gətirməkdən çəkinməyib, hətta ona prezident deyə müraciət edilməsini istəyib, Kosıgin isə Leninin dövründə olduğu kimi Nazirlər Sovetinin sədri vəzifəsini ölkənin rəhbəri olduğunu iddia edib.
Hakimiyyətə gəldikləri ilk illərdə üçlüyün zəif bəndi Brejnev sayılıb. Kreml məmurları Brejnevi baş katib vəzifəsində çox da davam gətirəcəyinə inanmayıblar. Brejnev hakimiyyətinin ilk illərində xarici ölkələrə səfərləri Kosıginə həvalə edib. Çünki bu vacib səfərlərdə lazımi nəticələr əldə edəcəyinə şübhə ilə yanaşıb. Bunun nəticəsi olaraq, Kosıgin ölkə daxilində olduğu kimi, xarici dövlətlərdə də əsas fiqur kimi qəbul edilib.
Kosıginin nüfuzu Brejnevin narahatlığına, qısqanclığına səbəb olub. Digər tərəfdən isə baş nazirin baş katibə çox da ciddi olmayan münasibəti Brejnevi qorxudub. Kosıgin Brejnevə “Lyona” deyə müraciət edib. Amma Brejnev onu adı ilə çağırmağa cürət etməyib, istər rəsmi, istərsə də qeyri-rəsmi tədbirlərdə ona “Aleksey Nikolayeviç” deyə müraciət edib.
Kosıgin Brejnevin “əyləncə”lərində çox nadir hallarda iştirak edib, bir neçə dəfə Siyasi Büro üzvlərinin futbol, hokkey, ov, gecə yarıyadək davam edən məclislərinə irad da tutub. Hətta Siyasi Büro iclaslarının birində Brejnev Ustinovla ötən gün baxdıqları hokkey oyununu müzakirə edəndə, Kosıgin “idman şərhlərinizi qurtardıqdan sonra məni çağırarsınız” deyərək büro iclasını tərk edib.
Beləliklə, zaman-zaman Brejnevlə Kosıgin arasanda soyuq münasibətlər daha dərin kök salıb. Brejnev bir neçə dəfə Kosıgini siyasi səhnədən uzaqlaşdırmağa cəhd edib. Amma Stalin məktəbini keçmiş Kosıgini məğlub etmək mümkün olmayıb.
Kosıgindən qurtulmaq üçün Brejnev daha bir vasitəyə əl atıb. Qeyri-rəsmi tədbirlərdə Brejnev ölkənin idarəetmə sisteminin daha mükəmməl olması üçün baş, katib, Ali Sovetin Rəyasət Heyətinin sədri və Nazirlər Sovetinin sədri vəzifələrinin bir əldə olmasını, eyni adamın daşımasını məqsədəuyğun sayıb. Kremldəki Ukrayna klanı bu təklifə müsbət manasibət bildirsələr də, qeyri-ukraynalılar, xüsusilə də Kosıgin bu cür idarəetmə sistemini məqbul saymayıblar.
Üçlüyün digər bəndi olan Nikolay Podqornı Brejnevin ən yaxın adamlarından biri olub. Özünü prezident kimi təqdim edən Podqornını Ukraynadan Moskvaya məhz Brejnev gətirib. 12 il SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən Podqornı yersiz iddiaları, uşaqlara xas olan şıltaqlığı ilə daha çox yadda qalıb. Zəngin həyat tərzini sevən “prezident” həftədə bir dəfə öz mənzilində “Borjomi” suyundan vanna qəbul edib. Bunu xəbər tutan Brejnev ona sərt şəkildə təpinib:
- Kolya, yəqin ki, sənin “Borjomi” ilə doldurğun vanna qızıldandır. Sən yəqin ki, padşahlarla kommunistlərin fərqini bilmirsən. Əgər belədirsə, biz bu fərqi sənə anlada bilərik.
Həqiqətdə də Brejnev öz silahdaşına bu fərqi anladıb. Baş katib Podqornıdan qurtulmaq məsələsini Kremlin boz kardinalına, Mixail Suslova həvalə edib. 1977-ci il may plenumunda Podqornının vəzifədən azad olunması məsələsi qoyulub. Yekdilliklə Podqornı bütün vəzifələrindən uzaqlaşdırılıb. “Kreml üçlüyü” nün bir bəndi sıradan çıxıb. Brejnev fürsətdən istifadə edərək SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə də sahib olub.
Mövqelərini daha da möhkəmləndirən Brejnevin növbəti hədəfi Kosıgin olub. 1970-ci illərin sonunda bir tərəfdən Brejnevin səhhətində yaranmış ciddi problemlər, digər tərəfdən isə baş katibin “əhli-keyf” həyat tərzi SSRİ-ni uçuruma aparıb. Məhz bu ərəfədə vəziyyətin ciddiliyini nəzərə alan Aleksey Kosıgin baş nazir kimi ölkə iqtisadiyyatında növbəti ciddi islahatlara başlayıb. Bu islahatlar sırasında o, istehsal müəssisələrinin, zavod və fabriklərin müstəqil fəaliyyətini, heç bir kənar müdaxilələrin olmamasını təmin etməyə çalışıb. Onun bu mövqeyi yerlərdə partiya komitələrinin rəhbərləri tərəfindən müsbət qarşılanmayıb. Çünki bu vilayət və şəhər partiya komitələrinin birinci katiblərinin zavod və fabrik direktorlarına “söz demək” hüququndan məhrum olması demək idi. Bu məsələ Brejnevin də ürəyincə olmayıb və o, öz münasibətini Siyasi Büronun iclasında Kosıginə açıq şəkildə bildirib:
- Aleksey Nikolayeviş, iqtisadi islahatlar heç də o demək deyil ki, kollektivlər partiya nəzarətindən kənarda qalmalıdırlar, siz bunu nəzərə alın və unutmayın ki, özünüz də kommunistsiniz...
Kosıgini bir az da “zərərsizləşdirmək” üçün Brejnev Ukrayna klanının fəallarından biri olan Nikolay Tixonovu ona müavin təyin edib.
Brejnev Andrey Qromıko vasitəsilə də Kosıginə təzyiq göstərib. Qromıko ciddi bir siyasi fiqur olaraq məqamı düşdükcə Kosıginə qarşı sərt münasibət nümayiş etdirib.
Bütün bu xoşagəlməz münasibətlərə baxmayaraq Kosıgin öz işini davam etdirib. Əslində Kosıgin heç vaxt Brejnevin bərk-bərk yapışdığı kürsüyə göz dikməyib. Kosıgin xalq arasında kifayət qədər hörmət qazanmış bir məmur kimi öz işi ilə məşğul olub. Arada nə gərginlik yaranıbsa, yalnız Brejnev tərəfindən gəlib.
1980-ci ildə Kosıginin infarkt keçirməsi Brejnevə onu vəzifəsindən azad etmək üçün şans yaradıb. Breynev Kremlin baş həkimi Yevgeni Çazova Kosıginin səhhəti ilə bağlı rəsmi rəy yazmağı tapşırıb və rəyin “necə” olmasını da ona anladıb.
Yevgeni Çazovun Mərkəzi Komitəyə göndərdiyi rəsmi məktubda Kosıginin səhhətinə görə bu vəzifədə işləməyinin mümkünsüz olduğu açıq şəkildə göstərilib.
Bununla da Brejnev Kosıgini də sıradan çıxararaq məşhur “Kreml üçlüyü”nün qalibi olub.
Qeyd edək ki, üçlüyün ən uzunömürlüsü Podqornı 1983-cü ildə, 79 yaşında, Kosıgin 1980-ci ildə, 76 yaşında, “qalib” Brejnev isə 1982-ci ildə, 75 yaşında vəfat edib.