Onu təkcə mədəniyyət işçiləri deyil, Kremldə də yaxşı tanıyırdlar. Vasili Kuxarski sərt xarakteri, qarşısındakının kimliyindən asılı olmayaraq sözü üzə deməyi ilə fərqlənib. Xarakterindəki çətinliklərə baxmayaraq, 1967-ci ildə SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Kuxarskini nazir müavini təyin etdirmək üçün Kremldə çox qapılar döyüb. Nəhayət, Leonid İliç Brejnevlə görüşündən sonra məsələ öz həllini tapıb.
Furtseva Kuxarskini özünə müavin seçməklə onunla işləməyin çətin olacağını yaxşı anlayıb. Amma nazir onu da yaxşı bilib ki, Kuxarski hədsiz tələbkarlığı, ciddiliyi ilə nazirliyin bütün qurumlarında qayda-qanun yarada biləcək.
İşlədikləri müddətdə onların arasında tez-tez mübahisələr olub. Amma səhərisi gün Furtseva müavininin kabinetinə özü gedib və cari məsələləri yenidən birlikdə müzakirə ediblər.
Vasili Kuxarski 1918-ci ildə Kiyevdə anadan olub. Leninqrad Dövlət Konservatoriyasında ali musiqi təhsili alıb. 1941-ci ildə müharibə başlananda həmyaşıdları kimi cəbhəyə yollanıb. Müharibənin ilk aylarında Kuxarski ciddi yaralanıb və onun bir ayağını kəsiblər.
Bir müddət Leninqradda, daha sonra isə Permdə vilayət və şəhər mədəniyyət idarələrində çalışdıqdan sonra Kuxarski Moskvaya dəvət alıb. O, “Sovetskaya muzıka” jurnalında məsul katib, “Pravda” qəzetində mədəniyyət şöbəsinin müdiri vəzifələrində işləyib. Onun məqalələri mütəmadi olaraq mərbuatda çap olunub və böyük maraqla qarşılanıb.
Kuxarski mədəniyyət sahəsi üzrə bir çox ittifaq miqyaslı komissiyaların üzvü olub. Onun rəyi həlledici səslərdən biri sayılıb.
Vasili Kuxarski həm də qatı stalinpərəstliyi ilə fərqlənib. O, bunu nə Nikita Xruşovun hakimiyyəti illərində, nə də Brejnevin dövründə gizlətməyib.
Hətta onu nazir müavini təyin edəndə Brejnev Furtsevaya zarafatyana xəbardarlıq da edib: “Yekaterina Alekseyevna, siz öz müavininizə qarşı bir az diqqətli olun ki, o, nazirlikdə Stalin rejimi yaratmasın. Yoxsa bizim mədəniyyət xadimlərimiz “repressiyaya” məruz qalarlar…”
Kuxarskinin mədəniyyət nazirliyindəki ilk addımlarından biri müğənnilərin solo konsertlərindəki aldıqları qonorarla bağlı olub. Belə ki, o, nazirliyin mühasibatlığına ciddi hesabatların aparılması göstərişini verib.
Həmin ərəfədə Müslüm Maqomayev ən populyar ifaçılardan biri sayılıb. O, verdiyi hər solo konsertə görə ezamiyyə xərclərindən əlavə 200 rubl qonorar alıb. Konsert təşkilatçıları Müslüm Maqomayevin daha çox konsert verməsinə can atıblar, onu razı salmaq üçün qonorarın məbləğini 600 rubla qaldırıblar və müğənniyə onu da bildiriblər ki, qonorarın yüksək olması qanun çərçivəsindədir. Əslində isə 200 rublun üzərinə qoyulan 400 rubl mühasibatlıqda rəsmiləşməyib, bilet maxinasiyasından əldə olunan gəlirin hesabına olub.
Vasili Kuxarski Müslüm Maqomayevin bir solo konsertə görə 600 rubl aldığını eşidəndə dərhal nazirliyin maliyyə işçilərini kabinetinə çağırıb. Məsələ araşdırılanda məlum olub ki, hər konsertə görə nazirlikdən Maqomayevə 200 rubl ayrılıb.
Bu araşdırmadan sonra Kuxarski qəzəbini gizlədə bilməyib: “Bu, cinayətdir. Heç Şalyapin bu qədər pul almayıb. Məsələni hüquq-mühafizə orqanları araşdırmalıdır”.
Beləliklə, Vasili Kuxarski Müslüm Maqomayevlə bağlı SSRİ Daxili İşlər nazirliyinin Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsinə (OBXSS) rəsmi məktub ünvanlayıb. Həmin ərəfədə Müslüm Maqomayev Fransada qastrolda olub və ona bu haqda məlumat verərək bildiriblər ki, onu SSRİ-də “sürpriz” gözləyir.
Müslüm Maqomayev haqqında cinayət işi açılıb. Yekaterina Furtsevanın və Kremlin müdaxiləsindən sonra cinayət işi xətm edilib. Amma Maqomayev cəzasız qalmayıb, bir müddət onun konsertlərinə, səhnəyə çıxmasına qadağa qoyulub.
Artıq Moskvada qalmağın heç bir mənası olmadığını görən Maqomayev Bakıya dönüb. Konsert qadağası isə uzun çəkməyib.
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin yubileyinə hazırlıq gedəndə Yekaterina Furtseva Yuri Andropova yubileylə bağlı konsert proqramında çıxış edəcək müğənnilərin siyahısını göndərib. Siyahıda Müslüm Maqomayevin adı olmayıb.
Bunu görən Andropov Furtsevaya zəng edib:
- Yükaterina Alekseyevna, bizim konsert proqramımızda Müslüm Maqomayevin adı yoxdur.
- Onun adı bizim qara siyahıdadır, bu səbəbdən də o, tədbirdə iştirak etməyəcək.
Andropov xanım nazirə sərt cavab verib: “Sizin rəngli siyahılarınızda kimin olub-olmadığını deyə bilmərəm. Amma bizim siyahıda Maqomayevin adı təmizdir. Xahiş edirəm, onun iştirakını təmin edəsiniz”.
Bununla da Müslüm Maqomayevin böyük səhnələrə yolu yenidən açılıb. Məhz elə həmin tədbirdə Kuxarski ilə Maqomayev görüşüblər, Furtseva onları barışdırıb.
1974-cü ildə Furtsevanın müəmmalı ölümündən sonra Vasili Kuxarski üç ay müddətində nazir vəzifəsini icra edib. Pyotr Demiçev nazir təyin olunduqdan sonra isə o, 1983-cü ilə qədər nazir müavini vəzifəsini daşıyıb.
Ömrünün son illərini musiqi yaradıcılığına həsr edən Vasili Kuxarski 1995-ci ildə, 77 yaşında vəfat edib. O, Moskvada, Vedinski qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com