Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 yanvar 2011-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Bəs indikilər elə deyil?
- Koroğlu demişkən, tüfəng çıxdı, qəhrəmanlıq bitdi. İndi bəzi başçılar özləri kölgədə gizlənib, yerli sakinləri gah deputatın qohumlarının üstünə, gah qəzetçilərin üstünə, gah da bəzi sahibkarların üstünə cumdurur, özləri isə arxadan baxıb əl çalırlar.
- Düz deyirsən, bacılı. Allah bəzi icra başçılarını yaradıb bir bulağın, bir tibb məntəqəsinin açılışında özlərinə tumar verərək hamıdan qabaqda dayansınlar. Belə işlərdə isə kölgədə gizlənsinlər. Buna görə, gəl, bu söhbəti hələlik burada saxlayaq. Növbəti söhbətlərimizdə isə kölgədə gizlənib, yerli sakinləri bir-birinin üstünə qızışdıranlar haqqında adlı-ünvanlı, “dədəli-nənəli” söhbət açarıq. Belə etməsək, kölgədə qəhrəmanlıq edib, gün üzünə çıxmağa qorxanlarla bizim nə fərqimiz olar?
- Nə deyirəm, olsun. Ancaq mənə elə gəlir ki, bizdə “kölgə” ilə “işığın” elə də çox fərqi olmur. Məsələn, təhsil məsələsi kölgədə yox, işıqdadır. Nə olsun ki? Heç kim maraqlanmır ki, hər məktəbdə necə sinif otağı qızdırılmır, neçə yalançı sinif var, müəllimlərin əmək haqqından neçə manat tutulur. Hamı - inspektor da, metodist də, nazirlik işçisi də, icra nümayəndəsi də, jurnalist də, hətta deputat da məktəblərə gedib yuxarı siniflərdə davamiyyəti yoxlayır. Bəs nəticəsi nə olsa yaxşıdır? Deyilənə görə, təhsil şöbəsinin göstərişi ilə davamiyyət yoxlanmasından sonra dərs saatları 5-6–cı saatlara düşən müəllimlərdən əlavə 10-15 manat istəyirlər ki, bu da keçilməyən saatların haqqıdır.
- Səncə, təhsildən niyə belə çox giley-güzar var?
- Çünki rayon büdcəsinin yarıdan çoxu təhsilə sərf edilir.
Yəni pul ordadır. Qalanını özün başa düşürsən də.
- Orasını başa düşürəm. Amma başa düşmürəm ki, bu il ehtiyacı olanlara ünvanlı sosial yardım vermək üçün budcədən ayrılan 500 milyon manatın istisini xalq niyə hiss etmir? Təxminən Masallı kimi rayona bu məqsəd üçün 5 milyon manat pul düşüb. Bəs ünvanlı yardımdan faydalananlar hanı? Masallıda çox hörmətli və nüfuzlu kişinin oğlunu bu işlərə baxan idarəyə rəhbər gətirdilər. Bəziləri gözləyirdi ki, bu insan çox normal tərbiyə, çox normal pul görüb, heç olmasa, o birilərindən daha insaflı olar. Çifayda. Yenə bu idarədə ağabalalar at öynadır, insanlar hər addımbaşı yalançı vədlərlə aldadılır, get-gələ salınıb bezdirilir. Onlarla, yüzlərlə ehtiyac içində çabalayan insan - həyat yoldaşını itirən, ailə başçısı həbsdə olan, başqa gəliri olmayan insan aylarla aldadılaraq, süründürülərək nəinki hökümətdən, az qala həyadan küsdürülür, amma buradakı saxtakarlığa son verilmir.
- Amma mən bilən, xəlvətdə onlarla dil tapa bilənlər bütün dövlətlərdə ünvanlı yardımdan faydalana bilirlər. Hətta elə şəxslər var ki, onlara ünvanlı yardımlar nəinki yarıbayarı, bəzən də 80-90 faiz götürülərək verilir.
- Düzdür, bacılı. Burada rüsvayçılıq ərşə çıxıb. Ünvanlı yardım darğaları yerlərdə bəzi dəllallarla (təəssüf ki, onların arasında ərizə nümayəndələri də az deyil) dil tapıb, mersedesli, dükanlı-bazarlı kişilər üçün ünvanlı yardımlar düzəldirlər. Bir tərəfdə imkansız ailələr bu yardım üçün onlara yalvarır, digər tərəfdə özləri əlverişli şərtlərlə bəzilərinə təklif edirlər ki, gəl filan faizlə sənə ünvanlı yardım təşkil edək. Buna görə ünvanlı yardım alanların adını az qala dövlət sirri kimi gizlədirlər. Çünki bu işlər aşkarlansa, gərək küçənin ortasında belələrini daş-qalaq edəsən.
- Sən elə “krupniy” işlərdən danışdın ki, bəzi xırda məsələləri sadalamağa daha yer qalmadı. Amma sonda bir məqama toxunmasam, olmur. Bu söhbəti yekunlaşdıran ərəfədə hörmətli deputatımız Elmira Axundova “Azadlıq” radiosunda çıxış edirdi. Güzəştli xəstələrə, uşaqlı analara ayrılan simvolik xərclərdən danışan millət vəkili təəssüflə bildirdi ki, bu pullar o qədər azdır ki, həmin pulla nəinki uşaqları, heç pişikləri də normal yedizdirmək olmaz. Təəssüf ki, bəzi məmurlar, hətta baş həkimlər o ”pişik” payına da göz tikirlər. Ona görə, neftin pulları milyardları aşsa da, nə qədər ki, mühüm postlarda belə “pişik” payına göz tikənlər var, giley-güzarlarımız bitməyəcək.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10